Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-878/2023 12.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X32 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın mülkiyyətə verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın mülkiyyətə verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum babası X6 miras kütləsinə daxil olan, ünvan 2 evin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlakların vərəsəlik yolu ilə onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ünvan 2 (köhnə Stalin küçəsi ev 101) ev yerləşdiyi 600 kv.metr torpaq sahəsi ilə birlikdə babası X8 məxsus olmuş, həmin şəxsin adına müvafiq texniki pasport tərtib edilmişdir. X25 vəfat edənədək həmin evdə yaşamış, xx.xx.1973cü il tarixdə isə vəfat etmişdir. Babası vəfat etməmişdən əvvəl onun oğlu, onun X2 da həmin evdə yaşamış, babası vəfat etdikdən sonra isə həmin evə sahiblənməklə orada yaşamağa, evi və torpaq sahəsini idarə etməyə davam etmiş, bununla da öz atasının mirasını faktiki olaraq qəbul etmişdir. X2 12 fevral 2000-ci il tarixdə vəfat etmiş və vəfat edənədək yuxarıda göstərilən ünvanda yaşamışdır. O, xx.xx.1984-cü ildə həmin ünvanda atası Qeysəddin Babayevlə anası X13 birgə nikahlarından anadan olmuş, orada böyümüş, mərhum atası vəfat etdikdən sonra da orada yaşamağa davam etmiş, hazırda da həmin ünvanda qeydiyyatda olmaqla orada yaşayır. Mərhum atası vəfat etdikdən sonra onun qanun üzrə 5 nəfər vərəsələri qalmışdır. Həmin şəxslər özündən başqa anası X20, qardaşları X11 və X12, bacısı X9. X29 05 fevral 2020-ci il tarixdə, qardaşı Elçin Babayev 11 iyun 2006-cı il tarixdə vəfat etmişlər və hazırda mərhum atasının 3 nəfər vərəsələri qalmışdır. Hazırda mərhum babasından miras qalmış evdə yalnız o, yaşayır, evi mərhum atasından sonra miras əmlak kimi o, qəbul edib ona sahiblənmişdir. Evin bütün kommunal xidmət haqları onun tərəfindən ödənilir. Mərhum atasının digər vərəsələri olan qardaşı Yalçın Babayev və Elvinə Babayeva mərhum babasından qalmış mirası qəbul etmək istəmirlər, bu barədə ərizə vermişlər. Bu yaxınlarda o, həmin torpaq sahəsinə dair adına vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Qusar rayon Notariat Ofisinə müraciət etmiş, lakin oradan onun tərəfindən mirasın qəbul edilməsini təsdiq edən sənəd təqdim edilmədiyi bildirilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuş, bu barədə 18 avqust 2023-cü il tarixli 983 saylı məktub verilmişdir. X25 və atası Qeysəddin Babayev vəfat edərkən hazırda qüvvədə olan Mülki Məcəllə qüvvədə olmamış, 1964-cü il Mülki Məcəlləsi qüvvədə olmuşdur. Ona görə də, hesab edir ki, onun ərizəsinin əsasları 1964-cü ildən 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları ilə müəyyən olunmalıdır. Mərhum atası Qeysəddin Babayev vəfat edən zaman onun 15 yaşım olmaqla yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Həmin vaxt o, mərhum anası ilə birlikdə həmin evdə yaşamış, orada yetkinlik yaşına çatmış, bundan sonra da orada yaşamaqda davam etmişdir. Hesab edir ki, mərhum babasından miras qalmış yuxarıda qeyd etdiyi fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsini miras əmlak kimi qəbul etmək üçün onun subyektiv vərəsəlik hüququ vardır. Onun həmin mirası faktiki olaraq qəbul etməyi isə mərhum atası vəfat etdiyi vaxtdan miras əmlak olan evdə yaşamağı, hazırda da həmin evdə yaşamaqla evi idarə etməyi, evin bütün kommunal xidmət haqlarını ödəməyi ilə təsdiq olunur. Ona görə də, həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalı və miras əmlak onun mülkiyyətinə verilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizə üzrə tələbi müdafiə etmiş və ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, ərizədə göstərdiyi ev babasından miras qalmış, babası vəfat etdikdən sonra mirası onun atası idarə etmiş, atası vəfat etdikdən sonra isə o, idarə etməyə başlamış, hazırda da özü idarə edir. Anası və qardaşının biri vəfat etmiş, bir qardaşı və bir bacısı var, onlar mirasın ona verilməsinə razıdırlar. Evin texniki pasportu var, çıxarışı isə yoxdur. Evin bütün kommunal xidmət haqları onun tərəfindən ödənilir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat Ofisinin notariusuna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin izahatını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan 121 saylı texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanda (indiki Heydər Əliyev prospekti ev 113) yerləşən fərdi yaşayış evinin sahibi Babayev MNurəddin Sultan oğlu olmuşdur. Evin yerləşdiyi həyətyanı torpaq sahəsinin ölçüsü 600 kv.metrdir. İşdə olan Qusar rayon İHB-nın Qusar şəhəri İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli 2420 saylı arayışdan görünür ki, Qusar şəhərində köhnə Stalin küçəsi hal-hazırda Heydər Əliyev prospekti adlanır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında arayışdan görünür ki, X14 xx.xx.1973-cü il tarixdə ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli 05/Q-422/69 saylı arayışdan görünür ki, X7 04 fevral 1948-ci ildə anadan olmuş, atası X10r. İşdə olan X-JQ 358737 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1984-cü ildə anadan olmuş, X2, anası X16r. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında arayışdan görünür ki, X7 xx.xx.2000-ci il tarixdə ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında arayışdan görünür ki, X21 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında arayışdan görünür ki, X15 xx.xx.1972-ci ildə anadan olmuş, X2, anası X16r. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında arayışdan görünür ki, X12 xx.xx.2006-cı il tarixdə ölmüşdür. İşdə olan İİ-JQ 461833 və İV-JQ 385626 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X9 20 iyul 1974-cü ildə, X11 23 iyul 1976-cı ildə anadan olmuşlar, hər iki şəxsin X2, anası X16r. İşdə olan X4 notariat qaydasında təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.1973-cü il tarixdə ölmüş X6 mirasının onun tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Onun ölümündən sonra mirasın nədən ifadə edilməsindən və harada olmasından asılı olmayaraq mirası qəbul etməmiş və buna görə də öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək niyyətində deyil. Mirasın qəbul edilmə müddətinin bərpası və miras əmlakın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. İşdə olan Bağıyeva (Babayeva) Elvinə Qeysəddin qızının notariat qaydasında təsdiq olunmuş 11 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, o, 27 aprel 1973-cü il tarixdə ölmüş babası X6 mirasını qəbul etməmiş, mirası əmlakın tərkibi ona məlumdur, mirasdan pay tələb etmir, mirasın onu qəbul etmiş vərəsəyə verilməsinə etiraz etmir, mirasın qəbul edilməsi müddətinin uzadılması barədə məhkəməyə müraciət etməyəcəkdir. İşdə olan Qusar rayon İHB-nın Qusar şəhəri İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21 avqust 2023-cü il tarixli 2400 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 2 evdə yaşayır. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 18 avqust 2023-cü il tarixli 983 saylı məktubdan görünür ki, Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.1973-cü il tarixdə vəfat etmiş X5 miras qalmış əmlaka mirasın qəbulu faktı və ya müddətin bərpası ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə vərəsəlik hüquq münasibəti Azərbaycan Respublikasının hazırda qüvvədə olan Mülki Məcəlləsi qüvvəyə minməmişdən əvvəl yaranmışdır. Belə ki, miras qoyan Nurəddin Babayev 27 aprel 1973-cü il tarixdə vəfat etmiş və həmin vaxtdan miras açılmışdır. Eyni zamanda ərizəçinin atası da hazırda qüvvədə olan Mülki Məcəllə qüvvəyə minməmişdən əvvəl, yəni 12 fevral 2000-ci il tarixdə vəfat etmiş və ona görə də, hazırkı işin hallarına həmin vaxt qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının 1964-cü il Mülki Məcəlləsinin 552-ci maddəsində qeyd olunurdu ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 554-cü maddəsində qeyd olunurdu ki, qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Göründüyü kimi, Ərizəçi miras qoyan X3 Babayevin oğludur. Miras qoyan Nurəddin Babayev vəfat etdikdən sonra onun miras kütləsinə daxil olan əmlakları qəbul etmək hüququ onun oğlu olan Qeysəddin Babayevə mənsub olmuş, həmin şəxs həmin əmlakları faktiki olaraq qəbul etməklə onlara yiyələnmiş, ailəsi ilə birlikdə miras əmlak olan evdə yaşamışdır. Qeysəddin Babayev vəfat etdikdən sonra isə miras qoyan Nurəddin Babayevin miras əmlaklarını vərəsəlik qaydasında qəbul etmək hüququ irsi transmissiya qaydasında sonuncunun vərəsələrinə keçmişdir. Odur ki, hazırda miras qoyan Nurəddin Babayevin yuxarıda göstərilən miras əmlaklarını vərəsəlik qaydasında qəbul etmək üçün Ərizəçi subyektiv vərəsəlik hüququ vardır. Həmin hüququ eyni zamanda ərizəçinin bacısına və qardaşına mənsub olsa da, həmin şəxslər həmin mirası qəbul etmək istəmirlər, bu barədə notariat qaydasında təsdiqlənən ərizələr vermişlər. Bununla da, mirasa dair subyektiv hüquqa malik şəxslər arasında hər hansı mübahisə mövcud deyildir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Göründüyü kimi, Ərizəçi uzun müddətdir ki, miras qoyan Nurəddin Babayevin miras kütləsinə daxil olan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yaşamaqla həmin evə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə faktiki sahiblik edir və onlardan istifadə edir. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi miras qoyan Nurəddin Babayevin miras əmlaklarını mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmiş və ona görə də həmin əmlakların miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, həmçinin həmin miras əmlaklar vərəsəlik yolu ilə Ərizəçi mülkiyyətinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X1 miras kütləsinə daxil olan, ünvan 2 evin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin və həmin miras əmlaklar vərəsəlik yolu ilə Ərizəçi mülkiyyətinə verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-878/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-878/2023
12.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver