Məhkəmə qərarları › İş №2(029)-763/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-763/2021

23.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-763/2021 23.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı sədri X2 və Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin buraxılması, özbaşına inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin buraxılması, özbaşına inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən zəbt edilmiş Qusar rayonu Köhnə Xudat kəndi ərazisində yerləşməklə X5 mülkiyyətində olan 0.08 hektar torpaq sahəsinin buraxılması, cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz olaraq mişar daşından inşa edilmiş su bulağının və hündürlüyü 60 sm olan hasarın öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan, Qusar rayonu X5 torpaq üzərində mülkiyyət hüququ olmaqla, 2018-ci ilin iyun ayında həmin bələdiyyəyə məxsus, Qusar rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən “X-283973.59, Y-4590559.91; X- 283990.12, Y-4590602.70; X-284010.91, Y-4590592.26; X-283994.58 və Y-4590562.52” korrodinatları daxilində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0.08 ha torpaq sahəsinin bir tərəfini hasarlamaqla, digər kənarlarını isə təmizləyərək şərti sərhədlər təyin etməklə ələ keçirib özbaşına tutmuş və həmin torpaq sahəsi üzərində mişar daşından pilləkən, 60 sm hündürlüyündə hasar və su bulağı, eləcə də, çardaq qurmaqla özbaşına tikinti-quraşdırma işləri aparmış, 2020-ci ilin may ayından başlayaraq yay ayları da daxil olmaqla açıq tipli çayxana kimi istifadə etmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İB tərəfindən cinayət işi açılmış və Cavabdeh Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələri ilə ittiham elan olunmuşdur. Qusar rayon məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CMnin 188.1 və 188.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 188.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 188.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasi təyin edilmişdir. Bununla da, Cavabdeh Qusar rayonu X5 mülkiyyətində olan 0.08 ha torpaq sahəsini zəbt etməsi, orada mişar daşından 60sm-lik hasar, su bulağı və digər tikililər inşa etməsi Qusar rayon məhkəməsinin hökmü ilə öz təsdiqini tapmışdır. Cavabdeh torpaq sahəsini buraxaraq orada qanunsuz inşa etdiyi tikililəri sökəcəyini vəd etsə də, bu günədək hasarı və su bulağını sökməmişdir. Çardaq və digər tikililəri isə sökmüşdür. Göründüyü kimi, Cavabdeh Qusar rayonu X5 həmin torpaq sahəsinə dair qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozmuş və ona görə də, hesab edir ki, bələdiyyənin pozulmuş hüquqları bərpa edilməli, cavabdeh zəbt etdiyi torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindən bələdiyyənin qanuni sahibliyinə qaytarılmalıdır. Həmçinin, cavabdeh tərəfindən qanunsuz olaraq həmin torpaq sahəsində mişar daşından inşa edilmiş hündürlüyü 60 sm olan hasar, həmçinin su bulağı cavabdehin öz hesabına sökülməlidir. Məhkəmə iclasından İddiaçı sədri X6 iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edir. Cavabdeh tərəfindən Qusar rayonu X8nə məxsus 0.08 ha torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə tutmuş və həmin torpaq sahəsi üzərində mişar daşından pilləkən, 60 sm hündürlüyündə hasar və su bulağı və digər özbaşına tikinti işləri aparmışdır. Bələdiyyə tərəfindən olunmuş şikayətə görə Qusar rayon məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə Cavabdeh həmin əməllərinə görə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bundan sonra Cavabdeh həmin torpaq sahəsini boşaltmaqla oradan istifadəsini dayandırmış, ərazidəki çardaq və digər özbaşına inşa etdiyi tikililəri sökmüş, lakin hündürlüyü 60 sm olan hasar və su bulağını isə bu günədək sökməmişdir. Dəfələlə ondan tikililərin sökülməsi tələb olunsa da cavabdeh bundan yayınmış, daha sonra isə həmin bulaq üzərində “ŞƏHİDLƏR BULAĞİ” lövhəsini yapışdırmış və bununla da həmin tikilinin sökülməsinə maneçilik törətmişdir. Bulağın yerləşdiyi və hasarın tikildiyi torpaq sahəsi bələdiyyənin balansındadır. Həmin bulağın yanında kafe yerləşir və orada insanlar spirtli içki qəbul edir. Belə yerdə hər hansı “ŞƏHİDLƏR BULAĞİ”nın olması düzgün deyildir və əgər cavabdeh belə bir bulaq tikmək istəyirsə bələdiyyəyə müraciət etdiyi təqdirdə “ŞƏHİDLƏR BULAĞİ”nın tikintisi üçün bələdiyyə tərəfindən kəndin mərkəzindən kənd camaatının ümumi istifadə etdiyi ərazidən müvafiq yer ayrıla bilər. Ona görə də, qeyd olunan həmin hasar və su bulağı cavabdeh tərəfindən onun öz hesabına sökülməli, orada qalmış bəzi avadanlıqlar da ərazidən götürülməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, sözü gedən torpaq sahəsi onlara məxsus deyil. Həqiqətən də həmin ərazidə 60 sm hündürlükdə hasar tikilmiş, lakin həmin hasar torpağın yola tökülməməsi üçün tikilmişdir. Bunda başqa orada “ŞƏHİDLƏR BULAĞİ” tikilmişdir. Həmin hasarın və bulağın heç kimə heç bir aidiyyəti yoxdur. Həmin torpaq sahəsi heç bələdiyyənin də deyil. Əslində bələdiyyə tərəfindən olunmalılar o və oğlu iş üzrə cavabeh Cavabdeh tərəfindən olunaraq abadlıq işləri aparılmışdır. Sözü gedən torpaq sahəsi bələdiyyə tərəfindən başqa şəxsə 30000 manata satılmışdır. Torpağı alan şəxs hasarın və bulağın ona mane olmadığını bildirmişdir. Sözü gedən torpaq onlara satılmalı olmuş, bu səbəbdən də həmin torpaq sahəsini onlar tutmuşlar, lakin sonradan həmin torpaq sahəsini buraxmışlar. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı sədri X2 və Cavabdeh nümayəndəsi X3 izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Köhnə Xudat kənd İnzibati Ərazi Dairəsi üzrə X1, X5 sədri X6 və X5 torpaq komitəsinin sədri Abdullayev İlqar tərəfindən tərtib olunmuş baxış aktından görünür ki, X8 ərazisində, Köhnə Xudat kəndində Cavabdeh tərəfindən 0.08 ha bələdiyyə torpaq sahəsi zəbt olunaraq mişar daşından bulaq və hasar tikilmişdir və halhazırda həmin tikililər mövcuddur. İşdə olan X5 23.07.2021-ci il tarixli 77 saylı arayışından və Köhnə Xudat kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 06.07.2021-ci il tarixli 312 saylı arayışından görünür ki, Köhnə Xudat sakini Cavabdeh tərəfindən Qusar rayonu X8 ərazisində Köhnə Xudat kəndində zəbt edərək özbaşına tutmuş 0.08 ha torpaq sahəsində qeyri-qanuni olaraq üzərində mişar daşından su bulağı, hasar tikilmiş və hal-hazırda sökülməmişdir. İşdə olan Qusar rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli 1(029)-24/2021 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 188.1 və 188.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CMnin 188.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CMnin 188.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən Cavabdeh təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan, Qusar rayonu X5 torpaq üzərində mülkiyyət hüququ olmaqla, bələdiyyənin mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0.08 ha torpaq sahəsini zəbt etməklə həmin torpaq sahəsinin bir tərəfini hasarlamaqla özbaşına tutmuş və həmin torpaq sahəsi üzərində mişar daşından 60 sm hündürlüyündə hasar və su bulağı tikməklə özbaşına tikinti-quraşdırma işləri aparmışdır. Həmin hal Qusar rayon məhkəməsinin 18 may 2021-ci il tarixli 1(029)-24/2021 saylı hökmü ilə də bir daha təsdiq olunur və həmin hökmdə Cavabdeh Qusar rayonu X5 mülkiyyətində olan 0.08 ha torpaq sahəsini zəbt etməsi, orada mişar daşından 60 sm hündürlüyündə hasar və su bulağı inşa etməsi öz təsdiqini tapmışdır. Buna baxmayaraq Cavabdeh torpaq sahəsini buraxmayaraq orada qanunsuz inşa etdiyi hasarı və su bulağını sökməmişdir. Ona görə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən zəbt edilmiş Qusar rayonu Köhnə Xudat kəndi ərazisində yerləşməklə Qusar rayonu X5 mülkiyyətində olan 0.08 ha torpaq sahəsi buraxılmalı, cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz olaraq mişar daşından inşa edilmiş su bulağı və hündürlüyü 60 sm olan hasar onun öz hesabına sökülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-i və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzssiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən zəbt edilmiş Qusar rayonu Köhnə Xudat kəndi ərazisində yerləşməklə Qusar rayonu X5 mülkiyyətində olan 0.08 ha torpaq sahəsi buraxılsın. Cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz olaraq mişar daşından inşa edilmiş su bulağı və hündürlüyü 60 sm olan hasar onun öz hesabına sökülsün. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. imza var. Əsli ilə düzdür. SƏDRLİK EDƏN : ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar