Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-420/2022 18.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı3, iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1, İddiaçı1 vəkili X4 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarının tanınması və yaşayış evinə köçürülmələri tələbin dair iddiaları üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarının tanınması və yaşayış evinə köçürülmələri tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların, Qusar şəhəri H.Z.Tağıyev küçəsi ev 3 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və həmin yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 cavabdehlə nikahı qeydiyyat orqanlarında qeyd etdirmədən el adəti ilə toy edərək 2000-ci ilin avqust ayında ailə həyatı qurmuşdur. Ailə həyartı qurduqdan sonra cavabdehin atası X2 mülkiyyətində olan Qusar şəhəri H.Z.Tağıyev küçəsi 3 ünvanında yerləşən 2 mərtəbəli, 3 otaqlı yaşayış evinə gəlin köçmüşdür. Faktiki nikahlarından xx.xx.2001-ci il tarixdə Əmiraslan və xx.xx.2002-ci il tarixdə Telman adlı uşaqları anadan olmuşdur. Cavabdehlə faktiki nikahda olduqları dövrdə yəni 2000-ci ildən 2019-cu ilə kimi həmin evdə yaşamışlar, qeyd olunan ünvanda qeydiyyata alınmışlar. Bir ildən çoxdur ki, cavabdeh onları qeyd edilən evdən qovmuş və hazırda Bakı şəhərində kirayədə yaşamaq məcburiyyətindədirlər. Bütün əmlakları həmin evdə qalmışdır. Yuxarıda qeyd edilən kimi, cavabdehlə evləndikdən dərhal sonra, yəni 2000-ci ildən bəri Qusar şəhəri H.Z.Tağıyev küçəsi 3 ünvanında yerləşən, mərhum X3 adına qeydə alınmış 2 mərtəbəli üç otaqlı yaşayış evində yaşamışlar. Ona görə də həmin yaşayış evindən istifadə ilə əlaqədar aralarında yaranmış hüquq münasibətləri ilə bağlı Azərbaycan Respublikasının 2009-cu ilin 01 oktyabr tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. X6 03.12.2020-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtdan da cavabdeh atasından miras qalmış qeyd olunan fərdi yaşayış evində yaşamaqda davam edir və bununla da həmin miras əmlakı faktiki qəbul edərək idarə edir. Ona görə də, hesab edir ki, cavabdehin atası X1 miras qalmış əmlakı faktiki qəbul etdiyinə görə ona qarşı yaşayış sahəsindən istifadə hüquqları tanınmalı və yaşayış evinə köçürülməsi tələbinə dair iddiaları əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, o, cavabdehlə 2000-ci ilin avqust ayında toy məclisi kimi kampaniya keçirərək ailə həyatı qurmuş, birgə yaşadıqları müddətdə onların 2 uşaqları olmuşdur. O, mübahisəli evə 2000ci ildə ailə həyatı quran zaman gəlin köçmüş, özü ilə cehiz əmlakı gətirmiş, uşaqlar həmin evdə doğulub böyümüşlər. Həmin ev həyət evidir, 2 mərtəbəli olmaqla, 2 otaq 1-ci mərtəbədə, 2 otaq 2-ci mərtəbədə yerləşir və həyətində bağ sahəsi də vardır. Cavabdeh 2005-ci ildə onu və uşaqları atıb getmiş, yenidən ailə həyatı qurmuşdur. Qaynanası vəfat etdikdən sonra, 2018-ci il tarixdə uşaqların təhsili ilə əlaqədar Bakı şəhərinə getmiş və orada kirayədə yaşamışdır. Onun və uşaqların evdə olmamasından istifadə edərək, cavabdeh sonradan evləndiyi arvadı ilə həmin evə gəlmişdir. 2020-ci ilin dekabr ayında o, Bakıdan həmin mübahisəli evə gəlmiş, cavabdeh onu döymüş, burnunu sındırmış, onu evdən qovmuş və bir daha onu həmin evə buraxmamışdır. O, 2000-ci ildən həmin evdə qeydiyyatdadır, uşaqları isə doğulduqdan sonra həmin evdə yaşayırlar. Oğlu Əmiraslan hazırda hərbi xidmətdədir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 iddianı müdafiə edərək, həmin evdə anadan olduğunu, orada böyüdüyünü və qeydiyyatda olduğunu bildirərək iddiaçı- anası İddiaçı1 dediklərini təsdiq etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 vəkili X7 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı 2000-ci ildən həmin evdə yaşamış, həmin evə qeydiyyata düşmüş, birgə yaşadıqları dövrdə onların 2 uşaları olmuş və uşaqları ilə birlikdə 2018-ci ilə kimi həmin evdə yaşamışdır. İddiaçı1 uşaqların təhsili ilə əlaqədar Bakı şəhərində kirayədə yaşamış, lakin daimi yaşayış yeri mübahisəli ev olmuşdur. Həmin ev cavabdehin atasına məxsus olmuş, cavabdehin atası 2020-ci ildə vəfat etmişdir. Hazırda cavabdeh həmin evi faktiki istifadə edir. Odur ki, iddianın təmin edilməsinı, İddiaçı1 uşaqları ilə birlikdə həmin evə istifadə hüquqlarının tanınmasına və evə köçürülmələrinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı dul qadın olmuş, onun 1-ci əri vəfat etmiş və onların 1 uşağı da olmuşdur. O, iddiaçı ilə 2000-ci ildə bir balaca məclis təşkil edərək ailə həyatı qurmuş, birgə yaşadıqları dövrdə onların Əmiraslan və Telman adlı 2 uşaqları anadan olmuşdur. İddiaçı onun anası ilə yola getməmiş, anası ilə mübahisə etdiyinə görə onu evdən qovmuş, sonradan İddiaçı1 qohumları gəlmiş və anası onu bağışlamışdır. Lakin o, iddiaçını bağışlamamışdır. Ona görə də o, 2005-ci ildən evdən çıxıb kirayədə yaşamışdır. İddiaçı onun valideynləri və uşaqları ilə həmin evdə qalmışdır. O, həmin evə gedib gəlmiş, atasına pul vermiş, televizor, antenna almış, həmin vaxt onun imkanı yaxşı olmuş, maşını da olmuşdur. 17 ildir ki, o, başqa qadınla ailə həyatı qurmuş və onların 2 uşaqları anadan olmuşdur. O, həmin evə gedəndə iddiaçı özünü agressiv aparmış, qab-qacağı sındırmış, onunla mübahisə etmişdir. Həmin ev atasının adına olmuşdur. Atası 03 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Onun bir bacısı var, Türkiyə Respublikasında yaşayır. İddiaçılar həmin evdə qeydiyyatdadırlar. İddiaçı1 əmlakı da, həmin evdədir. Hazırda onun uşaqları, iş üzrə iddiaçılar həmin evə gəlib getmiş, o, uşaqları qovmamışdır. Uşaqlar onun övladlarıdır. Atası evdə tək olduğundan o, 2020-ci ildə ailəsi ilə birlikdə həmin evə qayıtmış, İddiaçı1 həmin evə gəlmiş, ona və arvadına əl-qol atmış, dalaşmış, bu barədə Polis şöbəsində şikayət ərizələri də olmuşdur. İddiaçı1 Quba rayonu Alekseyevka kəndində atasına məxsus evi var. Həmçinin, İddiaçı1 birinci nikahdan olan uşağının da evi var. O, iddiaçıların daimi həmin evdə yaşamalarına razı deyil. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan, nümayəndəsi-anası İddiaçı1 iştirakı ilə baxılmasını mümkün hesab edir. İşə baxıb, İddiaçı3, iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1, İddiaçı1 vəkili X4 və Cavabdeh izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZ-İ 275722 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx xxxxxxx 2002-ci ildə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı1dır. İşdə olan AZ-İ 275724 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx xxxxxx 2001-ci ildə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı1dır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.12.2021-ci il tarixli arayışdan görünür ki, X6 03.12.2020-ci il tarixdə Qusar şəhərində ölmüşdür. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 11.12.2020-ci il tarixli **********88 saylı məktubdan görünür ki, həmin idarənin arxiv sənədlərinə əsasən 10.12.2004-cü il tarixli 1231 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən Qusar şəhəri H.Z.Tağıyev küçəsi ev 3 ünvanında yerləşən (2 mərtəbəli, 3 yaşayış otağı, ümumi sahəsi 153.1 kv.m, yaşayış sahəsi 46.4 kv.m) fərdi yaşayış evi X2 adına qeydiyyata alınmışdır. İşdə olan İddiaçı1 məxsus Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxs xx.xx.1973-cü ildə Quba şəhərində anadan olmuş, Qusar şəhəri H.Z.Tağıyev küçəsi ev 3 ünvanda qeydiyyatdadır. İşdə olan Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.2001-ci ildə ünvan 1 ünvanda qeydiyyatdadır. İşdə olan Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.2002-ci ildə anadan olmuşdur. İşdə olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26.10.2020-ci il tarixli 2682 saylı arayışdan görünür ki, İddiaçı1 ünvan 2 evdə qeydiyyatdadır və ailə tərkibi 2001-ci il təvəllüdlü İddiaçı2, 2002-ci il təvəllüdlü İddiaçı3 ibarətdir. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından elektron Çıxarışdan görünür ki, Cavabdeh Qusar şəhəri H.Z.Tağıyev küçəsi ev 3 ünvanda qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı1 2000-ci ilin avqust ayında Cavabdehlə faktiki nikah münasibətlərinə daxil olmaqla həmin vaxtdan Cavabdeh atası Tahir Tahirovun iradəsi və razılığı ilə sonuncuya məxsus olmuş ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, həmçinin özünün cehiz əmlaklarını həmin evə aparmış, həmin evə pasport qeydiyyatına alınmaqla Cavabdehla birlikdə daimi olaraq həmin evdə yaşamağa başlamışdır. İddiaçı1 ilə Cavabdeh birgə yaşadıqları dövrdə onların xx.xx.2001-ci il təvəllüdlü Əmiraslan, xx.xx.2002-ci il təvəllüdlü Telman adlı iki uşaqları anadan olmuş, həmin uşaqlar həmin evdə böyüyüb yetkinlik yaşına çatmışlar və indiyədək həmin evdə qeydiyyatdadırlar. Bununla da, İddiaçı1 2000-ci ilin avqust ayından, Əmiraslan və Telman adlı uşaqların isə doğulduqları vaxtdan həmin evə istifadə hüquqları yaranmışdır. Mübahisəli evin mülkiyyətçisi olan Tahir Tahirov 03.12.2020-ci il tarixdə ölmüş və həmin ev Cavabdeh idarəçiliyinə keçmişdir. Cavabdeh xeyli müddətdir ki, iddiaçıları həmin evə buraxmır, orada yaşamaqlarına mane olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququnun yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarının nəticə hissəsinin 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllə qüvvəyə mindiyi gündən yaranır” müddəası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun hesab edilsin. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəllənin 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1ci hissəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin həmin maddəsinin 3-cü hissəsində göstərilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədarlar birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1, 158.1.2-ci maddlərinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Göründüyü kimi, İddiaçı1 Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsi qüvvədə olan vaxt-yəni 2000-ci ilin avqust ayından ünvan 2 ünvanda yerləşən evə, evin mülkiyyətçisi Tahir Tahirovun iradəsi və razılığı ilə gəlin köçməklə onun həmin evə dair istifadə hüququ əmələ gəlmiş, həmin evə daimi qeydiyyata alınmışdır. Həmçinin, İddiaçı2 doğulduğu 2001-ci ildən, İddiaçı3 isə doğulduğu 2002-ci ildən həmin evə istifadə hüquqları əmələ gəlmişdir. Odur ki, məhkəmə iddiaçıların dəlilləri ilə razılaşaraq belə qənaətə gəlir ki, iddiaçıların istifadə hüquqları istənilən şəxsdən, o cümlədən cavabdehdən müdafiə olunmalı, cavabdeh tərəfindən həmin hüquqlara edilən müdaxiləyə son qoyulmalı, iddiaçıların həmin evə istifadə hüquqları tanınmalı və onlar həmin evə köçürülməlidirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçılar öz tələblərinin əsası kimi istinad etdikləri halları tam sübuta yetirmişlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqları tanınsın və onlar həmin fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-420/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-420/2022
18.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver