Məhkəmə qərarları › İş №2(029)-381/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-381/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-381/2021 03.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada əldən çıxmış fayda kimi 70000 (yetmiş min) manat məbləğində pulun, əsas məbləğə illik 5 faiz hesablanmaqla 32250 (otuz iki min iki yüz əlli) manat və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2011-2016-cı illər ərzində Rusiya Federasiyasından Qusar rayonu X2 kəndində yaşayan yeznəsi Cavabdeh2 fermer təsərrüfatı yaratmaq məqsədilə müxtəlif şəxslər vasitəsilə bank köçürülməsi ilə ümumilikdə 4.800000 (dörd milyon səkkiz yüz min) rus rublu pul göndərmişdir. Həmin pul cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən aiddiyatı üzrə istifadə edilməyərək mənimsənildiyi üçün, qeyd edilmiş pul məbləğini geri tələb etdikdə cavabdehlər həmin pul məbləğini aldıqlarını etiraf etmələrinə baxmayaraq qaytarmaqdan imtina etmişlər. O, 1993cü ildə qazanc əldə etmək məqsədilə Rusiya Federasiyasına getməklə həmin vaxtdan orada yaşamağa başlamış, külli miqdarda pul vəsaiti əldə etmiş və 2007-ci ildə Rusiya Federasiyasında törətdiyi cinayət əməlinə görə 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, həbs olunduğu zaman saxladığı 5.000.000 (beş milyon) rus rublunu Rusiya Federasiyasında yaşayan dostlarına vermişdir ki, özlərində saxlasın və onun göstərişinə əsasən lazım bildiyi yerlərə göndərsinlər. Rusiya Federasiyasında cəzaçəkmə müəssisəsində olduğu müddətdə 2011-ci ildən Qusar rayonu X2 kəndində yaşayan bacısı Cavabdeh1, yeznəsi Cavabdeh2, bacısı oğlu Cavabdeh3 ilə Qusar rayonu X2 kəndində fermer təsərrüfatı yaratmaq məqsədilə telefon vasitəsilə danışıqlar aparmış, cavabdehlərə lazımi miqdarda pul göndərəcəyini bildirərək onlarla Qusar rayonu X2 kəndində ferma təsərrüfatı yaratmaq barədə razılığa gəlmişlər. Onun göstərişinə əsasən tanışları 2012-ci ildən 2016-cı ilədək müddət ərzində saxladığı 5.000.000 (beş milyon) rus rublundan müxtəlif vaxtlarda hissə-hissə olmaqla bank vasitəsilə Cavabdeh2 Faiq oğlunun adına 4.800.000 (dörd milyon səkkiz yüz min) rus rublu göndərmişdir. Hər dəfə Cavabdeh2 Faiq oğlu qeyd olunan pulları bank vasitəsilə əldə edərək atası Cavabdeh2 vermiş, o da pulların müəyyən hissəsinə Qusar rayonu X2 kəndində yerləşən 1.6 ha torpaq sahəsi almış, 20x10 ölçüdə olan ferma inşa etdirmiş, 7 baş dana, iki baş balalı inək almış, qalan məbləği cavabdehlər şəxsi məqsədləri üçün istifadə edərək mənimsəmiş və pulun qaytarılmasından müxtəlif bəhanələrlə boyun qaçırmışlar. Belə olan halda o, məcbur olub baş vermiş hadisə ilə əlaqədar olaraq Qusar RPŞ-nə müraciət etmiş, araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və işin qanuni həll edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. O, qanuna müvafiq olaraq Qusar rayon məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 14 may 2020-ci il tarixli 2(029)-395/2020 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4.700.000 (dörd milyon yeddi yüz min) rus rublu AZN məzənnəsi ilə 129.600 (yüz iyirmi doqquz min altı yüz) manat məbləğində pulun alınaraq ona verilməsi qət edilmişdir. Buna baxmayaraq, cavabdehlər vaxtı uzatmaq üçün apelyasiya məhkəməsinə müraciət etmişlər, 16.10.2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə mülki iş üzrə qətnamə qüvvədə saxlanılmış və hal hazırda qanuni qüvvəyə minmişdir. Beləliklə o, cavabdehlər tərəfindən ələ keçirilmiş və ona məxsus olan 4.700.000 (dörd milyon yeddi yüz min) rus rublu, AZN məzənnəsi ilə 129600 (bir yüz iyirmi doqquz min altı yüz) manat pulu bu günə qədər ala bilməmişdir. Dəfələrlə cavabdehlərə xəbərdarlıq etmələrinə baxmayaraq pullar ümumiyyətlə bu günə qədər qaytarılmamışdır. Buna görə də, ona həddən artıq zərər dəymişdir. Hansı ki, həmin pul vasitəsilə alver etməklə dünyada olan pandemiyanı da nəzərə almaqla iddia qaldırdığı vaxta kimi 70.000 manat qazanc əldə edə bilərdi. Bundan başqa cavabdehlərdə olan pullarına gecikdirilmiş vaxta görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada illik 5 faiz hesablamaqla cəmi 2.875 manat faiz borcu da yaranmışdır. O, cavabdehlərdən verdiyi pulu ala bilmədiyindən ona həddən artıq zərər dəymiş və həmin pullar vasitəsilə qazanc əldə etmək imkanından məhrum edilmişdir. Qeyd etdiyi kimi, dəfələrlə cavabdehlərə xəbərdarlıq etməsinə baxmayaraq aldıqları pulları vaxtında qaytarmamışlar. Bundan başqa, cavabdehlərdə olan pulları 5 il müddət ərzində gecikdirilmiş vaxta görə qanunvercilikdə nəzərdə tutulan qaydada illik 5 faiz hesablamaqla cəmi 32.250 (otuz iki min iki yüz əlli) manat faiz borcları da yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, Cavabdeh1 İddiaçı doğma bacısıdır. İddiaçı 2011- 2016-cı illərdə Cavabdeh1 ilə sonuncunun əri Cavabdeh2 ferma təsərrüfatı qurmaları və birlikdə qazanc əldə etmələri məqsədi ilə ümumilikdə 129.600 manat məbləğində pul göndərmişdir. Həmin pulu bank vasitəsi ilə Qızbacının oğlu Faiqin adına göndərmiş, sonuncu isə həmin pulu götürüb valideynlərinə vermişdir. Cavabdehlər həmin pula bir neçə mal-qara almışlar, lakin işi tam qura bilməmişlər, pulu isə mənimsəyib qaytarmamışlar. 129.600 manat məbləğində pul vəsaiti Qusar rayon məhkəməsinin 14 may 2020-ci il tarixli 2(029)-395/2020 saylı qətnaməsi ilə cavabdehlərdən iddiaçının xeyrinə tutulmuşdur. Həmin qətnamə hazırda qüvvədədir. Buna baxmayaraq, həmin pul indiyədək iddiaçıya qaytarılmamışdır. İddiaçı ilə cavabdehlərin arasında pul öhdəliyi və işin görülməsi barədə heç bir yazılı müqavilə bağlanmamış, şifahi razılaşma olmuşdur. Cavabdehlər razılaşıblar ki, ferma təsərrüfatı qurub birlikdə qazanc əldə edəcəklər. Cavabdehlər pulu iddiaçıya qaytarmadıqlarına görə o, qazanc əldə edə bilməyib, ona görə də, ona zərər dəymişdir. İddiaçı həmin zərəri tələb edir. İddiaçı hər hansı digər şəxslərlə işlərin görülməsi barədə hər hansı müqavilə bağlamamış, əldən çıxmış fayda növündə zərərlə bağlı rəsmi sübut yoxdur. Bundan başqa, pul uzun müddət cavabdehlərdə qalmaqla onların sərəncamında olduğundan iddiaçı onlardan həmin pulun illik 5 faizi məbləğində cəmi 32250 manat borcu tələb edir. 5 faizlə bağlı da iddiaçılarla cavabdehlər arasında müqavilə bağlanmamışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, İddiaçı onun doğma qardaşıdır. Finyad özü ona yalvarıb xahiş etmişdir ki, bacı kimi ona kömək etsin, ferma təsərrüfatı qurub pul qazansınlar. O, 4 il qardaşı Finyadla razılaşmamış, sonradan razı olmuş, əri Akimi və Faiqi də o, təkid edərək razı salmışdır. Bundan sonra qardaşı onlara pul göndərmiş, əri ferma qurmuş, torpaq sahəsi, mal-qara almış, iş təzə qurulduqdan sonra isə Finyad onlarla iş görmək istəməmiş, mal-qaranı şatdırmış, pulunu geri tələb etmişdir. Qardaşı Finyadla onun arasında heç bir müqavilə bağlanmamış, ferma təsərrüfatı qurmaq barədə şifahi razılaşmışlar. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, İddiaçı onun qaynıdır. Sonuncu, tutulub həbsə düşmüş, həbsdən çıxıb bura gələrkən iş olsun deyə onlara müraciət edərək ferma təsərrüfatı qurub pul qazanmağı onlara təklif etmiş, onlar isə bununla razılaşmışlar. Bundan sonra Finyad hissə-hissə onlara pul göndərmiş, o, özü də kreditlə torpaq sahəsi almış, özünün həyətyanı torpaq sahəsində ferma inşa etdirmiş, işığa, qaza və suya yaxın olduğuna görə iddiaçı özü də bununla razılaşmışdır. Bundan başqa, o, mal-qara, yem və s. almış, lakin ferma təsərrüfatını tam qura bilməmiş, iddiaçı pulunu geri tələb etmişdir. İddiaçı ilə onların aralarında heç bir yazılı müqavilə olmamış, iş görmək barədə şifahi razılaşmışlar. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, İddiaçı onun dayısıdır. Onunla dayısı Finyad arasında hər hansı məsələ ilə bağlı, o cümlədən faizlə bağlı heç bir müqavilə bağlanmamışdır. Onun avtomobili olduğuna görə dayısı Finyad pulları bank vasitəsi ilə onun adına göndərmiş, o isə həmin pulları ferma yaratmaq üçün valideynlərinə vermişdir. O, özü dayısından 2352 manat pul istəmiş, dayısı ona 3000 ABŞ dolları göndərmiş, həmin pulu özünə götürmüş, dayısı Finyadın göndərdiyi qalan pulları isə valideynlərinə vermişdir. Valideynləri mal-qara, torpaq sahəsi, mal-qara üçün yem və s. almışlar, 20 metrlik ferma inşa etmişlər. Valideynləri həmin pulları dayısı Finyadın özünün dediyi yerlərə xərcləmişlər. Finyad həmin pulları hissə-hissə göndərmiş, onlar isə həmin pulu ferma üçün xərcləmişlər. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan Qusar rayon məhkəməsinin 2(029)-395/2020 saylı 14.05.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Müyvəddin oğlundan və Cavabdeh3 müştərək qaydada ******* (dörd milyon yeddi yüz min) rus rublu, AZN məzənnəsi ilə 129.600 (yüz iyirmi doqquz min altı yüz) manat pul məbləğinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2562/2020 saylı 16.10.2020ci il tarixli qətnaməsinin surətindən görünür ki, Qusar rayon məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin həmin qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, “sadalanan maddi hüquq normalarının tələbləri və tərəflər arasında mövcud razılaşmaya əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ferma təsərrüfatı qurmaq barədə razılığa gəldikdən sonra Rusiya Federasiyasında yaşayan İddiaçı qarşısında öhdəlikləri yaranmışdır”. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aralarındakı şifahi razılaşmaya əsasən ferma təsərrüfatının qurulması məqsədi ilə hissə-hissə olmaqla müxtəlif vaxtlarda ümumilikdə AZN məzənnəsi ilə 129.600 manat məbləğində pul vəsaiti göndərmiş və bununla da, həmin şəxslərin iddiaçı qarşısında öhdəlikləri əmələ gəlmişdir. Cavabdehlər həmin öhdəliyi yerinə yetirmədiklərinə görə iddiaçının iddiasına əsasən Qusar rayon məhkəməsinin yuxarıda göstərilən məlum qətnaməsi ilə 129.600 manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamə hazırda qüvvədədir. Lakin, həmin qətnamənin məzmunundan da görünür ki, cavabdehlərin iddiaçı qarşısında əmələ gəlmiş öhdəliklərinin əsasını borc münasibətləri çərçivəsində alınmış pulun müəyyən olunmuş müddət ərzində geri qaytarılması deyil, işlərin görülməsi münasibətləri çərçivəsində alınmış pulun müqabilində birlikdə qazanc əldə etmək üçün ferma təsərrüfatının qurulması təşkil etmişdir. İddiaçı tərəfin də qeyd etdiyi kimi həmin ferma təsərrüfatının qurulması və gəlir əldə edilməsi isə mümkün olmamış, bununla da, cavabdehlər iddiaçının göndərdiyi pul vəsaitindən hər hansı şəkildə faydalanmamışlar. İddiaçı ilə cavabdehlər arasında pul öhdəliklərinin əmələ gəlməsinə, pulun konkret olaraq müəyyən vaxt müddətində geri qaytarılması, həmin müddət ərzində pul geri qaytarılmadığı təqdirdə üzərinə faizlərin hesablanması barədə hər hansı müqavilə isə bağlanmamışdır. Bundan başqa, tərəflər arasında cavabdehlərin öz öhdəliklərini yerinə yetirmədikləri təqdirdə iddiaçıya dəymiş zərəri, o cümlədən əldən çıxmış fayda növündə zərəri ödəməyə borclu olmalarına dair də hər hansı müqavilə mövcud olmamışdır. İddiaçı cavabdehlərə verdiyi pulu geri ala bilməməsi nəticəsində ona əldən çıxmış fayda növündə ziyan dəydiyini qeyd etmiş, ona həmin ziyanın dəyməsini onun cavabdehlərə verdiyi pulla müvafiq gəlir əldə edə biləcəyi ilə əsaslandırmış, lakin həmin əsaslara dair hər hansı sübutu-yəni üçüncü şəxslərlə işlərin görülməsi, malların təqdim edilməsi və s. hallarla bağlı müqavilə bağlamaqla real olaraq gəlir əldə edəcəyinə dair hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 443.5-cü maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, cavabdehlər tərəfindən iddiaçıya əldən çıxmış fayda növündə ziyan vurulması, o cümlədən onların iddiaçı qarşısında pul öhdəlikləri çərçivəsində faiz borclarının yaranması məhkəmədə sübuta yetirilməmiş və ona görə də, məhkəmə iddiaçının həmin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iddia tələbi əsasızdır, cavabdehlərdən iddiaçının tələb etdiyi pulun tutulması onların əsassız olaraq maliyyə sansksiyasına məruz qalmalarına, üzərlərinə haqsız öhdəlik qoyulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan və sübuta yetirilmədiyindən rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar