Məhkəmə qərarları › İş №2(029)-575/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-575/2021

19.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-575/2021 19.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçının vəkili X18 iştirakı ilə, Rzayeva (Muradova) Nazilə Rəhman qızının X4 qarşı evdən istifadə etmək hüququnun müəyyən edilməsi və evə köçürülməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Rzayeva (Muradova) Nazilə Rəhman qızı X4 qarşı evdən istifadə etmək hüququnun müəyyən edilməsi və evə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Qusar rayon Gedezeyxur kəndində yerləşən evindən onun və oğlu X10 istifadə etmək hüquqlarının müəyyən edilməsinə və həmin evə köçürülmələrinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Rzayeva (Muradova) Nazilə Rəhman qızı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu Gedezeyxur kəndində sahəsi 0.237 ha olan həyətyanı torpaq sahəsi və üç otaqdan ibarət bir mərtəbəli yaşayış evi X1nun adına qeyd edilmişdir. Atası 1985-ci ildə, anası isə 07.02.1998-ci il tarixində vəfat etmişlər. O, 1997-ci ildə nikahı rəsmi qeyd etdirməklə X26 ilə ailə həyatı qurmuş, Qusar rayonu Gedezeyxur kəndində atası Rəhmanın adına olan ata mülkündə yaşamağa başlamışlar. Beş il orada yaşadıqdan sonra Qusar şəhərinə köçməyinə baxmayaraq müntəzəm olaraq ata yurduna baş çəkmişdir. Həmin nikahdan 7 uşaqları olmuşdur. 14 may 2020-ci il tarixində həyat yoldaşı vəfat etmiş, maddi cəhətdən imkanları məhdud olduğu üçün 6 uşağa bacıları və yaxın qohumları baxır. O, isə oğlu Bəbir ilə küçədə evsiz qalmışdır. 20 fevral 2019-cu ildə uşaqları ilə birlikdə yaşamağa yeri olmadığı üçün mübahisəli evə yaşamaq məqsədi ilə köçmək istəyəndə, bacısı cavabdeh X11 miras əmlakı mərhum anası X5 adına rəsmiləşdirdiyini, onun adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, seriya MH, ******* saylı çıxarış aldığını və sonradan miras əmlakı öz adına rəsmiləşdirdiyini bildirərək onu ata yurduna buraxmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat arxivinə edilmiş vəkil sorğusuna cavab olaraq 10.09.2020-ci il tarixli məktubla X2 adına olan notariat işi göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə edilən vəkil sorğusuna cavab olaraq 07.03.2019-cu il tarixli məktubla bildirilmişdir ki, Qusar rayonu Gedezeyxur kəndində yerləşən fərdi yaşayış evinə dair X2 adına MH ******* saylı, **********03-10301 saylı çıxarış verilmişdir. Notariat işindən görünür ki, 12.03.2008-ci il tarixdə cavabdehin adına 2v-İ-42 reyestr nömrəsi ilə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadənamə qanunsuz və əsassız olaraq verilmişdir. Belə ki, anası vəfat etdikdən sonra X12, Cavabdeh, Rzayeva (Muradova) Nazilə Rəhman qızı, X19 və X20 vərəsələr qalmağına baxmayaraq 2019-cu ilin fevral ayında ona məlum olmuşdur ki, iddiaçı evi satacağını, satış pulundan əldə olunmuş pul məbləğini bərabər bölüşdürəcəyini bildirərək vərəsələr X12, X21 və X13 razılıq ərizələrini imzalatdıraraq, notariat kontoruna təqdim etmiş arayışda saxtakarlıq edərək, arayışda vərəsə olaraq onun və qardaşı X7 adlarını qeyd etməmişdir. Həmin saxta sənədi notariat kontoruna təqdim edərək miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnaməyə əsasən çıxarış almış və son nəticə olaraq qanunla qorunan vərəsəlik hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçı Rzayeva (Muradova) Nazilə Rəhman qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir, şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun vəkili Rauf Kazımovun iştirakı ilə, özünün iştirakı olmadan baxılıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X33 iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilənlərı təsdiq edərək izahatında göstərmişdir ki, İddiaçı (Muradova) sözü gedən mübahisəli evdə anadan olmuş, orada böyümüş, ailə həyatı qurduqdan sonra da beş il orada ailəsi ilə birlikdə yaşamışdır. Sonradan işləri ilə əlaqədar müvəqqəti olaraq Qusar şəhərində kirayədə yaşadıqdan sonra yenə ata evinə qayıtmış və uzun illər ailəsi ilə birlikdə orada yaşamışdır. İddiaçı həmin evdə qeydiyyatda olmuş, hazırda da orada qeydiyyatdadır. Həmin evdə hal-hazırda heç kim yaşamır. Cavabdeh iddiaçının həmin evdə yaşamasına razılıq vermir, onu ailəsi ilə birlikdə evdən qovmuşdur. Həmin evi cavabdeh vərəsəlik yolu ilə öz adına keçirmişdir. İddiaçının başqa yaşayış yeri yoxdur, azyaşlı uşağı ilə birlikdə küçələrdə qalmışdır. Odur ki, iddianın təmin edilməsi, İddiaçı (Muradovanın) balaca uşağı Bəbirlə birlikdə həmin evdən istifadə etmək hüquqularının müəyyən edilməsi və həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X11 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının vəkilinin izahatını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır Belə ki, işdə olan MH ******* saylı 28.09.2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Gedezeyxur kəndində mülkiyyətində olan 0.237 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 34.5 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına qeydiyyata alınmışdır. İşdə olan AZ-İ 219550 saylı ölüm haqqında şəhadətnamənin surıətindən görünür ki, X15 07.02.1998-ci il tarixdə ölmüşdür. İşdə olan Qusar rayonu notariat kontoru tərəfindən verilmiş 12 mart 2008-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 07 fevral 1998-ci ildə vəfat etmiş X3 miras qalmış Qusar rayonu Gedəzeyxur kəndində yerləşən fərdi yaşayış evi onun vərəsəsi, Qusar rayon Gedezeyxur kəndində yaşayan qızı Cavabdeh verilmişdir. İşdə olan MH ******* saylı 20.08.2009-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Gedezeyxur kəndində mülkiyyətində olan 0.237 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 34.5 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 fevral 2008-ci il tarixli doğum haqqında arayışın surətindən görünür ki, X14 xx xxxxxx 1972-ci ildə Gedezeyxur kəndində anadan olmuşdur. X1, anası X8r. İşdə olan Qusar RİHB-nın Gedezeyxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X15 vəfat etdiyi günə kimi ünvan 1i ünvanında yaşamışdır və onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır: X12, Cavabdeh, Rzayeva (Muradova) Nazilə Rəhman qızı, X19 və X20. İşdə olan Qusar rayon İHB-nın Gedəzeyxur kənd İƏD ürzə Nümayəndəliyi tərəfindən verilmiş 05.04.2021-ci il tarixli 257 saylı arayışdan görünür ki, İddiaçı Qusar rayonu Gedəzeyxur kəndində qeydiyyatdadır. İşdə olan İddiaçı məxsus AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxs xx.xx.1972-ci ildə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş, həmin kənddə qeydiyyatdadır. İşdə olan Qusar rayon İHB-nın Qusar şəhəri İnzibati Ərazi Dairəsi Nümayəndəliyi tərəfindən verilmiş 24.08.2020-ci il tarixli 2098 saylı arayışdan görünür ki, Rzayeva Nazilə Rəhman qızı həqiqətən Qusar rayonu Sənayə Zonasında qeydiyyatsız yaşayır və aşağıdakı ailə tərkibi vardır. X16 2002-ci il, X23-2004-cü il, X24-2005-ci il, X27-2008-ci il, X17-2008-ci il, X29-2009-cu il və X28-2011-ci il. İşdə olan AZ-İİ 049339 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 14.05.2020-ci il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı xx xxxxxx 1972-ci ildə Qusar rayonu Gedəzeyxur kəndində valideynlərinə məxsus mübahisəli evdə anadan olmuş və həmin evdə böyümüşdür. Həmin şəxs hazırda da, həmin evdə qeydiyyatdadır. İddiaçı ailə həyatı qursa da, yaşadığı evi tərk etməmiş və həyat yoldaşı ilə birlikdə həmin evdə yaşamışdır. Sonradan o, Qusar şəhərinə köçsə də, bu, müvəqqəti xarakterli olmuş, sonradan yenidən həmin evə qayıtmışdır. Həmin ev əvvəlcə iddiaçının anası Asiyət Muradovanın mülkiyyətində olmuş, həmin şəxs öldükdən sonra isə Qusar rayon Notariat Kontorunun verdiyi 12 mart 2008-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh mülkiyyətinə keçmişdir. Həmin ev cavabdehin mülkiyyətinə keçməmişdən əvvəl iddiaçının həmin evdən istifadə etmək hüququ olmuş, istər əvvəllər, istərsə də, ev cavabdehin mülkiyyətinə keçdikdən sonra iddiaçının həmin hüququna xitam verilməmiş, hazırda da qüvvədədir. Buna baxmayaraq, cavabdeh tərəfindən iddiaçının qanunun müdafiəsi altına düşən əsas əmlak hüquqlarından biri olan evdən istifadə hüququna müdaxilə olunmuş və onu istifadə hüququ olduğu evdən qovaraq həmin hüququna maneçilik törətmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1, 158.1.1-158.1.3-cü maddələrinə əsasən maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, Cavabdeh tərəfindən Qusar rayonu Gedəzeyxur kəndində yerləşən, mülkiyyətində olan evə dair iddiaçının istifadə hüququna etdiyi maneçilik əsassız sayılmalı və həmin maneçilik aradan qaldırılmalıdır. Cavabdeh tərəfindən iddiaçının irəli sürdüyü dəlilləri təkzib edən hər hansı sübut isə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin qənaətinə görə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Rzayeva (Muradova) Nazilə Rəhman qızının və onun azyaşlı oğlu X10 Qusar rayonu Gedəzeyxur kəndində yerləşən, Seriya MH ******* saylı 20.08.2009-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X4 məxsus evdən istifadə etmək hüquqları müəyyən edilməli və həmin evə köçürülməlidirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Rzayeva (Muradova) Nazilə Rəhman qızının və onun azyaşlı oğlu X10 Qusar rayonu Gedəzeyxur kəndində yerləşən, Seriya MH ******* saylı 20.08.2009-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X4 məxsus evdən istifadə etmək hüquqları müəyyən edilsin və həmin evə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: RAHİM HƏSƏNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar