Məhkəmə qərarları › İş №2(029)-466/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-466/2023

23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-466/2023 23.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X15 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6000 manat məbləğində pul vəsaitini 2006-cı ildən hazıradək olan dövr ərzində infilyasiya faizləri nəzərə alınıb indeksasiya olunmaqla, həmçinin dövlət rüsumu kimi ödənilmiş 80 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Qusar rayonu Gündüzqala kənd sakini olmaqla ailəsi ilə birlikdə həmin kənddə yaşayır. 2006-cı ilin yanvar ayında həmin vaxt Qusar rayonu Gündüzqala kənd bələdiyyə sədri olan X6 onu öz yanına çağıraraq Qusar rayonu Bədişqala kənd sakini Cavabdeh KOD 30107028 JN:127 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən özünə və ailə üzvlərinə məxsus olan 4.63 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.22 hektar hissəsini satmaq istədiyini bildirmiş, həmin torpaq sahəsini almağı ona təklif etmişdir. Bununla bağlı o, həmin torpaq sahəsinə baxmış və bəyəndikdən sonra Cavabdeh və onun anası Sultanxanım Aslanova ilə həmin torpaq sahəsinin dəyərini 6000 manata alqı-satqısı barədə razılaşmışlar. O, həmin məbləğdə pulu Mömin Babayevin və Bədişqala kənd sakini X3 yanında Cavabdeh vermiş, həmin şəxs isə satılan torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün Dövlət Aktının əslini ona vermişdir. Bundan sonra həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün həmin məsələ ilə məşğul olan şəxslərə müraciət etmiş, həmin torpaq sahəsinin ona satılması barədə Qusar rayon məhkəməsinin 14 iyul 2006-cı il tarixli 2-326a/2006 saylı qətnaməsi ona təqdim edilmişdir. Bundan sonra onun tərəfindən həmin torpaq sahəsi müvafiq qaydada tikanlı məftillə çəpərlənmiş və fındıq bağı salınmışdır. Həmin vaxtdan etibarən Cavabdeh və ya ailə üzvlərinin ona qarşı hər hansı tələb və iddiaları olmamışdır. Bu yaxınlarda o, həmin torpaq sahəsinə dair öz adına Çıxarış almaq istəyərkən ona məlum olmuşdur ki, qeydiyyat orqanına təqdim etdiyi qətnamə barədə Qusar rayon məhkəməsinin arxivində heç bir məlumat yoxdur. Ona görə də qeydiyyat orqanı həmin qətnamənin qanunsuz olduğunu, bu səbəbdən də torpaq sahəsinə dair adına Çıxarışın verilməsinin mümkünsüz olduğu bildirilmişdir. Bundan sonra Cavabdeh müraciət edərək ona satdığı 1.22 ha torpaq sahəsinə dair aralarında alqı-satqı müqaviləsi bağlamağı təklif etmiş, lakin məlum olmuşdur ki, həmin şəxs ona satdığı torpaq sahəsinə dair əvvəlcə özünün və ailə üzvlərinin adlarına Çıxarış almış, daha sonra isə həmin torpaq sahəsini başqa şəxsə, yəni X2. Artur Əhmədağayev isə həmin torpaq sahəsinə dair öz adına Çıxarış almış və hazırda onun həmin torpaq sahəsindən çıxmağını tələb edir, bununla bağlı polis orqanına şikayət etmişdir. Göründüyü kimi, onunla Cavabdeh arasında müqavilə bağlanmış, lakin həmin müqavilə lazımi formada bağlanmadığından, yəni notariat qaydasında təsdiqlənmədiyindən əhəmiyyətsiz bir əqd olmuşdur. Lakin əhəmiyyətsiz əqd olsa da, həmin razılaşma üzrə o, həmin şəxsə 6000 manat məbləğində pul vermişdir. Cavabdeh torpaq sahəsinin rəsmiləşdirilməsindən yayınsa da, ondan aldığı pulu ona qaytarmalı olduğu halda qaytarmamış, uzun müddət özlərində saxlamış və bununla ona zərər dəymişdir. Çünki, o, torpaq sahəsini satın almaq imkanından məhrum olmuş, həmçinin cavabdehə verdiyi pul vəsaiti xeyli miqdarda inflyasiyaya uğramışdır. Belə ki, hazırda onun cavabdehdən aldığı torpaq sahəsinin dəyəri təxminən 25000 manat təşkil edir. Bundan başqa, onun tərəfindən həmin torpaq sahəsinə xərclər çəkilərək fındıq bağı salınmış, hazırda həmin bağdan da məhrum olmuşdur. Bu səbəbdən də hesab edir ki, yuxarıda göstərilən torpaq sahəsinin alınması ilə əlaqədar onun tərəfindən ödənilmiş 6000 manat, o cümlədən həmin pulun 2006-cı ildən hazıradək olan dövr ərzində infilyasiya faizləri, torpaq sahəsinin dəyəri indeksasiya olunmaqla Cavabdeh alınıb ona verilməlidir. Həmçinin, onun tərəfindən ödənilmiş 80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, İddiaçı özünü deyil, yalnız oğlunu tanımışdır. 2006-cı ildən o, özünün və ailə üzvlərinə məxsus torpaq sahəsini özü istifadə etmiş, orada tərəvəz məhsulları əkmişdir. 2009-cu ildə özünün və ailə üzvlərinin torpaq sahəsini 740 manata Mömin adlı şəxsə 6 il müddətinə icarəyə vermiş, dövlət aktının əslini də Möminə vermişdir. Mömin isə ona heç bir pul verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Mömin həmin torpaq sahəsini Ağaşirin adlı şəxsə satmışdır. O, iddiaçı ilə mübahisəli torpaqla bağlı hər hansı məhkəmə işinin mövcudluğu, hər hansı məhkəmə qərarının olduğunu bilməmişdir. O, Ağaşirindən özünə məxsus torpaq sahəsindən çıxmasını tələb etdikdən sonra sonuncu keçmiş Bələdiyyə sədri ilə birləşərək onu məhkəməyə vermişlər. O, torpaq sahəsini iddiaçıya satmamış, torpaq sahəsinin torpaq vergilərini həmişə özü ödəmişdir. İddiaçının guya ona 6000 manat məbləğində pul verməsi yalan və böhtandır. Mömin və İqrar adlı şəxslər iddiaçının qohumlarıdır, həmin şəxslərin ifadələri sübut kimi sayıla bilməz. O, dəfələrlə dövlət aktının əslini almaq üçün Möminin evinə getmiş, lakin həmin şəxs ona dövlət aktını itirdiyini bildirmişdir. İddiaçı onun oğlunu həbs etdirmək üçün Qusar rayon Polis Şöbəsinə müraciət etmiş, onun şikayətinin yalan və böhtan olduğu araşdırma zamanı sübut olunmuşdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X9 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia rədd olunmalıdılr. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki və mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına görə iddia tələbinin təmin olunması üçün iddiaçı cavabdehin onun qarşısında zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində öhdəliyinin əmələ gəldiyini, yaxud öhdəliyin əmələ gəlməsi üçün aralarında yazılı və ya şifahi müqavilənin olduğunu sübuta yetirməlidir. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Məhz iddiaçı cavabdehə 6000 manat pul verdiyini sübut etməlidir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Cavabdeh tərəfindən isə iddiaçının irəli sürdüyü bu halı etiraf etmədiyi halda iddiaçı tərəf öz iddiasının əsaslarını mötəbər sübutlarla əsaslandırmağa borcludur. Bu baxımdan Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 1998-ci il tarixli 7/3 nömrəli qərarı ilə 4,63 ha sahədən ibarət torpaq sahəsi Cavabdeh və digər ailə üzvlərinə (cəmi 8 nəfər) paylı mülkiyyətlərinə verilməsi işin mübahisəsiz halıdır. İşdə olan 25 yanvar 2023-cü il tarixli 4Ə-92 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh və ailə üzvləri həmin torpaq sahəsinin 1.2219 ha ibarət sahəni X1. İş materiallarından göründüyü kimi iddiaçı cavabdehə qarşı 6000 manat məbləğində pul tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona torpaq satmaq məqsədilə həmin məbləğdə pulu aldığını, lakin sonradan nə torpaq sahəsini, nə də pulu qaytarmadığını bildirmiş, lakin öz tələbini təsdiq edən hər hansı yazılı sübuta (müqavilə, qəbz, akt və sair) istinad etməmiş, cavabdehlə aralarında hər hansı əvəzli şifahi əqdin bağlandığını, habelə cavabdehin öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş digər əsasların mövcud olduğunu təsdiq edən sübutlar təqdim etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sübutlar yalnız iki nəfər şahidin ifadəsindən və mübahisəli torpaq sahəsinin alqı-satqı əsasında onun adına keçməsini təsdiq edən məhkəmə qətnaməsinin sürətindən ibarət olmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, 2005-2006-cı illərdə Qusar rayonu Gündüzqala bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Həmin illərdə Aslan və həmin şəxsin anası onun yanına gələrək özlərinin 1.22 ha torpaq sahəsini satmaq istədiklərini bildirmişlər. Bundan əvvəl isə Ağaşirin ona müraciət edərək kanal altında olan suvarılan torpaq sahəsi almaq istədiyini bildirdiyindən bu barədə Ağaşirinə məlumat vermiş və Aslanla Ağaşirin görüşərək torpaqla bağlı razılığa gəlmişlər. Ağaşirin bələdiyyənin binasında onun, həmçinin İqrar və Yaqub adlı şəxslərin yanında 6000 manat pulu Aslana verib torpaq sahəsini satın almışdır. 2006-cı ildən keçən ilə kimi Ağaşirin həmin torpaq sahəsini çəpərləyərək bağ sahəsi salmışdır. Həmin vaxt qarşılıqlı inam olduğuna görə Aslandan qəbz alınmamışdır. Ağaşirinin məhkəmə qətnamnəsi aldığından xəbəri yoxdur, lakin ona məlumdur ki, yaşadıqları kənddə 50-60 nəfər şəxs məhkəmə qətnamələri əsasında torpaq sahələrini öz adlarına rəsmiləşdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 2006-cı ildə Qusar rayonu Gündüzqala bələdiyyəsinin sədri Mömin Babayev onu bələdiyyə binasına çağırmış, orada Aslan, Ağaşirin, Yaqub adlı şəxslər də olmuşdur. Orada Ağaşirin 6000 manat pulu Aslana vermiş, verilən pul 100-lük və 50-lik əskinaslardan ibarət olmuşdur. Pulun verilməsi ilə bağlı heç bir qəbz alınmamışdır. Şahid ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər X7 və X8 iddiaçının həmkəndliləri və tanışlarıdırlar. Həmin şəxslərin ifadələrində göstərdikləri hallar digər hər hansı sübutla təsdiq olunmur. Bundan başqa inandırıcı deyildir ki, şahidlərdən biri həmin vaxt bələdiyyə sədri işləməklə torpaq alqı-satqı qaydalarını bilməsin və ya bu zaman hər hansı qəbzin və ya digər sənədin rəsmləşdirilməsi olmadan yalnız torpaq aktının əslinin iddiaçıya verilməsi ilə alqı-satqı əqdinin həyata keçirilmiş kimi qəbul etsin. Belə olan halda həmin ifadələrə tənqidi yanaşmaqla məhkəmə hesab edir ki, məhz həmin şahidlərin ifadələrinə əsaslanaraq cavabdehin iddiaçı qarşısında pul öhdəliyinin mövcud olması qənaətinə gəlmək olmaz. İddiaçı tərəfindən təqdim olunmuş digər sübut – məhkəmə qətnaməsinin kserosurəti sübut növü kimi qiymətləndirilə bilməz, çünki həmin nömrə ilə mülki işə heç vaxt Qusar Rayon Məhkəməsində baxılmamışdır. Odur ki, məhkəmə qeyd olunanlara əsasən iddiaçının dəlilləri ilə razılaşmır və hesab edir ki, iddia tələbi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar