Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-323/2024 17.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 850 (səkkiz yüz əlli) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 880 manat pulun alınaraq mənə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə uzun müddət alış-verişləri olmuş və bir-birilərinə inam və etibarları vardır. O, toyuq-cücə saxlamaq və satmaqla ailəni dolandırır. Cavabdeh da alver etməsi üçün dəfələrlə toyuq-cücə satmış, həmişə də pulunu qaytarmışdır. Sonuncu dəfə bir neçə il bundan əvvəl yenə də, onun xahişi ilə 1000 manat dəyərində olan 400 ədəd cücələri nisyə olaraq ona satmış, o, da söz vermişdir ki, cücələri böyüdüb satdıqdan sonra ona olan borcunu tam şəkildə ödəyəcəkdir. Sonradan ona borclu qaldığı 1000 manatdan 150 manatını vermişdir. Qalan 850 manat pulu isə qaytarmamışdır. Hər dəfə bildirmişdir ki, hələlik imkanı yoxdur, yaxın vaxtlarda ya pulunu nağd şəkildə verəcək, yaxud da pulun əvəzinə ona kartof və qoz verəcəkdir. Üstündən xeyli müddət keçməsinə baxmayaraq cavabdeh ona olan borcunu qaytarmamış, nə də ki, borcun əvəzinə hər hansı məhsul verməmişdir. Bununla əlaqədar 2023-cü ilin noyabr ayında şəxsən onun yaşadığı Çiləgir kəndinə gedərək pulunu niyə gecikdirməsinin və niyə verməməsinin səbəbini soruşduqda cavabdeh bildirmişdir ki, imkanı yoxdur, əkdiyi kartofu çıxarıb sataraq pulunu verəcəkdir. Başqa sözlə, ona borclu olmasını hazırda da danmır. Onunla söhbət əsnasında ona borclu qalmasını tam etiraf edərək pulunu verəcəyinə söz versə də, hələ də, borcu qaytarmamışdır. Ona görə də məcburdur ki, məhkəmə müdafiəsindən yararlansın. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, təxminən 3 il əvvəl cavabdehə cücələr vermiş, həmin şəxs onları böyüdüb satıb pulunu verəcəyini demiş, lakin ona olan 850 manat borcu qaytarmamışdır. Bu yaxınlarda isə cavabdeh ona 180 manat pul vermişdir. Odur ki, hazırda cavabdehdən ona məhkəmədə iddia qaldırmaq üçün ödədiyi dövlət rüsumu ilə birlikdə borclu qaldığı 700 manat pulu tələb edir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, iddiaçının dedikləri düzdür, həmin şəxsdən satmaq üçün cücələr almışdır. O, iddiaçıya 180 manat ödəmiş, hazırda onun iddiaçıya 670 manat borcu qalmışdır. Həmin 670 manat borcu və 30 manat dövlət rüsumunu, cəmi 700 manatı iddiaçıya ödəyəcəkdir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki prosessual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddiaçı cavabdehə pulun borc verilməsini sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəmə iclasında verilmiş izahatı ilə iddiaçıdan cücələri satın aldığını və hazırda ona 670 manat məbləğində borcunun qaldığını etiraf etmişdir. Məhkəmə cavabdehin qeyd olunanları etiraf etməsini nəzərə alır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, həmin faktın sübut etmə vəzifəsindən iddiaçı azaddır və belə olan cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmış və o, tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi icra etməlidir. Bununla belə məhkəmə hesab edir ki, iddia tələb olunan pulun məbləğinə dair hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı cavabdehin etirafında qeyd olunan halları təsdiq etmiş, həmin şəxsin ona 180 manat pul qaytardığını və hazırda ona dövlət rüsumu ilə birlikdə məhz 700 manat borclu olduğunu bildirmişdir. Odur ki, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 670 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Xankişiyev isabala Fedik oğluna verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 670 (altı yüz yetmiş) manat məbləğində pul, həmçinin məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-323/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-323/2024
17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver