Məhkəmə qərarları › İş №2(029)-55/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-55/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-55/2022 10.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliklərinin pozulması ilə bağlı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliklərinin pozulması ilə bağlı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 14 aprel 2018-ci il tarixli Beh müqaviləsinin tələblərini pozması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, alınmış 1000 manat pulun və öhdəliyin pozulması ilə bağlı əlavə olaraq 2 misli qədər, ümumilikdə 3000 manat pulun cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdeh 14 aprel 2018-ci il tarixdə onunla Beh müqaviləsi bağlayıb başqasına aid torpaq sahəsini ona təhvil verməli, 15 gün ərzində isə o, pulun qalan hissəsini ödəməli olmuşdur. Lakin, 15 gündən artıq bir müddət keçsə də, cavabdeh tərəfindən nə torpaq barədə hər hansı bir sənəd təqdim edilməmiş, nə də müqavilə bağlamağa hazır olduğu bildirilməmişdir. Həmin müqavilə 20 gün müddətdə pozulmuş, sonradan əyri-üyrü olan torpaq sahəsinin eskizi yol maşınları ilə may ayının axırında göndərilmişdir. Bu isə artıq həm torpaq sahəsinin eskizə uyğun olmadığını, həm də 20 gün ərzində müqavilə bağlamaq üçün heç bir xəbərdarlıq olmadığını əsas gətirib behdən əlavə 2 qat pul tələbini irəli sürmək hüququnu yaradır. Bu barədə cavabdehə 22 may 2018-ci il tarixdə pretenziya göndərilmiş, lakin heç bir nəticə olmamışdır. Halbuki, müqavilədə yazılı olaraq onun ünvanı da göstərilmişdir. Cavabdehin hərəkətləri qanunsuz hesab edilməli, verilmiş pul qaytarılmalı, əlavə olaraq verilmiş pulun 2 qatı da alınıb ona qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Qusar şəhərində olan tanışı Şahdağa yaxın yerdə, Qusar rayonu Kuzun kəndinin ərazisində 40- 50 metr uzunluğu olan 1200 kv.metr torpaq sahəsinin olduğunu demiş və onu Cavabdehlə tanış etmişdir. Cavabdeh ona həmin torpaq sahəsini göstərmiş, o torpaq sahəsini bəyənmiş və həmin torpaq sahəsini 12000 manata alması barədə razılığa gəlmişlər. Cavabdeh həmin torpaq sahəsinin eskiz lahiyəsini çəkərək ona vermiş, aralarında 14 aprel 2018-ci il tarixli beh müqaviləsi bağlamış və o, cavabdehə 1000 manat pul vermişdir. Həmin müqaviləni yazılı şəkildə öz aralarında bağlamışlar, notarial qaydada isə təsdiq edilməmişdir. Cavabdeh 15 gün ərzində həmin torpaq sahəsinə dair çıxarışı ona təqdim etməli idi. Bundan xeyli vaxt keçdiyinə görə o, cavabdehə 22 may 2018-ci il tarixdə pretenziya göndərmiş, buna baxmayaraq cavabdehdən heç bir xəbər çıxmamışdır. Bir dəfə ona avtobusla sənəd göndərilmiş, həmin sənədin üzərində sənədin Akif adlı şəxsə çatdırılmalı olduğu göstərildiyinə görə həmin sənədləri qəbul etməmişdir. Cavabdeh torpaq sahəsinin alqı-satqısını təmin etmədiyinə görə də, o, məcbur qalaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsində o, cavabdehdən behin 2 misli olaraq 3000 manat tutulmasaını xahiş etmiş, ola bilər səhv etmişdir, qanunla cavabdehdən nə qədər pul tutulmalıdırsa həmin məbləğ tutularaq ona verilsin. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, Qusar rayonu Kuzun kəndinin Aladaş adlanan ərazisində ona məxsus 12 sot torpaq sahəsi vardır. O, tanışı vasitəsi ilə İddiaçılə tanış olmuş, həmin şəxs ona məxsus həmin torpaq sahəsinə baxmış, lakin həmin torpaq sahəsini deyil, yanında yerləşən dostu Afətin torpağını bəyənmiş və həmin torpağı almaq istəmişdir. Buna görə də, onunla iddiaçı arasında 14.04.2018-ci il tarixdə beh müqaviləsi bağlanmış, iddiaçı ona 1000 manat məbləğində pul vermişdir. O, 15 gün ərzində sənədləri hazırlayaraq iddiaçıya təqdim etməli idi və alqı-satqı müqaviləsinin bağlanmasını təmin etməli idi. Lakin, sənədlər 20 gündən sonra hazır olmuş, o, sənədlərin surətlərini Qusar şəhərindən Bakıya gedən avtobusla iddiaçıya çatdırmış, iddiaçı telefonla onunla əlaqə saxlayaraq həmin sənədləri götürdüyünü bildirmişdir. Bundan sonra iddiaçıdan heç bir xəbər çıxmamışdır. O, iddiaçıdan aldığı 1000 manatı qaytarmağa razıdır, lakin hazırda imkanı yoxdur, həmin pulu hissə-hissə qaytaracaqdır. Odur ki, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2018-ci il tarixli beh müqaviləsindən görünür ki, Müqavilənin predmeti 1200 kv.metr torpaq sahəsinin alqısatqısına dair razılaşma ilə bağlı 1000 (min) manat pulun beh verilməsi təşkil edir. Beh verən əlavə edilmiş eskizdə göstərilən sahəsi 1200 kv.metr torpaq sahəsini almağı öhdəsini götürür, 15 gün ərzində pulun qalan hissəsini ödəməyi və müqavilə bağlamağa hazır olduğunu bəyan etməlidir. Beh verən yalnız o halda müqavilə bağlamaqdan imtina edə bilər ki, eskizdə qeyd edilən torpaq sahəsinin ölçüləri əksik olsun və ya həmin sahə olmasın. Bu halda beh alan beh qaytarmaqla yanaşı 2 qat əlavə ödəniş etməlidir. Beh alan torpaq sahəsinin satılmasını təmin etməli, torpağın mülkiyyətçisi ilə razılaşmağa özü məsuliyyət daşıyır. Beh alan torpaq sahəsinin mübahisəli olmamasına məsuldur. Gələcəkdə torpaq sahəsi ilə bağlı yaranacaq mübahisəyə görə beh alan məhkəmə qərarının nəticəsindən asılı olmayaraq beh verənə, sonradan isə torpaq alqı-satqısı olarsa razılaşdırılmış məbləğin 20% miqdarında əlavə olaraq təzminat ödəyir. Beh verən müqavilə bağlamaqdan imtina etsə və bu imtina torpaq sahəsinin yekun səhv olması ilə bağlı olmadıqda beh məbləği qaytarılmır. Müqavilədən irəli gələn öhdəliklər pozulsa, müqavilə bağlamaq üçün müəyyən edilmiş müddət pozulsa və bu pozulma 20 gündən artıq olmasa mübahisənin məhkəməyə verilməsinə yol verilmir. Digər mübahisələr yaranarsa, məhkəmə qaydasında həll edilir. Bu müqavilə 3 il müddətdə qüvvədədir. İşdə olan pretenziya məktubundan görünür ki, İddiaçı müqavilədə nəzərdə tutulmuş 15 gün müddətdən 20 gün keçdiyini göstərərək qısa müddətdə sənədlərin surətlərinin ona göndərilməsini Cavabdeh tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, Cavabdeh 14.04.2018-ci il tarixdə İddiaçı ilə beh müqaviləsi bağlayaraq Qusar rayonu Kuzun kəndi ərazisində yerləşən 1200 kv.metr torpaq sahəsini həmin şəxsə satmağı öhdəsinə götürsə də və buna görə 1000 manat məbləğində beh pul alsa da, öhdəliyin icrasını təmin etməmiş, bununla da, müqavilənin icra edilməməsi nəticəsində onun iddiaçı qarşısında mülki məsuliyyəti yaranmışdır. Bununla belə onun iddiaçıdan aldığı beh məbləğindən əlavə olaraq behin iki mislini deyil, yalnız verilmiş behin iki mislini qaytarmaq öhdəliyi yaranmışdır. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, Cavabdeh İddiaçı tərəfindən ona verilmiş 1000 manat beh məbləğinin iki misli miqdarında-yəni 2000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar