Məhkəmə qərarları › İş №2(029)-57/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-57/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-57/2023 27.09.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X10 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayonu Mucuq kəndində şəxsi mülkiyyətində olan 0,10 ha torpaq sahəsində və həm də Qusar rayon Mucuq Bələdiyyəsi tərəfindən ona həmin kənddə icarəyə verilmiş 62 sot torpaq sahəsində 2000-ci ildən Cavabdeh kənd təsərrüfatı məhsulları becərib sataraq əldə etdiyi vəsaitdən 50.000 manat məbləğində pulun 240 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 07 fevral 1987-ci ildə cavabdehlə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.1987 -ci ildə X2 və xx.xx.1995-ci ildə X4 adında uşaqları doğulmuşdur. Qusar rayon məhkəməsinin 2(029)-366/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş, nikah pozulduqdan sonra X4 onunla, X2 isə cavabdehin yanında qalmışdır. Lakin nikahlarının xx.xx.2020-ci il tarixdə pozulmasına baxmayaraq onlar 1996-cı ildən ayrılmış və cavabdeh oğlu Seyfulla ilə birlikdə Qusar rayonunun Mucuq kəndində, o isə qızı Arzu ilə birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 60, mənzil 44-də yaşayır. Qeyd etdiyi hal Qusar rayon məhkəməsinin 2(029)-366/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsində Cavabdeh nümayəndəsi və vəkili X7 izahatı ilə də sübut edilir. Qusar rayon Mucuq Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 02 saylı qərarına əsasən Qusar rayon Mucuq Bələdiyyəsinin istifadəsində olan kəndaltı torpaq sahəsindən ona 0,10 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almış və AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarış mövcüddur. Bundan əlavə Qusar rayon Mucuq Bələdiyyəsi ilə onun arasında bağlanmış xx.xx.2000-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Qusar rayon Mucuq kəndində 62 sot torpaq sahəsi 35 illik müddətinə ona icarəyə verilmişdir. Həm Qusar rayonu Mucuq kəndində şəxsi mülkiyyətində olan 0,10 ha torpaq sahəsində və həm də Qusar rayonu Mucuq Bələdiyyəsi tərəfindən ona həmin kənddə icarəyə verilmiş 62 sot torpaq sahəsində 2000-ci ildən cavabdeh kənd təsərrüfatı məhsulları becərib satır, eyni zamanda həmin sahələrdə heyvandarlıqla məşğul olur, hər il xeyli vəsait əldə edir, lakin 2000-ci ildən ona məxsus torpaq sahələrini istismar etsə də, indiyə kimi ona həmin gəlirdən pul verməmişdir. Hesab edir ki, cavabdeh ona məxsus torpaq sahələrində əldə etdiyi gəlirə görə ona hazırda 50.000 manat məbləğində pul ödəməlidir. İddia ərizəsini gec verməyinin səbəbi isə qeyd etdiyi torpaq sahəsinin sənədlərinin cavabdehdə olması ilə əlaqədardır. Belə ki, Qusar rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarı ilə tamamilə sübut edilir ki, həmin tarixdə cavabdeh qeyd etdiyi torpaq sahələrinin sənədlərini ona qaytarmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş və iddinın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 1993-cü ildə iddiaçı ilə birlikdə Sumqayıtdan Qusar rayonu Mucuq palasa kəndinə köçmüşdür. 1995-ci ildə qızı Arzu anadan olmuşdur. Bundan sonra iddiaçı orada yaşamaq istəməmiş və 1996-cı ildə Sumqayıt şəhərinə getmiş, lakin 2000-ci ildə tək qala bilməməsini əsas gətirib qayıtmışdır. Bundan sonra o, ev tikib birlikdə yaşamaqdan ötrü iddiaçıya onun adına həyətyanı torpaq almağı təklif etmiş, iddiaçı razılaşdıqdan sonra o, bələdiyyədən pulunu da özü ödəyib iddiaçının adına 0,10 ha ibarət torpaq sahəsi almışdır. Lakin hələ müvafiq sənədlər hazırlanmamışdan əvvəl iddiaçı yenidən çıxıb getmiş və 2000-ci ildən bu günə kimi bir dəfə də olsa geri gəlməmişdir. 2002-ci ildə iddiaçının gəlmədiyini görüb öz adına başqa 12 sot torpaq sahəsi almışdır. Gülnarənin sənədi isə 2000-ci ildən bələdiyyədə qalmışdır. 2020-2021-ci ildə iddiaçı onun barəsində polisə şikayət etmiş, ondan sənəd tələb edərkən, o, sənədləri tapa bilməmiş, daha sonr isə sənədlərin bələdiyyədə olduğunu bilmişdir. Onun özünün mülkiyyətində 25 sot torpaq sahəsi var. İddiaçının 2021-ci ildə əldə etdiyi 0.10 ha torpaq sahəsi onun özünün 25 sot torpaq sahəsi ilə yanaşı yerləşir. Onun tərəfindən iddiaçıya aid torpaq sahəsində hər hansı təərrüfat fəaliyyəti ilə məşğul olmur, hər hansı gəlir əldə etmir. İddiaçının bu tələbləri əsassız olduğuna görə təmin edilməməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı etiraf etməmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia rədd olunmalıdılr. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Mucuq kəndi ərazisində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Qusar rayonu Mucuq bələdiyyəsi tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli 50 saylı arayışdan görünür ki, bələdiyyə torpaqlarına dair əqdlər 2001-ci ilin 1 yanvar tarixindən həyata keçirilir. İddiaçı bu günədək bələdiyyə büdcəsinə bir qəpik belə icarə haqqını ödəməmişdir. Bundan başqa, torpaq icarəçilərinin siyahısında İddiaçı adlı şəxs yoxdur. Çünki, hal-hazırda Mucuq bələdiyyəsi ilə İddiaçı arasında torpaq icarəsi ilə əlaqədar heç bir müqavilə mövcud deyildir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)- 366/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 07 fevral 1987-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində 85 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. İş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirıiyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 avqust 2023-cü il tarixli 10/4386 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirıliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-6519/2023 nömrəli mütəxəssis rəyinə əsasən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus olan, Qusar rayonu Mucuq kəndində yerləşən 0.10 ha yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Qusar rayonu Mucuq bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 09 aprel 2000-ci il tarixli icarə müqaviləsində göstərilən 0.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş sənədlərdə torpağın yerləşmə sxemlərin (yəni 1:10000 və 1:2000 cizgisi) olmadığından verilmiş sualı cavablandırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki və mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına görə iddia tələbinin təmin olunması üçün iddiaçı cavabdehin onun qarşısında zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində öhdəliyinin əmələ gəldiyini sübuta yetirməlidir. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Məhz iddiaçı cavabdehin onun mülkiyyətində olan 0.10 torpaq sahəsindən və icarəsində olan 0.62 ha torpaq sahəsindən qanunsuz istifadə nəticəsində 50000 manat məbləğində gəlir əldə etdiyini və həmin gəlirləri ona verməli olduğunu sübut etməlidir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Cavabdeh tərəfindən isə iddiaçının irəli sürdüyü bu halı etiraf etmədiyi halda iddiaçı tərəf öz iddiasının əsaslarını mötəbər sübutlarla əsaslandırmağa borcludur. Qusar rayonu Mucuq kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olması işin mübahisəsiz halıdır. Həmçinin, iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən olunur ki, iddiaçının 0.10 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Lakin, cavabdehin həmin torpaq sahəsindən istifadə etməsi nəticəsində hər hansı bəhər, gəlir əldə etməsi barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmiş, məhkəmə tərəfindən də həmin hal hər hansı şəkildə müəyyən olunmamışdır. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, iddiaçının qeyd etdiyi 0.10 torpaq sahəsi 2021-ci ildə onun mülkiyyətinə keçmiş, 2000-ci ildən onun həmin ölçüdə torpaq sahəsinin olması və həmin torpaq sahəsindən cavabdehin istifadə edərək gəlir əldə etməsi barədə də iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi icarə müqaviləsində göstərilən 0.62 ha torpaq sahəsi ilə bağlı isə qeyd olunmalıdır ki, iş materiallarında olan Qusar rayonu Mucuq bələdiyyəsi tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli 50 saylı arayışdan görünür ki, həmin bələdiyyənin torpaq icarəçilərinin siyahısında İddiaçı adlı şəxs yoxdur, hal-hazırda Mucuq bələdiyyəsi ilə İddiaçı arasında torpaq icarəsi ilə əlaqədar heç bir müqavilə mövcud deyildir. Belə olan halda, iddiaçının qeyd etdiyi 0.62 ha torpaq sahəsinə dair hər hansı hüququnun olması müəyyən olunmur və ona görə də, həmin torpaq sahəsi ilə iddiaçının hər hansı tələb hüququ mövcud deyildir. Odur ki, məhkəmə qeyd olunanlara əsasən iddiaçının dəlilləri ilə razılaşmır və hesab edir ki, iddia tələbi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar