Məhkəmə qərarları › İş №2(029)-538/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-538/2020

02.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-538/2020 02.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun vəkili X9 iştirakları ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı ona məxsus Qusar şəhəri, H.Əliyev prospekti, 139 saylı evdən yaşayış sahəsindən istifadə hüququnun tanınmasına və həmin yaşayış evinə köçürülməsinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Qusar şəhəri, H.Əliyev prospekti, 139 saylı evdən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı Qusar şəhəri, H.Əliyev prospekti, 139 saylı evdən istifadə hüququna xitam verilməsinə dair iddiasının rədd edilməklə, onun iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh babası İddiaçı qarşı Qusar şəhəri, H.Əliyev prospekti, 139 saylı evdən yaşayış sahəsindən istifadə hüququnun tanınmasına dair qarşılıqlı iddiasının təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəməyə qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək, onun iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus Qusar şəhəri, H.Əliyev prospekti, 139 saylı evdən yaşayış sahəsindən istifadə hüququnun tanınmasına və həmin yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, xx xxxxxxxx 1963-cü il tarixdə X16 ilə nikahı rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Həmin nikahdan onların X10, X12 və X8 adlı üç övladları olmuşdur. Birgə nikah dövründə X17 ilə Qusar şəhəri, H.Əliyev prospekti, 139 ünvanda yerləşən bir mərtəbəli fərdi yaşayış evi tikmişlər. Həmin evdə onun uşaqları yaşamış və qızı İradəni toy edərək ərə vermişdir. Qızı İradə ailə qurduqdan sonra onlardan ayrı yaşamış və hal-hazırda onunla yaşamır. Oğlu Cavanşiri 1993-cü il tarixdə Arzu adlı qız ilə evləndirmişdir. Həmin nikahdan onların Cavabdeh1 adlı bir uşaqları anadan olmuşdur. Lakin oğlu Cavanşirin həmin nikahı uzun çəkməmiş və 1995-ci il tarixdə boşanmışlar. Bundan sonra oğlu Cavanşir 1995-ci ildə Cavabdeh2 qızı ilə evlənmişdir. Lakin oğlu Cavanşirin Cavabdeh2 ilə də xasiyyətləri uyğun gəlməmiş və buna görə də 1997-ci ildə boşanaraq ayrılmışlar və Cavabdeh2 evdən gedərək atasının evinə qayıtmış və hal-hazırda iddia ərizəsində qeyd etdiyi ünvan 1 ünvanda yaşayır. Artıq 23 ildir ki, Cavabdeh2 ona məxsus həmin evdə yaşamır və formal olaraq qeydiyyatda qalmışdır. Nəvəsi cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 valideynlərindən ayrıldıqdan sonra ona məxsus sözügedən evdə yaşamış və həmin evdə də qeydiyyatdadır. xx xxxx 2018-ci il tarixdə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ailə quraraq atası Cavanşirə məxsus ünvan 2 ünvanda yerləşən evə köçmüşdür və halhazırda həmin evdə artıq 3 ildir ki, yaşayır. O, özünə məxsus olan Qusar şəhəri, H.Əliyev prospekti, 139 saylı evi nəvəsi cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 bağışlamışdır. Lakin nəvəsi Elnur evi bağışladıqdan sonra özünü ona qarşı aqressiv aparmağa başlamış və ona kobud cavablar qaytarmaqla tez-tez onu evdən qovacağı ilə hədələmişdir. Bundan başqa Elnur ona bağışladığı evi atası Cavanşirə bağışlamış və ona həmin evin özlərinə məxsus olduğunu bildirmişdir. Bütün bunlardan sonra o, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış və məhkəmə qətnaməsinə əsasən bağışladığı evi geri almışdır. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ünvan 2 ünvanında yerləş fərdi yaşayış evində yaşasa da, formal olaraq ona məxsus olan Qusar şəhəri, H.Əliyev prospekti, 139 saylı evdə qeydiyyatdadır. Hər iki şəxs, yəni cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 formal olaraq ona məxsus evdə qeydiyyatdadırlar və bu hal mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırır. Hər dəfə özünə məxsus ev ilə bağlı hər hansı bir hərəkət etmək istəsə də, məcbur olaraq Elnuru və Təminəni axtarır və onlara razılıqlarını bildirmələri üçün yalvarır. Hesab edir ki, Cavabdeh2 oğlu Cavanşir ilə aralarındakı nikah pozulduqdan sonra, yəni 1997-ci ildən həmin evdə yaşamamaqla yaşayış sahəsindən istifadə hüququnu itirmiş, həmçinin cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 2018-ci ildən onun evində yaşamamaqla yaşayış sahəsindən istifadə hüququnu itirmişdir. Dəfələrlə Təminədən və Elnurdan ona məxsus evdən qeydiyyatdan çıxmalarını xahiş etsə də, cavabdehlər xoşluqla çıxmaq istəməmişlər. Halbuki hər iki cavbdehin özlərinin evləri var və hər ikisi uzun müddətdir ki, ona məxsus evdə formal qeydiyyatda olmaqla onun hüquqlarını pozur və məhdudlaşdırırlar. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd edilənləri nəzərə alıb ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddianı müdafiə edib, ilk iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun doğma babasıdır. İddiaçı özünün mülkiyyətində olan Qusar şəhəri, H.Əliyev prospekti, 139 saylı evdən onun və Cavabdeh2 istifadə hüququna xitam verilməsinə dair məhkəmədə iddia qaldırmışdır ki, iddia tələbi ona münsaibətdə əsassızdır. Belə ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx xxxxxxxx 1963-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə X16 ilə ailə qurmuş və həmin nikahdan onun atası X10, əmisi X12 və bibisi Xanəhmədova (Hacıyeva) İradə Zeynal qızı adlı uşaqları olmuşdur. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı X16 ilə birgə nikahda olduqları müddətdə Qusar şəhəri, H.Əliyev prospekti, 139 saylı ünvanda hazırki iddia üzrə mübahisə predmeti olan birmərtəbəli fərdi yaşayış evi tikmişdir. İddiaçı övladlarından X12 25 ildir ki, Rusiyya Federasiyasında yaşayır və qeyd olunan yaşayış evinə gəlib getmir. Xanəhmədova (Hacıyeva) İradə Zeynal qızı ailə həyatı quraraq ər evinə köçmüşdür. İddiaçı üçüncü övladı, yəni onun atası X10 ailə həyatı quraraq anası X19 ilə birgə nikahda oldquları müddətdə Qusar şəhəri, Z.Baxışov küçəsi, 8 ünvanında ev tikərək yaşamaq üçün oraya kömüşlər. Sonradan valideynləri nikahları məhkəmə qaydasında pozulmaqla ayrılmışlar və birgə nikahları dövründə tikdikləri həmin yaşayış evi də məhkəmə qaydasında naturada bölüşdürülmüşdür. O, bir müddət anası Arzu Hacıyevanın himayəsində qalsa da, sonradan onu babası iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı himayəsinə vermiş və o, 3 yaşından bəri, yəni 1998-ci ildən yaxın vaxtlara kimi babası iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və nənəsi X17 ilə birlikdə mübahis predmeti olan həmin Qusar şəhəri, H.Əliyev prospekti, 139 saylı evdə yaşamışdır. Son vaxtlar müəyyən səbəblərdən atası X6 məxsus Qusar şəhəri, Z.Baxışov küçəsi, 8 ünvanında yerləşən evdə yaşamışdır. Həmin evdə isə yaşayış üçün zəruri olan minimal şərait yoxdur və həmin səbəbdən də Qusar şəhəri, H.Əliyev prospekti, 139 saylı ünvanda yerləşən birmərtəbəli yaşayış evinə qayıtmaqla orada yaşamaq fikrindədir. Belə ki, o, xx xxxxxxxx 1995-ci il tarixdə həmin evdə doğulmuş və 3 yaşından, yəni 1998-ci ildən bəri mübahisə predmeti olan Qusar şəhəri, H.Əliyev prospekti, 139 ünvanında yerləşən və babası iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus birmərtəbəli yaşayış evində yaşamış, ailədaxili mübahisə səbəbindən babası tərəfindən 2018-ci ildə evdən çıxarılmışdır. Lakin bəzi özünə məxsus əmlaklar hal-hazırdada həmin mübahisəli evdədir. Özünün başqa daimi yaşayış yeri yoxdur. Müvəqqəti olaraq atasına məxsus evdə yaşayır. Ona görə də, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan babası İddiaçı məxsus yaşayış evindən istifadə ilə əlaqədar aralarında yaranmış hüquq münasibətləri ilə bağlı mübahisə Azərbaycan Respublikasının 2009-cu ilin 01 oktyabr tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. O, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nəvəsi olmaqla qanunla onun yaxın qohumu hesab olunur, həmin səbəbdən də sonuncuya məxsus Qusar şəhəri, H.Əliyev prospekti, 139 saylı ünvanda yerləşən birmərtəbəli yaşayış evindən İddiaçı ilə bərabər istifadə etmək ixtiyarına malikdir. Ona görə də iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı mülkiyyətində olan Qusar şəhəri, H.Əliyev prospekti, 139 saylı evdən istifadə hüququna xitam verilməsinə dair iddiası rədd edilməklə, onun iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınmasına dair qarşılıqlı iddiası təmin edilməlidir. Qeyd edilənləri nəzərə alıb ilk iddianın rədd edilməsinə, qarşılıqlı iddianın isə təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alıb Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, İddiaçı onun atası, Cavabdeh1 isə onun oğludur. O, 1995-ci ildə Arzu ilə evlənmiş, həmin nikahdan onların 2 uşaqları olmuşdur. Daha sonra Arzu ilə ayrılmış, 1998-ci ildə Cavabdeh2 ilə evlənmiş və Təminə atası İddiaçıa məxsus mübahisəli Qusar şəhəri, H.Əliyev prospekti 139 saylı evə qeydiyyata düşmüşdür. Təminə ilə birgə nikahlarından uşaqları olmamışdır. 2001-ci ildə Təminə ondan ayrılaraq evdən çıxıb getmiş və halhazırda öz ailəsi ilə birlikə başqa ünvanda yaşayır. Həmin vaxtdan Təminə həmin evdə yaşamamış və atası Zeynalın evində heç bir əmlakı qalmamışdır. 2013-cü ildə Qərimət adlı qadınla qeyri-rəsmi olaraq evlənmiş və 2016-cı ilə kimi atasına məxsus evdə yaşamışlar. Daha sonra isə Qərimət ilə ayrılaraq özünə məxsus olan ünvan 5 ünvanda evdə oğlu Elnur ilə birlikdə yaşayır. Həmin evdə oğlu Elnurla birlikdə yaşamağa şəraiti yoxdur. Oğlu Elnur atası Zeynala məxsus mübahisəli Qusar şəhəri, H.Əliyev prospekti 139 ünvandakı evdə doğulmuş, həmin evdə uzun müddət yaşamış, lakin atası Zeynal oğlu Elnuru Qərimətlə mübahisə etdiyi üçün 2018-ci ildə evdən qovmuşdur. Məhkəmə iclasında şahid qismində X8 ifadəsində göstərdi ki, İddiaçı onun atası, Cavabdeh1 isə qardaşının oğludur. Özü də həmin mübahisəli evdə anadan olmuşdur. O, 1988-ci ildə ərə köçüb həmin evdən getmişdir. Qardaşı Cavanşir 2013-cü ildə Qərimət ilə evləndikdən sonra evdə mübahisələr olmuşdur və buna görə də, atası Zeynal nəvəsi Elnuru Qusar şəhəri, H.Əliyev prospekti 139 saylı evdən qovmuşdur. Elnur həmin evdə anadan olmuş, orada uzun müddət yaşamış və həmin evdə qeydiyyatdadır. Elnurun başqa yaşayış yeri yoxdur. Məhkəmə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ilk iddia qismən, qarşılıqlı iddia isə təmin olunmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx xxxxxxxx 2019-cu il qeyiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar şəhəri, H.Əliyev prospekti, 139 ünvanda yerləşən **********25-10301 reyestr nömrəli 0.04 hektar torpaq sahəsi və 40.8 kv.metr fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İşdə olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Qusar şəhəri, H.Əliyev prospekti, 139 saylı evdə xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh2, xx.xx.1995-ci iol təvəllüdlü Cavabdeh1, xx.xx.1939-cu il təvəllüdlü İddiaçı, xx.xx.1966-cı il təvəllüdlü X3 qeydiyyatdadırlar. İşdə olan xx xxx 2020-ci il tarixdə, Qusar şəhərində X7, X14, X4, X5 və X2 iştirakları ilə tərtib olunmuş Aktdan görünür ki, Cavabdeh1 xx xxxx 2018-ci il tarixdə “Məryam” şadlıq sarayında toy edərək evlənib və həmin tarixdən atasına məxsus olan ünvan 6 ünvanda yaşayır. Bundan başqa İddiaçı keçmiş gəlini Cavabdeh2 1997-ci ildən Qusar şəhəri, H.Əliyev prospekti, ev 139 ünvanda yaşamır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar şəhəri, Heydər Əliyev prospekti, 139 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsusdur. Cavabdeh2 1998-ci ildə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlu Cavanşir Hacıyev ilə evlənərək həmin evə qeydiyyata düşmüş, lakin 2001-ci ildə Cavanşir Hacıyevdən ayrılaraq həmin evdən çıxıb getmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 1995-ci ildə İddiaçı məxsus Qusar şəhəri, Heydər Əliyev prospekti, 139 ünvanında yerləşən evdə anadan olmuş, həmin evdə uzun müddət yaşamış və hazırda da həmin evdə qeydiyyatdadır. 2018-ci ildə babası iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ailə münaqişəsi zəmnində mübahisəli Qusar şəhəri, Heydər Əliyev prospekti, 139 ünvanında yerləşən evdən çıxarılmışdır. Onun daimi yaşayış yeri yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının 2009-cu ilin 01 oktyabr tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstrilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özün məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, vedə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə hesab edir ki, Cavabdeh2 Qusar şəhəri, Heydər Əliyev prospekti, 139 ünvanında formal qeydiyyatdadır. Belə ki, faktiki olaraq Cavabdeh2 2001-ci ildən həmin evdə yaşamır. Yaşayış evindən istifadəyə dair iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə Cavabdeh2 arasında hər hansı bir razılaşma yoxdur. Cavabdeh2 Qusar şəhəri, Heydər Əliyev prospekti 139 ünvanında yerləşən fərdi yaşayış evində formal olaraq qeydiyyatda olması mülkiyyətçi kimi iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqlarını pozur. Odur ki, məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, Cavabdeh2 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan Qusar şəhəri, Heydər Əliyev prospekti, 139 ünvanındakı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməlidir. Həmçinin məhkəmə qarşılıqlı iddiaya hüquqi qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan Qusar şəhəri, H.Əliyev prospekti, 139 saylı evdən istifadə hüququ tanınmalı və Cavabdeh1 həmin yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdeh2 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan Qusar şəhəri, H.Əliyev prospekti, 139 saylı evdən istifadə hüququna xitam verilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan Qusar şəhəri, H.Əliyev prospekti, 139 saylı evdən istifadə hüququ tanınsın və Cavabdeh1 həmin yaşayış evinə köçürülsün. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar