Məhkəmə qərarları › İş №2(029)-651/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-651/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-651/2021 18.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Zəkiyev X6 Əhməd Abdul oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən torpaq sahəsi almaq üçün nağd verdiyi 3937 manat və həmin pulun 15 il müddətinə uçot dərəcəsinə əsasən illik 7,25 faiz hesablanmaqla 4281 manat olmaqla, ümumilikdə 8218 (səkkiz min iki yüz on səkkiz) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü il tarixdə Qusar rayonu Qaratoba kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla ailə üzvləri ilə birgə yaşayır. Cavabdehə 2006-cı ildə 3500 ABŞ dolları ödəməklə, həmin şəxsin adına dövlət aktı ilə verilmiş 2.12 ha torpaq sahəsini almışdır. O, cavabdehdən aldığı torpağa dair rəsmi çıxarış istəyəndə, cavabdeh ona Qusar rayon Məhkəməsi tərəfindən verilmiş 2- 364a/2006-cı il 20 iyun tarixli qanuni qüvvəsini almış qətnaməsini təqdim etmişdir. Lakin, həmin qətnamə qanuni qüvvəsini alsa da, heç bir arxivdə aşkar olunmadığı üçün icrası mümkün olmamışdır. Sonradan məlum olmuşdur ki, həmin qətnamə saxtadır. Bununla bağlı dövlət orqanlarına şikayət etmişdir. Qusar rayon Prokurorluğunda və Qusar rayon Polis şöbəsində araşdırma aparılan zaman, cavabdeh bunu etiraf etmiş və ona satdığı 2.12 ha torpaq sahəsindən 1.12 ha torpaq sahəsini ona qaytarmış və həmin torpaq sahəsinə dair o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən adına rəsmi çıxarış almışdır. Lakin, cavabdeh nə qalan 1 ha torpaq sahəsini, nə də onun pulunu geri qaytarmır. Həmin torpaq sahəsi neçə illər istifadəsində olmadığı üçün gəlir əldə edə bilməmişdir. Ona külli miqdarda maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin 03.06.2019-cu il tarixli 10/178 saylı məktubundan görünür ki, rayon məhkəmələrindən hər hansı bir sənəd təhvil verilməmişdir. İş materiallarına əlavə edilmiş Qusar rayon Dövlət arxivinin verdiyi arayışdan görünür ki, Qusar rayon Məhkəməsinin sənədləri 1959-1962-ci illəri əhatə edir. İş materiallarına əlavə edilmiş hal-hazırda Qusar rayon Məhkəməsinin 29.04.2019-cu il tarixli G(029)-239/2019 saylı məktubundan görünür ki, İddiaçı tərəf olduğu 20 iyul 2006-cı il tarixli 2-364a saylı mülki iş mövcud deyildir. İş materiallarına əlavə edilmiş Dövlət Statistika Komitəsinin verdiyi məktubdan görünür ki, 2019-cu ilə kimi pulun inflyasiya dərəcəsi 225.0 faiz təşkil edir. Burdan açıq görünür ki, cavabdehə 2006-cı ildə verilmiş 3500 ABŞ dolları hal-hazırda (3500x225%) 7875 manat təşkil edir. Yəni cavabdeh 1.12 ha torpaq sahəsi qaytarmaqla pulun yarısını qaytarmış olur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilmiş xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, o, cavabdehə 2006-cı ildə 3500 ABŞ dolları ödəməklə, cavabdehin adına dövlət aktı ilə verilmiş 2.12 ha torpaq sahəsini satın almış, lakin torpaq sahəsinə dair cavabdehlə aralarında heç bir alqı-satqı müqaviləsi bağlanmamışdır. Həmin torpaq sahəsi cavabdehin və onun ailə üzvlərinə məxsus olmuş, lakin o, torpağın satılması barədə ancaq cavabdehlə danışmış, cavabdehin ailə üzvlərinin torpağın satılması barədə xəbəri olub-olmamasını bilməmişdir. Sonradan həmin torpaq sahəsini öz adına keçirtmək istəmiş, cavabdehdən torpaq sahəsinin sənədini istəmiş, lakin, cavabdeh torpaq sahəsinin sənədini itirdiyini bildirmişdir. Cavabdeh özünə və ailə üzvlərinə məxsus torpaq sahəsini ona Qusar rayon Məhkəməsi tərəfindən verilmiş 2- 364a/2006-cı il 20 iyun tarixli qətnaməsi ilə satmış, lakin həmin qətnamə saxta olduğundan bununla bağlı dövlət orqanlarına şikayət etmişdir. Sonradan cavabdeh ona satdığı 2.12 ha torpaq sahəsindən 1.12 ha torpaq sahəsini, onunla alqı-satqı müqaviləsi bağlayaraq ona qaytarmış və həmin torpaq sahəsinə dair o, DƏDRX-dən adına rəsmi çıxarış almışdır. Həmin torpaq sahəsinin bir hektarının təxmini dəyəri 15000 manatdır. Onun Əhmədə 3500 ABŞ dollarını verməsi barədə rəsmi sənəd yoxdur, həmin pulu bələdiyyə işçisi olan İsrafil Hafizovun vasitəsi ilə vermişdir. Əhməd 2.12 ha torpaq sahəsinin 1 hektarını indiyədək qaytarmır. O, həmin torpaq sahəsini, yaxud onun dəyərini tələb edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, Cavabdeh onun əridir. İddiaçının qeyd etdiyi torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətində olmuşdur. X13 tez-tez spirtli içkilər qəbul edir. İddiaçı da bundan istifadə edərək əri Əhmədi aldatmış və guya 2.12 ha torpaq sahəsini satın almışdır. Halbuki, onlar 1.12 ha torpaq sahəsini 3500 ABŞ dollarına iddiaçıya satmışlar, sonradan bu barədə aralarında müqavilə də bağlanmışdır. İddiaçıya 2.12 ha torpaq sahəsinin satılması ilə bağlı isə heç bir müqavilə yoxdur, pulun məhz 2.12 ha torpaq sahəsinə görə verilməsi barədə də hər hansı sənəd yoxdur. Əgər iddiaçı 1.12 ha torpaq sahəsini qaytararsa pulu ona qaytarmağa razıdırlar. Hal-hazırda həmin ərazidə 1 ha torpaq sahəsinin təxmini dəyəri 8000 manat təşkil edir. Bundan başqa, iddia müddəti də iddiaçı tərəfindən ötürülmüşdür. Odur ki, iddia əsassız olduğundan, həmçinin iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan 24.10.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Qaratoba kəndi ərazisində yerləşən 2.1239 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh, X10, X5 və X2 adlarına qeydiyyata alınmışdır. İşdə olan 10 mart 2020-ci il tarixli 4Ə-592 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh, X11, X8 və X4 mülkiyyətlərində olan 2.1239 ha torpaq sahəsinin 1.12 ha hissəsini İddiaçı satmışlar. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş 10/178 saylı 03.06.2019-cu il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Arxivinə Respublikanın rayon Məhkəmələrindən hər hansı bir sənəd təhvil verilməmişdir. İşdə olan Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş 214 saylı 02.07.2019-cu il tarixli arayışdan görünür ki, rayon arxivində saxlanılan Qusar rayon Məhkəməsinin sənədləri 1959-1962-ci illəri əhatə edir. İşdə olan Qusar rayon Məhkəməsi tərəfindən verilmiş 31 yanvar 2020-ci il tarixli G(029)-68/2020 saylı məktubdan görünür ki, İddiaçı tərəf olduğu 20 iyul 2006-cı il tarixli 2- 364a saylı mülki iş mövcud deyildir. Məhkəmədə baxılmayan və mövcud olmayan iş üzrə hər hansı prosessual hərəkətlərin yerinə yetirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İş materiallarında olan Dövlət Statistika Komitəsi tərəfindən verilmiş 04/1-100 saylı 05 noyabr 2019-cu il tarixli məktubdan görünür ki, infilyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2019-cu ilin sentyabr ayından 2006-cı ilin dekabr ayına nisbətən 225.0 faiz təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN Qusar rayon Polis şöbəsi tərəfindən verilmiş 26.03.2020-ci il tarixli qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan 19.03.2020-ci il tarixli 8i-2141 reyestr nömrəli ərizənin surətindən görünür ki, İddiaçı, Cavabdeh qarşı heç bir iddiasının və pul tələbinin olmadığını, gələcəkdə bu məsələ ilə şikayətinin olmayacağını bildirmişdir. İşdə olan 18.11.2021-ci il tarixli Cavabdeh Qusar rayon Məhkəməsinə təqdim etdiyi iddia müdətinin tətbiq edilməsinə dair ərizədən görünür ki, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2006-cı ildə ona 3500 ABŞ dolları ödəməklə 2.12 ha torpaq sahəsini ondan satın almışdır. İddiaçı həmin məbləğdə pulu ona verməsi barədə heç bir sübut yoxdur. Bundan başqa, 2006-cı ildən indiyədək 15 il müddət keçmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Bununla da, İddiaçı tərəfindən iddia müddəti ötürülmüş, 2006-cı ildən 10 ildən artıq müddət, yəni 15 il müddət keçdikdən sonra iddia qaldırmışdır. Odur ki, iddia tələbinə iddia müddəti tətbiq edilməklə, həmçinin iddia tələbinin əsasına dair heç bir sübut olmadığından İddiaçı ona qarşı pul tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayonu Qaratoba kəndi ərazisində yerləşən 2.1239 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh, X10, X5 və X2 adlarına qeydiyyata alınmışdır. həmin torpaq sahəsinin 1.12 ha hissəsi 10 mart 2020-ci il tarixli 4Ə-592 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin şəxslər tərəfindən İddiaçı satılmışdır. İddiaçı bütövlükdə 2.12 ha torpaq sahəsini Cavabdeh satın aldığını və bununla bağlı 2006-cı ildə həmin şəxsə 3500 ABŞ dolları məbləğində pul verdiyini bildirsə də, bu barədə məhkəməyə heç bir sənəd, sübut təqdim etməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Cavabdeh tərəf isə iddiaçının verdiyi pulun 2.12 ha torpaq sahəsinə görə deyil, 1.12 ha torpaq sahəsinə dair verildiyini bildirmiş, həmin ölçüdə torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlandıqdan sonra İddiaçı Cavabdeh qarşı heç bir pul tələbinin olmaması barədə notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Bununla da, cavabdeh özünün və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsini iddiaçıya verməklə onun iddiaçı qarşısında hər hansı öhdəliyi qalmamış, iddiaçıdan aldığı pulun müqabilində verməli olduğu torpaq sahəsini ona vermişdir. Bundan başqa, iddiaçı özünün izahatında bildirmişdir ki, həmin torpaq sahəsinin yerləşdiyi ərazidə olan torpaqların 1 hektarının təxmini dəyəri 15000 manat təşkil edir. Cavabdeh isə iddiaçıya 1.12 ha torpaq sahəsi vermişdir. Bununla da, cavabdehin iddiaçıya verdiyi torpaq sahəsinin dəyəri sonuncunun tələb etdiyi məbləğdən xeyli miqdarda artıqdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad olunmuş hallar sübuta yetirilməmiş və bu səbəbdən də iddia rədd edilməlidir. Bundan başqa, məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini müzakirə edərək qeyd edir ki, Mülki Məcəllədə ümumi iddia müddəti 10 il müəyyən edilmişdir. İddiaçı Cavabdeh 2006-cı ildə 3500 ABŞ dolları verərək torpaq sahəsini satın aldığını, lakin həmin şəxsin verməli olduğu torpaq sahəsini vermədiyini qeyd etmiş, bununla da, həmin vaxtdan o, hüququnun pozulduğunu bilməli olsa da, həmin vaxtdan 15 il müddət keçdikdən sonra hazırkı iddianı qaldırmışdır. Beləliklə, İddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Onun iddia müddətinin ötürülməsinin üzürlü səbəbdən baş verməsi barədə isə qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmiş, bu barədə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı cəmi 9373 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddia tələbinin əsası kimi istinad olunmuş hallar təqdim edilmiş sənədlərlə sübuta yetirilməmiş və ona görə də, həmin iddia rədd edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası həm əsassız olduğundan, həm də iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 107, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar