Məhkəmə qərarları › İş №2(029)-384/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-384/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-384/2025 17.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat əsas borcunun, habelə iddia qaldırmaqla əlaqədar ödədiyi 50(əlli) manat dövlət rüsumunun, cəmi olaraq 3050(üç min əlli) manat pulun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh onun qonşuluğunda yaşayır, münasibətləri həmişə yaxşı olmuşdur. 2024-cü ilin yanvar ayında Cavabdeh ona müraciət edərək vəfat etmiş əri X2 qəbrinə baş daşı düzəltirmək üçün ondan 1000 (bir min) manat borc istəmişdir. Cavabdeh əri X5 2023-cü ilin mart ayında vəfat etmişdir, vəfatının 1 ili tamam olunana kimi qəbir daşı düzəldilməli idi. Buna görə də, həm də qonşu olduğu üçün o, Cavabdeh 1000 (bir min) manat borc vermişdir. Cavabdeh həmin pulu 2-3 aya qaytaracağını bildirmişdir. Bundan sonra 2024-cü ilin fevral ayında Cavabdeh ona müraciət edərək, oğlu X3 Mahaçqala şəhərinə getdiyini və bununla əlaqədar pul lazım olduğunu bildirərək ondan yenə də l000 (bir min) manat borc istəmişdir. Qonşu olduğu və ona inandığı üçün o, Cavabdeh yenə də 1000 (bir min) manat borc vermişdir. Cavabdeh həmin pulu da 2-3 aya qaytaracağını bildirmişdir. Nəhayət, 2024-cü ilin mart ayında Cavabdeh ağlaya-ağlaya yanına gələrək oğlu X3 polis tərəfindən tutulduğunu, barəsində cinayət işinin olduğunu bildirmiş, bununla əlaqədar pul lazım olduğunu bildirərək ondan yenə də 2000(iki min) manat borc istəmişdir. Lakin onda həmin vaxt o qədər pul olmadığı üçün o, Cavabdeh yenə də 1000 (bir min) manat borc vermişdir. Cavabdeh həmin pulu da 2-3 aya qaytaracağını bildirmişdir. Beləliklə, Cavabdeh ondan ümumilikdə 3000 (üç min) manat pul borc götürmüş, lakin söz verdiyi vaxtda həmin pulu qaytarmamışdır. O, dəfələrlə həmin pulun qaytarılması üçün Cavabdeh müraciət etmişdir. Cavabdeh hər dəfə ona yeni müddət göstərməklə pulu qaytaracağını deyir, lakin pulu qaytarmır. Ona görə də Cavabdeh ondan borc götürdüyü 3000 (üç min) manat pul məhkəmə qaydasında cavabdehdən alınıb ona qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilmiş xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, o, cavabdehə ümumilikdə 3000 (üç min) manat pul vermişdir, lakin bu barədə onun yeganə sübut şahid X1. Pulun verilməsi ilə bağlı aralarında hər hansı müqavilə, qəbz olmamışdır. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X6 iddia qəbul etməmiş və izahatında bildirmişdir ki, cavabdeh onun anasıdır. Onun anası iddiaçıdan 1000 (min) manat pul almışdır, lakin o, həmin borcu iddiaçıya qaytarmışdır. Onun həmin borc pulu iddiaçıya qaytarmasına dair heç bir sübutu yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, iddiaçı onun qardaşının dostudur. İddiaçı Gülzar Mirzağayevə müxtəlif vaxtlarda ümumilikdə 3000 (üç min) manat pul verdiyini bilir. İşə baxıb,iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 460.1. öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091.1. əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 882.1.Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən,cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən,tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığısübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcıhissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə X4nın izahatını işin hallarını müəyyən edəcək əsaslı sübut kimi qəbul etmir. Belə ki, həmin şahid izahatında bildirmişdir ki, iddiaçı onun qardaşının dostudur. Belə olan halda, məhkəmə hesab edir ki, şahid, iddiaçı ilə dostluq münasibətlərindən çıxış edərək, iddiaçının mənafeyinə uyğun ifadə verir, məhkəmə həmin ifadənin mötəbərliyinə inanmır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 3000 (üç min) manat pulun verilməsini iddia etsədə məhkəməyə bu barədə heç bir sübut təqdim etməmiş, həmçinin Cavabdeh etibarnamə üzrə nümayəndəsi X6 iş üzrə cavabdeh olan onun anasının iddiaçıdan cəmi 1000 (min) manat pul aldığını və həmin pulu qaytarıldığını bildirsədə buna dair məhkəməyə heç bir sübut təqdim etməmiş və bu halı sübut edə bilməmişdir. Belə olan halda, məhkəmə, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 izahatına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan 1000 manat almışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1000 (min) manat borc tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat pul vəsaitinin iddianın təmin olunan hissəsinə mütənasib olan hissəsi, yəni 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (min) manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar