Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-714/2021 03.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar şəhəri M.Vəliyev küçəsi ev 14 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Onun həmin evə dair xüsusi mülkiyyət hüququ 22.10.2013-cü il tarixli Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Sonradan ona məlum olmuşdur ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 formal olaraq həmin evdə qeydiyyatda qalmışlar. Hər iki cavabdeh onun qohumları olmaqları çoxdan həmin evdə yaşamırlar, hər ikisinin başqa ünvanlarda fərdi yaşayış evləri vardır və hazırda ona məxsus qeyd olunan evdə cavabdehlərə aid heç bir əşya yoxdur. Cavabdehlərin formal olaraq ona məxsus evdə qeydiyyatda qalmaları isə mülkiyyətçi kimi onun hüquqlarını pozur və məhdudlaşdırır, evə dair sahiblik, istifadə və sətəncam hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Həmin şəxslərə görə o, həmin evə dair əlavə kommunal və digər xərclər ödəyir. Odur ki, hesab edir ki, cavabdehlərin ona məxsus Qusar şəhəri M.Vəliyev küçəsi ev 14 ünvanda yerləşən fərdi yaşayış evinə dair istifadə hüquqları itirilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, Qusar şəhəri M.Vəliyev küçəsi ev 14 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmin ev əvvəllər iddiaçının atası Dalik Ağarəhimova məxsus olmuş, sonuncu həmin evi iddiaçıya bağışlamışdır. İddiaçı ailə həyatı qurduqdan sonra həmin evi tərk etmiş, lakin sonradan boşanmış və həmin evə qayıtmış, lakin qardaşları ilə yola getmədiyindən təxminən 10 ildir ki, həmin evdə yaşamır. Cavahdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının qardaşı uşaqlarıdır. Cavabdeh1 iddiaçının bir qardaşının, Cavabdeh2 isə digər qardaşının oğludur. Həmin şəxslər iddiaçıya məxsus həmin evə qeydiyyata alınmışlar, lakin hazırda başqa evlərdə yaşayırlar. Cavabdeh2 anası ilə birlikdə, Cavabdeh1 isə atasının evində yaşayır. Cavabdehlər mübahisəli evdə yaşadıqları müddətdə evdən istifadə etdiklərinə görə evin işıq, qaz və s. haqlarını həmin şəxslər ödəmişlər. Həmin şəxslərin mübahisəli evə qeydiyyata alınmalarına razılıq verilməmişdir. Odur ki, iddianın təmin edilməsi, cavabdehlərin iddiaçıya məxsus evə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi-anası X3 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, Qusar şəhəri M.Vəliyev küçəsi ev 14 ünvanda yerləşən fərdi yaşayış evi onun qaynatası Dalik Ağrəhimova məxsus olmuşdur. O, həmin şəxsin övladı Adik Ağarəhimovla ailə həyatı qurmuş və 1996-cı ildə gəlin kimi həmin evə köçmüş, həmin vaxtdan indiyədək həmin evdə yaşayır, cehiz və sair əmlakları məhz həmin evdədir. Cavabdeh2 onun oğludur. Nail 2000-ci ildə məhz həmin evdə anadan olmuş, orada böyümüş və hazıradək orada yaşayır. Onun bütün cehiz əmlakları da hazırda həmin evdədir. Evin sudan istifadəyə görə xidmət haqqı Dalik Ağarəhimovun adına, digər kommunal xidmət haqları isə həmin şəxsin oğlunun adına gəlir. Bütün kommunal xidmət haqlarını o və həyat yoldaşı Adik ödəyir. Evin hazırkı mülkiyyətçisi İddiaçı onun əri Adikin bacısıdır. Zərinə 10 ildir ki, həmin evdə yaşamır, Rusiya Federasiyasında yaşayır, arada qonaq kimi həmin evə gəlir. Gələrkən o və ailə üzvləri Zərinəni yaxşı qarşılayırlar. Cavabdeh2 da hazırda onunla birlikdə mübahisəli evdə yaşayır. O, ünvan 2 ünvanda qeydiyyatda olsa da, 1996-cı ildən ailəsi ilə birlikdə mübahisəli evdə yaşayır. Onun qeydiyyata alınması barədə razılıq ərizəsi verilmədiyinə görə indiyədək mübahisəli evə qeydiyyata düşə bilməmişdir. Nail isə həmin evdə qeydiyyatdadır. Oğlu Nailin həmin evə istifadə hüququ var, həmin hüququ itirilməmişdir. Digər Cavabdeh1 da həmin evdə doğulmuş, orada qeydiyyatdadır və həmin şəxsin çıxarılmasına da razı deyil. Ümumiyyətlə, həmin evlə bağlı iddiaçı ilə qardaşları arasında əvvəllər də mübahisələr də olmuşdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, işdə olan 22 oktyabr 2013-cü il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar şəhəri M.Vəliyev küçəsi ev 14 ünvanda yerləşən fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon Polis Şöbəsi tərəfindən verilmiş 29.09.2021-ci il tarixli 149- 22095-1221 saylı məktubun surətindən görünür ki, xx.xx.1992-ci ildə Qusar şəhərində anadan olmuş Cavabdeh1 27.06.2012-ci il tarixdə ona məxsus XVİİ-JQ 288166 nömrəli, 04.08.1992-ci ildə Qusar VVAQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamə əsasında ünvan 3 ünvana qeydiyyata alınaraq AZE 09131869 nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmişdir. 27.06.2012-ci ildə Cavabdeh1 M.Vəliyev küçəsi ev 14 ünvanına qeydiyyata alınmasına əsas olmuş sənədlər qanunvericiliyə müvafiq olaraq aktlaşdırma yolu ilə məhv edilmişdir. xx.xx.2000-ci ildə anadan olmuş Cavabdeh2 06.07.2015-ci il tarixdə Səyyar-Asan 6 tərəfindən sənədləşdirilərək Qusar şəhəri M.Vəliyev küçəsi ev 14 ünvanına qeydiyyata alınmaqla AZE 12948028 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən vəkil Nümayəndə ünvanlanmış 01.10.2021-ci il tarixli 018-15362-1221 saylı məktubdan görünür ki, Cavabdeh1 və X5 Qusar şəhəri M.Vəliyev küçəsi ev 14 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün olmamışdır. İşdə olan “elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan 27.07.2021-ci il tarixli Çıxarışdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh2 Qusar şəhəri M.Vəliyev küçəsi ev 14 ünvanda qeydiyyatdadırlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evdə qeydiyyatda olmaqla həmin evə istifadə hüquqları vardır. Cavabdeh1 27.06.2012-ci ildə, Cavabdeh2 isə 06.07.2015-ci il tarixdəözlərinə şəxsiyyət vəsiqəsi almaqla yaşayış yerləri məhz ünvan 4 ünvanı göstərilmişdir. İddiaçı həmin şəxslərin uzun müddətdir ki, həmin evdə yaşamadıqlarını göstərsə də, həmin hal məhkəmə iclasında öz təsdiqini tapmamış, bu barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, Cavabdeh2 anadan olduğu vaxtdan orada yaşadığı, evin bütün kommunal xidmət haqlarının da onun valideynləri tərəfindən ödənildiyi məlum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 158.1, 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli qanunu ilə qüvvədən düşmüş Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 60-cı maddəsinin 5-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri üzrlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Həmin Məcəllənin 60-cı maddəsinin 6-cı hissəsinə əsasən şəxsin, müəyyən etdiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qusar şəhəri M.Vəliyev küçəsi ev 14 ünvanda yerləşən fərdi yaşayış evinə dair əmlak hüquqları-yəni istifadə hüquqları vardır. Həmin hüquq isə istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki Məcəllənin tələblərinə əsasən istifadə hüququna razılaşma yolu ilə, razılaşma olmadıqda isə mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Bundan başqa, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli qanunu ilə qüvvədən düşmüş Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli Mənzil Məcəlləsinin tələblərinə əsasən şəxsin istifadə hüququ o vaxt itirilmiş hesab olunur ki, şəxs istifadə hüququ olduğu yaşayış sahəsini tərk edərək özünə başqa daimi yaşayış yeri seçsin. Belə hal isə məhkəmə tərəfindən müəyyən olunmamış, əksinə həmin şəxslərin mübahisəli evdə yaşadıqları məlum olmuşdur. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə dair istifadə hüquqları itirilmiş hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan və həmin iddia tələbinin əsası kimi istinad olunmuş hallar sübuta yetirilmədiyindən rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-714/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-714/2021
03.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver