Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-812/2025 30.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 məxsus olan, Qusar rayonu Balaqusar kəndində yerləşən 0.57 hektar torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlakın vərəsəlik yolu ilə mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Ərizəçi iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu Balaqusar kəndində yerləşən 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X1 məxsusdur. X3 onun ana tərəfdən qohumudur. O, uşaq olan vaxtlardan anası ilə Asiya Şixnəbiyevanm münasibətləri çox yaxın olmuş və o, həmin şəxsə öz nənəsi kimi münasibət göstərmişdir, həmin şəxs də ona öz nəvəsi kimi davranmaqla ona qayğı göstərmişdir. Asiya Şixnəbiyeva xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Vəfat etməmişdən xeyli müddət ona o baxmış, ona qayğı göstərəcək digər şəxslər, qohumlar olmamışdır. Həmin şəxs vəfat etdikdən sonra onun dəfn və yas mərasimlərini də o təşkil etmiş, xərcini də o çəkmişdir. Asiya Şixnəbiyeva vəfat etməmişdən əvvəl xx.xx.2001- ci il tarixli vəsiyyətnamə tərtib etməklə özünə məxsus torpaq sahəsini ona vəsiyyət etmiş, həmin vəsiyyətnamə Qusar rayon İHB-nın Balaqusar kənd İƏD üzrə Nümayəndəliyində qeydiyyata alınmışdır. Hazırda həmin vəsiyyətnamə qüvvədədir, dəyişdirilməmiş, ləğv edilməmiş, bu barədə həmin icra nümayəndəliyi tərəfindən müvafiq arayış verilmişdir. X5 vəfatından sonra ona məxsus torpaq sahəsi faktiki olaraq onun tərəfindən qəbul olunmuş, torpaq sahəsindən istifadə etməyə və ona sahiblik etməyə başlamışdır. Torpaq sahəsinin torpaq vergiləri də onun tərəfindən ödənilmişdir. O, Qusar rayon Notariat Ofisinə müraciət edərək X8nm miras kütləsinə daxil olan torpaq sahəsinin vəsiyyət üzrə vərəsəlik qaydasında adına rəsmiləşdirilməsini, adına müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, lakin həmin notariat ofisi mirasın açılmasından uzun müddət keçmisənə görə bunun mümkün olmadığını bildirməklə məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. X8 özünün miras əmlaklarını müvafiq icra hakimiyyəti orqanı- Qusar rayon İHB-nın Balaqusar kənd İƏD üzrə nümqayəndəliyi tərəfindən təsdiq edilməklə vəsiyyətnamə tərtib edib ona vəsiyyət etdiyindən və həmin vəsiyyətnamə hazırda qüvvədə olduğundan mirasa dair qanun üzrə vərəsəliyin müəyyən olunması istisna olunur və mirasa vəsiyyət üzrə vərəsəlik müəyyən olunmalıdır. O, mərhum Siya Şixnəbiyevanın mirasını qəbul etmək üçün notariat ofisinə vaxtında ərizə verməsə də miras əmlaklara faktiki olaraq yiyələnməklə onların mülkiyyətçisi olmaq niyyətini və arzunu ifadə edən hərəkətlər etmişdir. Belə ki, miras açıldığı vaxtdan həmin mirası o, idarə edir, torpaq sahəsinin torpaq vergilərini ödəmişdir. Belə olan halda, hesab edir ki, o miras qoyan Asiya Şixnəbiyevanm miras əmlaklarını faktiki olaraq qəbul etmişdir. Beləliklə, hesab edir ki, Asiya Şixnəbiyevanın miras kütləsinə daxil olan Qusar rayonu Balaqusar kəndində yerləşən torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, həmçinin həmin miras əmlak vəsiyyət üzrə vərəsəlik yolu ilə onun mülkiyyətinə verilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, təmin edilməsini xahiş edir. Bundan başqa bildirmişdir ki, şəxsi işlərilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir, ona görə də işə onun iştirakı olmadan baxaraq ərizənin təmin edilməsinə dair və ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixi Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, X4 14 oktyabr 2003-cü il tarixdə ölmüşdür. İşdə olan Qusar RİHB-nın Bala Qusar kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 162 saylı arayışdan görünür ki, mərhum X3 vəfat etdiyi günə kimi Qusar rayonu Balaqusar kəndindəki ünvanda yaşamışdır və onun ölümündən sonra mərhumun vərəsəsi qalmamışdır. İşdə olan Qusar rayonu Balaqusar Bələdiyyəsi tərəfindən verilmiş 19 aprel 2024-cü il tarixli 66 saylı arayışdan görünür ki, mərhumə X2 adına olan torpaq sahələrinin torpaq vergilərini vəfat etdikdən sonra Ərizəçi ödəmişdir. İşdə olan Qusar RİHB-nın Balaqusar kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 24 aprel 2024-cü il tarixli 164 saylı arayışdan görünür ki, Qusar rayonu Balaqusar kənd sakini mərhum X4 2003 -cü ildə vəfat etmişdir və onun dəfn xərclərini Qusar rayonu Balaqusar kənd sakini Ərizəçi ödəmişdir. İşdə olan Qusar RİHB-nın Balaqusar kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 26 aprel 2024-cü il tarixli 169 saylı arayışdan görünür ki, X4 tərəfindən tərtib edilmiş xx.xx.2001-ci il tarixli vəsiyyətnamə Qusar RİHB-nm Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatdan keçmişdir. Həmin vəsiyyətnamə ləğv edilməmiş, dəyişdirilməmiş, hazırda qüvvədədir. İşdə olan xx.xx.2001-ci il tarixli vəsiyyətnamədən görünür ki, X4 xüsusi mülkiyyətə düşən 0.66 sot torpaq sahəsi Ərizəçi bağışlayır. Onun başqa varisi yoxdur. İşdə olan JN:0579 KOD 30106018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X1 xx.xx.1999-cu ildə Qusar rayonu AİK-in 10/4 saylı qərarı ilə Qusar rayonu Balaqusar kəndi ərazisindən .57 ha torpaq sahəsi xüsusi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1 -ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Qusar rayonu Balaqusar kəndində yerləşən 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X1 məxsusdur. Asiya Şixnəbiyeva xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Asiya Şixnəbiyeva vəfat etməmişdən əvvəl xx.xx.2001- ci il tarixli vəsiyyətnamə tərtib etməklə özünə məxsus torpaq sahəsini ona vəsiyyət etmiş, həmin vəsiyyətnamə Qusar rayon İHB-nın Balaqusar kənd İƏD üzrə Nümayəndəliyində qeydiyyata alınmışdır. Hazırda həmin vəsiyyətnamə qüvvədədir, dəyişdirilməmiş, ləğv edilməmiş, bu barədə həmin icra nümayəndəliyi tərəfindən müvafiq arayış verilmişdir. X5 vəfatından sonra ona məxsus torpaq sahəsi faktiki olaraq Ərizəçi tərəfindən qəbul olunmuş, torpaq sahəsindən istifadə etməyə və ona sahiblik etməyə başlamışdır. Ona görə də, məhkəmə ərizəçinin dəlilləri ilə razılaşaraq hesab edir ki, X6 məxsus olan, Qusar rayonu Balaqusar kəndində yerləşən 0.57 hektar torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və həmin miras əmlak vərəsəlik yolu ilə Ərizəçi mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X6 məxsus olan, Qusar rayonu Balaqusar kəndində yerləşən 0.57 hektar torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin və həmin miras əmlak vərəsəlik yolu ilə Ərizəçi mülkiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-812/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-812/2025
30.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver