Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-431/2025 05.12.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə müraciət edərək İddiaçı MMC-nin mülkiyyətində olan, Qusar rayonu, Avaran kəndində yerləşən 21.26 ha, **********58 reyestr nömrəli torpaq sahəsinin 1 ha hissəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsi və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması, o cümlədən həmin torpaq sahəsinə cavabdeh və digər şəxslər tərəfindən istifadə və ya sahiblik etməklə yaradılacaq maneələrin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu, Avaran kəndində yerləşən 21.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi **********58 reyestr nömrəli çıxarışla İddiaçı MMC- nin mülkiyyətində olsa da, torpaq sahəsinin 1 ha hissəsi cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Cavabdehdən dəfələrlə torpaq sahəsinin boşaldılması tələb olunsa da, o, bu tələblərə heç bir məhəl qoymamış, iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz olaraq istifadə etməyə davam etmiş və hal-hazırda da davam etməkdədir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, iddiaçının mülkiyyətində Qusar rayonu Avaran kəndində yerləşən 21.26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var və həmin torpaq sahəsinin 1 hektar hissəsini cavabdeh qanunsuz istifadə edir. Cavabdeh bildirmişdir ki, istifadə etdiyi torpaq sahəsi qızının torpaq sahəsidir. Lakin, araşdırma zamanı məlum olmuşdur ki, həmin şəxsin qızının torpaq sahəsi başqa yerdə yerləşir. Ona görə də, cavabdeh iddiaçının zəbt etdiyi torpaq sahəsini iddiaçıya qaytarmalıdır. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında göstərdi ki, Qusar rayonu Avaran qışlaq bələdiyyəsi tərəfindən onun qızına torpaq sahıəsi ayrılmışdır. Həmin torpaq sahəsində 3-4illik ağaclar əkilmişdir. Həmin torpaq sahəsi mütəxəssis tərəfindən ölçülərkən məlum olmuşdur ki, torpaq sahələrində sürüşmələr olmuş və nəticədə onun tərəfindən iddiaçının torpaq sahəsinin bir hissəsi zəbt kimi qeydə alınmışdır. Odur ki, nəzərə alınmasını xahiş edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Avaran kəndi ərazisində yerləşən 21.26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə araşdırması zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2024cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışların surətlərindən görünür ki, Qusar rayonu Avaran kəndi ərazisində yerləşən 0.188 ha və 0.5661 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri xüsusi mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 22 oktyabr 2025-ci il tarixli 3-21-3-34/2-14920/2025 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, xx.xx.2025-ci il tarixli, **********58 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, "Agrargo” MMC-nin mülkiyyətində olan 21.26 hektar torpaq sahəsinin 0.66 hektar hissəsindən Cavabdeh gilas bağının suvarılması məqsədilə nəzərdə tutulmuş su tutarını qazaraq hal-hazırda meyvə bağı kimi istifadə edir. Həmin rəyin qeyd hissəsində göstərilmişdir ki, mübahisələndirilən torpaq sahəsinin 0.22 hektar hissəsi (0.66 hektar hissəsinə aid deyildir) X1 mülkiyyətində olan torpaq sahələrinin tərkibinə daxildir. Belə ki, həmin torpaq sahəsi üzrə 0.5661 hektar ölçüdə **********70 nömrəli və 0.188 hektar ölçüdə **********57 nömrəli torpaq sahələrinin hüquqlarının dövlət qeydiyyatını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədləri mövcuddur. Beləliklə də, iş materialları ilə müəyyən edilir ki, Qusar rayonu Avaran kəndi ərazisində yerləşən 21.26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin adına qeydiyyata alınmış və həmin torpaq sahəsinin 0.66 ha hissəsi Cavabdeh tərəfindən bağ sahəsi kimi istifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 13-cü maddəsinin 2-ci hissəsinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, daşınmaz əmlakın reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası əsas götürülməklə səbəbindən asılı olmayaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinin tələblərinə əsasən iddiaçı "xxxx" MMC öz əmlakını başqasının qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır, cavabdeh isə həmin zəbt etdiyi torpaq sahəsini iddiaçıya qaytarmağa borcludur. Bununla belə, məhkəmə yuxarıda göstərilən rəyə əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən, yəni 0.66 ha torpaq sahəsinin qaytarılmasına dair hissədə əsaslıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan, Qusar rayonu Avaran kəndində yerləşən ümumi sahəsi 21.26 ha təşkil edən, **********58 reyestr nömrəli torpaq sahəsinin 0.66 ha hissəsindən çıxarılsın və həmin torpaq sahəsi İddiaçı MMC-yə təhvil verilsin, cavabdeh və digər şəxslər tərəfindən istifadə və ya sahiblik etməklə yaradılacaq maneələr qadağan edilsin. Qalan hissədə iddia rədd edilsin. İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-431/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-431/2025
05.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver