Məhkəmə qərarları › İş №2(029)-483/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-483/2024

30.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-483/2024 30.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və cavabdeh Qusar rayonu Hil Bələdiyyəsinin sədri X1 iştirakları ilə, İddiaçı cavabdeh Qusar rayonu Hil Bələdiyyəsinə qarşı “məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Qusar rayonu Hil Bələdiyyəsinə qarşı “məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Hil bələdiyyəsinin onun işdən azad edilməyi barədə 10 iyul 2023-cü il tarixli 03 saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməklə onun Qusar rayonu Hil bələdiyyəsinin xəzinədarı vəzifəsi üzrə işə bərpa olunmağı, Qusar rayonu Hil bələdiyyəsindən onun 6640 manat məbləğində ödənilməmiş əmək haqqının və mediasiya prosesi üçün çəkdiyi 60 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2000-ci il tarixdən Qusar rayonu Hil bələdiyyəsinin xəzinədarı vəzifəsində işləmişdir. 2020-ci ilin yanvar ayında Qusar rayonu Hil bələdiyyəsinin sədri X2 təyin edilmişdir. Həmin şəxs bələdiyyə sədri olduqdan sonra onunla yola getməmiş, müxtəlif bəhanələrlə onu işdən azad etmək istəmişdir. Onun əmək haqqını da vaxtında verməmiş, hər dəfə çətinliklə əmək haqqı almışdır. 2022-ci ilin yanvar ayından 2023-cü ilin iyun ayının sonunadək isə cəmi 6640 manat məbləğində əmək haqqı ona verilməmişdir. 2023-cü ilin iyul ayında Qusar rayonu Hil bələdiyyəsinin sədri Səkinə Abdullayeva onun işlədiyi “xəzinədar” vəzifəsinin ləğv olunduğunu, bu səbəbdən də onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. O isə bunun qanunsuz olduğunu, onu işə bərpa etməsini, ödənilməmiş əmək haqqının ödənilməsini ondan tələb etmişdir, lakin həmin şəxs onun tələblərinə məhəl qoymamışdır. Bu səbəbdən də, bununla bağlı o, şikayət ərizəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X4 müraciət etmişdir. Həmin şöbə tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, Qusar rayonu Hil bələdiyyəsinin 10 iyul 2023-cü il tarixli 03 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, müəyyən olunmuşdur ki, Səkinə Abdullayeva tərəfindən onun əmək müqaviləsinə xitam verilərkən bir sıra qanun pozuntularına yol verildiyi müəyyən olunmuşdur. Ona görə də, Səkinə Abdullayeva Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə olunmuşdur. Şöbə tərəfindən cərimə əvvəlcə şərti tətbiq olunaraq Səkinə Abdullayevaya onu işə bərpa etmək, ödənilməmiş əmək haqqının ödənilməsi barədə göstərişlər verilmiş, lakin, Səkinə Abdullayeva nə onu işə bərpa etməmiş, nə də əmək haqqını ödəməmişdir. O, xx.xx.2000-ci il tarixdən Qusar rayonu Hil bələdiyyəsində işləmiş və onun əmək stajı 10 ildən artıq olmuşdur. Bu səbəbdən də Hil bələdiyyəsinin sədri onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verərkən o, bu barədə ən azı 9 təqvim həftəsi əvvəl rəsmi xəbərdar olunmalı idi və xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə o, azı bir iş günü əmək funksiyasının icrasından azad edilməli idi. Lakin, Qusar rayonu Hil bələdiyyəsi Əmək Məcəlləsinin həmin tələblərini kobud şəkildə pozmuş, ona heç bir xəbərdarlıq etmədən ani olaraq əmək müqaviləsinə xitam vermişdir. Qusar rayonu Hil Bələdiyyəsi tərəfindən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyindən, həmin bələdiyyənin onun işdən azad edilməyi barədə xx.xx.2023-cü il tarixli 03 saylı əmri ləğv edilməli, o, tutduğu xəzinədar vəzifəsinə bərpa olunmalıdır. Bundan başqa, məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. Qusar rayonu Hil bələdiyyəsi 2022-ci ilin yanvar ayından 2023-cü ilin iyun ayının sonunadək ona heç bir əmək haqqı verməmiş, ödənilməmiş həmin əmək haqqının məbləği 6640 manat təşkil edir. Hesab edir ki, Qusar rayonu Hil bələdiyyəsindən onun 6640 manat məbləğində ödənilməmiş əmək haqqısı tutularaq ona verilməlidir. O, mübahisənin məhkəmədən əvvəl mediasiya prosesində həll edilməsi üçün Mediasiya Şurasına müraciət etmiş, lakin Qusar rayonu Hil bələdiyyəsinin sədri Səkinə Abdullayeva mediasiya prosesində iştirak etməmiş, bununla bağlı mediator tərəfindən xx.xx.2023-cü il tarixli arayış verilmişdir. İlkin mediasiya prosesi ilə bağlı onun tərəfindən 60 manat məbləğində xərc çəkilmişdir. Mediasiya prosesi üçün çəkdiyi 60 manat məbləğində pul vəsaiti də Qusar rayonu Hil bələdiyyəsindən tutularaq ona verilməlidir. O, ilkin mediasiya prosesi nəticəsində verilmiş arayışı əldə etdikdən sonra 05 sentyabr 2023-cü il tarixdə o, Qusar rayonu Hil bələdiyyəsinə qarşı “Məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair” iddia ərizəsi ilə Qusar rayon məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmənin 06 sentyabr 2023-cü il tarixli qərardadı ilə onun iddia ərizənin icraata qəbul edilməsindən imtina olunmuş, ona müvafiq iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra o, həmin iddia ərizəsi ilə məhkəmə aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmənin 26 fevral 2024-cü il tarixli 2-1(118)- 1524/2024 saylı qərardadı ilə onun iddiası mümkün sayılmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin həmin qərardadında qeyd olunmuşdur ki, mübahisə əmək münasibətlərindən əmələ gələn mübahisə olduğundan işə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalıdır. Odur ki, hazırkı iddia ərizəsi ilə yenidən Qusar rayon məhkəməsinə müraciət etmək məcburiyyətindədir. Eyni zamanda bildirir ki, məhkəmə müdafiəsində istifadə etmək üçün müəyyən olunmuş iddia müddəti onun iradəsindən asılı olmayaraq ötürüldüyündən onun pozulmuş hüquqları məhkəmə tərəfindən müdafiə olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, o, 2000-ci ildən Qusar rayonu Hil Bələdiyyəsində çalışır. Həmin Bələdiyyədə 23 il iş stajı vardır. İşlədiyi müddətdə iş yoldaşlarının və kənd sakinlərinin rəğbətini qazanmışdır. İşdə yaxşı işlədiyinə görə Bələdiyyələr tərəfindən bir neçə dəfə mükafatlara da layiq görülmüşdür. 2020-ci ildə hazırkı bələdiyyə sədri S.Abdullayeva gələndən sonra, onun əmək haqlarının verilməsində 6-7 ay gecikmələr olurdu (onlar çox işçilər buna dözməyərək ərizələr yazaraq işdən çıxmışlar. Bələdiyyədə 4 nəfər əmək haqqı alan qalmışdır. Bir sədr, müavin, həyat yoldaşı və o). Əmək haqqlarının alınması üçün vergilərin yığılmasını da kömək məqsədilə öz üzərinə götürmüşdür. Bu işi protokollada ona həvalə etmişlər. Bu işi təmannasız görəcəyini bildirmiş, lakin, “sən mənə əsas işim üçün əməkhaqqımı ver” demişdir. Cavabdeh onunla razılaşmış, 2022-ci ilin may ayından 2023-cü ilin aprel ayınadək vergiləri yığmışdır. Daha doğrusu o, vətəndaşları vergilərin yığılmasına cəlb etmişdir. Ayda 1500-2000-2500 manat vergilərin yığılmasından pul gəlmişdir. Cavabdeh ona 1-2 ayın əməkhaqqısını qaytarmış və yenə əvvəlki hal təkrar olunurdu. O, cavabdehə deyəndə ki,”bu qədər pul yığılıb əməkhaqqımı qaytarmısnmı?” cavabdeh ona demişdir ki, “mən öz borclarımı qaytarıram, istəyirsənsə çıx işdən”. Cavabdeh ona işdən çıxarma əmri verib demişdir ki, “mən səni işdən çıxartmışam.işə gəlmə”. Heç bir şifahi və yazılı xəbərdarlıq olmadan onu işdən çıxartmışdır. Bundan əlavə ona qaytarılmalı olan əməkhaqqısını, işdən çıxartma müavinətini və son haqq hesabını bu günə kimi qaytarmamışdır. Halbuki həmin müavinatlar axırıncı iş günü qaytarılmalı idi. Həmin vaxtdan o,əmək müfəttişinə müracət etmiş, sonra mediasiya şurasına və Sumqayıt İnzibati məhkəməsinə müraciət etmişdir. Bir vətəndaş olaraq ona həm mənəvi həmdə maddi zərər vurulduğu halda 11 aydır ki, o, məhkəmələrdə sürünür. O, öz halal zəhmətini istəyir, başqasının pulunu istəmir. Qanunla o, özünün haqqı olanı tələb edir. O, 2009-cu ildən Yeni Azərbaycan partiyasının üzvüdür. Əmək Məcəlləsinin 79-cu maddəsində həmkarlar ittifaqı təşkilatının və ya hər hansı siyasi partiyanın üzvüsü olması motivinə görə işdən çıxarılması, əmək müqaviləsinin ləğv edilməsi halları qadağan edilmişdir. Əgər bu işdə bələdiyə sədrinin marağı olmasaydı, işçilərin ixtisar edilməsi ilə əlaqədardırsa onun yerinə başqa işçi niyə götürmüşdür? Hil Bələdiyyəsinin 07 iyul 2023cü il tarixli 08 saylı protokolda işçilərin ixtisar edilməsi kimi göstərilmişdir. Bundan əlavə əmr və sərəncam belə yoxdur. Bu ancaq protokolda göstərilmişdir. Onun vəzifəsi xəzinədar kimi qeydə alınmış, bu həmin bələdiyyədə ona həvalə edilmiş iş idi. Əsas gördüyü iş isə kadrlar üzrə mütəxəssiz və katibə kimi əmrlərdə və ştat cədvəllərində,protokollarda belə qeyd edilmişdir. Elektron qeydiyyatında sədrin səhlənkarlğı üzündən düzəliş verilməmiş, xəzinadar kimi qeyd edilmiş,bu da sədrə sərf etmişdir. Hil Bələdiyyəsinin 08 saylı protokolunda qeyd edilmişdir ki, onun qaytarılmamış 6640 manat əməkhaqqısı bələdiyyə tərəfindən hissə hissə ödənəcəkdir. Ancaq onun işdən azad edilməsindən 10 ay keçməsinə baxmayaraq, hal-hazıradək yalnız 1 ayın əməkhaqqısı 300 manat, vergilərdən çıxıldıqdan sonra ona cavabdeh ümumilikdə 272 manat pul qaytarmışdır. Buradan da, görsənir ki, protokol qərarlarına da, əməl edilməmişdir. Ona görə də, Qusar rayon Hil Bələdiyyəsinə qarşı məcburi iş buraxma müddəti üçün əməkhaqısının ödənilməklə, rəsmi xəbərdarlıq edilmədən işdən çıxarıldığına görə onun işə bərpa olunmasını və ödənilməmiş əməkhaqqısının ödənilməsi tələbinə dair iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Qusar rayonu Hil Bələdiyyəsinin sədri X2 iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, o, 15 yanvar 2022-ci il tarixdə Qusar rayonu Hil bələdiyyəsində sədr vəzifəsində işləyir. O,bələdiyyədə işə gəldikdə orada 9 nəfər işçi olmuşdur. İddiaçının ailəsindən özü və gəlinləri olmaqla 3 nəfər işləyirdi. O, həmin işçilərin çox olması ilə əlaqədar işçiləri ixtisar etmişdir. O, iddiaçıya dəfələrlə demişdir ki, onun iddiaçının əməkhaqqısını verməyə maddi imkanı yoxdur. Büdcədə pul olmadığından prokolla iddiaçı işdən azad olunmuşdur. O, iddiaçıya verilməli olan 6640 manat, vergi və 2 aylıq əməkhaqqısını nəzərə almaqla hesablamışdır. İddiaçı əmək müfəttişliyinə ondan şikayət etmiş, əməkmüfəttişi ona ya iddiaçını işə bərpa et və yaxud işçiyə əvvəlcədən xəbərdarlıq edilmədən işdən çıxarılmasına görə 1500 manat məbləğində cərimələnəcəyini bildirmişdir.O da, cərimə ilə razılaşmış, iddiaçının işə bərpa etməmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olmayaraq işdən çıxartdığına görə əmək müfəttişliyi onu cərimələmişdir. O, hal-hazırda həmin cəriməni ödəyir. O, iddiaçıya işdən çıxarılması ilə əlaqədar rəsmi xəbərdarlıq etməmiş, aralarında şifahi razılıq olmuş, əvvəlcədən xəbərdarlıq etmədiyi üçün 2 ay əlavə əməkhaqqı verməyə razılaşmışlar. O, 6640 manat məbləğdən 300 manat, vergi məbləği çıxıldıqdan sonra 272 manat iddiaçıya ödəmişdir. İddiaçının işdən xəbərdarlıq edilmədən azad edilməsinə dair ödəməli olduğu 2 aylıq əməkhaqqısının məbləği 700 manat təşkil edir. O, iddiaçıya görə cərimə olunduğundan, iddiaçıya ödəməli olduğu işdən çıxarılmasına görə ödəməli olduğu əlavə 2 aylıq əməkhaqqını yəni, 700 manat pulu cəriməyə ödəmişdir. Bununlada o, hesab edir ki, iddiaçıya ümumilikdə 1000 manat pul qaytarmışdır. İddiaçıya borclu qaldığı 5640 manat pulu imkanı olduqca qaytaracaqdır. O, iddiaçıya 1 il 6 ayı əməkhaqqısını borclu qalmış, 2 aylıq əlavə əməkhaqqısını iddiaçının onu şikayət etməməsi üçün aralarında olan qarşılıqlı razılıq əsasında qaytaracığını qeyd etmişdir. İddiçıya xəbərdarlıq etmədən işdən çıxartmış, işdən çıxardan zaman ona heç bir məbləğdə pul ödəməmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 10 iyul 2023-cü il tarixli 03 saylı Qusar rayonu Hil Bələdiyyəsinin əmrindən görünür ki, bələdiyyənin kadrlar üzrə mütəxəssisi (kargüzar) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Qusar rayonu Hil bələdiyyəsinin xx.xx.2023-cü il tarixıi, 08 savlı iclasının 3-cü qərarına və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2023 »cü il tarixindən xitam verilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 10 iyul 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, Hil bələdiyyəsində tutduğu vəzifədən azad edilmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, əslində cavabdeh iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməmişdən əvvəl müəyyən olunmuş müddət ərzində rəsmi qaydada xəbərdarlıq edilməli idi. Həmçinin iddiaçı 1 (bir) il 08 (səkkiz) ay müddətində əməkhaqqısını almamış, cavabdeh həmin borclu qaldığı məbləğdən yalnız 1 (bir) ayın pulunu, yəni 300 (üç yüz) manat iddiaçıya qaytarmışdır. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 35.İİ hissə. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 42. Əmək müqaviləsinin tərəfləri

1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 43. Əmək müqaviləsinin məzmunu

4. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Maddə 45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);d) tərəflərin iradəsindən asılı olmayan hallar;e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə;b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi Maddə 75. Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi

1. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu

1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı;işçinin adı, atasının adı və soyadı;əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı;əmək müqaviləsinin ləğv edilməsinin əsası;həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi;əmək müqaviləsi ləğv edilən gün, ay və il;əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Maddə 154. Əmək haqqı

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 155. Əmək haqqının minimum məbləği

1. İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 156. Əməyinin ödənilməsi və onun dərəcələrinin müəyyən edilməsi

1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu 24.7. Bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur. Məhkəmə, aşağıdakı hallara görə hesab edir ki, işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. 1).Cavabdeh Qusar rayonu Hil Bələdiyyəsinin sədri X2 izahatında bildirmişdir ki, maliyyə çətinliyi olduğuna görə, işçilərin sayını azaltmış, İddiaçı işdən çıxartmış və əvvəlcədən heç bir tədbir görməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71ci maddəsinə əsasənişçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.Cavabdeh Qusar rayonu Hil Bələdiyyəsinin sədri X2 isə heç bir tədbir görməmişdir. 2).Cavabdeh Qusar rayonu Hil Bələdiyyəsinin sədri X2 izahatında bildirmişdir ki, xəbərdarlıq etmədən İddiaçı işdən çıxartmışdır.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. Cavabdeh Qusar rayonu Hil Bələdiyyəsinin sədri X2 isə xəbərdarlıq etmədən İddiaçı işdən çıxartmışdır. 3).Cavabdeh Qusar rayonu Hil Bələdiyyəsinin sədri X2 izahatında bildirmişdir ki,İddiaçı işdən çıxardan zaman ona müaviət ödəməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. Cavabdeh Qusar rayonu Hil Bələdiyyəsinin sədri X2 isə müavinət ödəmədən İddiaçı işdən çıxartmışdır. 4). Cavabdeh Qusar rayonu Hil Bələdiyyəsinin sədri X2 izahatında bildirmişdir ki,İddiaçı işdən çıxılan zaman ona olan əmək haqqı borcu tam şəkildə ödənilməmişdir.Cavabdeh Qusar rayonu Hil Bələdiyyəsinin İddiaçı əmək haqqı borcunun olması 07 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası Qusar rayonu, Hil Bələdiyyəsinin 08 № li protokolun 4-cü bəndi ilə sübut olunur. Həmin bənddə göstərilmişdir ki, Bələdiyyənin kadrlar üzrə mütəxəsisi (katibəsi) vəzifəsinin ixtisar edilməsi ilə əlaqədar bələdiyyənin kadrlar üzrə mütəxəsisi (katibəsi) İddiaçıh qızının tutduğu vəzifədən azad edilsin və onun üçün hesablanmış son 1 il 8 ay üçün ümumilikdə 6640 manat əmək haqqı borcu bələdiyyə büdcəsində vəsait olduqda hissə-hissə ödənilsin. Göründüyü kimi Cavabdeh Qusar rayonu Hil Bələdiyyəsinin İddiaçı 6640 manat əmək haqqı borcu var. 5). Cavabdeh Qusar rayonu Hil Bələdiyyəsinin sədri X2 izahatında bildirmişdir ki, İddiaçı işdən çıxdıqdan sonra ona 300 manat əmək haqqı ödəmiş, İddiaçı da həmin halı təsdiq etmişdir. Belə olan halda məlum olur ki, Cavabdeh Qusar rayonu Hil Bələdiyyəsinin İddiaçı 6340 manat ödənilməmiş əmək haqqı borcu qalır. 6). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətin Quba-Qusar regional şöbəsinin məktubundan görünür ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş müddətdə qabaqcadan xəbərdarlıq edilmədən İddiaçı əmək müqaviləsinə xitam verildiyindən bu Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinin (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi iəğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir. Əmək Məcəlləsinin 77.1-ci, 80.1-ci, 83.1-ci, 83.2-ci və 172.4-cü maddələrinin tələbləri pozularaq əmək müqaviləsinə xitam verildiyindən Qusar rayon Hil bələdiyyəsinin sədri X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinə əsasən İnzibati xəta haqqında Protokol tərtib edilmiş və bu Protokola uyğun olaraq İXM-nin 192.6-cı maddəsinə əsasən DƏMXnin Quba- Xaçmaz regional şöbəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli Qərarı ilə S.N.Abdullayeva inzibati məsuliyyətə cəlb olunmuş və göstərilən hüquqpozmanın aradan qaldırılması üçün S.N.Abdullayevaya 30 (otuz) gün müddət müəyyən edilmişdir. 7). Cavabdeh Qusar rayonu Hil Bələdiyyəsinin sədri X2 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətin Quba-Qusar regional şöbəsi tərəfindən İddiaçı qanunvericiliyin tələblərinə uyğun olmadan işdən çıxartdığına görə cərimə olunmuş, hal-hazırda da həmin cəriməni ödəyir. İddiaçı öz hüququnun pozulduğu gündən məhkəməyə müraciət edilmə qaydalarına uyğun olaraq Qusar 1 saylı Mediasiya təşkilatına müraciət etmiş, Qusar 1 saylı Mediasiya təşkilatının arayışını aldıqdan sonra Qusar rayon məhkəməsinə müraciət etmiş, Qusar rayon məhkəməsinin xx.xx.2023-cü tarixli qərardadı iddia ərizəsi qəbul edilməkdən imtina edilmiş, inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.İddiaçı Qusar rayon məhkəməsinin xx.xx.2023-cü tarixli qərardadına uyğun olaraq Sumqayıt İnzibati məhkəməyə müraciət etmiş, Sumqayıt İnzibati məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamış, ümumi məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.İddiaçı yenidən eyni iddia ilə Qusar rayon məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi İddiaçı iddia müddətini buraxmamışdır. Göründüyü kimi, cavabdeh tərəfindən qanunvericiliyin qeyd edilən normalarının tələbləri də pozulmuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən də olsa iddiaçının xeyrinə qəbul olunduğu iddiaçının mediasiya xərcinə ödədiyi pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Qusar rayonu Hil bələdiyyəsinin İddiaçı işdən azad edilməyi barədə 10 iyul 2023-cü il tarixli 03 saylı əmri ləğv edilməli, Qusar rayonu Hil bələdiyyəsinin xəzinədarı vəzifəsi üzrə işə bərpa olunmalı, məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməli, Qusar rayonu Hil bələdiyyəsindən onun 6340 manat məbləğində ödənilməmiş əmək haqqının və mediasiya prosesi üçün çəkdiyi 60 manat məbləğində pul vəsaitinin tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia qismən təmin edilsin. Qusar rayonu Hil bələdiyyəsinin İddiaçı işdən azad edilməyi barədə 10 iyul 2023cü il tarixli 03 saylı əmri ləğv edilsin, Qusar rayonu Hil bələdiyyəsinin xəzinədarı vəzifəsi üzrə işə bərpa olunsun, məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilsin. Qusar rayonu Hil bələdiyyəsindən İddiaçı xeyrinə 6340 manat məbləğində ödənilməmiş əmək haqqı və mediasiya prosesi üçün çəkdiyi 60 manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar