Məhkəmə qərarları › İş №2(029)-45/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-45/2022

27.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-45/2022 27.01.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və çayxana binasından çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məcidov X5 Binnat Cami qızına qarşı torpaq sahəsindən və çayxana binasından çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus Qusar şəhəri H.Əliyev prospektində yerləşən 0.0260 hektar torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən çayxana binasından çıxarılmasına, həmin daşınmaz əmlakın onun qanuni istifadəsinə qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar şəhəri H.Əliyev prospektində onun xüsusi mülkiyyətində 0.0260 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən çayxana binası vardır. Həmin daşınmaz əmlaklara onun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 15 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Həmin daşınmaz əmlakı o, 25 avqust 2020-ci il tarixdə notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən Qusar şəhər sakini X3 almışdır. Həmin torpaq sahəsi və orada yerləşən çayxana binası onun tərəfindən alındıqdan sonra Cavabdeh torpaq sahəsinə giriş qapılarını kilidləyib bağlamış və həmin daşınmaz əmlakı heç bir qanuni əsas olmadan zəbt etmişdir. Həmin daşınmaz əmlakı satın aldığı X2 şəhər sakini, mərhum X6 arvadıdır. Cavabdeh isə mərhum X1 arvadıdır. Cavabdeh həmin daşınmaz əmlakı guya ona mərhum X4 miras qalmış əmlak hesab edərək qanunsuz zəbt etmişdir. Əslində isə X9 Cavabdeh çoxdan boşanmış və Qusar şəhər sakini X7 ilə nikaha daxil olmuşdur. X7 isə öz növbəsində əri X6 ölümündən sonra həmin daşınmaz əmlakı vərəsəlik hüququ əsasında öz adına keçirmiş və 25 avqust 2020-ci il tarixdə notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən ona satmışdır. Həmin daşınmaz əmlak barəsində Cavabdeh heç bir hüququ yoxdur. O, Cavabdeh həmin daşınmaz əmlakın könüllü olaraq ona qaytarılmasını xahiş etmiş, lakin həmin şəxs könüllü olaraq həmin daşınmaz əmlakları aiddiyəti üzrə ona qaytarmaqdan imtina etmişdir. Bununla əlaqədar o, Qusar rayon Polis Şöbəsinə şikayət etmiş, həmin şöbə ona bu məsələ barəsində aiddiyəti üzrə məhkəmədə iddia qaldırmağı tövsiyyə etmişdir. Buna görə də Cavabdeh onun qanuni mülkiyyətində olan həmin daşınmaz əmlakdan məhkəmə qaydasında çıxarılmalı və həmin daşınmaz əmlak aidiyyəti üzrə ona qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, o, Qusar şəhəri H.Əliyev prospektində yerləşən 0.0260 hektar torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən çayxana binasını 2020-ci ilin avqust ayında Mayisə adlı şəxsdən satın almışdır. Cavabdeh Mayisə adlı şəxsin mərhum əri Bəxtiyar Cəlilovun keçmiş arvadı olmuşdur. O, həmin torpaq sahəsini və çayxana binasını qanuni şəkildə almış, dəyərini tam şəkildə ödəmişdir. Həmin vaxt Mayisə həmin çayxananın və torpaq sahəsinin sənədlərini ona göstərmiş, həmin əmlaklar həmin şəxsin mülkiyyətində olmuş, o, isə pulunu ödəyib həmin əmlakları satın almışdır. Həmin əmlaklara görə o, 26000 manat bir dəfə vermiş, sonra isə 15000 manat vermişdir. Lakin, həmin əmlakları aldığı vaxtdan indiyədək təxminən 2 ildir ki, Cavabdeh onu həmin çayxana binasına buraxmır, buna mane olur. Halbuki, cavabdehin həmin əmlaklara dair heç bir sənədi yoxdur, həmin əmlaklar hazırda onun qanuni mülkiyyətindədir. Artıq iki ilə yaxındır ki, o, qanuni mülkiyyətində olan çayxana binasını işlədə bilmir, cavabdeh orada olan bütün əmlakı daşıyıb aparmış, o, isə oraya getməyə qorxur. Satın aldığı əmlaklara görə verdiyi pulları cavabdeh ona qaytardığı təqdirdə o, həmin əmlakları həmin şəxsə verməyə razıdır. Odur ki, iddianın təmin edilməsi, Cavabdeh həmin torpaq sahəsindən və çayxana binasından çıxarılması, həmin əmlakların onun istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmiş və izahatında göstərmişdir ki, Qusar şəhəri H.Əliyev prospektində yerləşən 0.0260 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən çayxana binası onun keçmiş əri Bəxtiyar Cəlilova məxsus olmuşdur. Həmin çayxana binası onunla Bəxtiyar Cəlilov birgə nikahda olduqları müddətdə, 2000-ci ildə inşa edilməyə başlamış və 2007-ci ildə tikintisi başa çatdırılmışdır. Bəxtiyarla o, 40 il ailəli olmuşdur. Həmin çayxananı övladları üçün inşa etmişlər. Mayisə onun əri Bəxtiyarın saxladığı qadın olmuş, 2015-ci ildə o, onların münasibətləri barədə xəbər tutmuş və ona görə də, əri Bəxtiyarla boşanmışdır. 2018-ci ildə Bəxtiyar Mayisə ilə rəsmi nikaha daxil olmuş, 2019-u ilin yanvar ayında isə Bəxtiyar vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, Bəxtiyar həmin torpaq sahəsini və çayxana binasını Mayisəyə vəsiyyət etmişdir. Bəxtiyar xeyli müddət xəstə olmuş, X8 müalicə almışdır. Hazırda onun mübahisəli torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən çayxana binasına dair heç bir sənədi, həmin əmlaklara dair hər hansı hüququ yoxdur. Ona görə də, həmin torpaq sahəsindən və çayxana binasından iddiaçının istifadə etməsinə, həmin əmlakların həmin şəxsə qaytarılmasına razıdır, həmin əmlaklara dair vərəsəliklə bağlı o, gələcəkdə iddia qaldıracaqdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan ********** qeydiyyat nömrəli, 15 sentyabr 2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar şəhərində yerləşən 0.0260 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon Polis Şöbəsinin 17.10.2020-ci il tarixli 149-19125M-3220 saylı məktubundan görünür ki, İddiaçı 07.10.2020-ci il tarixdə DİN-in 102 xidmətinə verdiyi məlumat və Qusar RPŞ-yə yazdığı ərizə araşdırılmış, ərizədə göstərilən xüsusatlar mülki xarakterli olduğundan toplanmış material işə alınmışdır. Bu barədə mülki qaydada məhkəməyə müraciət etmək hüququ həmin şəxsə izah edilmişdir. İşdə olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 27.01.2022-ci il tarixli ərizədən görünür ki, o, iddianı qəbul etdiyini, iddiaçının istədiyi vaxt gedib mübahisəli obyekti açıb işlədə bildiyini göstərmiş, iddianın təmin edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Qusar şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0260 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi iddiaçı tərəfindən 2020-ci ilin avqust ayında satın alınmış, həmin vaxtdan həmin şəxsin qanuni mülkiyyətindədir. Cavabdeh isə həmin vaxtdan həmin torpaq sahəsini və torpaq sahəsinin üzərində yerləşən çayxana binasını bağlayaraq iddiaçını həmin əmlaklara buraxmamış, iddiaçının torpaq sahəsindən istifadə etməsinə mane olmuşdur. Buna səbəb kimi isə həmin əmlakların onun keçmiş əri Bəxtiyar Cəlilova məxsus olduğunu, həmin əmlaklara onun da hüququnun olduğunu bildirmişdir. Lakin, məhkəmə iclasında cavabdehin həmin torpaq sahəsinə və çayxana binasına dair heç bir hüququnun olmadığı müəyyən olunmuş, bu barədə cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmiş və həmin əmlaklara dair hər hansı sənədinin olmadığını bildirmişdir. Bununla da, Cavabdeh tərəfindən İddiaçı mübahisəli torpaq sahəsinə və onun üzərində yerləşən çayxana binasına dair əmlak mənafeyi pozulmuş, həmin əmlaklara dair əldə etdiyi mülkiyyət hüququna əsassız müdaxilə baş vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı mübahisəli torpaq sahəsinə və çayxana binasına dair mülkiyyət hüququna edilən əsassız müdaxilə aradan qaldırılmalı, mülkiyyətçi İddiaçı mülkiyyət hüququ müdafiə olunmaqla Cavabdeh həmin torpaq sahəsindən və çayxana binasından çıxarılmalı, həmin daşınmaz əmlaklar iddiaçının qanuni istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh Qusar şəhəri Heydər Əliyev prospektində yerləşən, 16 sentyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,0260 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən çayxana binasından çıxarılsın, həmin daşınmaz əmlaklar İddiaçı qanuni istifadəsinə qaytarılsın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar