Məhkəmə qərarları › İş №2(029)-826/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-826/2021

19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-826/2021 19.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3600 (üç min altı yüz) manat pulun, habelə iddia qaldırılmaqla əlaqədar ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, onun məhkəməyə müraciət etməyinin səbəbi odur ki, Cavabdeh onu aldadaraq pulunu mənimsəmişdir. Belə ki, cavabdeh onu aldadaraq 6000 manat pulunu almışdır. Cavabdeh aldığı 6000 manat pul ilə onu X4 işə düzəltməli olmuşdur. Cavabdeh onu və ailə üzvlərini aldadaraq 6500 manat pul almış, bu puldan istintaq zamanı 2900 manatını hissə-hissə qaytarmış, bu günə kimi də, pulun qalan hissəsini yəni 3600 manatı qaytaracağına söz versə də, qaytarmamışdır. O, pulu tələb etdikdə, cavabdeh müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən boyun qaçırır. Onu aldatdığını bildikdə polisə müraciət etməli olmuşdur. Onun polisə şikayət etməyi əsasında, toplanmış materiallarda cinayət faktı olduğundan, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin 1(006)-161/2021 saylı 06.05.2021-ci il tarixli hökmünə əsasən Cavabdeh, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinə baxılarkən onun mülki iddiası olmamış, ona görə də, mülki qaydada iddia qaldırmalı olmuşdur. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir və Cavabdeh ona 3600 manat məbləğində pul verməlidir. Lakin, bu günə kimi onun pulunu qaytarmamışdır. Cavabdeh hər dəfə məhkəmə iclasına gəlməməklə məhkəmə iclaslarını uzatmağa çalışır və bununlada özlüyündə onun pulunu verməkdən yayınır. O, Bakı şəhərində yaşayır, hər dəfə yolun uzaqlığı ilə bağlı məhkəmə iclasına gəlib-gedə bilmir, əlavə xərcləri çıxır. Odur ki, iddianı müdafiə edir və bildirir ki, şəxs işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilməyəcək və işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə 17.11.2021-ci il tarixli teleqram göndərərək səhhətində problem olduğuna görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 184.5 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 06.05.2021ci il tarixli 1(006)-161/2021 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmün təsviri əsaslandırıcı hissəsindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh təkrarən tanışı İddiaçı sonuncunun əri X2 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR”-da operator vəzifəsinə işə düzəldəcəyinə dair yalandan vəd verib etibardan sui-sitifadə edib aldadaraq 22 iyul 2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən “Kristella” gözəllik salonunun qarşısında 500 manat, eyni adla 25 iyul 2019-cu il tarixdə həmin ünvanda 2500 manat pulun ələ keçirib vermiş olduğu vədə əməl etməyərək vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 3000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Cavabdeh təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı İddiaçı sonuncunun qardaşı X3 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR”-da işə düzəldəcəyinə dair yalandan vəd verib etibardan sui-sitifadə edib aldadaraq 28 iyul 2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən “Kristella” gözəllik salonunun qarşısında 3000 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərəçəkmiş şəxs İddiaçı maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh 15 mart 2019-cu il tarixdə İddiaçı qarşı dələduzluq cinayətini törətməklə həmin şəxsə 6000 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin ziyanın bir hissəsini qaytarsa da, 3600 manat hissəsini ödəməkdən boyun qaçırır. Həmin hal Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 06.05.2020-ci il tarixli 1(006)-161/2021 saylı hökmü ilə öz təsdiqini tapmışdır. Bununla da, Cavabdeh İddiaçı qarşısında delikt öhdəliyi yaranmışdır. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh təqsirli hərəkəti nəticəsində İddiaçı vurulmuş maddi zərərin əvəzi kimi 3600 (üç min altı yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 3600 (üç min altı yüz) manat məbləğində pul vəsaiti, habelə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar