Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-57/2021 23.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının, Çıxarışların ləğv edilməsi, vurulmuş zərərin ödənilməsi və s. tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ədilxanova X2 Jalə Əhməd qızına və qeyrilərinə qarşı torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının, Çıxarışların ləğv edilməsi, vurulmuş zərərin ödənilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayon Aqrar İslahat Komissiyasının 10.04.1998-ci il tarixli 15 nömrəli qərarı ilə mərhum həyat yoldaşı X3 ilə birlikdə mülkiyyətlərinə verilmiş Qusar rayonu Əcəxuroba kəndində yerləşən 250M nömrəli 12500,02 kv.metr torpaq sahəsinə Cavabdeh1 və ya onun anası Cavabdeh2 adına verilmiş hüquqmüəyyənedici sənədlərin (çıxarış, şəhadətnamə və sair sənədlərin) ləğv edilməsi və həmin torpaq sahəsini onların mülkiyyətlərinə qaytarılmasına dair hüquq müəyyənedici sənədlərin (çıxarış, dövlət aktı, pasport, şəhadətnamə və sair) bərpa edilməsinin təmin edilməsini bir vəzifə kimi Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması və ona vurulmuş 4000 manat məbləğində zərərin, həmçinin rüsum kimi ödədiyi 30 manat məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi; Qusar rayon Aqrar İslahat Komissiyasının 10.04.1998-ci il tarixli 15 nömrəli qərarı ilə mərhum həyat yoldaşı X1 mülkiyyətinə verilmiş Qusar rayonu Əcəxur Palasa kəndində yerləşən 250V nömrəli 8289,99 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh3 adına qeydə alınmasına dair MA seriyalı ******* nömrəli 14.04.2011-ci il tarixli Çıxarışın, Torpaq sahəsinin planı və ölçüsünə dair sənədin, JN:572 nömrəli 30104018 kodlu 15 may 2006-cı il tarixli torpağa mülkiyyət hüququna dair şəhadətnamənin və digər sənədlərin ləğv edilməsi, həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq onun mülkiyyətinə qaytarılması, hüquq müəyyənedici sənədlərin onun adına bərpa edilməsi, ona vurulmuş 9400 manat məbləğində zərərin, rüsum kimi ödədiyi 30 manat məbləğində pulun, həmçinin hüquqi yardıma görə ödədiyi 50 manat məbləğində pulun Cavabdeh3 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, mülkiyyətlərində olan həmin torpaq sahələrini öz mülkiyyətləri kimi qeydiyyata aldırması məqsədi ilə cavabdehlər xəbərləri olmadan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə saxta məhkəmə qətnamələri təqdim etməklə 3,11 ha torpaq sahəsinin mülkiyyətlərinə verilməsinə dair JN:250 nömrəli 30104018 kodlu 23.10.1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktını ləğv etdirmiş və adlarına yeni JN: 0482 nömrəli 30104018 kodlu 2006-cı il tarixli Dövlət Aktı işlənmişdir ki, həmin Dövlət Aktında əvvəlki aktda olan 250M nömrəli 12500,02 kv.metr və 250V nömrəli 8289.99 kv.metr torpaq sahələri göstərilməmişdir. Həmin iddia ərizəsi 04.03.2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş (Hakim Rafiq Kazımov), məhkəmənin 04.06.2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə Cavabdeh2 öldüyünə görə onun hüquqi varisləri müəyyən edilənədək icraat dayandırılmışdır. Qusar rayon məhkəməsinin 26 may 2021-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat təzələnmiş iş baxılması üçün təyin edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmiş və məhkəməyə ərizə təqdim edərək iş üzrə qəbul edilmiş qərardadla əlaqədar iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmiş sənədlərin əsllərinin ona qaytarılmasını xahiş etmişdir. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.”. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi, iddiaçı öz iddiasını cavabdehlərin adlarına verilmiş hüquqmüəyyənedici sənədlərin hər hansı mülki-hüquqi əqdə deyil, saxta məhkəmə qətnamələrinə əsaslanmaqla verilməsi və bununla da, həmin sənədlərin qanunsuz olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən məlum qərarında qeyd olunduğu kimi reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, hazırkı işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Həmçinin, iddiaçıya cavabdehlərin adlarına verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi ilə bağlı müvafiq inzibati orqana qarşı müvafiq inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ izah edilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 261, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının, Çıxarışların ləğv edilməsi, vurulmuş zərərin ödənilməsi və s. tələbinə dair iddiası üzrə mülki işə ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-57/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-57/2021
23.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver