Məhkəmə qərarları › İş №2(029)-707/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-707/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-707/2022 29.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Güləhmədov X1 Şakir Hacı oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 6600 (altı min altı yüz) manat borc pulun və ödənilmiş 86 (səksən altı) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh onun tanışıdır, münasibətləri əvvəllər yaxşı olmuşdur. Cavabdeh ona ferma olduğunu, mallara verilməsi üçün otun biçilməsi, mallara yem alıb verilməsi, fəhlələrə əmək haqqı verilməsi və fermada texniki işlərin görülməsi üçün pul lazım olduğunu demiş və ondan həmin işlərin görülməsi üçün 2018-ci ildə ayrı-ayrı vaxtlarda 6600 (altı min alı yüz) manat məbləğində pul istəmişdir. Cavabdehlə münasibəti yaxşı olduğuna görə o, ayrı-ayrı vaxtlarda 6600 (altı min alı yüz) manat pulu ona vermişdir. Cavabdeh həmin pulu 2021-ci ilin may ayından başlayaraq altı ay müddətində qaytaracağı barədə söz vermiş və bu barədə ona özü öz xətti ilə qəbz yazaraq vermiş, ona olan borcunu etiraf etmişdir. Cavabdeh həmin pulu ona qaytaracağına söz verməsinə baxmayaraq indiyədək qaytarmamışdır. Dəfələrlə bu barədə cavabdehə müraciət etmiş, lakin heç bir xeyri olmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh əvvəllər tanımamış, həmin şəxsi oğlu Nəsiminin vasitəsi ilə tanımışdır. 04 aprel 2018-ci il tarixdə Cavabdeh onun yaşadığı evə gələrək 2500 manat məbləğində pul istəmiş, 3 aya qaytaracağını demiş, o, da 2500 manat pulu Şakirə vermişdir. Həmçinin, onun oğlu Nəsimi həmin vaxt işsiz olmuş, Şakir Nəsimini özünün işlədiyi, Qusar rayonu Urva palasa kəndində yerləşən fermaya direktor təyin etdirəcəyini demişdir. Bundan sonra Şakir oğlu Nəsimidən 1500 manat yenə almış və ona cəmi 4000 manat pul vermişlər. Bundan başqa, Şakir onun oğlu Nəsimini fermada işlətmiş, hər ay ona 300 manat əmək haqqı verəcəyini demişdir. Nəsimi 3 il mövsümi olaraq fermada işləmiş, özünün idarə etdiyi avtomobillə Əniğ kəndində fermaya adamlar aparıb-gətirmiş, maşının yanacağını da o, özü tökmüşdür. Lakin, Şakir həmin müddət ərzində Nəsimiyə heç bir əmək haqqı verməmiş, çəkdiyi xərcləri də ödəməmişdir. Oğlu Nəsiminin fermada işləməsinə, avtomobili ilə adamlar aparıb-gətirməsinə və yanacaq sərfinə görə Şakir əlavə olaraq onlara 2600 manat məbləğində pul verməli olmuşdur. Şakir dəfələrlə ona borclu olduğu 6600 manat pulu qaytaracağını desə də, buna əməl etməmiş, pulu qaytarmamış və 16 aprel 2021-ci il tarixdə həmin pulu qaytaracağı barədə qəbz yazmışdır. Buna baxmayaraq, Cavabdeh həmin pulu indiyədək qaytarmamışdır. Odur ki, iddianın təmin edilməsi, cavabdehdən onun xeyrinə 6600 manat məbləğində pulun, həmçinin dövlət rüsumu kimi ödənilmiş 86 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, o, Qusar rayonu Urva palasa kəndində yerləşən, Asif Məhərrəmova məxsus fermada nəzarətçi işləyir. İddiaçı oğlu Nəsimi onun yanına gəlmiş və ondan iş istəmişdir. Bundan sonra Nəsimi bir həftə gəlib fermada işləmiş, onunla müqavilə bağlanmamış, onu yoxlamışlar, lakin Nəsimi işə götürülməmişdir. Nəsimi öz avtomobili ilə onu bir-iki dəfə fermaya aparmış və hər dəfə pulunu ödəmişdir. Bundan başqa, həmin şəxs Qusar rayonu Əniğ kəndindən fermaya işçi qadınlar aparmış, onlar da gah getmişlər, gah getməmişlər. O, iddiaçıdan 2500 manat pul almış, əvəzində isə ot, həmçinin 1500-1800 manatlıq heyvan vermişdir. Həmin pulu özü üçün deyil, ferma üçün almış, orada işlər görmüşdür. O, 6600 manat pulu iddiaçıdan nağd şəkildə götürməmişdir. İddiaçı dəfələrlə onun evinə gəlib pulu istəmiş və məcbur qalıb 6600 manatı qaytaracağı barədə qəbz yazmışdır. İddiaçı pulun 1600 manat hissəsini almış, 5000 manat hissəsi isə qalmışdır. İddiaçı 5000 manat pulun ona verilməsi müqabilində razılığa gəlmələrini təklif etmiş, o, isə ümumilikdə 4500 manat verməsi şərti ilə razılaşmalarını, dekabr ayına kimi 2000 manat verəcəyini, qalan məbləği isə sonra hissə-hissə verəcəyini iddiaçıya demişdir. Onun iddiaçıya pul qaytarması barədə hər hansı qəbzi və ya sübutu yoxdur. 6600 manat pulu qaytaracağı barədə qəbzi özü yazmış, lakin o, həmin məbləğdə pulu iddiaçıdan almamışdır. Odur ki, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, o, İddiaçı 2018-ci ilin aprel ayından başlayaraq ayrı-ayrı tarixlərdə 2020-ci ilin fevral ayınadək 6600 (altı min altı yüz) manat borc pul aldığını, həmin pulu işlədiyi fermaya sərf etdiyini (ot biçini, mallara yem, fəhlələrə əmək haqqı və texnika işlətməyə görə), həmin borcları 2021-ci ilin may ayından başlayaraq 6 ay müddətinə qaytarmağa söz verdiyini göstərmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, Cavabdeh İddiaçı borclu qaldığı 6600 manat məbləğində pulu 2021-ci ilin may ayınadək qaytaracağını öhdəsinə götürsə də, həmin öhdəliyini yerinə yetirməmiş və bununla da, onun iddiaçı qarşısında mülki məsuliyyəti yaranmışdır. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, Cavabdeh 6600 (altı min altı yüz) manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 86 (səksən altı) manat, cəmi isə 6686 (altı min altı yüz səksən altı) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6600 (altı min altı yüz) manat məbləğində pul və məhkəməyə iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 86 (səksən altı) manat məbləğində pul, cəmi 6686 (altı min altı yüz səksən altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar