Məhkəmə qərarları › İş №2(029)-868/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-868/2022

20.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-868/2022 20.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh və tərcüməçi X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətə qarşı qəsdə son qoyulması, cavabdehin evdən çıxarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “mülkiyyətə qarşı qəsdə son qoyulması, cavabdehin evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Qusar rayonun Gedəzeyxur kəndində 0,21 ha həyətyanı torpaq sahəsində yerləşən, 15 iyul 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 49 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmış birmərtəbəli yaşayış evinə cavabdeh tərəfindən törədilən qəsdə son qoyulmasına Cavabdeh məcburi qaydada evdən çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədə xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar rayonun Gedəzeyxur kəndində 0,21 ha həyətyanı torpaq sahəsində yerləşən, birmərtəbəli yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında tam həcmdə ona məxsusdur, həmin yaşayış evi onun adına 15 iyul 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 49 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla rəsmiləşdirilmiş,14 iyul 2021-ci ildə inventar nömrəsi 44 olan texniki pasport tərtib edilmişdir. Evin yerləşdiyi 0,21 ha torpaq sahəsi onun, yəni İddiaçı övladların X6 və Cavabdeh ümumi birgə mülkiyyətindədir, hüquqları yuxarıda qeyd edilən çıxarışla qeydiyyata alınmışdır.2022-ci ilin may ayının əvvlərinə kimi həmin evdə yaşamışlar. May ayının əvvəllərində xəstə olduğu üçün oğlu Cavabdeh ailəsi ilə birlikdə yanına gələrək bir neçə gün evində qalmışdır. Evinə gələn bir neçə gündən oğlu Əlimurad heç bir əsas olmadan onunla müxtəlif bəhanələrə əl ataraq mübahisə etməyə başlamış, onu mütəmadi qaydada söyüb təhqir etmiş, ünvanına nalayiq söyüşlər söyməklə onu hədələmiş, ona evdən çıxmağı təklif etmiş, daha sonra isə onu 03 may 2022-ci il tarixdə məcburi qaydada evdən qovmuşdur.Xüsusi mülkiyyətində olan evdə hazırda oğlu Cavabdeh ailəsilə birgə yaşayır, o isə, qovulduğu gündən ünvan 1 ünvanda yerləşməklə, digər oğlu X2 evində yaşayır.Bir neçə dəfə oğlu Ağamalı Ramazanov qardaşı Cavabdeh onu evinə qaytarılmağını tələb etmiş, lakin Cavabdeh onu evinə qaytarmaqdan qəti imtina etmiş, bundan sonra onu evə buraxmayacağını bildirmişdir. X1 ona qarşı törətdiyi əməllərindən Qusar rayon İHB-nin Gedəzeyxur kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinə şikayət etmiş, lakin nümayəndə tərəfindən ona hər hansı bir köməklik göstərilməmiş, şikayətinə 23 may 2022-ci il tarixli 333 saylı arayışla cavab vermişdir. 2022-ci ilin iyun ayının əvvəllərində cavabdehin hərəkətləri barəsində Qusar rayon Prokurorluğuna rəsmi qaydada ərizə ilə müraciət etmiş, ərizəsi araşdırılması üçün Qusar rayon Polis şöbəsinə göndərilmişdir. Qusar rayon Polis şöbəsi 23 iyun 2022-ci il tarixli 149-1086/R-3222 saylı məktubu ilə müraciəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir.Yaşayış evinin tam həcmdə onun mülkiyyətində olması rəsmi çıxarışla, texniki pasportla təsdiqlənir, Cavabdeh qeyri-qanuni hərəkətləri nəticəsində, faktiki olaraq o, mülkiyyətindən məhrum olmuşdur.Cavabdeh onun mülkiyyətində olan yaşayış evindən onu çıxarmaqla, evdən sahiblik və istifadə hüququnu pozmuş, bu hərəkətləri ilə onun mülkiyyətinə qəsd etmiş, onun bu hərəkətlərinə son qoyulmasını zəruri sayır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, o, digər oğlunun qızı ilə yaşayırdı. Nəvəsi ailə qurduqdan sonra evdə tək qalmış, buna görə də ,o, cavabdehi öz yanına gətirmiş, evi, torpağı onun adına qeydiyyata salmış və cavabdeh ailəsi ilə bir yerdə yaşamışdır. Cavabdehin arvadı 1 ay müddətində onunla münasibəti yaxşı olmuş, sonra ona qarşı münasibəti dəyişmişdir. Mübahisəli evin nə vaxt tikildiyi onun yadında qalmamış, həmin evi, Rusiya Federasiyasında olan oğlu tikmiş, başqa heç kimin həmin evdə əməyi yoxdur. O, cavabdehə yaxşılıq etmiş, ailəsi ilə birlikdə onu öz evinə buraxmışdır. Cavabdehin 15 və 7 yaşlarında 2 qız uşaqları var. Cavabdehin arvadı şirkətə işləməyə getdikdən sonra ona qarşı münasibət dəyişmiş, evin çılçırağını çıxartmış, evdə olan xalçaları çıxardıb yandırmışdır. Hazırda o, gah orda, gah burda yaşayır. O biri uşaqların yanında qalır. Əvvəllər cavabdeh mübahisəli evdə yaşamamışdır. Cavabdehə onun tərəfindən həmin evdən kompensasiya verilməklə çıxması təklif olunmamışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı onun doğma anasıdır, onu heç kim evdən qovmamış, o, həmişə anasının qayğısına qalmışdır. O, anasının həmin evdə gəlib qalmasına heç bir etiraz etmir. Evdə söz söhbət olan kimi iddiaçı küsüb evdən çıxıb gedir. O, ailəsi ilə birlikdə həmin evə 2021-ci ilin dekabr ayında köçmüşdür. Həmin müddətə qədər həmin evin yanında onun ata-babadan qalmış 2 mərtəbəli köhnə evi olmuş, həmin köhnə evdə yaşamışdır. Köhnə ev sökülmüş, yanında 2015-ci ildə yeni ev tikilmişdir. 2021-ci ilə kimi o, ailəsi və anası ilə birlikdə köhnə evdə yaşamışdır. Təzə evi, qardaşları kömək edərək tikmiş, həmçinin o həmin evin tikintisində fəhlə kimi işləmişdir. Həmin ev anasının adınadır. Hazırda o, 2 uşağı və arvadı ilə həmin evdə yaşayır. Onun başqa yaşamağa evi yoxdur. Həmin ev olan torpaq sahəsi ata-babadan qalmışdır. Həmin ata-baba evində dünyaya gəlmiş, orada böyümüşdür. İddiaçı ona kompensasiya verilməklə evdən çıxması ilə bağlı müraciət etməmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Qusar RİHB-nın Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 23 may 2022-ci il tarixli 333 saylı arayışdan görünür ki, İddiaçı oğlu Cavabdeh ailəsi birlikdə özünə məxsus evində birgə yaşayır.İddiaçı ilə oğlu Cavabdeh ailəsi aralarında tez-tez mübahisələr yarandığına görə hal-hazırda Qusar şəhərində yaşayan X4 evində yaşayır. İşdə olan xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Gedəzeyxur kəndində 0.21 ha torpaq sahəsi İddiaçı, X6 və Cavabdeh ümumi birgə, həmin torpaq sahəsində yerləşən 68 kv/metr sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İşdə olan reyestr nömrəsi **********55-10301 olan fərdi yaşayış evinin texniki passportundan görünür ki, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 68 kv/metr olan fərdi yaşayış evi İddiaçı məxsusdur. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, mübahisəli mənzil iddiaçının adına 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Bundan qabaq 2021-ci ilədək cavabdeh mübahisəli fərdi yaşayış evinin yanında ata-baba evi olan 2 mərtəbəli evdə ailəsi ilə birlikdə yaşamışdır. Daha sonra ata-baba evinin yanında sözü gedən mübahisəli fərdi yaşayış evi inşa edilmiş, sonra onlara məxsus ata-baba evi sökülmüşdür. Cavabdeh özü də mübahisəli evin tikintisində iştirak etmişdir. Hazırkı mübahisədə Cavabdeh iddiaçıya məxsus mübahisə predmeti olan mənzilə istifadə hüququnun olması məsələsinə aydınlıq gətirərkən məhkəmə qeyd edir ki, mübahisəli mənzil köhnə ata-baba evinin yerində inşa edilmişdir. Cavabdeh ata-baba evində yaşamış, boya-başa çatmışdır. Təzə fərdi ev tikildikdən sonra oraya köçmüşdür. Odur ki, hazırkı mübahisəli mənzildən cavabdehin çıxarılması üçün kompensasiya ödənilmədir. İş materiallarından görünür ki, cavabdehə kompensasiya ilə bağlı heç bir təklif olunmamışdır. Bundan başqa, işin halları ilə cavabdehin digər daimi yaşayış yerinin olması sübuta yetirilmir Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Bununla yanaşı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə qərar alınıb ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsaslanmışdır. Həmin Qərarın nəticə hissəsinin 2-ci bəndinə görə Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə əsaslanaraq məhkəmə hesab edir ki, hazırkı mübahisəyə 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Beləliklə, müəyyən edildiki, Cavabdeh iddiaçıya məxsus mənzilə istifadə hüququ mövcuddur və bu hüquqa kompensasiya verilmədən xitam edilməsinə əsaslar yoxdur. Belə ki, bu tələbin əsaslı olması üçün iddiaçının mübahisəli mənzilə etibarlı mülkiyyət hüquqları, cavabdehin isə istifadə hüquqları mövcud olmalıdır. İstifadə hüququnun kompensasiya verilmədən itirilməsi üçün hüququn mövcudluğuna səbəb olan hallar aradan qalxmalıdır. Məsələn, hüquq sahibinin həmin yaşayış sahəsini birdəfəlik tərk edib getməsi və ya digər şəkildə həmin hüququndan faktiki imtina etməsi halı (Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Plenum qərarında formalaşdırdığı hüquqi mövqe). Lakin, hazırkı işdə bu hallar mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Bundan başqa, həmin qərarda qeyd olunur ki, qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd olunur ki, «Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır.Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsədə, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Deməli, hazırkı işdə cavabdehin istifadə hüququna yalnız kompensasiya verməklə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilir ki, qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ : İddiaçı Cavabdeh qarşı mülkiyyətə qarşı qəsdə son qoyulması, cavabdehin evdən çıxarılması tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar