Məhkəmə qərarları › İş №2(029)-37/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-37/2025

10.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-37/2025 10.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli, **********21 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan, Qusar rayonunun Bədişqala kəndində yerləşən 0,4074 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılaraq həmin torpaq sahəsinin aidiyyəti üzrə ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonunun Bədişqala kəndində onun xüsusi mülkiyyətində 0,4074 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları DƏDRX- nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli, **********21 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla təsdiq olunur. Cavabdeh 4 ildən çoxdur ki, onun xüsusi mülkiyyətində olan həmin 0,4074 ha torpaq sahəsini qanunsuz olaraq zəbt edərək istifadə edir. Bu müddət ərzində Cavabdeh həmin torpaq sahəsində onun iradəsinə zidd olaraq fındıq ağaclarını da əkmişdir. O, dəfələrlə Cavabdeh torpaq sahəsindən çıxmasını, torpaq sahəsini aidiyyəti üzrə ona geri qaytarmasım xahiş etmiş, lakin Cavabdeh həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirərək torpaq sahəsindən çıxmaqdan imtina edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan qeydiyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0.4074 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 23 noyabr 2024-cü il tarixli 3-21-3-34/2-16755/2024 saylı mütəxəssis rəyinən görünür ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə mübahisələndirilən torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatlarını naturadan plana alınaraq kameral şəraitdə, TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirilmişdir, nəticədə müəyyən olunmuşdur ki, 04 aprel 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus ünvan 1ində yerləşən torpaq sahəsi ilə iddiaçının iddia elədiyi torpaq sahəsi tamamilə kəndin fərqli ərazilərində yerləşir. İddiaçı məxsus ünvan 1ində yerləşən torpaq sahəsinin sxematik planına uyğun olaraq künc koordinatları müəyyən edilməsi mümkündür. Cavabdeh tərəfindən torpaq sahəsini və ya onun hər hansı bir hissəsini zəbt olunmamışdır (məlumatlar cizgidə təsvir edilmişdir). Qeyd: Mübahisələndirilən torpaq sahəsi hal-hazırda X1 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə aid olmaqla, **********73 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir və meyvə bağı (fındıq bağı) kimi istifadə olunur. Qeyd: Bu ərazinin planından çıxarış torpaqların elektron kadastrı uçotu məlumat bazasına istinadən işlənilmişdir və hüquqların dövlət qeydiyyatı üçün əsas deyildir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 28 aprel 2025ci il tarixli 10/39 saylı rəyindən görünür ki, Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, 04 aprel 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********21 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus ünvan 1ində yerləşən torpaq sahəsi ilə iddiaçının iddia elədiyi torpaq sahəsi tamamilə kəndin fərqli ərazilərində yerləşir. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, İdciaçı İddiaçı məxsus ünvan 1ində yerləşən torpaq sahəsinin sxematik planına uyğun olaraq künc koordinatları müəyyən edilməsi mümkündür. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh tərəfindən torpaq sahəsini və ya onun hər hansı bir hissəsini zəbt olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 aprel 2025-ci il tarixli 10/39 nömrəli məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş 23 noyabr 2024-cü il tarixli 3-21-3-34/2-16755/2024 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 28 aprel 2025ci il tarixli 10/39 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. Həmin qərarın 6-cı bəndinə əsasən Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq, torpaq sahələri üzrə hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ) habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsdiq edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Göründüyü kimi, məhkəmə tədqiqatı zamanı Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi və onun mülkiyyət hüququnu hər hansı şəkildə pozması öz təsdiqini tapmamış, əksinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş 23 noyabr 2024-cü il tarixli 3-21-3-34/2- 16755/2024 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 28 aprel 2025-ci il tarixli 10/39 saylı ekspert rəyi ilə təkzib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad olunmuş hallar sübuta yetirilmədiyindən, işin faktiki halları iddia tələbinin hüquqi əsası ilə uzlaşmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyi üçün iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 28 aprel 2025-ci il tarixli 10/39 saylı rəy üzrə ekspertiza xərci 100 (yüz) manat təşkil edən məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə 100 (yüz) manat təşkil edən məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar