Məhkəmə qərarları › İş №2(029)-587/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-587/2021

25.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-587/2021 25.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməklə həmin hüquqa xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməklə həmin hüquqa xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanda yerləşən evə dair istifadə hüququ itirilmiş hesab edilməklə həmin hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin evə dair xüsusi mülkiyyət hüququ 15.10.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh onun qaynının oğludur. Həmin şəxs Qusar rayonu Yasab kəndində anadan olmuş, sonradan Qusar şəhərinə gələrək qısa müddət ona məxsus evdə yaşamış və həmin evə qeydiyyata alınmışdır. Lakin, təxminən 15 il bundan əvvəl, yəni 2006-cı ildə cavabdeh ona məxsus evdən çıxıb getmiş və həmin vaxtdan özünün başqa daimi yaşayış yeri vardır. Uzun müddətdir ki, Rusiya Federasiyasında daimi yaşayır. Həmin vaxtdan ona məxsus evdə cavabdehə məxsus hər hansı bir əmlak yoxdur və onun qeydiyyatı formal xarakter daşıyır. Onun formal qeydiyyatı isə onun həmin evə dair mülkiyyət hüququnu əsassız olaraq məhdudlaşdırır, əlavə kommunal xərclər çəkməyinə səbəb olur. Cavabdeh artıq uzun müddətdir ki, ona məxsus yuxarıda qeyd etdiyi evdə yaşamadığından, həmin evdə ona aid heç bir əmlaklar olmadığından, bu, isə öz növbəsində onun mülkiyyət hüququnu pozduğundan və məhdudlaşdırdığından, həmin şəxsin ona məxsus ünvan 1 ünvanda yerləşən evə dair istifadə hüququ itirilmiş hesab edilməklə həmin hüququna xitam verilməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə notariat qaydasında təsdiqlənmiş ərizə göndərərək iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərdiyi halları təsdiq etdiyini, şəxsi işləri ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini göstərərək işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qeydiyyatda olduğu yuxarıda göstərilən ünvana məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri və çağırış vərəqələri göndərilməsinə baxmayaraq həmin şəxs məhkəmə iclasına gəlməmiş, poçt xidməti tərəfindən həmin şəxsə göndərilmiş məktuba edilmiş qeyddən isə görünür ki, həmin şəxs köçmüş, həmin ünvanda yasamır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, işdə olan 15 oktyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan “elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan 02.06.2021-ci il tarixli Çıxarışdan görünür ki, 18.05.1987-ci il təvəllüdlü Cavabdeh ünvan 2 ünvanda qeydiyyatdadır. İşdə olan Qusar şəhəri Sülh küçəsi ev 7 ünvanda yaşayan X5, Qusar şəhəri Sülh küçəsi ev 10 ünvanda yaşayan X4 və ünvan 5 X3 tərəfindən tərtib edilmiş və Qusar rayon Notariat Ofisi tərəfindən təsdiq edilmiş 08.06.2021-ci il tarixli aktdan görünür ki, həmin şəxslər yaşadıqları ünvanda 15-20 ildir ki, yaşayırlar. Həmin müddət ərzində tanıdıqları Cavabdeh ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində 15 ildir ki, yaşamır, qeydiyyatı formal xarakter daşıyır, həmin evdə həmin şəxsə məxsus heç bir əmlak yoxdur. İşdə olan Qusar rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 20.05.2021-ci il tarixli 149-10630H-3221 saylı məktubdan görünür ki, yaşayış yerindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadəsinə xitam verildikdə şəxsin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarıldığı bildirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Cavabdeh həmin evdə qeydiyyatdadır, lakin həmin evdə yaşamır və onun həmin evə olan qeydiyyatı formal xarakter daşıyır. Həmin şəxsə məxsus həmin ünvanda uzun müddətdir ki, heç bir əmlak yoxdur, özünün başqa daimi yaşayış yeri vardır. Bununla da, həmin şəxsin həmin ünvana olan qeydiyyatı uzun müddətdir ki, formal xarakter daşıyır, faktiki olaraq isə həmin evə dair istifadə hüququnu itirmişdir. Cavabdehin həmin ünvana formal qeydiyyatı isə iddiaçının həmin evə dair mülkiyyət hüququnu pozur, evə dair sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, cavabdeh mübahisəli evi 15 ildir ki, tərk etdiyindən və həmin vaxtdan özünə başqa daimi yaşayış yeri seçdiyindən, həmin şəxsin əvəzinə iddiaçı əlavə kommunal xərclər ödədiyindən hazırkı mübahisəyə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli qanunu ilə qüvvədən düşmüş Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 60-cı maddəsinin 5-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri üzrlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Həmin Məcəllənin 60-cı maddəsinin 6-cı hissəsinə əsasən şəxsin, müəyyən etdiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 132-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar yaşayış sahəsindən istifadə və kommunal xidmətlər üçün müntəzəm surətdə haqq vermədiyi, icarədarın və onun ailə üzvlərinin bu Məcəllənin 60-cı maddəsində göstərilən müddətlərdən artıq başqa yerə getdiyi hallarda, eləcə də bu Məcəllənin 97-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsaslara görə ev mülkiyyətçisi icarə müqaviləsinin pozulmasını tələb etmək ixtiyarına malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1 və 5-ci bəndlərinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh uzun müddətdir ki, İddiaçı məxsus mübahisəli evdə yaşamadığından, həmin evdə ona məxsus heç bir əmlaklar olmadığından, onun formal olaraq pasport qeydiyyatında qalması mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozduğundan və evə dair mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törətdiyindən onun ünvan 1 ünvanda yerləşən yaşayış evinə dair istifadə hüququ itirilmiş hesab edilməklə həmin hüququna xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair istifadə hüququ itirilmiş hesab edilməklə həmin hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar