Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-520/2021 25.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və sonuncunun vəkili X10 iştirakları ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış evindən çıxarılma tələbinə dair iddiası, Cavabdeh İddiaçı qarşı yaşayış evindən istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh **********70-10301 reyestr nömrəli 28.04.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus Qusar rayonu Urva kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Cavabdeh İddiaçı qarşı yaşayış evindən istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun İddiaçı adına qeydə alınmış və valideynlərinin maddi köməkliyi ilə tikilmiş, hazırda azyaşlı oğlu X12 ilə birlikdə yaşadığı fərdi yaşayış evindən istifadə hüququnun müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu Urva kəndində yeləşən 0.10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin evə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla **********70-10301 reyestr nömrəli 28.04.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh onun keçmiş gəlinidir. Belə ki, həmin şəxs 11 iyul 2013-cü il tarixdə oğlu X8 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, sonradan ailə münasibətləri pozulmuş və ayrılmışlar. Qusar rayon məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən onların aralarındakı nikah pozulmuşdur. Cavabdeh onun oğlu ilə ailə həyatı qurduqdan sonra gəlin kimi onların yaşadıqları evə köçmüş, bir müddət keçdikdən sonra isə oğlu Rasimlə Cavabdeh onlardan ayrı, başqa bir evdə yaşamaq istəmişlər və özləri üçün ev əldə edənədək müvəqqəti olaraq onun başqa bir oğlu üçün özünün torpaq sahəsində həyat yoldaşı ilə birlikdə inşa etdiyi və onun mülkiyyətində olan evə köçərək orada yaşamağa başlamışlar. Cavabdeh onun oğlundan ayrılandan sonra oğlu özünün əvvəl yaşadığı evə, yəni onların yanına qayıtmış, Cavabdeh isə ona məxsus həmin evdən çıxmayaraq orada yaşamaqda davam etmişdir. Dəfələrlə həmin şəxsdən həmin evdən çıxmasını tələb etsə də, həmin şəxs həmin evdən çıxmayacağını bildirmişdir. Göründüyü kimi, Cavabdeh yuxarıda göstərilən fərdi yaşayış evinə dair onun qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozur və həmin əmlakdan sərbəst şəkildə istifadə və sahiblik etməyinə mane olur. Bu səbəbdən də, pozulmuş hüquqlarının məhkəmə müdafiəsindən istifadə edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, hesab edir ki, Cavabdeh onun mülkiyyətinə etdiyi qəsdə son qoyulmaqla həmin şəxs ona məxsus həmin evdən çıxarılmalıdır. Cavabdeh qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, o, İddiaçı oğlu X8 ilə 2013-cü ildə nikahı qeydiyyat orqanında qeyd etdirməklə ailə həyatı qurmuşdur. Həmin nikahdan 10 aprel 2014-cü il təvəllüdlü Yusif adlı uşağı doğulmuşdur. Ailə həyatı qurduqdan sonra bir müddət Rasim Vəlibəyovun valideynlərinə məxsus olmaqla Qusar rayonu Urva kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Sonradan Rasimin valideynləri ilə bir yerdə yaşamaqları çətinlik yaratdığına görə ümumi razılıqları əsasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına olmaqla Qusar rayonu Urva kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsində onun valideynlərinin maddi və fiziki köməyi ilə 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evini tikmiş və 2019-cu ildən başlayaraq həmin evdə azyaşlı uşağı ilə birlikdə yaşamağa başlamışlar. Bir daha bildirir ki, qeyd olunan və İddiaçı adına olan torpaq sahəsində yaşayış evinin tikintisi qarşılıqlı razılıq əsasında valideynlərinin, ələlxüsus atası Seymur Vəlibəyovun zəhməti və maddi köməkliyi sahəsində aparılmışdır. Evin tikintisi üçün vəsait olmadığına görə ona məxsus pay torpağını satmaqla əldə olunan vəsaitlə qeyd olunan evin tikintisini başa çatdırmışlar. Sonradan ailə münasibətləri pozulmuş və Rasim Vəlibəyov aralarında olan nikahın pozulması ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Qusar rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, azyaşlı Yusif onun himayəsində saxlanılmışdır. Bundan başqa, qarşılıqlı iddiası təmin edilməklə Rasim Vəlibəyovdan azyaşlı Yusifin yetkinlik yaşına çata kimi saxlanılması üçün hər ay 120 manat aliment alınaraq onun xeyrinə verilməsi qət edilmişdir. Həmin vaxtdan da Rasim Vəlibəyov valideynlərinə məxsus evə qayıdaraq orada yaşamağa başlamış, o, isə azyaşlı oğlu Yusiflə birlikdə birgə nikah dövründə inşa etdikləri bir mərtəbəli evdə yaşayır, başqa yaşayış yeri yoxdur. İddiaçı onun yuxarıda qeyd olunan, valideynlərinin köməyi sayəsində inşa edilmiş fərdi yaşayış evindən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də hesab edir ki, İddiaçı ona qarşı mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış evindən çıxarılması tələbinə dair iddası rədd edilməli və onun həmin şəxsə qarşı iddiası təmin edilməklə qeyd olunan yaşayış evindən istifadə hüququ müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, qarşılıqlı iddianı isə qəbul etməmiş və izahatında göstərmişdir ki, iddia ərizəsində göstərdiklərini təsdiq edir. Cavabdeh onun keçmiş gəlinidir. Həmin şəxs onun oğlu Rasimlə ailə həyatı qurmuş, gəlin kimi onun ərinə məxsus olan və ailə üzvlərinin yaşadığı Qusar rayonu Urva kəndində yerləşən evə köçmüşdür. Rena 6 il həmin evdə onlarla birlikdə yaşamışdır. Sonradan Rena onlarla yola getməmiş və o, 2019-cu ilin iyul ayında Rena ilə oğlu Rasimi azyaşlı uşaqları ilə birlikdə müvəqqəti olaraq özünə məxsus yeni tikilmiş fərdi yaşayış evinə göndərmişdir. Rena ilə Rasim həmin evdə 1 il yarım yaşamışlar, öz aralarında yola gedə bilmədiklərinə görə ayrılmışlar, oğlu məhkəmədə iddia qaldırmış və nikahları pozulmuşdur. Azyaşlı uşaq Cavabdeh yanında qalmış, oğlu Rasimdən uşağın saxlanması üçün aliment tutulmuşdur. Yeni tikilmiş fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətindədir, qaz, işıq onun adınadır. Həmin evi 2018-ci ildə tikməyə başlamışlar, 2019-cu ildə yekunlaşdırmışlar. Cavabdeh atası ustadır, həmin şəxs evin bünövrəsinin salınmasında və damının quraşdırılmasında onlara köməklik etmişdir. Lakin, həmin evi aldıqları pensiya hesabına özləri tikmişlər. Hazırda Cavabdeh həmin evin açarlarını dəyişmiş və onu evə buraxmır. O, hazırda nəvələrinin xatirinə Cavabdeh, oğlu Rasimlə ailə həyatı qurarkən gəlin köçdüyü, ərinə məxsus evdə bir otağa yerləşdirə bilər, əgər istəyirsə gəlib orada yaşasın. Odur ki, iddianın təmin edilməsi, Cavabdeh ona məxsus evdən çıxarılması, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi və yerləşdiyi ev İddiaçı adınadır. Lakin, həmin evi onun atası onun üçün tikmişdir. Evin 90 faizini onun valideynləri tikmişlər. İddiaçı özü demişdir ki, atası gedib həmin torpaq sahəsində ona ev tiksin, keçmiş əri Rasim və uşağı ilə birlikdə orada yaşasınlar. Hazırda, onun başqa yaşayış yeri yoxdur. Əgər İddiaçı onun həmin evdə yaşamasını istəmirsə, oğlunun 18 yaşı tamam olanadək həmin evdə yaşamaq hüququ tələb edir. Odur ki, İddiaçı iddiasının rədd edilməsi, özünün qarşılıqlı iddiasının isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili X17 izahatında göstərmişdir ki, mübahisəli evi Cavabdeh valideynləri Rena və ailəsi üçün tikmişlər. Rena ev tikilərkən özünün qızıl əşyalarını da satıb evin tikintisinə vermişdir. Cavabdeh xəstədir, cərrahi əməliyyat olunmuş, azyaşlı uşağı vardır. Yaşamağa başqa yaşayış sahəsi yoxdur. Odur ki, iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, işdə olan **********70-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 28 aprel 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində payı tam olmaqla Qusar rayonu Urva kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 99.9 kv.metr sahəsi olan fərdi yaşayış evi vardır. İşdə olan Qusar rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli 2(029)-315/2021 saylı qətnaməsinin surətindən görünür ki, X8 ilə Cavabdeh arasında Qusar rayon İHBnın Urva kənd İƏD-də 11 iyul 2013-cü il tarixli 14 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş; tərəflərin birgə nikahlarından anadan olmuş 10 aprel 2014-cü il təvəllüdlü X12 anası Cavabdeh himayəsində saxlanılmış və həmin uşağın yaşayış yeri kimi Cavabdeh yaşayış yeri müəyyən edilmiş; X3 Cavabdeh xeyrinə 10 aprel 2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 120 (yüz iyirmi) manat məbləğində aliment tutulmuşdur. İşdə olan Qusar rayon İHB-nın Urva kənd inziubati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09.06.2021-ci il tarixli 439 saylı arayışdan görünür ki, Qusar rayonu Urva kənd sakini Cavabdeh 2013-cü il tarixdən X8 ilə ailə həyatı qurduqdan sonra, X4 Urva kəndində yerləşən evinə gəlin köçmüş və orada 2019-cu ilə kimi yaşamışdır. 01 iyul 2019-cu il tarixdə o, həyat yoldaşı və bir övladı ilə birlikdə, İddiaçı mülkiyyətində olan Urva kəndində yerləşən evinə köçmüşdür. İşdə olan Qusar rayon İHB-nın Urva kənd inzbati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03.06.2021-ci il tarixli 420 saylı arayışdan görünür ki, Qusar rayon Urva kənd sakini İddiaçı mülkiyyətində Urva kəndində 0.10 ha həyatyanı torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 99.9 kvadratmetr, yaşayış sahəsi 81.9 kv.metr olan 4 otaqlı fərdi yaşayış evi mövcuddur. İşdə olan Qusar rayonu Urva kənd sakinləri X18, X2, X1, X6, X19, X13 və X14 tərəfindən tərtib edilmiş və Qusar rayon İHB-nın Urva kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş 20 avqust 2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh 2013-cü ildən 2019-cu ilə kimi X8 ilə birlikdə sonuncunun valideynlərinə məxsus evdə yaşamış, 2018-ci ilin yayında Rasim Vəlibəyovun anası İddiaçı adına olan həyətyanı torpaq sahəsində hər iki tərəfin valideynlərinin köməkliyi ilə iki mərtəbəli fərdi yaşayış evi tikilmiş və həmin vaxtdan da o, evdə yaşamışlar. Həmin evin bünövrəsindən başlayaraq birinci mərtəbəsi Cavabdeh atası Seymur Əhmədov tərəfindən öz qohumqardaşlarının köməkliyi ilə tikilmiş, mişardaşı Rasim Vəlibəyovun atası Şirinbala Vəlibəyov tərəfindən alınsa da, sementin alınması və birinci mərtəbənin tikintisi Seymur Əhmədov tərəfindən öz qohumlarının köməyi ilə, qarşı tərəfin heç bir köməkliyi olmadan aparılmışdır. Evin 2-ci mərtəbəsi Rasim Vəlibəyovun valideynlərinin vəsaiti hesabına tikilsə də, tikilməsində Seymur Əhmədovun da iştirakı olmuşdur. Evin damının örtülməsi üçün metal kirəmiti Seymur Əhmədov Bakı şəhərindən öz vəsaiti hesabına alıb gətirmiş, 4 kub.metr taxta materialını da Qusar rayonu Piral kəndində yerləşən tikinti materialları mağazasından almış və damın örtülməsini, evin divarlarının suvaqlanması işlərini də Seymur Əhmədov görmüşdür. Evin işıqlandırılmasının və qazlaşdırılması işlərinin görülməsi ilə əlaqədar bütün xərcləri isə Cavabdeh işləməklə ödəmiş, bundan başqa Cavabdeh öz qızıl-zinət əşyalarını sataraq təxminən 3000 (üç min) manat məbləğində pulu həmin evin tikintisinə xərcləmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı oğlu Rasim Vəlibəyov 11 iyul 2013-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və həmin vaxt Cavabdeh Rasim Vəlibəyovun valideynləri ilə birlikdə yaşadığı, sonuncunun atası Şirinbala Vəlibəyovun adına olan Qusar rayonu Urva kəndində yerləşən evə gəlin köçmüşdür. Cavabdeh 2019-cu ilədək həmin evdə yaşamış və həmin ildə İddiaçı Qusar rayonu Urva kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş və xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış, sahəsi 99.9 kv.metr təşkil edən fərdi yaşayış evinə köçmüşdür. Sonradan Cavabdeh ilə Rasim Vəlibəyovun ailə münasibətləri pozulduğuna görə ayrılmışlar və Qusar rayon məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(029)-315/2021 saylı qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Bundan sonra, Rasim Vəlibəyov anası İddiaçı məxsus fərdi yaşayış evini tərk edərək özünün əvvəllər yaşadığı, atasının adına olan evə qayıtmış, Cavabdeh isə həmin evi tərk etməyərək orada yaşamaqda davam etmişdir. Bununla da, İddiaçı həmin evə və evin yerləşdiyi torpaq sahəsinə dair əmlak mənafeyi pozulmuş, torpaq sahəsinə və orada yerləşən evə dair əldə etdiyi mülkiyyət hüququna əsassız müdaxilə baş vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Mıəcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, Qusar rayonu Urva kəndində yerləşən mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı oğlu Rasim Vəlibəyovun arvadı olmuş Cavabdeh özünün ailə üzvü hesab etməklə mübahisəli evə köçürsə də, sonuncunun həmin evdən istifadə etməsi həmin şəxslə Rasim Vəlibəyovun arasında olan ailə hüquq münasibətlərindən asılı olmuşdur. Belə ki, Cavabdeh ilə İddiaçı arasında evdən istifadə hüququnun əmələ gəlməsi barədə heç bir yazılı müqavilə bağlanmamış və həmin şəxsin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Sonradan Cavabdeh ilə Rasim Vəlibəyovun arasında olan nikah pozulmuş və bununla da, Cavabdeh mülkiyyətçi İddiaçı ailə üzvləri sırasından çıxmışdır. Hazırda Cavabdeh İddiaçı keçmiş ailə üzvüdür. Bu səbəbdən də, məhkəmənin qənaətinə görə Cavabdeh mübahisəli evə dair istifadə hüququ yaranmamış, ailə hüquq münasibətlərindən irəli gələn evdən istifadə etmək hüququ isə itirilmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, həqiqətən də, Cavabdeh tərəfindən İddiaçı mübahisəli evə dair mülkiyyət hüququna əsassız müdaxilə baş vermiş və ona görə də, həmin müdaxilə aradan qaldırılmalı, mülkiyyətçi İddiaçı mülkiyyət hüququ müdafiə olunmaqla Cavabdeh həmin evdən çıxarılmalıdır. Məhkəmə Cavabdeh həmin evin onun valideynlərinin vəsaiti hesabına inşa edildiyi barədə dəlillərini müzakirə edərək hesab edir ki, həmin hal evə dair mülkiyyət hüququnun, o cümlədən həmin hüququn tərkib hissəsi olan istifadə hüququnun əmələ gəlməsi əsası kimi qəbul edilə bilməz, belə bir hal mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmin evə və evin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla 28.04.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmiş, nə qədər ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmişdir, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Odur ki, məhkəmə Cavabdeh həmin dəlillərini qəbul etmir. Bununla da, məhkəmə yuxarıda sadalanan hallara əsasən hesab edir ki, Cavabdeh qarşılıqlı iddiası əsasızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmiş, Cavabdeh isə qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh Qusar rayonu Urva kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan, 28 aprel 2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılsın. Qarşılıqlı iddia rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-520/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-520/2021
25.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver