Məhkəmə qərarları › İş №2(029)-642/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-642/2020

30.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-642/2020 30.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılmasına dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında xx xxx 2020-ci il tarixdə Qusar rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın etibarsız sayılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailə qurmaq niyyəti ilə xx xxx 2020-ci il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində nikahı rəsmi qeyd etdirmişdir. Cavabdehlə razılaşmaları belə olmuşdur ki, 2020-ci ilin yay aylarında toylarını edib ailə həyatı quracaqlar. Lakin, sonradan öyrənmişdir ki, cavabdeh başqa bir şəxsi sevir və onunla ailə həyatı qurmaq fikri yoxdur. Ona məlum olmuşdur ki, cavabdehin tanış olduqları ilk vaxtdan onunla ailə həyatı qurmaq niyyəti olmamışdır. O, cavabdehlə nikahı bağlasa da, faktiki ailə həyatı qurmamış və onların aralarında hər hansı ər-arvad münasibətləri olmamışdır. Ona görə də, onun cavabdehlə xx xxx 2020-ci il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində bağladığı nikah məhkəmə qaydasında etibarsız sayılmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh ilə onun arasında bağlanmış nikah formal nikahdır, faktiki ər-arvad münasibətlərinə daxil olmamışlar, uşaqları olmamışdır. Ona görə də, iddianın təmin edilməsi, cavabdehlə aralarında olan nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmiş və məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, həqiqətən də, iddiaçı ilə aralarında bağlanmış nikah formal xarakter daşıyır, onlar faktiki ər-arvad münasibətlərinə daxil olmamışlar, birlikdə yaşamamışlar, onun belə bir fikri də yoxdur, başqa şəxsi sevir. Həmin nikahın etibarsız hesab edilməsinə razıdır. Odur ki, iddiaçı ilə aralarında bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslıdır və aşağıdakı əsaslara görə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş “nikah haqqında akt qeydi”ndən görünür ki, İddiaçı ilə Cavabdeh oğlu arasındakı nikah Qusar rayon Qeydiyyat şöbəsində bağlanmış xx xxx 2020-ci il tarixli 37 saylı akt qeydi ilə rəsmiləşdirilmiş, cavabdeh «Hacıbalayeva» soyadını qəbul etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikaha daxil olsalar da, əslində ər-arvad münasibətlərinə daxil olmamışlar, birlikdə yaşamamışlar, həmin nikah formal olaraq görünüş üçün, ailə qurmaq niyyəti olmadan bağlanmışdır. Hal-hazırda da nikah formal xarakter daşıyır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnamədən çıxarışı 3 gün müddətində nikahın bağlandığı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı ilə cavabdeh arasında olan nikah formal olaraq, görünüş üçün və Cavabdeh ailə qurmaq niyyəti olmadan bağlandığından və bununla da saxta olduğundan həmin nikah etibarsız sayılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Qusar rayon Qeydiyyat Şöbəsində xx xxx 2020-ci il tarixli 37 saylı akt qeydi ilə bağlanmış nikah etibarsız sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar