Məhkəmə qərarları › İş №2(029)-912/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-912/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-912/2022 13.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi İddiaçı Cavabdeh qarşı “nisyə satılmış heyvanların pulunun ödənilməsinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nisyə satılmış heyvanların pulunun ödənilməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1850 (min səkkiz yüz əlli) manat pulun və 39 manat dövlət rüsumunun, ümumilikdə 1889 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonunun Susay- Qışlaq kəndində yaşayır. Heç yerdə işləmir, pensiyaçıdır. Əlavə qazanc əldə etmək üçün şəxsi təsərrüfatla məşğul olur, bazardan balaca danaları alaraq onları kökəldib satır. 2021-ci ilin may ayının əvvəllərində o, Xaçmaz şəhərinin mal bazarından 3 baş erkək danaları alaraq təsərrüfatında saxlamağa başlamışdır. Həmin ilin avqust ayının axırlarında onları satmaq qərarına gəlmiş və bu barədə tanışlara məlumat vermişdir. 03 sentyabr 2021-ci il tarixdə onun evinə əvvəllər üzdən tanıdığı, Xudat şəhər bazarında ət satmaqla məşğul olan Cavabdeh oglu gələrək onda satlıq cöngələrin olub-olmadığını soruşmuşdur. Cavabdeh Xudat şəhərində qardaşı ilə birlikdə mal kəsib ət satmaqla məşğuldurlar. O, cavabdehə satlıq 3 baş cöngələrin olduğunu bildirmiş, cavabdeh mallara baxıb almaq qərarına gəlmişdir. Onlar 3 baş cöngələrin ümumi satış qiymətini 4000 (dörd min) manat məbləğə razılaşmışlar. Cavabdeh bildirmişdir ki, hazırda nağd olaraq ona 800 (səkkiz yüz) manat məbləğində pul ödəyə bilər, qalan 3200 (üç min iki yüz) manat məbləğində pulu isə həmin malları kəsib satandan sonra, uzağı 10 gün müddətində qaytaracaqdır. O, cavabdehi üzdən tanıdığı üçün və həqiqətən də onun Xudat şəhər bazarında ət satmaqla məşqul olduğunu bildiyi üçün cavabdehlə razılaşmışdır. Cavabdeh ona 03 sentyabr 2021-ci il tarixdə nağd olaraq 800 manat pul ödəmiş, özü ilə gətirdiyi və tanıdığı Xudat şəhər sakini Polad adlı şəxsin idarə etdiyi QAZEL markalı yük avtomaşını ilə onun həyətindən 3 baş cöngələri aparmışdır. Həmin vaxt cavabdehin yanında onunla birlikdə işləyən qardaşı Şafiq də olmuşdur. Həmin vaxtdan bir ay müddət keçsə də cavabdeh ona borclu qaldığı 3200 manat pulu qaytarmamış, dəfələrlə onun işlədiyi ət mağazasına gedib pulu tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə ilə pulu qaytarmaqdan yayınmış və söz vermişdir ki, yaxın günlərdə onun pulunu qaytaracaqdır. Cavabdehin yalanlarına daha dözməyib o, 2021-ci ilin oktyabr ayının 25-də Xaçmaz RPŞ-nın Xudat PB-nə yazılı ərizə ilə müraciət etmiş, həmin şikayətindən sonra cavabdeh Xudat PB-nə çağırılmış və ondan izahat alınmışdır. İş araşdırılarkən cavabdeh ona hissə-hissə 4 dəfəyə cəmi 1350 (bir min üç yüz əlli) manat pul qaytarmışdır. Qalan pulu da, yəni 1850 manat məbləğində pulu yaxın vaxtlarda qaytaracağına söz vermişdir. Lakin, bu dəfə də cavabdeh yalan vəd vermiş, qalan pulu qaytarmamışdır. Xudat PB-nin rəisi Vüqar Hacıyevin 06 yanvar 2022-ci il tarixli, ***-**** B-3222 savlı məktubla ona cavab verilmişdir ki, ərizəsi əsasında toplanmış materialda cinayət aşkar olunmadığı üçün mülki qaydada məhkəməyə müraciət etməlidir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar 13 dekabr 2022-ci il tarixə saat 14:30-a təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli 160-4556R-3222 saylı Xaçmaz rayon X1 Alim Şıxaydın oğluna ünvanlanmış məktubdan görünür ki, araşdırma zamanı göstərdiyi xüsusatda cinayət və ya inzibati xəta hadisəsi müəyyən edilməmişdir. Cavabdeh qarşı tələbi mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etməyi həmin şəxsə tövsiyə olunmuşdur. İşdə olan İddiaçı Şıxaydın oğlu tərəfindən Xaçmaz RPŞ-nin X3 ünvanlanmış xx.xx.2021-ci il tarixli 161-316513-3121 saylı ərizəsinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Xudat şəhərində qəssab işləyən Namiq adlı şəxs nisyə olaraq ondan ümumi dəyəri 4000 manat olan 3 baş iribuynuzlu heyvanı nisyə almışdır. Namiq ona 10 günə pulu verəcəyinə söz vermişdir. Namiq həmin gün ona 800 manat pul vermişdir. Hal-hazırda Namiq ona 3200 manat pul borcludur. Bu genə qədər Namiq müxtəlif bəhanələr gətirərək, 3200 manat pulu ona verməkdən boyun qaçırır. İşdə olan Xaçmaz RPŞ-nin X2 verilmiş xx.xx.2021-ci il tarixli 161-4098-1121 saylı arayışın surətindən görünür ki, Xaçmaz rayonu Susay-qışlaq kəndində yaşayan İddiaçı Şıxaydın oğlu xx.xx.2021-ci il tarixdə Xudat PB-nı ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixdə Xudat şəhərində qəssab işləyən Namiq adlı şəxsin nisyə olaraq ondan ümumilikdə 4000 manat dəyərində 3 baş iribuynuzlu heyvan aldığını, həmin gün ona 800 manat pul verdiyini, qalan 3200 manat pulu 10 gün ərzində qaytaracağını söz versədə, bu günə kimi qaytarmadığını bildirmişdir. Araşdıma zamanı İddiaçı Şıxaydın oğlunun və Cavabdeh izahatları alınmış, İddiaçı ərizə və izahatında göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan, ona pulun tələbi ilə bağlı mülki iddia qaydasında rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Məhkəmə iclasında tədqiq edilərək araşdırılmış İddiaçı iddia ərizəsinə əlavə etdiyi Xaçmaz rayon polis Şöbəsinin Xudat rayon Polis Bölməsində Cavabdeh verdiyi izahatdan görünür ki, həqiqətən də, Cavabdeh İddiaçı 3 baş cöngəni 4000 manata nisyə aldığını, həmin cöngələrə görə İddiaçı 1850 manat ödənilməmiş borcu qaldığını və həmin borc pulu qaytaracağını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonneganti,incumbitprobation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 03 sentyabr 2021-ci il tarixdə Cavabdeh ilə İddiaçı sonuncunun təsərrüfatında olan 3 baş cöngənin 4000 (dörd min) manata alqı-satqısına dair razılığa gəlmişlər, Cavabdeh həmin cöngələrin dəyərinin 800 (səkkiz yüz) manat hissəsini əvvəlcədən ödəmiş, qalan 3200 manat pulu isə heyvanları kəsib satdıqdan sonra ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin, həmin vaxtdan sonra Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək İddiaçı verməli olduğu 3200 manat məbləğində pulu həmin şəxsə ödəməmiş, bu səbəbdən də, İddiaçı 2021-ci ilin oktyabr ayının 25-də Xaçmaz RPŞnin Xudat PB-nə yazılı müraciət etmişdir. Bundan sonra cavabdeh İddiaçı hissə-hissə 1350 manat məbləğində pul ödəmiş, qalan 1850 manat məbləğində pulu yaxın vaxtlarda qaytaracağını vəd etmiş, lakin həmin vədinə də əməl etməyərək pulun ödənilməsini təmin etməmişdir. Bununla da, cavabdehin iddiaçı qarşısında olan öhdəliyini pozması nəticəsində iddiaçının həmin şəxsdən ödəməli olduğu pulun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, Cavabdeh 1850 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 39 (otuz doqquz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1850 (iki min) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 39 (otuz doqquz) manat məbləğində pul, ümumilikdə 1889 (min səkkiz yüz səksən doqquz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar