Məhkəmə qərarları › İş №2(029)-298/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-298/2025

25.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-298/2025 25.02.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın mülkiyyətə verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın mülkiyyətə verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 miras kütləsinə daxil olan, Qusar rayonu Xuray kəndində yerləşən, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli “hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” Arayışda göstərilən 0.15 hektar torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlakın vərəsəlik yolu ilə onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonu Xuray kəndində yerləşən 0.15 hektar yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi ilkin hüquqmüəyyənedici sənədlər əsasında atası X3 məxsus olmuşdur. X7 xx.xx.1981-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun qanun üzrə 2 nəfər vərəsələri qalmışdır. Həmin şəxslər özü və qardaşı Maraqlı şəxs1dur. Hazırda mərhum atasından miras qalmış torpaq sahəsi onun sahibliyində və idarəçiliyindədir, torpaq sahəsinin torpaq vergiləri onun tərəfindən ödənilir. Mərhum atasının digər vərəsəsi olan qardaşı Maraqlı şəxs1 mərhum atasından qalmış mirası qəbul etmək istəmir. Onun müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Qusar rayonu Xuray kəndində yerləşən 0.15 hektar yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi ilkin hüquqmüəyyənedici sənədlər əsasında mərhum atası X2 adına qeydiyyata alınmaqla ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” Arayış verilmişdir. Bundan sonra o, həmin torpaq sahəsinə dair adına vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Qusar rayon Notariat Ofisinə müraciət etmiş, lakin oradan onun tərəfindən mirasın qəbul edilməsini təsdiq edən sənəd təqdim edilmədiyi bildirilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuş, bu barədə 10 yanvar 2025-ci il tarixli 52 saylı məktub verilmişdir. X7 vəfat edərkən hazırda qüvvədə olan Mülki Məcəllə qüvvədə olmamış, 1964-cü il Mülki Məcəlləsi qüvvədə olmuşdur. Ona görə də, hesab edirəm ki, mənim ərizəmin əsasları 1964-cü ildən 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları ilə müəyyən olunmalıdır. Göründüyü kimi, o, miras qoyan mərhum X7in mirasını mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmiş və ona görə də, həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalı və miras əmlak onun mülkiyyətinə verilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, ərizəni müdafiə edir, məhkəmə iclasında iştirak edə bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs1 və onun nümayəndəsi Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, Ərizəçi ərizəsini təsdiq edirlər, mirasdan pay tələb etmirlər. Həmçinin, məhkəmə iclaslarında iştirak edə bilmirlər, ona görə də işə onların iştirakları olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. Maraqlı şəxs Qusar rayon Notariat Ofisinin notariusuna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə baxışı iclasında xidməti zərurətlə əlaqədar iştirak edə bilmədikləri üçün işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4, 185.5 və 185.6-cı maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” Arayışdan görünür ki, Qusar rayonu Xuray kəndində yerləşən 0.15 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ölüm haqqında arayışdan görünür ki, X5 xx.xx.1981-ci il tarixdə ölmüşdür. İşdə olan Qusar rayon İHB-nın Xuray kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 351 saylı arayışdan görünür ki, X5 vəfat edənə kimi Qusar rayonu Xuray kəndində yaşamış, onun ölümündən sonra aşağıdakı vərəsələri vardır:

1. Ərizəçi

2. Maraqlı şəxs1. Mərhumun ölümündən sonra miras əmlakı Ərizəçi idarə edir. İşdə olan AZ-İİİ 628427 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü ildə anadan olmuş, atası X4r. İşdə olan Qusar rayonu Xuray bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 05 saylı arayışdan görünür ki, X2 adına olan 0.15 ha torpaq sahəsinin torpaq vergilərini bu günədək Ərizəçi ödəmiş və vergi borcu yoxdur. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 10 yanvar 2025-ci il tarixli 52 saylı məktubdan görünür ki, Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.1981-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka mirasın qəbulu faktı və ya müddətin bərpası ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə vərəsəlik hüquq münasibəti Azərbaycan Respubliksının hazırda qüvvədə olan Mülki Məcəlləsi qüvvəyə minməmişdən əvvəl yaranmışdır. Belə ki, miras qoyan Münbala Şixiyev 07 yanvar 1981-ci il tarixdə vəfat etmiş və həmin vaxtdan miras açılmışdır. Ona görə də, hazırkı işin hallarına həmin vaxt qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüququ münasibətlərini tənzimləyən müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının 1964-cü il Mülki Məcəlləsinin 552-ci maddəsində qeyd olunurdu ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 554-cü maddəsində qeyd olunurdu ki, qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Göründüyü kimi, Ərizəçi miras qoyan Münbala Şixiyevin qızıdır və belə olan halda hazırda miras qoyan Münbala Şixiyevin yuxarıda göstərilən miras əmlaklarını vərəsəlik qaydasında qəbul etmək üçün Ərizəçi subyektiv vərəsəlik hüququ vardır. Həmin hüququ eyni zamanda ərizəçinin qardaşına mənsub olsa da, həmin şəxs həmin mirası qəbul etmək istəmir, bu barədə onun nümayəndəsi tərəfindən məhkəməyə ərizə verilmişdir. Bununla da, mirasa dair subyektiv hüquqa malik şəxslər arasında hər hansı mübahisə mövcud deyildir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Göründüyü kimi, Ərizəçi uzun müddətdir ki, miras qoyan Münbala Şixiyevin miras kütləsinə daxil olan, Qusar rayonu Xuray kəndində yerləşən fərdi 0.15 ha torpaq sahəsinin torpaq vergilərini ödəməklə torpaq sahəsinə faktiki sahiblik edir və ondan istifadə edir. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi miras qoyan Münbala Şixiyevin miras əmlakını mirasın qəbul edilməsini faktiki üsulu ilə qəbul etmiş və ona görə də həmin əmlakların miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, həmçinin həmin miras əmlak vərəsəlik yolu ilə Ərizəçi mülkiyyətinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qətetdi: Ərizə təmin edilsin. Qusar rayonu Xuray kəndində yerləşən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” Arayışa əsasən mərhum X3 məxsus olmaqla onun miras kütləsinə daxil olan 0.15 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin və həmin torpaq sahəsi vərəsəlik yolu ilə Ərizəçi mülkiyyətinə verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

HAKİM: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar