Məhkəmə qərarları › İş №2(029)-498/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-498/2025

29.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-498/2025 29.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılmasına dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Qusar rayonu Əvəcuq kənd ərazisində yerləşən xx.xx.2017-ci il tarixli ********** nömrəli çıxarışı ilə ona və ailə üzvlərinə məxsus olan, qanunsuz zəbt edilmiş 0.166 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş tikililərin Cavabdeh hesabına sökülməsi və həmin torpaq sahəsini cavabdehdən alınaraq onun və ailə üzvlərinin qanuni sahibliyinə və istifadəsinə verilməsi, eləcə də, dövlət rüsumuna ödənilmiş 100 manat pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, Qusar rayonu, Əvəcuq kəndi ərazisində onun və ailə üzvlərinin mülkiyyətində 0.166 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi vardır, mülkiyyət hüquqları xx.xx.2017-ci il tarixli ********** nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Mülkiyyətlərində olan 0.166 ha torpaq sahəsini Cavabdeh tərəfindən qanunsuz olaraq özbaşına tutularaq (zəbt edərək) istifadə edir və həmin torpaq sahəsində qanunsuz olaraq tikinti işlərini aparmışdır. Dəfələrlə Cavabdeh torpaq sahəsinin ona qaytarılması və qanunsuz tikililərin sökülməsi barədə müraciət etsə də, cavabdeh torpaq sahəsini zəbt etmədiyini, həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Ona görə də, hesab edir ki, onun və ailə üzvlərinin pozulmuş hüquqları bərpa edilməli, cavabdeh ona və ailə üzvlərinə məxsus 0.166 hektar torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindən onların qanuni sahibliyinə qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi iddiaçı ilə cavabdehin birgə yaşadıqları dövrdə əldə edilmişdir. Tərəflər boşandıqdan sonra iddiaçı torpaq sahəsinin naturada ayrılması ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsi ilə iddiaçının və uşaqlarının payı 4/5 hissə, cavabdehin payı isə 1/5 hissə müəyyən edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, lakin təmin edilməmişdir. Bundan sonra iddiaçı həmin torpaq sahəsinə dair öz adına 4/5 hissəyə çıxarış almışdır. Hazırda isə cavabdeh həmin torpaq sahəsini zəbt etməklə orada tikililər tikmişdir. Bundan xəbər tutumuş iddiaçı polisə şikayət etmiş və polis şöbəsi tərəfindən araşdırma aparılaraq cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində tikili inşa etməsi müəyyən olunmuşdur. Bundan sonra tikinti işləri dayandırılmış, daha sonra isə iddiaçı tərəfindən məhkəməyə müraciət olunmuşdur. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 1990-cı ildə ona 15 sot torpaq sahəsi verilmiş və buna dair müvafiq sənədləri olsa da, özünə çıxarış əldə edə bilməmişdir. Torpaq sahəsindən iddiaçı və övladlarına məxsus pay iddiaçıya verilsə də, iddfia tələbi ilə ona görə razılaşmır ki, inşa etdiyi tikilini 2004-cü ildən inşa etməyə başlamışdır. Polis əməkdaşları torpaq sahəsinə gəldikdə orada tikili mövcud olmuşdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin, bu zaman məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, İddiaçı iddia tələbi mülkiyyətin müdafiəsi ilə bağlı olmaqla iddianın hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir. Belə ki, həmin şəxs Cavabdeh ona məxsus torpaq sahəsini qanunsuz istifadə etməklə orada tikililər inşa etməyə başladığı halına istinad edərək, hazırkı iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə olan halda, Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin istifadə olunub-olunmamasının, o cümlədən həmin şəxs tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsində tikililər inşa edib-etməməsinin məhkəmə tərəfindən müəyyən edilməsi zəruri əhəmiyyət kəsb edir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 3-21-3-34/2-13996/2025 saylı 09 oktyabr 2025-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyət hüququ İddiaçı və onun ailə üzvlərinə məxsus olan Qusar rayonu Əvəcük kəndində yerləşən ümumi sahəsi 0.166 hektar torpaq sahəsindən tam həcmdə (0.166 hektar) istifadə edir. Cavabdeh qeyd olunan Çıxarışla mülkiyyət hüququ iddiaçıya məxsus torpaq sahəsində aşağıdakı tikilər inşa edərək istifadə edir: -Tikinti altı sahəsi 81.8 kv.metr olan fərdi yaşayış ev məqsədli yarımçıq tikilinin 59.8 kv.metr hissəsi, -Tikinti altı sahəsi 23.4 kv.metr olan həyət tikilisinin 18.6 kv.metr hissəsi -Tikinti altı sahəsi 24.0 kv.metr olan əlavə həyət tikilisi. Bununla da, işin mübahisəsiz halı ilə müəyyən olunur ki, Cavabdeh iddiaçıya məxsus 0.166 ha torpaq sahəsindən bütövlükdə iddiaçının iradəsinə zidd olaraq istifadə edir, eyni zamanda torpaq sahəsinin bir hissəsində yuxarıda sadalanan tikililəri inşa etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 13-cü maddəsinin 2-ci hissəsinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, daşınmaz əmlakın reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası əsas götürülməklə səbəbindən asılı olmayaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinin tələblərinə əsasən İddiaçı öz əmlakını başqasının qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır, cavabdeh isə həmin zəbt etdiyi torpaq sahəsini iddiaçıya qaytarmağa borcludur. Bundan başqa, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı məxsus torpaq sahəsi ilə cavabdehin özünün torpaq sahəsi yanaşı olmaqla bir-biri ilə həmsərhəddir. Belə ki, əvvəllər 0.21 ha torpaq sahəsi ümumi birgəlik əsasında xüsusi mülkiyyət hüququ üzrə həmin şəxslərə məxsus olmuş, sonradan Qusar rayon məhkəməsinin 07 iyun 2011-ci il tarixli 2(029)-263/2011 saylı qətnaməsi ilə torpaq sahəsi naturada ayrılmaqla 0.166 ha hissəsi İddiaçı və övladlarının ayrıca mülkiyyətinə verilmiş, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi iddiaçının və övladlarının ayrıca mülkiyyətinə verilməsinə baxmayaraq sonradan Cavabdeh həmin torpaq sahəsinə bütövlükdə iddiaçının iradəsinə zidd olaraq sahiblənməklə orada tikinti işlərini aparmağa başlamış və həmin fakta görə İddiaçı Qusar rayon Polis Şöbəsinə müraciət etmişdir. Həmin şöbə tərəfindən araşdırma aparılmış, torpaq sahəsində yerində baxış keçirilmiş, Cavabdeh tərəfindən orada tikinti işlərinin həyata keçirilməsi, orada fərdi yaşayış ev məqsədli yarımçıq tikilinin və həyət tikililərinin inşasının həyata keçirildiyi faktı təsdiqini tapmış, lakin həmin mübahisənin mülki xarakterli olması əsası ilə xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh öz etirazında həmin tikililəri 2004-cü ildə inşa etdirdiyini, həmin müddət ərzində iddiaçının torpaq sahəsi ilə maraqlanmadığını bildirsə də, yuxarıda sadalanan hallar cavabdehin həmin dəlillərini təkzib etməklə bunun əksini təsdiq edir. Belə ki, torpaq sahəsi naturada bölünən zaman, o cümlədən torpağa dair Çıxarış tərtib olunarkən orada hər hansı tikililər mövcud olmamış, iddiaçının şikayəti əsasında Qusar rayon Polis Şöbəsində araşdırma zamanı tikinti işlərinin həyata keçirildiyi müəyyən olunmuşdur. Başqa sözlə, həmin tikililər fərdi əşya statusuna malik əmlak olmamaqla tikintisi hələ də davam etdirilir. Bu, isə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının həmin tikililərin inşa olunması faktını əvvəlcədən bilməsi və həmin faktı bəyənməsi halı mövcud olmamışdır. Belə olan halda, iddiaçı mülkiyyətin müdafiəsi çərçivəsində həmin tikililərin sökülməsi tələbini irəli sürməkdə haqlıdır, onun tərəfindən həmin hüquqdan sui-istifadəyə yol verilməmişdir. Bununla belə, məhkəmənin qənaətinə görə iddia tələbi tikililərin sökülməsi tələbinə dair hissədə qismən əsaslıdır. Belə ki, məhkəməyə təqdim olunmuş mütəxəssis rəyi ilə cavabdeh tərəfindən inşa olunan tikinti altı sahəsi 24.0 kv.metr olan əlavə həyət tikilisinin bütövlükdə iddiaçıya məxsus torpaq sahəsinə düşdüyü müəyyən olunsa da, tikinti altı sahəsi 81.8 kv.metr olan fərdi yaşayış ev məqsədli yarımçıq tikilinin bütövlükdə deyil, 59.8 kv.metr hissəsinin, tikinti altı sahəsi 23.4 kv.metr olan həyət tikilisinin isə 18.6 kv.metr hissəsinin iddiaçıya məxsus torpaq sahəsinə düşdüyü müəyyən olunmuşdur. Belə olan halda, iddiaçının həmin tikililərin yalnız özünə məxsus torpaq sahəsinə düşən hissəsinin sökülməsini tələb etməyə subyektiv hüququ mövcuddur və tikililərin sökülməsi barədə iddia tələbi yalnız həmin hissədə əsaslıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Qusar rayonu Əvəcuq kənd ərazisində yerləşən, xx.xx.2017-ci il tarixli ********** nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinə məxsus olan, qanunsuz zəbt edilmiş 0.166 ha torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi İddiaçı və ailə üzvlərinin sahibliyinə və istifadəsinə qaytarılsın. Cavabdeh tərəfindən həmin 0.166 ha torpaq sahəsində inşa edilmiş tikinti altı sahəsi 81.8 kv.metr olan fərdi yaşayış ev məqsədli yarımçıq tikilinin 59.8 kv.metr hissəsi, tikinti altı sahəsi 24.4 kv.metr olan həyət tikilisinin 18.6 kv.metr hissəsi, tikinti altı sahəsi 24.0 kv.metr olan həyət tikilisi Cavabdeh hesabına sökülsün. Qalan hissədə iddia təmin edilməsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar