Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-837/2023 20.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin ev əvvəllər anası Zibeydə Talıbovaya məxsus olmuş, daha sonra isə vərəsəlik yolu ilə onun mülkiyyətinə keçmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun uzaq qohumlarıdır və ona məxsus evdə pasport qeydiyyatındadırlar. Həmin şəxslər onun uzaq qohumları olsalar da, onlarla onun araaında hər hansı ailə hüquq münasibətləri mövcud deyil, onlar onun ailə üzvləri deyillər. Fərdi yaşayış evi onun mülkiyyətinə keçdikdən sonra onlarla onun arasında evdən istifadə hüququna dair hər hansı notarial razılaşma olmamış, hazırda da yoxdur. Bundan başqa, fərdi yaşayış evi onun mülkiyyətinə keçməmişdən uzun müddət əvvəldən cavabdehlər həmin evdə yaşamırlar, başqa daimi yaşayış yerləri var və ona məxsus yaşayış sahəsinə hər hansı ehtiyacları yoxdur. Ona görə də, cavabdehlərin ona məxsus evə istifadə hüquqlarının heç bir əsası olmadığından onların həmin evə pasport qeydiyyatında qalmaları onun mülkiyyət hüququnun əsassız pozulmasına səbəb olur. Beləliklə, hesab edir ki, onun ünvan 1 ünvanda yerləşən evə mülkiyyət hüququ müdafiə olunmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin evə istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, Cavabdeh2 onun ögey qardaşıdır, Maya isə həmin şəxsin arvadıdır. Uzun müddətdir ki, İmranla və Maya ilə heç bir münasibəti yoxdur, əlaqə saxlamırlar, həmin şəxslər Rusiyada yaşayırlar. Cavabdeh3 onun bacısıdır, həmin şəxs də ona məxsus evdə yaşamır, ona məxsus evdən qeydiyyatdan çıxmağa da razıdır. Odur ki, cavabdehlərin ona məxsus evə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etmiş və izahatında göstərmişdir ki, o, ididaçıya məxsus evdə yaşamır, özünün başqa yaşayış yeri var, iddiaçıya məxsus evdən qeydiyyatdan çıxmağa razıdır. Digər cavabdehlər də 20 ildir ki, iddiaçıya məxsus evdə yaşamırlar, Rusiyada yaşayırlar, onda olan məlumata görə Rusiya Federasiyasının vətəndaşıdırlar. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri və çağırış vərəqələri göndərilməsinə baxmayaraq həmin şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və Cavabdeh3 izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon İHB-nın Qusar şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2822 saylı arayışdan görünür ki, Qusar şəhəri Sabir küçəsi hal-hazırda M.Həsrətov küçəsi adlanır. İşdə olan Azərbaycan Respublikası DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 4 ünvanda qeydiyyatdadırlar. İşdə olan X5, X3 və X1 tərəfindən tərtib edilmiş 23 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, onlarla qonşuluqda yaşayan İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlı şəxslər yaşamamışlar, həmin şəxsləri həmin ünvanda görməmişlər, onları həmin evin sakini kimi tanımamışlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus evdə pasport qeydiyyatında olsalar da, həmin şəxslər faktiki olaraq uzun müddətdir ki, iddiaçıya məxsus evdə yaşamırlar, özlərinin başqa yaşayış sahələri var, iddiaçının ailə üzvləri deyillər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1, 2 və 3-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1 və 5-ci bəndlərinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Göründüyü kimi, iddiaçının iddia tələbinin hüquqi əsasını mülkiyyətin müdafiəsi təşkil edir (Mülki Məcəllənin 157-ci maddəsi) və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçının xüsusi mülkiyyətində olması, cavabdehlərin isə həmin evdə pasport qeydiyyatında olmaları işin mübahisəsiz faktiki hallarıdır. Cavabdehlərin həmin evə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin şəxslərlə iddiaçı arasında hər hansı ailə münasibətləri mövcud deyil və buna görə də onların həmin evdən ailə hüquq münasibətlərinə əsaslanan istifadə etmək səlahiyyəti də yoxdur. Bundan başqa, həmin şəxslərin artıq uzun müddətdir həmin evdə yaşamamaları və özləri üçün başqa yaşayış yerləri seçərək orada yaşamaları və bununla da, iddiaçıya məxsus evdə yaşamağa hər hansı ehtiyaclarının olmaması məhkəmə tərəfindən müəyyən olunmuş, həmin hallar işdə olan sənədlərlə, o cümlədən Cavabdeh3 etirafedici izahatı ilə sübuta yetirilmişdir. Həmçinin, qeyd olunmalıdır ki, cavabdeh Sonaxanım Mehrəliyevanın həmin evə məhdud əşya hüququ olan istifadə hüququ da mövcud deyil, çünki mübahisəli ev iddiaçının mülkiyyətinə keçdikdən sonra həmin şəxsin belə bir hüququn əmələ gəlməsinə əsas verən hal olmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə hazırda cavabdehlərin həmin evə istifadə hüquqlarının mövcud olmasının əsasları tam aradan qalxdığından onların həmin hüququnun, o cümlədən evə pasport qeydiyyatının saxlanması iddiaçının mülkiyyət hüququnun əsassız pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, iddia tələbinin hüquqi əsası ilə işin faktiki halları tamamilə uzlaşır və bu səbəbdən də, iddiaçının ünvan 1 ünvanda yerləşən evə mülkiyyət hüququ müdafiə olunmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin evə istifadə hüquqlarına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 5 ünvanda yerləşən evdən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən:Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-837/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-837/2023
20.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver