Məhkəmə qərarları › İş №2(029)-58/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-58/2025

22.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-58/2025 22.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi-Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı torpaq sahəsində quraşdırılmış mobil baza stansiyasının götürülməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı torpaq sahəsində quraşdırılmış mobil baza stansiyasının götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ona və ailə üzvlərinə məxsus olan, Qusar rayonu Düztahir kəndində yerləşən 2.7494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh MMC tərəfindən quraşdırılmış mobil baza stansiyasının həmin MMC-nin öz hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu Düztahir kəndi ərazisində yerləşən 2.7494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ona və ailə üzvlərinə məxsus olmaqla ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh MMC bir müddət bundan əvvəl ona və ailə üzvlərinə məxsus həmin torpaq sahəsində özünə aid mobil baza stansiyası quraşdırmış, lakin bununla bağlı onlara müraciət etməmiş, razılıqlarını almamış, onlarla hər hansı müqavilə bağlamamışdır. Bu barədə Cavabdeh MMC-yə müraciət etdikdə isə oradan bildirilmişdir ki, həmin MMC ilə X5 adlı şəxs arasında artıq icarə müqaviləsi bağlanmış, həmin şəxsə torpaqdan istifadəyə görə müvafiq icarə haqları ödənilir. Lakin, mobil baza stansiyasının quraşdırıldığı torpaq sahəsinin X5 adlı şəxsə heç bir aidiyyəti yoxdur və həmin torpaq sahəsi məhz ona və ailə üzvlərinə məxsusdur. Bununla da, Cavabdeh MMC onun və ailə üzvlərinin qanunla qorunan mülkiyyət hüquqlarına əsassız müdaxilə etməklə, torpaq sahəsindən onların iradəsinə zidd olaraq istifadə etməklə onların həmin hüquqlarını pozmuşdur. Hesab edir ki, Cavabdeh MMC tərəfindən onun və ailə üzvlərinin Qusar rayonu Düztahir kəndində yerləşən 2.7494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarına edilən müdaxiləyə son qoyulmaqla həmin torpaq sahəsində həmin MMC tərəfindən qanunsuz olaraq quraşdırılmış mobil baza stansiyası həmin MMC-nin öz hesabına götürülməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilən halları təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, hazırda sənəd üzrə torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur, torpaq sahəsinə dair onun əvvəllər Dövlət Aktı olmuş, həmin akt əsasında isə Çıxarış verilmişdir. Çıxarış verilən zaman torpaq sahəsini ona göstərərək bildirmişlər ki, mübahisəli torpaq sahəsi ona məxsusdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, göstərilən mobil baza stansiyası Cavabdeh MMC tərəfindən Qusar rayonu Düztahir kənd sakini X5 ilə imzalanmış 30 sentyabr 2011-ci il tarixli icarə müqaviləsinə əsasən quraşdırılmışdır. İcarə müqaviləsi imzalanan zaman Orxan Qurbanov özünü torpaq sahəsinin mülkiyyətçisi kimi təqdim etmişdir. Buna görə də, icarə müqaviləsi həmin şəxslə bağlanmışdır. Hazırki halda məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, İddiaçı iddiası qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh MMC tərəfindən quraşdırılmış mobil baza stansiyasının yerləşdiyi torpaq sahəsi Qusar rayonu Düztahir kəndinin DWG (islahat-kompleks yerquruluşu layihəsi) məlumatlarına əsasən onun mülkiyyətində olan 2.4067 hektar torpaq sahəsinin tərkibinə daxildir. Həmin torpaq sahəsinə dair onun adına verilmiş **********75 reyestr nömrəli xx.xx.2018-ci il tarixli Çıxarış məhz DWG məlumatları əsasında verilmişdir. Sonradan Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən X3 X6 (TEKİUS) yaradılmış və torpaqlara dair Çıxarışlar həmin sistem əsasında verilməyə başlamışdır. Məlum olmuşdur ki, İddiaçı mülkiyyətində olan 2.7494 ha torpaq sahəsi təkrar dövlət qeydiyyatına alınmaqla onun adına TEKİUS sistemi əsasında Çıxarış verilmiş və bu zaman torpaq sahəsinin koordinatlarında sürüşmələrə yol verilmişdir. Belə ki, DWG (islahat-kompleks yerquruluşu layihəsi) məlumatlarına əsasən Cavabdeh MMC tərəfindən quraşdırılmış mobil baza stansiyası ona məxsus torpaq sahəsinin üzərinə düşdüyü halda, TEKİUS sisteminin məlumatlarına əsasən həmin baza stansiyası İddiaçı mülkiyyətində olan 2.7494 ha torpaq sahəsinin üzərinə düşmüşdür. Bundan başqa, Cavabdeh MMC-nin mobil baza stansiyasının quraşdırıldığı torpaq sahəsi həmişə onun faktiki sahibliyində və istifadəsində olmuş, torpaq sahəsinin İddiaçı heç bir aidiyyəti olmamışdır. Cavabdeh MMC iddiaçıya məxsus heç bir torpaq sahəsini qanunsuz tutmamış, həmin MMC-nin torpaq sahəsindən istifadə etməsi MMC ilə onun arasında bağlanmış 30 sentyabr 2011-ci il tarixli icarə müqaviləsinə əsaslanır. İcarə müqaviləsi bağlanan zaman qeyd etdiyi kimi torpaq sahəsi məhz onun mülkiyyətində olmuşdur. Ona görə də, İddiaçı mülkiyyətində olan 2.7494 ha torpaq sahəsinə dair TEKİUS sistemi əsasında verilmiş Çıxarış üzrə koordinatların DWG (islahatkompleks yerquruluşu layihəsi) məlumatlarında olan koordinatlara və faktiki istifadəyə uyğunlaşdırılmasını və bu barədə məlumatların həmin sistemə daxil edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Yuxarıda sadaladığı hallar onu təsdiq edir ki, iddiaçının Cavabdeh MMC-yə məxsus mobil baza stansiyasının çıxarılmasını tələb etməsi əsassızdır, həmin mobil baza stansiyasının iddiaçıya məxsus torpaq sahəsinin ərazisinə düşməsi yalnız texniki səhv nəticəsində baş vermişdir. Bundan başqa, şəxsi işləri ilə bağlı təyin olunmuş məhkəmə iclasında iştirak edə bilmir, ona görə də işə onun iştirakı olmadan baxılaraq iş üzrə yekun qərar qəbul edilməsini, qərar qəbul olunarkən sadaladığı halların nəzərə alınmasını xahiş edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia rədd olunmalıdır. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin, bu zaman məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, İddiaçı iddia tələbi mülkiyyətin müdafiəsi ilə bağlı olmaqla iddianın hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə olan halda, cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı məxsus torpaq sahəsinə əsassız müdaxilənin baş verib-verməməsi, qanunsuz olaraq həmin şəxsə məxsus torpaq sahəsində mobil baza stansiyasının quraşdırılıb-quraşdırılmamasının məhkəmə tərəfindən müəyyən edilməsi zəruri əhəmiyyət kəsb edir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 16 aprel 2025-ci il tarixli 3-21-3-34/2-4778/2025 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı və ailə üzvlərinə məxsus olan, Qusar rayonu Düztahir kəndində yerləşən 2.7494 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində "Bakcell” MMC tərəfindən mobil baza stansiyası quraşdırılmışdır. Həmin rəyin qeyd hissəsində göstərilmişdir ki, “Bakcell" MMC tərəfindən mobil baza stansiyası, kəndin DWG (islahat-kompleks yerquruluşu layihəsi) məlumatlarında dəqiqləşdirildikdə X4 mülkiyyətində olan **********75 reyestr nömrəli 2.4067 hektar torpaq sahəsinin üzərinə düşür (müqayisəli sxemlər əlavə edilmişdir). Azərbaycan Respublikası Prezidentinin “X3 X6”nin (TEKUİS) yaradılması ilə bağlı 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının icrası ilə bağlı olaraq torpaq sahələri üzərində mülkiyyət hüquqları təkrar qeydiyyata alınarkən TEKUİS-dən istifadəyə 2022-ci ilin noyabr ayından başlanmışdır. O zamanadək Çıxarışın verilməsi DWG (islahat-kompleks yerquruluşu layihəsi) məlumatlarına əsasən aparılmışdır. Sözügedən massivdən torpaq sahələrinin faktiki istifadəsi ilə bağlı yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı vətəndaşların çoxsaylı müraciətləri daxil olmuş və tez bir zamanda düzəlişlərin mərhələli şəkildə aparılması nəzərdə tutulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10 iyun 2025-ci il tarixli 10/3794 saylı ekspert rəyi ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı və ailə üzvlərinə məxsus olan, Qusar rayonu Düztahir kəndində yerləşən 2.7494 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində "Bakcell” MMC tərəfindən mobil baza stansiyası quraşdırılmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 iyun 2025-ci il tarixli 10/3794 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. İşdə olan X5 ilə Cavabdeh MMC arasında bağlanmış sahənin icarəyə verilməsi haqqında 30 sentyabr 2011-ci il tarixli müqavilənin surətindən görünür ki, Orxan Qurbanov tərəfindən 100 kv.metr torpaq sahəsi Cavabdeh MMC-nin icarəsinə verilmiş, icarə müddəti 10 il müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən quraşdırılmış mobil baza stansiyası həmin MMC ilə üçüncü şəxs X5 arasında bağlanmış 30 sentyabr 2011-ci il tarixli icarə müqaviləsi əsasında quraşdırılmışdır və həmin qurğu hazırda xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı və ailə üzvlərinə məxsus olan, Qusar rayonu Düztahir kəndində yerləşən 2.7494 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ərazisinə düşsə də, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 16 aprel 2025-ci il tarixli 3-21-3-34/2- 4778/2025 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinin qeyd hissəsi ilə müəyyən olunur ki, kəndin DWG (islahat-kompleks yerquruluşu layihəsi) məlumatlarında dəqiqləşdirildikdə X4 mülkiyyətində olan **********75 reyestr nömrəli 2.4067 hektar torpaq sahəsinin üzərinə düşür. Başqa sözlə, mobil baza stansiyası quraşdırılan anda torpaq sahəsi həm sənəd üzrə, həm də faktiki olaraq Orxan Qurbanovun sahibliyində və istifadəsində olmuş, eyni zamanda onun barəsində sərəncam vermək səlahiyyəti olmuşdur. İddiaçı isə həmin vaxtdan etibarən mobil baza stansiyasının quraşdırılmasına heç bir etiraz etməmiş, bununla bağlı Cavabdeh MMC-yə, yaxud da üçüncü şəxs Orxan Qurbanova qarşı hər hansı tələb irəli sürməmiş, yalnız özünün və ailə üzvlərinin adına “X3 X6” (TEKUİS) məlumatları əsasında xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verildikdən sonra hazırkı iddia tələbini irəli sürmüşdür. Bununla da, müəyyən olunur ki, hazırkı mübahisənin yaranma səbəbini mülkiyyət hüququnun pozulması deyil, İddiaçıla üçüncü şəxs Orxan Qurbanovun adına olan Çıxarışlar üzrə koordinatların arasında yaranan texniki uyğunsuzluq təşkil edir. Belə ki, qeydiyyat orqanı tərəfindən həmin Çıxarışlar fərqli sistem məlumatları əsasında verildiyindən koordinatlarda sürüşmələr və uyğunsuzluqlar baş vermişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinin qeyd hissəsində həmin uyğunsuzluğun aradan qaldırılacağı göstərilmişdir. Beləliklə, də məhkəmənin qənaətinə görə iddia tələbinin hüquqi əsası ilə işin faktiki halları arasında uzlaşma mövcud deyil, Cavabdeh MMC tərəfindən iddiaçının mülkiyyət hüququnun pozulması, həmin hüquqa əsassız müdaxilənin baş verməsi halları müəyyən olunmur. Ona görə də, İddiaçı qeyd olunan torpaq sahəsində quraşdırılmış mobil baza stansiyasının cavabdehin hesabına çıxarılmasını və torpaq sahəsinin ona qaytarılmasını tələb etməkdə haqlı deyil, bu barədə iddia tələbi əsassızdır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı özünün və ailə üzvlərinin adına verilmiş sonuncu Çıxarış üzrə koordinatlarla üçüncü şəxs X1 və istifadəsində olan torpağın arasında yaranan texniki uyğunsuzluğu aradan qaldırdıqdan və hər iki Çıxarışın koordinatları faktiki istifadə vəziyyətinə uyğunlaşdırıldıqdan sonra, mülkiyyət hüququnun pozulması faktının mövcudluğu halında hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olacaqdır. Əks halda isə üçüncü şəxs Orxan Qurbanovun DWG (islahat-kompleks yerquruluşu layihəsi) məlumatları əsasında adına verilmiş Çıxarış üzrə mülkiyyətində, eyni zamanda uzun müddətdir faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsindən məhrum olması ilə nəticələnə bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı torpaq sahəsində quraşdırılmış mobil baza stansiyasının götürülməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar