Məhkəmə qərarları › İş №2(029)-633/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-633/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-633/2025 22.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1595 (bir min beş yüz doqsan beş) manat borc pulun və 36 (otuz altı) manat dövlət rüsumu xərcinin alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonun İmamqulukənd kəndində ailəsilə birlikdə yaşayır, Qusar rayonun Sudur-oba kənd məktəbində müəllim işləyir. 2019cu ilin may ayında Qusar rayonun Sudur-oba kənd sakini Cavabdeh bir neçə dəfə ona yaxınlaşaraq xəstə olduğunu, müalicə olunması üçün ondan imkan daxilində borc pul istəmişdir. Ona borc pul verməyə imkanı olmadığını bildirsə də o, təkrarən bir neçə dəfə xahiş etmiş, nəticədə onun xahişinə və onun özünün də pula ehtiyacı olduğuna görə, Kapital Bank ASC-nin Qusar rayon filialına müraciət edərək, həmin bankdan 16 may 2019cu il tarixli kredit müqaviləsinə əsasən 4000 ( dörd min) manat kredit almış. Aldığı kredit məbləğinin yarısını, yəni 2000 (iki min) manat pulu Cavabdeh, 500 (beş yüz) manatı isə iş yoldaşı olan X1 20 may 2019-cu il tarixdə borc vermişdir. Ondan borc aldığı zaman Cavabdeh həmin borcu qısa bir müddətdə qaytaracağını bildirmişdir. Buna baxmayaraq 2019-cu ildə aldığı borcdan yalnız 2022-ci ildə 405 ( dörd yüz beş ) manat pulu ona qaytarmış, həmin ərəfədə borc qalığını da qaytaracağını öhdəsinə götürərək onu arxayın salmışdır. X2 aldığı 500 (beş yüz) manat borcu ona qaytarmışdır. 2022-ci ildən sonra xeyli vaxt keçməsinə baxmayaraq Cavabdeh borcu qaytarmadığı üçün məktəbdə, müəllimlər otağında bu barədə bir neçə dəfə söhbətləri olmuş, borcun qaytarılmamasını hətta Suduroba məktəbin direktoru X1 və iş yoldaşları olan digər müəllimlərə də bildirmişdir. 2019-cu ilin may ayında bağlanmış kredit müqaviləsi üzrə aldığı 4000 manat kredit pulu və həmin kreditə hesablanmış onun faizlər tərəfindən təkbaşına banka ödənilmiş, sonuncu ödəniş onun tərəfindən 15 may 2023-cü il tarixdə ödənilmiş, hazırda X6 Səhmdar Cəmiyyətinə borcu qalmammışdır. Yuxarıda göstərdiyi kimi Cavabdeh borc aldığı 2000 manat puldan 2022-ci ildə 405 manat məbləğində borcu ona qaytarmış, 1595 ( bir min beş yüz doqsan beş ) manat borclu qalmışdır. Həmin borcu ondan bir neçə dəfə geri tələb etsə də əvvəllər o borcu qaytaracağını bildirmiş, hal hazırda isə özünün təqaüdçü olduğunu nəzərə almaqla borcu qaytarmaqdan qəti şəkildə imtina edir. Cavabdeh, 2019-cu il tarixli kredit müqaviləsi üzrə aldığı puldan, 2000 manat pulu borc verməyini Sudur-oba kəndində yaşayan, Sudur- oba məktəbinin direktoru X2 və həmin məktəbdə əvvəllər müəllim işləmiş hazırda Qusar rayonun İmamqulukənd kəndində yaşayan X3 da təsdiq edə bilər. Hər iki şahidin şəxsiyyət vəsiqələrinin surətləri ərizəyə əlavə olunur, həmin şəxslərin iştirtakı ilə tərəfindən müvafiq Akt tərtib olunmuş, aktın doğruluğu şahidlərin imzaları ilə təsdiqlənmiş, şahidlərin məhkəmə prosessinə gəlmələrinə təminat verir. Göründüyü kimi 2022-ci ildən hal hazıra kimi Cavabdeh 1595 manat pul vəsaitini mənimsəmiş, həmin pulu ona geri qaytarmaqdan boyun qaçırır, borcun ondan məhkəmə qaydasında alınıb ona qaytarılmasını zəruri sayır. Cavabdeh verdiyi borcun məbləği 2000 manat olduğu üçün, borc müqaviləsi şifahi bağlanmışdır. 2025-ci ilin fevral ayında Qusar rayon Prokurorluğuna rəsmi ərizə ilə müraciət edərək cavabdehdən borcun geri alınmasına köməklik göstərməyini xahiş etmiş, ərizəsi Qusar rayon Polis şöbəsinə aidiyyəti üzrə göndərilmiş, Polis şöbəsi 28 fevral 2025-ci il tarixli 3-13-93/2-H-28xx/xx/2025 saylı cavab məktubu ilə işin mülki xarakterli olduğunu bildirərək Qusar rayon məhkəməsinə müraciət etməsini tövsiyə etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş, iddia ərizəsində göstərdiyi pulun cavabdehə verilməsini təsdiq edən hər hansı sübutu olmadığını bildirmişdir. Cavabdehlə razılığın aralarında şifahi şəkildə olduğunu bildirmişdir. İddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçının dediklərindən onun xəbəri yoxdur. İddiaçı bankdan pul alıb kiməsə verib, indi həmin pulu ondan istəyir, onun üstünə şər böhtan atır. Orada yazılanlar da iddiaçı ilə bir yerdə işləyənlərdir. O, iddiaçıdan pulu harada və necə aldığını sübut etməsini tələb edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 329.3-cü maddəsinə əsasən şifahi bağlanan bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 386.2-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində göstərdiyi məbləğdə olan pulun Cavabdeh verilməsi barədə sübut təqdim etməmişdir. Həmçinin Cavabdeh iddianı qəbul etməmiş, iddiaçıdan borca pul almasına dair tələbi rədd etmişdir. İddiaçı cavabdehə pul verməsinə dair hər hansı müqavilə bağlamamış, yazılı şəkildə qəbz arayış almamışdır. Hal-hazırda iddiasının uğurlu hesab olunması üçün mötəbər sübut məhkəməyə təqdim edə bilmir. İddiaçının özünün izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən cavabdehə hər hansı pul məbləğinin borca verilməsi məhkəmədə öz təsdiqini tapmadığından və həmin hal sübuta yetirilmədiyindən İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin iddiaçının iddia tələbi rədd edildiyindən iddiaçının tələb etdiyi 36 (otuz altı) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar