Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-684/2024 12.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətə qəsdə son qoyulması, cavabdehin evdən və həyətyanı torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mülkiyyətə qəsdə son qoyulması, cavabdehin evdən və həyətyanı torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşməklə mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən yaşayış evindən Cavabdeh məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, MPM-in 53-cü maddəsinə əsasən dəqiqləşmə vermiş və bildirmişdir ki, iddia ərizəsində onun adı Əliyeva “Gülarə” Əlüvsət qızı kimi qeyd edilmişdir. Mexaniki səhv olaraq adı “Gülarə” kimi yazılmışdır. Odur ki, həmin hissədə dəqiqləşmə verərək İddiaçı kimi oxunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda, 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən, iki mərtəbəli yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında tam həcmdə ona məxsusdur, həmin yaşayış evi adına 15 aprel 2013-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrə ilə qeydiyyata alınaraq, adına seriya RX ******* saylı reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Həmin evə 11 aprel 2013-cü il tarixdə inventar nömrəsi 712 olan Texniki Pasport tərtib edilmişdir. ünvan 1 ünvanda yerləşən yaşayış evi tam şəkildə ona məxsusdur, həmin ev daimi yaşayış yeridir, 2023-cü ilin dekabr ayına kimi həmin evdə tək yaşamışdır. Cavabdeh mərhum qardaşı Sonqulu Əliyevin oğludur. Onun daimi yaşayış yeri Sumqayıt şəhəri olmaqla 2023-cü ilin dekabr ayına kimi o, Sumqayıt şəhərində yaşayırdı. Yuxarıda göstərilən tarixdə Cavabdeh Sumqayıt şəhərindən yaşadığı evə gələrək, müvəqqəti olaraq qış mövsümündə evində qalmağı xahiş etmiş, doğma qardaşının oğlu olduğu üçün ona evində qalmağa icazə vermişdir. Qısa bir müddətdə münasibətləri yaxşı olmuş, sonradan isə cavabdehin ona qarşı münasibəti kəskin dəyişilmiş, cavabdeh ondan tez-tez pul tələb etmiş, aralarında baş verən narazılıq nəticəsində bir neçə dəfə onu söyüb təhqir etmiş, ona hədə-qorxu gələrək, ondan mütəmadi olaraq pul vəsaiti tələb etmişdir. Cavabdehin nalayiq hərəkətləri nəticəsində evdə birgə yaşamaqları qeyri-mümkün olmuş, nəticədə o, evi tərk edərək, əvvəl Bakı şəhərində, sonra isə Qusar şəhərinə qayıdaraq yaxın qohumuna məxsus olan ünvan 3 ünvanda müvəqqəti yaşayır. 2024-cü ilin may ayının əvvələrində Cavabdeh evdən çıxarılması üçün rəsmi ərizə ilə Qusar rayon polis şöbəsinə müraciət etmişdir. Ərizəsi polis şöbəsində araşdırılmış, 11 may 2024-cü il tarixdə 3-13-93/2-Ə- 8252/11/202 saylı məktubla cavab verilmiş, Cavabdeh məcburi qaydada evdən çıxarılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Yaşayış evinin tam həcimdə onun mülkiyyətində olması rəsmi Çıxarışla, Texniki Pasportla təsdiqlənir, Cavabdeh qeyriqanuni hərəkətləri nəticəsində, faktiki olaraq mülkiyyətindən məhrum olmuşdur, Cavabdeh mülkiyyətində olan yaşayış evindən onu çıxarmaqla, evdən sahiblik və istifadə hüququnu pozmuş, bu hərəkətləri ilə mülkiyyətimə qəsd etmiş, onun bu hərəkətlərinə son qoyulmasım zəruri sayır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, ünvan 2 ünvanda, 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən, iki mərtəbəli yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında tam həcmdə ona məxsusdur, həmin yaşayış evi adına 15 aprel 2013-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrə ilə qeydiyyata alınaraq, adına seriya RX ******* saylı reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh onun qardaşı oğludur. Cavabdeh artıq 1 ildir ki ona məxsus evdə yaşayır. Cavabdehin həmin evdə yaşamasını qeyri mümkün sayır. İddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, onun hal-hazırda yaşadığı ev onun bibisinə yəni iş üzrə İddiaçı məxsusdur. Onun qalmağa başqa yeri yoxdur. Müvəqqəti olaraq həmin mənzildə yaşayır. Özünü yaşamağa yer tapan kimi həmin mənzildən çıxacaq. İddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar şəhəri H.Aslanov küçəsi 73 ünvanı ərazisində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 61.8 kv.metr sahəsi olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 4 ünvanda yerləşən yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 61.8 kv.metr sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmaqla ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh həmin iddiaçıya məxsus fəradi yaşayış evində iddiaçının iradəsinə zidd olaraq yaşayır. Bununla da, cavabdeh iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh ünvan 1 ünvanda yerləşməklə İddiaçı mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən yaşayış evindən məcburi qaydada çıxarılmalıdır. Belə ki, hazırda cavabdeh mübahisəli mənzildə mülkiyyətçinin iradəsinə zidd olaraq orada yaşayır, iddiaçı mənzil üzərində mülkiyyət hüququ əldə etsə də, cavabdehin mənzildə yaşaması səbəbindən oradan sərbəst istifadə edə bilmir. İddiaçının xüsusi mülkiyyətlərindən sərbəst və maneəsiz istifadə hüququ vardır və bu hüqunun reallaşdırılmasına yaradılan hər bir maneənin qarşısı qanuni yollarla aradan qaldırılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətində olduğundan onun həmin mənzil üzərində əmlak hüququ mövcuddur. Cavabdehin hazırkı vəziyyətdə iddiaçıya (mülkiyyətçiyə) məxsus mənzildən istifadə etməsi hər hansı hüquqi əsasa söykənməməklə, sonuncunun daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçının mülkiyyət hüquqları pozulur və bunun qanunvericiliklə müəyyən edilmiş legitim əsasları müəyyən edilmir. Tərəflər arasında qohumluq münasibətlərinin olması və ya iş üzrə faktiki digər hallar mülkiyyət hüquqlarının pozulmasına haqq qazandırmır, buna əsas qismində çıxış edə bilməz. Cavabdeh mübahisəsi gedən mənzilin hazırkı mülkiyyətçisi iddiaçı özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, sonuncuya məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyətləri də ola bilməz. Məsələyə bu kontekstdən yanaşıldıqda da, iddiaçının iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanda yerləşməklə İddiaçı mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən yaşayış evindən məcburi qaydada çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-684/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-684/2024
12.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver