Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-806/2024 26.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və cavabdeh Qusar rayonu Atluxan kənd tam orta məktəbin direktoru X1 iştirakları ilə, İddiaçı cavabdeh Qusar rayonu Atluxan kənd tam orta məktəbinə qarşı “məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Qusar rayonu Atluxan kənd tam orta məktəbinə qarşı “məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Atluxan kənd tam orta məktəbinin onun işdən azad edilməyi barədə 27 iyun 2024-cü il tarixli 51 saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməklə onun Qusar rayonu Atluxan kənd tam orta məktəbinin ləzgi dili müəllimi vəzifəsi üzrə işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı orta ixtisas təhsilli olmaqla ona ibtidai sinif müəllimi və əlavə olaraq ləzgi dili müəllimi ixtisası verilmişdir. Qeyd etdiyi ixtisasları əldə etdikdən sonra xx.xx.2006-ci il tarixdə Qusar rayonu İmamqulukənd kənd məktəbinə ləzgi dili müəllimi təyin edilmişdir. Bundan sonra xx.xx.2012-ci il tarixdə Qusar rayonu İmamqulukənd kənd orta məktəbindən azad edilərək Atluxan kənd tam orta məktəbinə ləzgi dili müəllimi təyin edilmişdir. xx.xx.2012-ci il tarixdə isə həmin məktəbdə ləzgi dili və sinif müəllimi təyin edilmişdir. Daha sonra, Qusar rayonu Atluxan kənd tam orta məktəbi ilə onun arasında xx.xx.2022- ci il tarixli əmək müqaviləsi bağlanmış, həmin müqavilə xx.xx.2022-ci il tarixdə elektron sistemə daxil edilmişdir. Həmin əmək müqaviləsinə əsasən onun vəzifəsi ləzgi dili müəllimi olmuşdur. 2022-2023 tədris ilində məktəbin sinif müəllimi xəstələndiyindən onu əvəzçiliklə müvəqqəti olaraq sinif müəllimi təyin etmişdir və ona 9 saat azərbaycan dilinin tədrisini həvalə etmişlər. Lakin, bununla bağlı aralarında hər hansı müqavilə bağlanmamışdır. Həmin ildə orta məktəb müəllimlərinin sertifikasiya imtahanı təyin olunmuş və onu həmin imtahana göndərmişlər. Həmin vaxt o, buna etiraz edərək sinif müəllimi deyil, ləzgi dili müəllimi olduğunu bildirsə də, ona narahat olmamağını, özünü imtahanda yoxlamağını və onun ləzgi dili müəllimi kimi işləməkdə davam edəcəyini bildirib məcburən imtahana göndərmişlər. Halbuki, qeyd etdiyi kimi onun vəzifəsi ləzgi dili müəllimi olmuş və ləzgi dili müəllimlərinin işə qəbul imtahanı, sertifikasiya imtahanı və kurrikulum nəzərdə tutulmamışdır.2022-ci ildə keçirilən sertifıkasiya imtahanından keçməmişdir. 2024-cü ilin fevral ayının 5-də onunla bağlanmış əmək müqaviləsinə dəyişiklik olunmuş və onunla yeni əmək müqaviləsi bağlanmışdır. Lakin, həmin əmək müqaviləsindən onun xəbəri olmamış və müqaviləni o imzalamamışdır. Həmin müqaviləyə nəzər saldıqda müəyyən olunur ki, o, sinif müəllimi təyin olunmuşdur. Halbuki, o, sinif müəllimi olmamış və ona yalnız 9 saat azərbaycan dili verilmişdir. Bundan sonra 2024-cü ilin iyun ayında məktəb tərəfindən təkrar sertifikasiyaya göndərilmiş və təkrarən imtahandan keçməmiş, buna görə də, Qusar rayonu Atluxan kənd tam orta məktəbinin 27 iyun 2024-cü il tarixli 51 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Xitam verilmənin əsası kimi də məhz imtahandan keçməməyi qeyd olunmuş və o, sinif müəllimi kimi işdən azad olunmuşdur. Belə ki, o, 26.11,2022-ci il tarixdə elektron sistemə daxil edilmiş 21.11,2022-ci il tarixli əmək müqaviləsinə əsasən Qusar rayonu Atluxan kənd tam orta məktəbinin ləzgi dili müəllimi olduğu halda, heç bir əsas olmadan sinif müəllimi kimi sertifikasiyaya göndərilmiş. Halbuki, onun vəzifəsi məcburi sertikikasiyanın predmeti olmamışdır. Hətta, o, həmin vaxt sinif müəllimi olsaydı belə, 3 il müddətində məcburi sertifikasiyaya göndərilə bilməzdi. Çünki, onunla əmək müqaviləsi 21.11,2022-ci il tarixdə bağlanmışdır. Ona görə də həmin sertifikasiyanm nəticələrinin onun ləzgi dili müəllimi kimi əmək funksiyalarıma hər hansı təsiri mövcud olmamışdır. Bundan başqa, onun 2024-cü ilin iyun ayında təkrar sertifikasiya adı ilə imtahana göndərilməyi də yuxarıda qeyd etdiyi Qanunun və Qaydanın tələblərinə zidd olmuşdur. Çünki, onunla sinif müəllimi kimi əmək müqaviləsi xx.xx.2024cü il tarixdə bağlanmışdır və həmin müqavilədən də onun xəbəri yoxdur. Həmin müqavilə elektron sistemə daxil edilsə də, o, həmin müqaviləni imzalamamışdır. Eyni zamanda həmin müqavilədən sonra da 3 il müddət keçmədən o, hər hansı sertifikasiya imtahanına göndərilə bilməzdi. Beləliklə, hesab edir ki, Qusar rayonu Atluxan kənd tam orta məktəbi tərəfindən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyindən, həmin orta məktəbin onun işdən azad edilməyi barədə 27 iyun 2024-cü il tarixli 51 saylı əmri ləğv edilməli, o, tutduğu ləzgi dili müəllimi vəzifəsinə bərpa olunmalıdır. Bundan başqa, məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. O, mübahisənin məhkəmədən əvvəl mediasiya prosesində həll edilməsi üçün Mediasiya Şurasına müraciət etmişdir, lakin Qusar rayonu Atluxan kənd tam orta məktəbi ilə aralarında hər hansı razılıq əldə olunmamış və bununla bağlı mediator tərəfindən xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə Qusar rayon məhkəməsinə müraciət etmək məcburiyyətindədir. Eyni zamanda bildirir ki, məhkəmə müdafiəsində istifadə etmək üçün müəyyən olunmuş iddia müddəti onun tərəfindən ötürülməmişdir və onun pozulmuş hüquqları məhkəmə tərəfindən müdafiə olunmalıdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, iddiaçı onun arvadıdır. İddiaçı məktəbi bitirəndən sonra 18 il məktəbdə müəllim işləyib. 2022-ci ildə məktəbdə işləyən müəllimin səhhəti ilə əlaqədar müəllim işdən azad edildiyinə görə iddiaçıya ibtidai sinif müəllimi kimi 9 saat tədrisi həvalə edilib. Sonra həmin əvəzetməyə görə iddiaçını sertifikasiya imtahanına göndərilib, iddiaçı sualları cavablandıra bilmədiyindən birinci sertifikasiyadan kəsilib. İkinci dəfə ona verilən vakansiyanı müəllimlər arasında bölüşdürüb yenə 9 saat tədrisi həvalə edilib. İkinci dəfə sertifikasiyaya göndərilib, müəyyən bal toplamadığına görə ikinci sertifikasiyadan da kəsilib. İddiaçının xəbəri olmadan əmək müqaviləsində müəyyən dəyişikliklər olunub, sertifikasiyaya ibtidai sinif müəllimi kimi gedib, amma sistemdə ləzgi dili müəllimi göstərilib. İddiaçı ibtidai sinif və Ləzgi dili müəllimliyi üzrə diplom verilmişdir. İddiaçının əmək müqaviləsində ləzgi dili müəllimi göstərilib, ona yalnız 9 saat azərbaycan dili verib, ancaq iddiaçı sinif müəllimi kimi işdən azad olunub. İddiaçı əmək müqaviləsində ibtidai sinif müəllimi kimi yazılıb. O da, həmin məktəbdə ibtidai sinif müəllimi işləyir. O da, sertifikasiyadan keçmişdir. İddiaçı ləzgi dili müəllimidir, ancaq sertifikasiyadan sinif müəllimi işlədiyinə görə keçib. İddiaçının müqaviləsində ləzgi dili yazılıb. İddiaçı ibtidai sinif müəllim kimi sertifikasiyadan keçib. Məktəbin direktoruna iddiaçının sertifikasiyaya göndərilməsi ilə bağlı öz narazılıqlarını bildirmişlər, narazılıq şifahi formada etmişlər, yazılı formada bildirməmişlər. İddiaçının diplomunda ibtidai sinif və ləzgi dili müəllimi yazılıb. İddiaçı ləzgi dilini tədris edir. Buna görə hesab edir ki, iddiaçının hüquqları pozulub, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh Qusar rayonu Atluxan kənd tam orta məktəbin direktoru X3 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, İddiaçı 2012-ci ildə ixtisası üzrə məktəbdə ibtidai sinif və ləzgi dili müəllimi təyin olunub. İddiaçı 2023-cü ildə iddiaçı sertifikasiyadan keçə bilməmişdir. Sonra ikinci dəfə yenə iddiaçı sertifikasiyadan keçə bilməmişdir. Buna görə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində və sertifikasiya qaydalarına görə əmək müqaviləsinə xitam verilib. İddiaçı sertifikasiyadan ibtidai sinif müəllimi kimi keçib. İddiaçının diplomunda ibtidai sinif müəllimi yazıldığına görə sertifikasiyaya göndərilib. İddiaçı 2012-ci ildə ibtidai sinif müəllimi və ləzgi dili müəllimi kimi işə qəbul olunub. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 01 dekabr 2012-ci il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, Qusar rayonu Atluxan kənd tam orta məktəbin direktoru X5 ilə X4 arasında bağlanmış əmək müqaviləsinə əsasən X4 xx.xx.2012-ci il tarixdən Qusar rayonu Atluxan kənd tam orta məktəbində ibtidai sinif və ləzgi dili vəzifəsinə təyin edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Qusar rayonu Atluxan kənd tam orta məktəbin direktoru X3 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Qusar rayonu Atluxan kənd tam orta məktəbində sinif müəllimi vəzifəsinə təyin edilmişdir. İşdə olan 27 iyun 2024-cü il tarixli 51 saylı Məktəbəqədər və Ümumi Təhsil üzrə X10-Xaçmaz Regional Təhsil İdarəsindən verilmiş əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin surətindən görünür ki, təhsilverənin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma “Dövlət ümumi təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Cavabdehn ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. İşdə olan BB-İİ 035679 saylı diplomun surətindən görünür ki, X2 ibtidai sinif və Ləzgi dili müəllimliyi üzrə diplom verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 67-2. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılması. 67-2.1 Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 67-2.4 “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndinə əsasən, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əsas hüquqları vardır. Beləliklə məhkəmə hesab edir ki, Qusar rayonu Atluxan kənd tam orta məktəbinin 27 iyun 2024-cü il tarixli, 51 saylı əmri əmri qanuni və əsaslıdır. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiaçı Qusar rayonu Atluxan kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləmişdir. Təsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə xx.xx.2024-cü il tarixdə keçirilmiş təkrar sertfikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət müəssisələrində) işləyən təhsilverənlərin sertfikatlaşdırma Qaydası" ilə müəyyən olunmuş keçid balını toplaya bilmədiyindən Qusar rayonu Atluxan kənd tam orta məktəbinin xx.xx.2024-cü il tarixli, 51 saylı əmri ilə, İddiaçı təkrar sertfikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. Məhkəmə, iddiaçının iddia ərizəsində göstərdiklərini özünümüdafiə hesab edir. Belə ki, işdə olan BB-İİ 035679 saylı diplomun surətindən görünür ki, X2 ibtidai sinif və Ləzgi dili müəllimliyi üzrə diplomu mövcuddur. İddiaçı yuxarıda sadalan qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar sertfikatlaşdırmadan keçmədiyi üçün iddia tələbi əsassızdır və İddiaçı cavabdeh Qusar rayonu Atluxan kənd tam orta məktəbinə qarşı “məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh Qusar rayonu Atluxan kənd tam orta məktəbinə qarşı “məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-806/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-806/2024
26.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver