Məhkəmə qərarları › İş №2(029)-729/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-729/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-729/2021 16.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı 700 manat məbləğində pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı 700 manat məbləğində pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 700 (yeddi yüz) manat pulun və iddia qaldırılması ilə əlaqədar ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, onun oğlu Elnur Poladov 03 iyun 2016-cı il tarixdə rəsmi nikah bağlamadan el adəti ilə toy edib Cavabdeh qızı X5 ilə ailə həyatı qurmuş, 21 noyabr 2016-cı il tarixdə isə aralarındakı nikahı rəsmiləşdirmişlər. Həmin nikahdan onların 09 iyun 2017-ci il tarixdə X12 adlı 1 uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün oğlu Elnur Poladov və Gülnar Poladova ayrılmışlar. Aralarındakı nikah X1 iddiası üzrə Qusar rayon məhkəməsinin 20 avqust 2020-ci il tarixli 2(029)-325/2020 saylı qətnaməsinə əsasən pozulmuşdur. X18 və Gülnar Poladovanın toy mərasimi ərəfəsində o və Cavabdeh el adətinə uyğun aralarında danışaraq onun, yəni oğlan evi tərəfindən cavabdehin evində keçiriləcək toy mərasiminə 100 (yüz) kiloqram mal ətinin gətirilməsi barədə razılaşmışlar. Toy günü o, cavabdehin evinə 1 (bir) baş cöngə aparmışdır. Həmin cöngə kəsildikdən sonra 150 (yüz əlli) kiloqram təmiz ət əldə olunmuşdur. Cavabdeh ona bildirmişdir ki, el adəti üzrə onun tərəfindən həmin toy mərasiminə gətirilməli 100 kiloqram mal ətindən artıq olan ətin, yəni 50 kiloqram ətin dəyərini 500 (beş yüz) manat pulu toydan sonra ona qaytaracaqdır. Lakin, həmin pul bu vaxtacan cavabdeh tərəfindən ona qaytarılmamışdır. Bundan əlavə, Cavabdeh həyətində toy mərasimini keçirmək üçün şərait olmadığından cavabdeh ondan xahiş etmişdir ki, onun tanışı Qusar rayonu Mucuq kənd sakini X4 toy palatkasını və müxtəlif qab-qacaqları toyunda istifadə etməsi üçün alsın və həmin şeyləri onun maşınında Mucuq kəndindən cavabdehin yaşadığı Qusar rayonunun Sudur kəndinə gətirsin, toydan sonra isə həmin şeyləri geriyə cavabdehin evindən Mucuq kəndinə geri aparsın. Cavabdeh həmin şeyləri Mucuq kəndindən yaşadığı Sudur kəndinə gətirməyinə və toydan sonra geriyə aparmağa görə hər reysə görə 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat pul ödəyəcəyini bildirmişdir. Razılaşdıqları kimi, toy ərəfəsində o, özünə məxsus “QAZ-66” markalı maşında Qusar rayonu Mucuq kənd sakini X6 evindən toy palatkasını və müxtəlif qabqacaqları Cavabdeh evinə Qusar rayonu Sudur kəndinə aparmış, toydan sonra isə həmin şeyləri cavabdehin evindən geriyə X6 evinə Qusar rayonu Mucuq kəndinə aparmışdır. Lakin, Cavabdeh tərəfindən həmin işin müqabilində verəcəyini vəd etdiyi 200 manat pul bu vaxtacan ona qaytarılmamışdır. Ona görə də, o, Cavabdeh 50 kiloqram mal ətinin dəyəri olan 500 (beş yüz) manat pulu, toy palatkasının və qab-qacaqların ona məxsus “QAZ-66” markalı maşınında Qusar rayonunun Mucuq kəndindən cavabdehin yaşadığı Qusar rayonunun Sudur kəndinə aparılması və toydan sonra isə həmin şeylərin geriyə X6 evinə Qusar rayonunun Mucuq kəndinə gətirilməsinə görə cavabdehin ödəməli olduğu 200 (iki yüz) manat pulu, cəmi 700 (yeddi yüz) manat pulu Cavabdeh geri tələb edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, iddia ərizəsində qeyd edildiyi kimi, onun oğlu cavabdehin qızı ilə ailə həyatı qurarkən toy vaxtı el adətinə uyğun olaraq cavabdehin evinə 100 kq mal əti aparacağına dair cavabdehlə danışıb razılaşmışlar, lakin onun apardığı bir baş cöngə 150 kiloqram təmiz ət vermişdir. Ət satan cöngənin diri çəkisini qapanda çəkmişdir. Cöngənin çəkisini cavabdehlə birlikdə çəkməmişdir. O, indiyədək pulu hörmət əlaməti olaraq cavabdehdən tələb etməmiş, çünki qohum olmuşlar. Cavabdeh ilə aralarında danışdıqlarından artıq gələn 50 kiloqram mal ətinin pulunun ona qaytarılması barədə şifahi razılığa gəlmişlər. Bundan əlavə toy ərəfəsində özünə məxsus maşınla Qusar rayonunun Mucuq kəndindən Ağamir Səfixanov adlı şəxsə məxsus toy palatkası və qab-qacaqları cavabdehin yaşadığı Sudur kəndinə gətirmiş və toydan sonrada geri aparmışdır. Həmin vaxt da öz aralarında şifahi şəkildə öz avtomobili ilə həmin palatkanı və qab-qacaqları gətirib-aparması üçün cavabdehin ona 200 manat pul verəcəyi barədə razılığa gəlmişlər. Cavabdeh 100 (yüz) manat toy palatkasının pulunu versə də, razılaşdıqları kimi ona verməli olduğu 200 manat pulu verməmişdir. Lakin, o, sonradan həmin 50 kiloqram ətin pulu olan 500 manatı, həmçinin öz avtomobilindən istifadə etdiyi üçün razılaşdıqları 200 manat pulu cavabdehdən istəməmiş və oğlu ilə cavabdehin qızının ailə münasibətləri pozulduğu üçün hazırda həmin pulu, həmçinin məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödədiyi 30 manat pulu tələb edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, İddiaçı ilə qohum olacaqları ərəfədə iddiaçı toy mərasiminin tez baş tutmasını istəmiş, lakin o, həmin vaxt əlində ət olmadığı üçün toyu payızda etmək istədiyini bildirsə də, iddiaçı ona ətə görə əziyyət çəkməməsini və əti özünün gətirəcəyini bildirmişdir. Toy vaxtı iddiaçı 4 toğlu və bir baş cöngə gətirmişdir. İddiaçıu cöngəni kimdən aldığını bilmir, toy vaxtı cöngəni kəsəndə təxminən 100-120 kiloqram ət vermiş, əti qapanda çəkməmişdir. Toy vaxtı əlavə bir baş cöngə də özü kəsmişdir. Bütün kəsilmiş ətlər toyda yeyilmişdir. Həmin vaxt heç kim iddiaçının gətirdiyi cöngənin ətinin çəkisini ölçməmişdir. İddiaçının gətirdiyi toğlulardan ikisinin pulunu da qaytarmışdır. Bundan əlavə yaşadıqları Sudur kəndində hamı kimi 12 kilometr aralıda yerləşən Düztahir kəndindən toy palatkası gətirmək istəsə də, yenə iddiaçı ona toy palatkasını özünün gətirəcəyini bildirmiş və Mucuq kəndindən gətirmişdir. Toydan sonra o, palatka sahibiniə 160 manat və 2 stul sındığı üçün də əlavə 20 manat pul vermişdir. Lakin, iddiaçının dediyi kimi toy platkasının gətirilməsinə görə ona 200 manat pul verəcəyləri barədə heç bir danışıq, həmçinin yazılı və ya şifahi razılıq olmamışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Gican kənd sakinidir. Ramiddini tanımır, lakin Polad onun tanışıdır. 2016-cı ildə Poladın oğlunun toy mərasimindən 5-6 gün qabaq Poladla rastlaşmışlar və Polad ondan 100-120 kq əti olan mal istəmişdir. 31 may 2016-cı il tarixdə Polada diri 140-150 kiloqram təmiz ət verən diri çəkisi 340-350 kq olar bir baş mal vermişdir. Həmin malı qapanda çəkmişlər. Polad həmin malı Sudur kəndinə oğlunun toy mərasimi üçün qız evinə apardığını bildirmişdir. Toydan təxminən 3-4 gün sonra Polad ona həmin mala görə 1050 manat pul vermiş, lakin hər hansı bir narazılıq olduğunu bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, Ramiddini tanımasa da, Polad onun tanışıdır. Özü Mucuq kəndində yaşayır. Kirayə verdiyi özünə məxsus toy palatkasını 2016-cı ilin may ayında Polad ondan istəmiş, lakin hara apardığını ona deməmiş, həmin toy palatkasını Ramiddinin evinə apardığını bilməmişdir. 3-4 gün sonra palatkanı geri qaytaranda danışdıqları kimi ona 100 manat pul vermişdir. İşə baxıb, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Düztahir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 avqust 2021-ci il tarixli, 286 nömrəli arayışdan görünür ki, İddiaçı Qusar rayonu Düztahir kənd sakinidir. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-325/2020 saylı, 20.08.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 ilə cavabdeh X13 arasında 21 noyabr 2016-cı il tarixdə Qusar rayon İHB-nın Düztahir kənd İƏD üzrə nümayəndəliyində 11 nömrəli akt qeydi bağlanmış nikahın pozulması, boşanmadan sonra uşaqları-09 iyun 2017-ci il təvəllüdlü X8 iddiaçı X1 yanında qalması, 12 fevral 2020-ci il tarixdən başlayaraq 09 iyun 2017-ci il təvəllüdlü X12 adlı uşağın yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün cavabdeh X7 hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment və həmin uşağın üç yaşı tamam olanadək hər ay 100 (bir yüz) manat məbləğində alimentin tutulub iddiaçı X3 verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının oğlu Elnur Poladov 03 iyun 2016-cı il tarixdə rəsmi nikah bağlamadan el adəti ilə toy edib Cavabdeh qızı Gülnar Poladova ilə ailə həyatı qurmuş, aralarındakı nikah 21 noyabr 2016-cı il tarixdə rəsmiləşdirilmişdir. Həmin nikahdan onların 09 iyun 2017-ci il təvəllüdlü X12 adlı 1 uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün X15 Poladova ayrılmışlar, Qusar rayon məhkəməsinin 20 avqust 2020-ci il tarixli 2(029)-325/2020 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. X15 Poladovanın toy mərasimi olan gün iddiaçı el adətinə uyğun olaraq cavabdehin evinə bir baş cöngə aparmış, həmin cöngə kəsilərək əti toy mərasimində iştirak edən qonaqlara sərf olunmuşdur. Həmçinin, iddiaçı özünün idarə etdiyi yük avtomobili ilə cavabdehin evinə Qusar rayonu Mucuq kəndindən toy palatkası aparıb vermişdir. Bütün bunları iddiaçı özünün oğlu ilə cavabdehin qızının arasındakı toy mərasiminin təşkil olunması məqsədi ilə könüllü etmişdir. Lakin, həmin vaxt iddiaçı ilə cavabdeh arasında hər hansı çəkidə cöngənin aparılması, əgər cöngənin təmiz ət çəkisi 100 kiloqramdan artıq olarsa qalan çəkidə ətin dəyərinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, eləcə də toy palatkasının aparılması və yol xərcinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə heç bir müqavilə bağlanmamış, bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bununla da, iddiaçı ilə cavabdeh arasında olan münasibətlər hüquq münasibətləri, o cümlədən hüquq xarakterli adətlərlə tənzimlənən münasibətlər deyil, toy adətləri ilə tənzimlənən münasibətlər olmuş və cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi əmələ gəlməmişdir. İddiaçının özü də, məhkəmədə verdiyi izahatında əslində cavabdehdən pul tələb etməsini hər hansı hüquqi faktla deyil, oğlu ilə cavabdehin qızının boşanması ilə əsaslandırmışdır. Bu səbəbdən də, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, cavabdehin iddiaçı qarşısında öhdəliyinin əmələ gəlməsi əsasına dair heç bir sübut olmadığından iddia tələbi əsassızdır, təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı cəmi 700 (yeddi yüz) manat məbləğində pulun tutulması tələbinə dair iddia tələbinin əsası kimi istinad olunmuş hallar təqdim edilmiş sənədlərlə sübuta yetirilməmiş və ona görə də, həmin iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia rədd olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 107, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı 700 manat məbləğində pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar