Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-672/2022 04.08.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1840 manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödədiyi 38.40 manat məbləğində pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar şəhərində ona məxsus fərdi yaşayış evi vardır. Cavabdeh ilə aralarında olan şifahi razılaşmaya əsasən həmin evi 2021-ci ilin noyabr ayından həmin şəxsin kirayəsinə vermiş, aylıq kirayə haqqını 300 manata razılaşmışlar. Həmçinin, razılaşmaya əsasən cavabdeh evdə yaşadığı müddətdə evin bütün kommunal xərclərini ödəməyi öhdəsinə götürmüşdür. 2021-ci ilin noyabr ayının 6-dan cavabdeh ona məxsus həmin evə köçərək arada yaşamağa başlamış, lakin kirayə haqqını, o cümlədən evin kommunal xərclərini ödəməmiş, 5 ayın kirayə haqqı kimi 1500 manat, evin kommunal xərcləri kimi isə 340 manat borcu qalmışdır. Cavabdeh həmin borcu ödəməmiş və buna görə də, onu həmin evdən çıxarmışdır. Evdən çıxarkən cavabdeh ona borclu qaldığını etiraf etmiş, 1500 manat kirayə haqqını və 340 manat kommunal xərcləri ödəyəcəyi barədə iltizam yazmış, lakin buna baxmayaraq həmin borcunu indiyədək ödəməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh onun qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, öhdəliyi pozmuş, ona borclu qaldığı cəmi 1840 manat məbləği ona ödəməkdən yayınmışdır. Bu səbəbdəndə həmin məbləğdə pul vəsaiti cavabdehdən tutularaq ona verilməlidir. Bundan başqa, hazırki iddia ərizəsinin verilməsi üçün tərəfindən ödənilmiş 38.40 manat məbləğidnə pul da cavabdehdən tutularaq ona verilməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar 04 avqust 2022-ci il tarixə saat 15:30-a təyin edilmiş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı qəbul edir. Həqiqətən də onun İddiaçı 1840 manat borcu vardır, hazırda həmin borcu birdəfəyə ödəyə bilmir, maddi vəziyyəti ağırdır, gələcəkdə hissə-hissə ödəyəcəkdir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar 04 avqust 2022-ci il tarixə saat 15:30-a təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh yazdığı iltizamdan görünür ki, o, xx.xx.2021-ci il tarixdən etibarən İddiaçı məxsus mənzildə aylıq 300 manat olmaqla və kommunal xərcləri özü ödəmək şərti ilə kirayəyə yaşamışdır. Kirayə haqqı ödəyə bilməmiş, hal-hazırda 5 ayın kirayəsi 1500 manat olmaqla və kommunal xərcləri 340 manat borcu qalmışdır. Bundan başqa, dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, Cavabdeh 06 noyabr 2021-ci il tarixdə İddiaçı məxsus yaşayış evinə köçmüşdür. Tərəflərin aralarında olan razılaşmaya əsasən cavabdeh aylıq 300 manat kirayə haqqı olmaqla, aylıq kommunal xərcləri ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehin 5 ayın kirayə haqqı kimi 1500 manat, evin kommunal xərcləri kimi isə 340 manat borcu qalmışdır. Cavabdeh həmin borcu ödəməmiş və buna görə də, iddiaçı onu həmin evdən çıxarmışdır. Cavabdeh məhkəməyə ərizə göndərərək iddiaçıya olan borcunu etiraf etmiş, və iddiaçıya olan borcunu ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, Cavabdeh İddiaçı yaşayış evinin kirayə haqqı kimi ödəməyi öhdəsinə götürdüyü ayda 300 manat olmaqla, 5 aylıq kirayə haqqını, yəni 1500 manat və 340 manat məbləğində kommunal xərcləri olmaqla, ümumilikdə 1840 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 38.40 (otuz səkkiz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1840 (min səkkiz yüz qırx) manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 38.40 (otuz səkkiz manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-672/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-672/2022
04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver