Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-669/2025 14.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış evindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan Qusar şəhəri Heydər Əliyev prospekti ev 168, 12 saylı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar şəhəri Heydər Əliyev prospekti ev 168, 12 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin ev əvvəllər mərhum ərinə məxsus olmuş, 2015-ci ildə vərəsəlik yolu ilə mülkiyyətinə keçməklə xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh onun gəlinidir. Belə ki, həmin şəxs onun əvvəlki nikahından anadan olmuş oğlu X5 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, həmin vaxt Cavabdeh Sərxan Mülkümovun yaşadığı Qusar rayonu Əniğ kəndində yerləşən evə gəlin köçmüş, özünün bütün cehiz əmlaklarını da həmin evə aparmışdır. Sonradan oğlu X7 Mülkümova Qusar şəhərinə köçərək kirayədə yaşamağa başlamışlar. Lakin, onlar kirayə pulunu ödəyə bilmədiklərinə görə 2021-ci ildə oğlu Sərxanla gəlini Naziləyə ona məxsus olan, ünvan 1 ünvanda yerləşən mənzilə köçüb yaşamalarını təklif etmişdir və həmin vaxtdan həmin şəxslər ona məxsus mənzildə yaşamağa başlamışlar. Bir müddət keçdikdən sonra oğlu Sərxanla gəlini Nazilənin münasibətləri soyumağa, aralarında söz-söhbətlər, mübahisələr yaranmağa başlamışdır. Buna görə də, oğlu Sərxan artıq Nazilə ilə birlikdə yaşamaq istəmədiyini bildirərək ona məxsus mənzili tərk edib getmişdir. Cavabdeh isə mənzili tərk etməmiş, oğlu Sərxan getdikdən sonra ona qarşı aqressiv münasibət göstərməyə, özünü mənzilin sahibi kimi aparmağa başlamışdır. Hətta, həmin şəxs mənzilin ona verilməli olduğunu bildirərək onun mənzili tərk etməli olduğunu demişdir. O, isə həmin mənzilin nə oğlu Sərxana, nə də ki, həmin şəxsə aidiyyəti olmadığını bildirərək Cavabdeh mənzildən çıxmasını tələb etmiş, lakin sonuncu bundan imtina etmişdir. Cavabdeh Qusar rayonu Əniğ kəndində qeydiyyatdadır və ona məxsus mənzilə istifadə hüququ yoxdur. Eyni zamanda həmin şəxslə onun arasında hər hansı ailə münasibətləri də qalmamışdır. Buna baxmayaraq həmin şəxs yuxarıda göstərilən mənzilə dair onun qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozur, onun iradəsinə zidd olaraq mülkiyyətində olan mənzildə yaşamaqda davam edir və onun həmin əmlakdan sərbəst şəkildə istifadə və sahiblik etməyinə mane olur. Bu səbəbdən də, pozulmuş hüquqlarının məhkəmə müdafiəsindən istifadə edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin onun mülkiyyətinə etdiyi qəsdə son qoyulmaqla həmin şəxs ona məxsus həmin mənzildən çıxarılmalıdır. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsi ilə müraciət edərək iddiaçının bildirmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi Qusar şəhəri Heydər Əliyev prospekti ev 168, 12 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Həmin ev əvvəllər iddiaçının mərhum ərinə məxsus olmuş, 2015-ci ildə vərəsəlik yolu ilə iddiaçının mülkiyyətinə keçməklə xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. O, iddiaçının oğlu X5 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, həmin vaxt Sərxan Mülkümovun yaşadığı Qusar rayonu Əniğ kəndində yerləşən evə gəlin köçmüşdür. Həmin evdə iki ay yaşadıqdan sonra, yəni 2008-ci ilin mart-aprel ayında Sərxan Mülkümovla birlikdə özünün bütün cehiz əşyalarınıda aparmaqla həmin vaxt həyat yoldaşının atasına məxsus olmuş, hazırda isə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilə köçüb orada yaşamağa başlamışlar. Həmin vaxtdan indiyədək o, həyat yoldaşı ilə birlikdə orada yaşayırlar, onunla birgə nikaharından anadan olmuş uşaqlar da həmin mənzildə anadan olmuşlar, orada böyümüşlər. O, həmin evə köçərkən evin mülkiyyətçisi olmuş şəxs, yəni həyat yoldaşının atası buna öz razılığını bildirmiş, məhz həmin şəxsin iradəsi əsasında həmin mənzilə köçmüşdür. Ona görə də, onun həmin evdən istifadə hüququ yaranmışdır. Göründüyü kimi, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən o, iddiaçıya məxsus şəhəri Heydər Əliyev prospekti ev 168, 12 saylı mənzilə istifadə hüququnu əldə etmişdir. Onun istifadə hüququ mülkiyyətçi və digər şəxslərdən müdafiə olunmalıdır. Başqa sözlə, iddiaçı ona müvafiq kompensasiya vermədən istifadə hüququnu əldə etdiyi həmin mənzildən onu çıxarmaq hüququ yoxdur. Beləliklə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası əsassız olduğundan həmin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, mənzil onun adına qeydiyyata alınıb, əvvəllər isə onun ikinci ərinin evi olub. O, cavabdehlə bərəbər oğlunu da həmin mənzildən çıxardır. Mənzil tək otaqlıdır. Cavabdeh onun gəlini olub, dörd il olar ki, kirayədən gəlib onun evində qalıb. Cavabdehlə onun arasında və ya onun ikinci əri arasında mənzildə yaşaması barədə hər hansı razılaşma olmayıb. İddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, 2008-ci ildə evlənmişdir və o həmin evə köçmüşdür. Toyu 2008-ci ildə olub. Bir ay Əniğ kəndində qalmış, sonra əri onu İradənin, hazırda yaşadığı evinə aparmış, həmin vaxtdan hal-hazıra kimi orada yaşayır. O ora yaşamağa gedəndə onların aralarında hər hansı razılıq və müqavilə olmamışdır. O, iki uşağı kirayədə saxlaya bilmir, xahiş edir ki, onun iki uşağı nəzərə alınsın. Alimenti qaldırmasını, alimentin 600 manat müəyyən edildikdə başa yerdə qalacaqdır. İddianın rədd edilmsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçının oğlu ilə cavabdeh arasında nikah münasibətləri 2008-ci ildən təsadüf edilir, həmin ildə nikah bağlanılıb. Cavabdeh evlənən iki aydan mübahisəli mənzil köçüb. Onların birgə nikahdan həmin mənzildə 2008-ci ildə birinci, 2017-ci ildə isə ikinci uşağı olub, uşaqların qeydiyyatı hazırda da həmin ünvandır. Qeyd olunan mübahisəli ev 2015-ci ilə kimi iddiaçının mülkiyyətində olmayıb. 2008-ci ildə cavabdeh həmin evə köçəndə ev iddiaçının mülkiyyətində olmayıb, həmin vaxt iddiaçı cavabdehin həmin evə köçməsi ilə bağlı heç bir narazılıq bildirməyib, hər hansı notarial qaydada razılıq olması absurd görünür.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Nikah münasibətlə, evə köçmə və evdə yaşama münasibətləri 2008-ci ildən başlayıb. Buna görə də həmin münasibətlər həmin dövrdə, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsində göstərilən əsaslarla müəyyən edilməlidir. Belə ki, Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin həmin maddəsinin 3-cü hissəsində göstərilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədarlar birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bundan əlavə həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi- büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Sadalanan qanunvericiliyin tələblərinə əsasən, nikah münasibətləri 2008-ci ildə baş verib, o vaxt mülkiyyətçinin xüsusi razılığı tələb olunmurdu, o vaxt ki mülkiyyətçi də cavabdehin həmin evdə yaşamasına öz narazılığını bildirməyib və hər hansı bir məhkəmə mübahisəsi də olmayıb. Cavabdehin iki azyaşlı uşaqları var, cavabdehin həmin evdə daimi yaşamaq fikri yoxdur, ən azı uşaqlar yetkinlik yaşına çatana kimi yaşasınlar. Cavabdehin başqa gedəcək yeri yoxdur, həyat şəraiti pisdir, uşaqlardan biri xəstədir. Qeyd edilənləri nəzərə alaraq qanuni qərar çıxarılmasını xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 35.4 kvadrat metr sahəsi olan mənzil tam hissədə İddiaçı məxsusdur. İşdə olan AZ-İ 362907 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X2 nikahları 29 yanvar 2008-ci il tarixdə Qusar RİHB-nın Əniy kənd İƏD üzrə nümayəndəliyində rəsmiləşdirilmişdir. Nikah bağlandıqda sonra cavabdeh “Mülkümova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İİ 121900 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə Qusar rayonu Əniğ kəndində anadan olmuşdur. X1, anası Cavabdehdır. İşdə olan AZ-İİİ 970491 saylı doğum haqqında şhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. X1, anası Cavabdehdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin müddəalarına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hərkəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcələnin 152.4-cü maddəsində göstərilir ki, sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehlərin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinəəsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair ”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi, işin mübahisələndirilməyən faktiki halları ondan ibarətdir ki, Qusar şəhəri Heydər Əliyev prospekti ev 168, 12 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmin ev əvvəllər mərhum ərinə məxsus olmuş, 2015-ci ildə vərəsəlik yolu ilə iddiaçının mülkiyyətinə keçməklə xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçının gəlinidir. Belə ki, həmin şəxs İddiaçı əvvəlki nikahından anadan olmuş oğlu X5 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, həmin vaxt Cavabdeh Sərxan Mülkümovun yaşadığı Qusar rayonu Əniğ kəndində yerləşən evə gəlin köçmüş, özünün bütün cehiz əmlaklarını da həmin evə aparmışdır. Sonradan iddiaçının oğlu X7 Mülkümova Qusar şəhərinə köçərək kirayədə yaşamağa başlamışlar. Daha sonra İddiaçı oğlu Sərxanla gəlini Naziləyə ona məxsus olan, ünvan 1 ünvanda yerləşən mənzilə köçüb yaşamalarını təklif etmişdir və həmin vaxtdan həmin şəxslər ona məxsus mənzildə yaşamağa başlamışlar. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ vardır və iddianın hüquqi əsası ilə işin faktiki halları uzlaşmaqdadır. Məhkəmə hesab edir ki, istər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və iddiaçı tərəf öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquq vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, hər bir mülkiyyətçi özünə məxsus olan əmlak üzərində qanunveriliklə müəyyən edilmiş qaydada hüquqlardan istifadə etmək üçün subyektiv hüququn daşıyıcısıdır. Məhkəmə araşdırılması zamanı, Cavabdeh (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir) halları müəyyən edilməmiş, cavabdeh tərəf izahatında mübahisə olunan mənzilə köçən zaman nə mənzil mülkiyyətçisi ilə, nə də ki, İddiaçı arasında sözügedən mənzildən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə hansı bir yazılı razılıq olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir) halları ilə bağlı mənzil mülkiyyətçisi arasında notariat qaydasında təsdiqlənən yazılı razılıq əldə etmədiyindən iddia tələbi təmin edilməli, Cavabdeh xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Qusar şəhəri Heydər Əliyev prospekti ev 168, 12 saylı mənzildən çıxarılmalıdır. Məhkəmə, cavabdeh tərəfin etiraz ərizəsini və cavabdehin etibarnamə üzrə nümayəndəsinin izahatını əsassız sayır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, cavabdeh tərəf mübahisəli mənzilə 2008-ci ildə köçmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair ”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarında: 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir prinsipinə uyğun olaraq məhkəmə hesab edir ki, hazırkı iş 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Qusar şəhəri Heydər Əliyev prospekti ev 168, 12 saylı mənzildən çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Qusar şəhəri Heydər Əliyev prospekti ev 168, 12 saylı mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-669/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-669/2025
14.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver