Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-661/2024 04.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1900 (bir min doqquz yüz) manat məbləğində pulun, uzun müddətdir ödəniş olunmadığı üçün bankda yaranmış əlavə faizin və bütün bu proseslər zamanı çəkdiyi 200 (iki yüz) manatadək ümumi və 44 (qırx dörd) manat məhkəmə xərclərinin tam alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ona məxsus Leobank kredit kartına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X3 iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin avqust ayında Qusar rayon Gilahoba kənd sakini Cavabdeh ilə qeyri-rəsmi formada ailə qurmuşdur. Həmin ilin noyabr ayında xasiyyətlərinin üst-üstə düşmədiyini gördüyündən ayrılmağa qərar vermişdir. 2022-ci ilin 28 oktyabr tarixində birlikdə yaşadıqları müddətdə, Cavabdeh onun orta məktəbdə müəllim işlədiyini, buna görə də rəsmi maaş aldığını bildirdi və onu məcbur edərək onun adına "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Leobank kredit kartı götürtdürmüşdür. Onlar ayrılanda isə həmin kartı o cavabdehdən geri tələb etsə də, cavabdeh kartın onda olmadığını və itirdiyini bildirmişir. Ayrıldıqları tarixdən Cavabdeh ilə heç bir əlaqəsi olmamışdır. Lakin 2024-cü ilin aprel ayında Leobank tərəfindən ona poçtla bildiriş göndərilmiş və həmin bildirişdə qeyd olunmuşdur ki, onun adına qeydiyyatda olan "xxxx" ASC-dən verilmiş 4098 5844 6825 7991 nömrəli Leobank kredit kartına 2023-cü il sentyabr ayında 1900 AZN məbləğində kredit götürülmüş və hal-hazıradək heç bir ödəniş edilməmişdir. Bu barədə ona "xxxx" ASC tərəfindən bildiriş gələndə xəbəri olmuş və yuxarıda adı qeyd olunan banka yaxınlaşaraq dövri çıxarış əldə etmişdir. Bu zaman aydın olmuşdur ki, xx.xx.2023-cü il tarixdə vətəndaş Cavabdeh itib dediyi ona məxsus Leobank kartı ilə online formada 1900 AZN məbləğində onun iştirakı olmadan kredit əldə etmişdir. Aydın olmuşdur ki, 2022-ci ildə Cavabdeh ilə ayrılarkən ona kartı itirdiyini bildirməsi yalan imiş və o daimi həmin kartdan müxtəlif yerlərdə istifadə edirmiş. O, bu səbəbdən 2024-cü ilin aprel ayında Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək Qusar rayon Gilahoba kənd sakini Cavabdeh barəsində tədbir görülməsini və işi araşdırmalarını xahiş etmişdir. Onun iştirakı olmadan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ona məxsus Leobank kredit kartıma xx.xx.2023-cü il tarixdə köçürülmüş 1900 manat məbləğində puldan 35.94 AZN komissiya haqqı tutulmaqla 1835.94 AZN məbləği Cavabdeh onun xəbəri olmadan dərhal 4169 73.... 4335 nömrəli digər bank kartına göndərmiş, daha sonra özünə məxsus +**********47 saylı mobil nömrəsinin balansını artıraraq, müxtəlif mağazalardan alış-verik edərək, həmçinin Tik-Tok sosial şəbəkəsində müxtəlif məbləğlərdə ödənişlər həyata keçirərək mənimsəmişdir. Lakin Abşeron rayon polis idarəsindən bildirmişlər ki, bu məsələ mülki xarakterlidir. Odur ki, mülki qaydada məhkəməyə müraciət edir. Qeyd edir ki, onun Leobank kartına köçürülmüş 1900 manat pulu yuxarıda adı qeyd olunan bank onunla əlaqə saxlamadan, onun xəbəri olmadan, video görüntü ilə onun fərdi eyniləşdirmə təsdiqi olmadan və ondan xəbərsiz həyata keçirmişdir. Bu səbəbdən də onun o məbləğdən, qeyd olunan bank tərəfindən gecikməyə görə poçt vasitəsilə bildiriş gələnə qədər xəbəri olmamış, vətəndaş Cavabdeh da bütün məbləği kartından çəkərək mənimsəmişdir. Bu səbəbdən "xxxx" ASC-də 1900 manat məbləğində onun adına borc yaranmışdır. Bütün bunları nəzərə alaraq vətəndaş Cavabdeh pulu ona məxsus Leobank kredit kartına geri qaytarmalıdır. Məhkəmə iclasında iddiaçı X3 iddia ərizəsində göstərilənləri müdafiə etmiş, o, məhkəməyə müraciət etdiyi tarixdən sonra cavabdeh tərəfindən ona 50 manat ödəniş edildiyini bildirmişdir. Məhkəməyə təqdim etdiyi sənədlərdə başqa heç bir sübutu yoxdur. Ödəniş olunmadığı üçün bankda yaranmış əlavə faizlər barədə, həmçinin çəkdiyi 200 (iki yüz) manatadək xərclər barədə məhkəməyə sübut təqdim edə bilmir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında iddiaçının iddia ərizəsində göstərilənlərlə razılaşaq bildirmişdir ki, iddiaçının kartından 1900 manat pulu xərcləmişdir. İddiaçı məhkəməyə müraciət etdikdən sonra iddiaçıya 100 manat pul qaytarmışdır. İddiaçıya 100 manat qaytarması barədə sübutu yoxdur. İddiaçıya 1800 manat borcu olduğunu qəbul edir, lakin, iddiaçının iddia ərizəsində tələb etdiyi bankda yaranmış əlavə faizin və bütün bu proseslər zamanı çəkdiyi 200 (iki yüz) manatadək ümumi xərclərə dair hissədə iddianı qəbul etməmişdir. Sonuncu məhkəmə iclasında Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İşə baxıb, iddiaçının və cavabdehin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması iləşifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasənəgər müqavilənin iştirakçıları borcun faizlər iləverilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dairxx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə cavabdehin izahatını iddiaçının tələbini etiraf etməsi faktı kimi nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehin məhkəmə iclasında verdiyi izahatını etiraf halı kimi qəbul edir. Belə ki,cavabdeh həmin məbləğdən 1800 manatı qəbul etmiş, 100 manat məbləği isə iddiaçıya qaytarıldığını bildirmiş, həmin 100 manatın iddiaçıya qaytarılması barədə sübutu olmadığı bildirmiş, iddiaçı tərəf isə cavabdeh tərəfindən ona 50 manat qaytarıldığını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı Gövhər Abdullayevaya məxsus kredit kartından Cavabdeh 1900 manat məbləğində kredit götürməsi öz təsdiqini tapmışdır. Bu barədə Cavabdeh həmin halı təsdiq etmişdir. Lakin iddianın bankda yaranmış əlavə faizin və bütün bu proseslər zamanı iddiaçını çəkdiyi 200 (iki yüz) manatadək ümumi məhkəmə xərcləri hissəsi sübuta yetirilməmişdir. Həmçinin iddiaçı Gövhər Abdullayeva Cavabdeh tərəfindən ona tələb etdiyi puldan 50 (əlli) manat məbləğində ödəniş edildiyini bildirmişdir. Məhkəmə iddiaçının dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, Cavabdeh 1850 manat məbləğində pul vəsaiti tutularaq Gövhər Abdullayevaya verilməlidir. İddia tələbində göstərilən uzun müddətdir ödəniş olunmadığı üçün bankda yaranmış əlavə faizin və bütün bu proseslər zamanı çəkdiyi 200 (iki yüz) manatadək ümumi xərclər barədə hissədə isə iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığınıəsaslandırsın. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müraciət olunması ilə bağlı 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu hal, iş materialları əlavə olunmuş 882 saylı qəbzlə təsdiq olunur. İddia tələbi qismən də olsa iddiaçının xeyrinə təmin olunduğu üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 44 (qırx dörd) manatı məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1850 (min səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti, həmçinin dövlət rüsumu kimi ödənilmiş 44 (qırx dörd) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-661/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-661/2024
04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver