Məhkəmə qərarları › İş №2(029)-570/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-570/2022

10.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-570/2022 10.08.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs X2 qarşı “evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs X2 qarşı qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Avaran kəndində yerləşməklə təsərrüfatbaşına kitablarına əsasən Cavabdeh adında olmaqla xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus fərdi yaşayış evinə onu, yəni Cavabdeh, ailəsi ilə birlikdə yəni, arvadı X3, azyaşlı-uşaqları X12 və X13 ilə birlikdə məcburi qaydada köçürülmələrinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, o, 05 iyul 2009-cu il tarixdə X4 ilə nikahı rəsmi qeyd etdirərək ailə qurmuş, həmin nikahdan 29 avqust 2010-cu il tarixdə David və 29 oktyabr 2014-cü il tarixdə Eldar adlı uşaqları anadan olmuşdur. Aralarında nikah bağlandıqdan sonra Qusar rayonun Avaran kəndində 0,12 ha həyətyanı torpaq sahəsində yerləşən Cavabdeh məxsus olan iki mərtəbəli yaşayış evində yaşamışlar, uşaqları həmin evdə doğulmuşdur. Son illər ərzində Cavabdeh onlara qarşı münasibəti son dərəcə kəskinləşmiş, cavabdeh bir neçə dəfə onun arvadı, X1 evdən çıxarılmasını tələb etmişdir. Aralarında baş verən mübahisələr nəticəsində 19 may 2021-ci il tarixdə X4 növbəti münaqişədən sonra evdən çıxmış, onun adından bacısı Mucuq-oba kəndində yaşayan X14 polis əməkdaşlarına məlumat verərək Ziyarətin özünü kanala atmaq istədiyi barədə xəbər vermişdir. Həmin məlumatdan sonra müvafiq araşdırma aparılmış, Qusar rayon prokurorluğunun 04 iyun 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Göstərilən xüsusatlar rəsmi sənədlərlə təsdiqlənir.14 may 2021-ci il tarixdən başlayaraq onlar iki azyaşlı uşaqları ilə birlikdə qısa bir müddət Qusar şəhərində kirayədə yaşamış, maddi vəziyyətləri son dərəcə ağır olduğu üçün Avaran kəndinə qayıdaraq orada yerləşən ölçüləri (6m x 3m ) olan qazma tipli yaşayış üçün nəzərdə tutulmamış otaqda yaşamağa bşlamışlar. Məişət şəraiti son dərəcə ağırdır, həmin qazma tipli otaqda daimi nəmişlik şəraiti uşaqların həmçinin onların da sağlamlığına son dərəcə mənfi təsir edir, uşaqlar tez-tez xəstələnirlər. Yuxarıda göstərilən xüsusatlar rəsmi sənədlərlə və müvafiq fotoşəkillərlə təsdiqlənir. Onun hazırda Cavabdeh adına qeydə alınmış yaşayış evinin rəsmi sənədləri barəsində konkret məlumatı yoxdur, sonuncu evin hüquqi statusunu müəyyən edən sənədlərin onlara verilməsindən qəti imtina edir, həmin sənədləri Qusar rayon İHB-nın Avaran kənd İƏ Dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabından çıxarışla əvəz olunur. Yaşayış evi 2003-cü ildə inşa edilmişdir. Ev Qusar rayon Avaran kənd sakini usta kimi fəaliyyət göstərən X9 tərəfindən tikilmiş, evin ikinici mərtəbəsinin və dam örtüyünün tikintisində o, yəni İddiaçı fəhlə kimi işləmiş, yəni ən azı evdə yaşayış sahəsindən istifadə hüququna malikdir. X4 ilə ailə həyatı qurduqdan sonra yəni, 2009-cu ildən 2021-ci ilin may ayına kimi həmin evdə yaşamış, hazırda da hər ikisi həmin evdə pasport qeydiyyatındadır. O, yəni İddiaçı 1978-ci il təvəllüdlü olmaqla 2003-cü ildə 25 yaşında olmuş, evin tikintisində həm fəhlə kimi iştirak etmiş, həmçinin bacardığı qaydada maddi cəhətdən də kömək etmişdir. O, yəni İddiaçı evin mülkiyyətçilərindən biridir, yaşayış evindən öz payına düşən hissəsinə rəsmi nikahda olan arvadının və azyaşlı uşaqlarının köçürülməsində haqlıdır. Bundan əlavə Cavabdeh tərəfindən onları yəni İddiaçı və X3 evdə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün hər hansı bir rəsmi təşəbbüsü olmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Cavabdeh onun atasıdır. Atası onu, arvadı və uşaqlarını yaşayıb, boya-başa çatdığı evindən qovmuşdur. Həmin evə ailəsi ilə birlikdə köçürülməsini istəyir. Hazırda o, ailəsi ilə birlikdə rütubətli bir yerdə yaşayır. O, Ziyarət Səmədova ilə 2009cu ildə nikahı rəsmi qeyd etdirməklə ailə həyatı qurmuş, arvadı Ziyarət gəlin kimi həmin mübahisəli evə köçmüş və 2009-cu ildən həmin evdə yaşamışdır. Həmin evin tikintisində o da, iştirak etmiş, 2003-cü ildən həmin evdə yaşamışdır. Evin çıxarışı yoxdur lakin, ev təsərrüfatbaşına kitablarında atası Qədirin adındadır. Həmin evdən çıxmağının səbəbi atası və anası ilə yola getməməsi olmuşdur. Hazırda onun yaşamağa başqa evi yoxdur, buna görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı onun doğma oğludur. Oğlu İddiaçı onu və anasını döymüşdür. Onun arvadı demək olar ki, şikəstdir, belində zədə vardır. Buna baxmayaraq oğlu İlham və gəlini Ziyarət onlarla yola getmir, onlarla bir yerdə yaşamaq mümkün deyildir. Həmin ev onun adında təsərrüfatbaşına kitablarında onun adına qeydiyyata alınmışdır. O, iddiaçının və onun ailəsinin ona məxsus evinə köçürülməsini istəmir. Buna görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün sayır. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Qusar RİHB-nın Avaran kənd İƏ üzrə nümayəndəliyindən verilmiş 04 fevral 2008-ci il tarixli 63 saylı arayışdan görünür ki, Qusar rayonu Avaran kəndində 0.12 kv.m. torpaq sahəsində yerləşən iki mərtəbəli yaşayış evi Avaran kənd təsərrüfat kitablarına əsasən hal-hazıra kimi vətəndaş Cavabdeh adına qeydə alınmışdır. İşdə olan Qusar RİHB-nın Avaran kənd İƏ üzrə nümayəndəliyindən verilmiş Qusar rayon İcra Hakimiyyəti Başçısının Avaran kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illər üzrə təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, Avaran İƏD-si üzrə nümayəndəliyinin 04 nömrəli təsərrüfatbaşına kitabının 123-cü səhifəsində, 350 saylı şəxsi hesabına əsasən Cavabdeh adında Qusar rayon Avaran kəndində yerləşən 2003-cü ildə tikilmiş 2 mərtəbəli fərdi yaşayış evində aşağıdakılar qeydiyyatdadırlar. 1. Arvadı. X5. xx.xx.1956-cı il, 2. Oğlu. İddiaçı. xx.xx.1978-ci il, 3. Gəlini. X4. xx.xx.1990-cı il, 4. Nəvəsi. X12. xx.xx.2010-cu il, 5. Nəvəsi. X13. xx.xx.2014-cü il. İşdə olan Qusar RİHB-nın Avaran kənd İƏ üzrə nümayəndəliyindən verilmiş 343 saylı 14 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, Qusar rayon Avaran kənd sakini İddiaçı, arvadı X4, azyaşlı uşaqları X12 və X13, İddiaçı valideynləri Cavabdeh və X5 tərəfindən yaşadıqları evdən çıxarıldıqdan sonra hal-hazıra kimi Qusar rayonun Avaran kəndində yerləşən ölçüləri (6m x 3m) olan qazma tipli, yaşayış üçün nəzərdə tutulmamış otaqda yaşayırlar. Məişət şəraitləri son dərəcə ağırdır. İşdə olan xx.xx.2021-ci il tarixli 65C-21 saylı məktubdan görünür ki, X6 xx.xx.2021-ci il tarixdə özünü su kanalına atıb intihar edəcəyi barədə Qusar RPŞ-nin İTB-nin əməkdaşlarına məlumat verməsi və onun həmin tarixdə ərizə ilə Qusar RPŞ-nə müraciət edərək intihar etmək istəyini bildirməsi ilə bağlı rayon prokurorluğunda aparılan araşdırma zamanı toplanmış material üzrə xx.xx.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan Qusar RİHB-nın Avaran kənd İƏ üzrə nümayəndəliyindən verilmiş 22 oktyabr 2021-ci il tarixdə verilmiş, Qusar rayonu Avaran kənd sakini şəxsiyyət vəsiqəsi AZE 15227571 olan X10 tərəfindən imzalanmış iltizamdan görünür ki, o, X11 bildirmişdir ki, həqiqətən 2003-cü ildə Qusar rayon Avaran kənd sakini Cavabdeh fərdi yaşayış evinin tikintisində usta kimi fəaliyyət göstərmişdir. Yaşayış evin ikinci mərtəbəsi və dam örtüyündə onunla birlikdə İddiaçı və Avaran kənd sakini mərhum X15 ilə birlikdə işləmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 05 iyul 2009-cu il tarixdə X4 ilə nikahı rəsmi qeyd etdirərək ailə həyatı qurmuş, həmin nikahdan 29 avqust 2010-cu il tarixdə David və 29 oktyabr 2014-cü il tarixdə Eldar adlı uşaqları anadan olmuşdur. Aralarında nikah bağlandıqdan sonra Qusar rayonun Avaran kəndində 0,12 ha həyətyanı torpaq sahəsində yerləşən Cavabdeh məxsus olan iki mərtəbəli yaşayış evində yaşamışlar, uşaqları həmin evdə doğulmuşdur. Cavabdeh bir neçə dəfə iddiaçının arvadı, X1 evdən çıxarılmasını tələb etmişdir. Aralarında baş verən mübahisələr nəticəsində 19 may 2021-ci il tarixdə X4 növbəti münaqişədən sonra evdən çıxmış, onlar iki azyaşlı uşaqları ilə birlikdə qısa bir müddət Qusar şəhərində kirayədə yaşamışlar. Qusar rayon İHB-nın Avaran kənd İƏD üzrə nümayəndəliyindən verilmiş çıxarışdan da, göründüyü kimi, cavabdehin adında Qusar rayon Avaran kəndində yerləşən 2003-cü ildə tikilmiş 2 mərtəbəli fərdi yaşayış evində İddiaçı, üçüncü şəxs X4 və onların uşaqları X12 və X13 qeydiyyatdadırlar. Bununla da, həmin fərdi yaşayış evinə dair həmin şəxslərin birgə mülkiyyət hüquqları vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi olmayan şəxsin hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsində göstərilir ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 228.1-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1, 228.2 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Məhkəmə hesab edir ki, İddiaçı, üçüncü şəxs X1 və onların uşaqları X7 və X8 Qusar rayonu Avaran kəndində yerləşən fərdi yaşayış evinə dair istifadə hüquqları müdafiə olunmalı, onların cavabdeh tərəfindən pozulmuş həmin hüquqları bərpa edilməli və həmin şəxslər həmin evə köçürülməlidirlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Qusar rayonun Avaran kəndində yerləşməklə təsərrüfatbaşına kitablarına əsasən Cavabdeh adında olmaqla xüsus mülkiyyət hüququ üzrə Cavabdeh məxsus fərdi yaşayış evinə Cavabdeh, ailəsi ilə birlikdə yəni, arvadı X4, azyaşlı-uşaqları X12 və X13 ilə birlikdə məcburi qaydada köçürülsünlər. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar