Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-379/2023 06.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Murtuzali qızının, onun vəkili X21, cavabdeh X6 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Murtuzali qızının Cavabdeh qarşı “ləyaqətsiz vərəsə kimi tanınma” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Murtuzali qızı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə kimi tanınma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə sayılması, cavabdehin qanunsuz olaraq vərəsəlik üzrə aldıqlarının hamısının bəhərləri və gəlirlərilə birlikdə qaytarılması və cavabdehin şəhid anası statusunun ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa İddiaçı Murtuzali qızı məhkəməyə iddia həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək bildirmişdir ki, o, ərizəsində cavbdehin şəhid anası statusunun ləğv edilməsini tələb etmir. Odur ki, cavabdehin ləyaqətsiz vərəsə sayılmağı və qanunsuz olaraq vərəsəlik üzrə aldıqların hamısının bəhərləri və gəlirləti ilə birlikdə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Murtuzali qızı iddianı onunla əsaslandırmışdır ki, o, İmaməliyevə (Abdullayevə) Natəvan Murtuzəli qızı xx xxxx 1994-cü il tarixində Qusar rayonunun Əniğ kəndində anadan olmuşdur. Atası -X7, anası- X17 olmuşlar. Onların ailəsində 10 sentyabr 1996-cı il tarixində 44 günlük Zəfər yürüşündə şəhid olmuş qardaşı X13 anadan olmuşdur.1998-ci ildə onun 4, şəhid qardaşının 2 yaşı olarkən atası X7 vaxtsız xəstəlikdən vəfat etmişdir. Onların ailəsi babası X4 və nənəsi X18 himayəsində qalmışdır. Atasının ölümündən çox keçməmiş bioloji anası olmuş Cavabdeh onlardan həm də rəsmən imtina edərək onları, yetim qalmış körpə tifilləri babasının və nənəsinin üstünə ataraq ərə getmiş, öz yeni həyatını qurmuşdur. Cavabdeh onlardan imtina etməsi barədə Qusar rayonunun Əniğ kənd İnzibati ərazi üzrə nümayəndəsinə rəsmən ərizə vermiş və onlardan imtina edərək ərə getmişdir. Onları babası X14 və X24 qəyyumluğa götürərək saxlayıb böyüdərək ərsəyə gətirmiş, bütün qayğılarını valideyn kimi çəkmişlər, onları tərbiyə edərək təhsil vermişlər, faktiki onlara yetərincə layiqli valideyn olmuşlar, körpəlikdən bütün əziyyətlərini çəkmişlər. Faktiki onlar ata-ana qayğısından körpəlikdən məhrum olsalar da, valideynlik missiyasını babası-nənəsi, əmiləri, bibiləri öz öhdələrinə götürmüşlər, onları layiqli Azərbaycan vətəndaşı kimi yetişdirib ərsəyə gətirmişlər. Onlar bacı-qardaş körpəlikdən onları atıb getmiş bioloji anaları Cavabdeh heç bir dəfə nə üzünü, nə hansısa qayğısını görməmişlər. Cavabdeh olan bu qadın bir dəfə də olsun onlara analıq etməmiş, onlarla heç vaxt maraqlanmamışdır, sanki cavabdehin onlar adda uşaqları olmamış kimi davranmışdır, öz yeni həyatını qurub yaşamışdır. Qeyd etdiyi kimi, onları qəyyumluğa götürmüş ata babası və nənəsi saxlamışlar, bütünlüklə qayğılarını çəkmişlər, onları tərbiyə edib böyütmüşlər. Məhz babasının onlara olan qayğıkeşliyi, əmi-bibilərinin diqqəti nəticəsində onların baba evində SƏRRAF adlı bir qəhrəman, bir Azərbaycan aslanı yetişmişdir. Sərraf uşaqlıqdan çox qoçaq,cəsarətli,həm də dərslərinə diqqətli, ona qarşı qayğıkeş bir qardaş olmuşdur. Onun hərbə olan marağı, Vətənə sevgisi Onun Cəmşid Naxçıvanski məktəbinə yolunu açdı. Sərraf sonra öz hərbi təhsilini X31 Əliyev adına Azərbaycan Respublikası Ali Hərbi Akademiyasına daxil olaraq orada müvəffəqiyyətlə davam etdirdi və 2019-cu ildə həmin ali tədris məktəbini müvəffəqiyyətlə başa vurub zabit kimi hərbi xidmətini davam etdirmişdir. Onlar ailəlikcə həmişə Sərrafla haqlı olaraq fəxr etmişlər, onun nailiyyətləri daima onları sevindirmişdir. 44 günlük Zəfər yürüşünə ilk andan gənc komandir qismində qəhrəmanlıqla qatılan qardaşı Sərrafın döyüş yolu Cəbrayıl, Xocavənd rayonlarının mənfur düşmən olan erməni daşnaklarından təmizlənməsi, torpaqlarının düşməndən azad edilməsilə başlamışdır. Onun cəsur qardaşı Sərraf Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq və şücaət göstərərək həlak olmuş, ŞƏHİDlik zirvəsinə yüksəlmişdir. Onun qəhrəman qardaşı hələ döyüşlərə gedərkən Şəhid olacağı təqdirdə, dəfninə bioloji anaları olan bu yaramaz qadını buraxmamağı böyüklərindən, onlardan tələb etmişdir. Onlarla ömründə maraqlanmayan, həmişə özünü fikirləşən, daima öz kefində olan bu qadın-Cavabdeh isə utanmadan, heç bir vicdan əzabı keçirmədən Şəhid qardaşının şəhidlik statusundan vicdansızcasına, həyasızlıqla faydalanmağa utanmır, usanmır. Budurmu ədalət? Maraqlıdır, şəhid qardaşının şəhid ailəsi-şəhid anası qismində 1 noyabr 2020-ci il tarixindən 1 yanvar 2021-ci il tarixinədək hər ay 300 manat, 01 yanvar 2021-ci il tarixindən isə hər ay 500 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünü cavabdeh hansı üzlə alır? Axı cavabdeh olan bu kəs heç bir dəfə də olsun körpə yaşlarından atıb getdiyi onlarla maraqlanmamış, onlara analıq etməmiş, yalnız Şəhid Sərrafın şəhid olmasından sonra Onun statusundan vicdansızlıqla, cinayətkarcasına yararlanmaqdan əsla utanmır, həya etmir. Qardaşının şəhid düşməsindən sonra belə cavabdeh onunla da əsla maraqlanmamış, artıq 2 azyaşlı övladı olan ona bir dəfə də olsun baş çəkməmişdir. Cavabdeh olan bu qadının niyyəti, məqsədi Şəhid qardaşı olan Sərrafdan, Sərrafın şəhidlik statusundan utanmazlıqla faydalanmaq, əsassız varlanmaqdır. Buna da Azərbaycan qanunları yol verməməlidir və cavabdehin məsuliyyəti labüddür. Məhz bu maddədən qanunsuz, əsassız, ədalətsiz, vicdansız və Allahsız yararlanmış cavabdeh indi də özünü yəqin ki, həyasızlıqla bir Qəhrəman hesab edir, əclafcasına Şəhid Sərrafın ruhuna da əzab verməklə Onun iradəsinin əksinə miras qoyanın əmlakından əsassız varlanmaqla yağmalayır, körpə yaşlarından məhrumiyyətlər (ata-ana məhrumiyyətləri) görmüş onun hüququna girir. Bu maddədə müəyyən edildiyi kimi, o, qardaşının yeganə bacısı və miras qoyanın yeganə vərəsəsi olmalıdır. Bu hal Şəhidin də arzusu idi, çünki o subay idi, digər vərəsələri qalmamışdır. Bütün bu olaylar onun yalnız bioloji anası olmuş, onların üzərində heç bir haqqı olmayan cavabdeh qismində qoyduğu bu qadının növbəti cinayətlərinin gecikmiş olsa da qarşısının alınmasında israrlı, qərarlı olmağına əsas verir və buna görə də o, cavabdehin ləyaqətsiz vərəsə kimi tanınmasında maraqlıdır və qərarlıdır. Əslində onlar, faktiki onları saxlamış, omlara birbaşa valideynlik-ata-analıq etmiş ata babası X14 və nənəsi X24 qanunları yaxşı bilmədiyindən və cavabdehin bu vicdansızlığının, həyasızlığının və əclaflığının bu dərəcə ifrata varan səviyyəsini, dərəcəsini təsəvvürünə gətirmədikləri səbəbindən bu gün məhkəmə qaydasında çözüləsi problemlə üz-üzədirlər. Vaxtında cavabdeh qanuni formada onlara münasibətdə valideynlik hüquqlarından məhrum edilsəydi, bu gün onun bu qanunsuzluqlarına, əsassız varlanmasına imkan verilməzdi və Mülki Məcəllənin 1138-ci maddəsinə (Vərəsə ola bilməyən valideynlər) avtomatik cavabdeh ləyaqətsiz vərəsə kimi oyundan kənar qalardı,bu gün vicdansızlıqla onların haqqına girə bilməzdi, şəhid anası statusundan yararlana bilməzdi. Əksinə, vaxtında cavabdehin üzərinə onların hər ikisi üçün aliment ödəmə vəzifəsi qoyulmalı idi. Cavabdeh şəhid qardaşı Sərrafın Şəhidlik statusunu aldatma və hiylə yolula 2020-ci ilin noyabr ayından mənimsəyir və bunu bildikdən sonra onlar, xüsusən də ata babası X14 bu dələduzun, fırıldaqçının fırıldaqlarına son qoyulması məqsədilə bütün aidiyyəti orqanlara, yuxarı instansiyalara rəsmi müraciətlər etmişlər. Onlara məhkəmə qaydasında mübahisənin həlli tövsiyə edilmişdir və onlar bunda qərarlıdırlar. Göründüyü kimi, cavabdeh haqsız və əxlaqsız özünü ortaya atmasaydı o, ikinci növbəli vərəsə kimi Şəhid qardaşının miras açılandan sonra növbəlilik üzrə yeganə vərəsəsi olaraq bundan yararlanardı. Onun bugünki ailə vəziyyətində bu onun üçün çox zəruri və vacibdir. İndiki şəraitdə -həyat yoldaşının da daimi iş yeri olmadığı şəraitdə iki azyaşlı övladının da olması durumunun necə olmasına əyani sübutdur. O, qanuni olaraq, cavabdehin məhkəmə qaydasında ləyaqətsiz vərəsə sayılmasında qərarlıdır. Eyni zamanda, cavabdehin vərəslik üzrə qanunsuz və əsassız qəsdən əldə etdiklərinin hamısını bəhərləri və gəlirlərilə birlikdə qaytarmasında, əsassız varlanmasının qarşısının alınmasında israrlıdır. O, hesab edir ki, 2020-ci ilin noyabr ayından başlayaraq cavabdeh ləyaqətsiz vərəsə kimi onun haqqına girmiş, əslində şəhid qardaşının yeganə qanuni vərəsəsi kimi onun haqqı çatan şəhid X5 şəhidlik statusundan qanunsuz və əsassız yararlanmış və yararlanmaqda vicdansızcasına davam edir. Bu haqsızlığa, özbaşınalığa son qoyulmalı, onun haqqı bərpa edilməlidir. Bundan başqa Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh, yəni anası özünü və qardaşını ata tərəfdən baba və nənəsinin himayəsində saxlayaraq ərə getmiş, onlara analıq etmiş və onlara ana nəvazişi göstərməmişdir. Qeyd edilmiş faktlar sübut olunmayan obyektivlikdən kənar bir sübut mövcuddur. Cavabdehin həyat yoldaşı xəstəliyi ilə əlaqədar olaraq 1998-ci ildə vəfat olduqdan sonra 2000-ci ildə 7 yaşı iddiaçının və 4 yaşı şəhid olmuş oğlu Şərrafı ata tərəfdən baba və nənəsinin himayəsində saxlayaraq ərə getmiş ,uşaqları ilə münasibət saxlamamış. Onların taleyi ilə maraqlanmamışdır. Cavabdeh şəhid olmuş oğlu Sərrafla müntəzəm olaraq əlaqə saxlamış, hər dəfə Qusara gəldikdə ilk növbədə anası ilə görüşmüşdür. İddiaçıya münasibətdə onada yaxından kömək göstərmişdir. Cavabdehə şəhid ailəsi statusu verildikdən sonra dövlət tərəfindən ona verilmiş 11000 manatı qızı iş üzrə iddiaçıya bağışlamışdır. Belə bir vəziyyətdə cavabdeh tərəfindən uşaqlarına baxmaması faktına obyektiv hüquqi qiymət verilməlidir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olarq dövlət orqanları tərəfindən təqdim edilmiş sənədlərə əsasən cavabdehə şəhid anası statusu verilmişdir. İddia ərizəsinə sübut kimi əlavə edilmiş Qusar rayon Təhsil şöbəsinin 08 fevral 2011-ci il tarixli məktubunda qeyd edilmişdir ki,iddiaçı və onun şəhid olmuş qardaşı Sərraf Qusar RİHB-nın Əniğ kənd İƏ üzrə Nümayəndəliyinin 10 noyabr 2000-ci il tarixli 17 saylı sərəncamı ilə ata tərəfindən baba və nənəsinin himayəsinə verilmişdir. Qeyd edilmiş fakt həqiqətə uyğundur. Avabdeh ərə getməsi ilə əlaqədar uşaqları mərhum həyat yoldaşının ata və anasının himayəsində saxlamağa məcbur olmuşdur. Bütün bunlara baxmayaraq uşaqlarla bir ana kimi münasibət saxlamışdır. Cavabdeh Qusar rayonunun Əniğ kəndində yerləşən Şəhid olmuş oğlunun adın ucaldan abidəsi üçün 2000 manat pul məbləğini xərcləmişdir. Qeyd edilmiş faktın doğruluğunu abidəni inşa etmiş Rizvan adlı usta təsdiq edə bilər. Cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsinə dair iddia ərizəsində sadalanan maddələrin heç bir hüququ əsası yoxdur. Belə ki, 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Cavabdehin hərəkətlərində sözü gedən maddəsində göstərilmiş hallar mövcud deyildir. İddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası MM-nin 1160-cı maddəsinə əsasən iddia tələbi təmin olunmayaraq rədd olunmalıdır.Həmin maddənin mənasına görə, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd etdiyi hüquqverici əsaslar bir daha onu sübut edir ki, iddiaçının qeyd edilmiş məzmunda məhkəmədə iddia qaldımaqda subyektiv hüququ olmamışdır. Bundan başqa İddiaçı Murtuzali qızı Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə təqdim etdiyi etiraz ərizəsinə cavab olaraq etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, cavabdeh bildirir ki, guya ərə gedəndən sonra onunla, qardaşı ilə maraqlanmış ,onlarla münasibət saxlamışdır. Bildirmişdir ki, onlar anasının onlara axmadığına dair heç bir sübuta malik deyillər. Bəs anasının onunla, qardaşıla maraqlanmasına dair hansısa sübut varmı? Əlbətdə yox. Anası ailə qurandan sonra onlarla qətiyyən maraqlanmayıb. Onunla, şəhid qardaşıla heç vaxt görüşməyib. Anası 2000-ci ildə onlardan imtina barəsində ərizə verəndən sonra heç vaxt onlarla görüşməyib. Nə o, nə də qardaşı ana nəvazişi görməmişlər. Nənə-babanın himayəsində böyümüşlər. Anası Cavabdeh onların bioloji anasıdır. Bioloji ana olmaq kifayət deyil. Gərək valideyn övladlarına qayğı göstərsin, nəvaziş göstərsin. Ancaq o, bunlar görməmişdir. Ancaq qardaşı Sərraf torpaqlarımızın azadlığı uğurunda gedən vətən müharibəsində şəhid olduqdan sonra onlar bioloji analarının yadına düşmüşdür. Yalnız bundan sonra Cavabdeh analıq hissləri baş qaldırmışdır. Şəhid qardaşının məzarına 2000 (iki min) manat xərclədiyi doğrudur. Bu xərci də özünü qayğıkeş, övlad həsrətli göstərmək üçün etmişdir. Əyər belə olmasaydı qardaşı Sərraf şəhid olan günə kimi də onlara analıq etməyi düşünərdi, əməlləri ilə bünü göstərərdi. Qanunların aliliyinə və məhkəmənin ədalətinə güvənərək məhkəmədən onun iddiasının tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Murtuzali qızı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, anası on ildir ki, onun yanına gəlib gedir, ona və nəvələrinə də baxıb, halhazırda gəlib getməyinə etiraz etmir. Amma bu işdə rəhmətlik qardaşına görə anasından çox onun haqqı var. Qardaşı şəhid olduğuna görə dövlət tərəfindən verilmiş 11.000 manatı anası ona bağışlayaraq həmin pulu ona verib. 20 il qardaşını o, saxlamış, buna görə o, öz haqqını tələb edir. Atası vəfat etdikdən sonra anası onları də götürüb öz atasının evinə getmiş, sonra anası ərə getmək üçün üç aydan sonra onlardan imtina etmişdir. Anası təzədən ailə qurmuş, ərə getmiş, onlar isə ata tərəfdən babası və nənəsi tərəfindən saxlamışdır. Onuncu sinifdə oxuyanda nənəsi xəstə olmuş, ona özü öləndən sonra qapısını açan bir adam olsun diyənə anasını çağırmış və ondan sonra anası onlara gedib gəlib, o, ailə qurduqdan sonra da anası onun yanına ildə bir iki dəfə gəlib gedir. Qardaşının anası ilə əlaqəsi olmayıb. Qardaşı iki üç ay idi ailə qurmuşdur. Anası yenidən ailə qurduqdan sonra onların qohumları valideynlik hüququndan məhrum edilməsi ilə bağlı heç bir yerə müraciət etməyib, savadsız adamlardır, ona görə müraciət etməyib. O, qardaşının vərəsəsi kimi tanınmasını, şəhid olduğuna görə ayrılmış məvacibin yarısının ona verilməsini istəyir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X27 iddianı müdafiə etmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X16 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ailə qurduqdan beş il sonra onun əri vəfat etmiş və iki uşağı ilə o, qayınatasının evində qalmışdır. Bir müddətdən sonra qaynanası onunla yola getməmiş və iki ildən sonra o, məcbur qalıb uşaqları ilə atasının evinə qayıtmışdır. Sonra qayınatası ondan uşaqları istəmişdir. Atası və qayınatası məcbur etdiyinə görə o, uşaqlarını qaytarmışdır. Ona qayınatası və atası məcbur edərək bu barədə ərizə yazdırmışlar. Oğlu ilə dəfələrlə görüşmüş, yaşadığı kəndə də gəlib, vaxt olmayanda Qusar şəhərində də görüşmüşlər. O, həmişə uşaqları ilə maraqlanmış, qızına 11.000 manatdan əlavə aldığı məvacibdən də vermişdir. O, oğluna görə verilmiş müavinatın yarı bölünməsinə razı deyildir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməmiş, Cavabdeh dediklərini təsdiq etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan XX-ЖГ № 294178 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1996-cı il tarixdə Qusar rayonu Əniğ kəndində anadan olmuşdur. X3, anası X15r. İşdə olan AZ-İİ 131846 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində ölmüşdür. İşdə olan XVİİ-ЖГ № 451175 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1994-cü il tarixdə Qusar rayonu Əniğ kəndində anadan olmuşdur. X2, anası X15r. İşdə olan 06 yanvar 2021-ci il tarixli pul vəsaitinin bağışlanması müqaviləsinin surətindən görünür ki, X1 Natəvan Murtuzali qızına 11000 (on bir min) manat pul vəsaitini bağışlamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh mərhum əri X7 vəfat etdikdən sonra ikinci dəfə ailə qurmuş və mərhum Murtuzəli ilə nikahdan anadan olmuş Natəvan və Sərraf adlı uşaqları mərhum ərinin atası və anasının himayəsinə vermişdir. İddiaçının qardaşı, həmçinin iş üzrə cavabdehin oğlu X13 xx.xx.2020-ci il tarixdə 44 günlük Zəfər yürüşündə şəhid olmuşdur. Cavabdeh şəhid ailəsi statusu verildikdən sonra dövlət tərəfindən ona verilmiş 11000 (on bir min) manatı İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir Həmin Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1138-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 1142-ci maddəsinə əsasən əgər şəxs mirası aldıqdan sonra məhkəmə tərəfindən ləyaqətsiz vərəsə sayılarsa, vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarmağa borcludur. Həmin Məcəllənin 1143-cü maddəsinə əsasən şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, şəxsin ləyaqətsiz vərəsə hesab edilməsindən ötrü şəxs miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməlidir. Yaxud da vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməlidir ki, bu zaman isə şəxsin təqsiri məhkəmədə təsdiq olunsun. Məhkəmə qeyd edir ki, hər hansı şəxsi ləyaqətsiz vərəsə hesab edilməsindən ötrü iki hal müəyyən edilmişdir. Həmin hallardan hər hansı biri olduqda şəxs ləyaqətsiz vərəsə hesab oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64.0-cü maddəsinin tələbinə əsasən Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər: öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;64.0.2. alimenti qəsdən ödəmədikdə;heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə;valideynlik hüquqlarından sui-istifadə etdikdə; uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə; xroniki alkoqol və narkomaniya xəstəsidirsə; uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə; uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə. Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, müvafiq icra hakimiyyəti orqanının, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır. İddiaçı yuxarıda qeyd olunan və ləyaqətsiz vərəsələr hesab edilməsi üçün əsas verən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmənin qənaətinə görə Cavabdeh miras qoyan oğlu Sərraf İmaməliyevin vərəsəsi olmasına mane olacaq hallar, yəni onun ləyaqətsiz vərəsə hesab olunması üçün Mülki Məcəllənin 1137-ci maddəsində nəzərdə tutulan əsaslar məhkəmə tədqiqatı zamanı müəyyən edilməmiş, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, cavabdehin iddiaçıya və şəhid qardaşı X10 münasibətdə valideynlik hüquqlarından məhrum edilməsi də məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bununla da, iddiaçının iddia tələbinin hüquqi əsası ilə işin faktiki halları uzlaşmır və belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Murtuzali qızının Cavabdeh qarşı “ləyaqətsiz vərəsə kimi tanınma” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddiaçı Murtuzali qızının Cavabdeh qarşı “ləyaqətsiz vərəsə kimi tanınma” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-379/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-379/2023
06.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver