Məhkəmə qərarları › İş №2(029)-92/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-92/2021

09.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-92/2021 09.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X21 Təsərrüfatı Mərkəzinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Qusar bələdiyyəsinin nümayəndəsi X9 iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X21 X5 Minhac Tahirbəy oğluna qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qaytarılması, hasarın sökülməsi tələbinə dair iddiası, qərarın etibarsız hesab edilməsi tələbinə dair əlavə iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X21 Təsərrüfatı Mərkəzi Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qaytarılması, hasarın sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Qusar şəhərində X21 Təsərrüfatı İdarəsinin balansında olmaqla Qusar meşəçiliyinin inzibati binasının yanında yerləşən 1242.0 kv.metr torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin alınaraq həmin idarənin qanuni sahibliyinə və istifadəsinə verilməsi, orada cavabdeh tərəfindən inşa olunmuş hasarın həmin şəxsin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X21 Təsərrüfatı Mərkəzi Cavabdeh və Qusar bələdiyyəsinə qarşı qərarın etibarsız hesab edilməsi tələbinə dair əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar bələdiyyəsinin 25 iyul 2008-ci il tarixli 43/4-13 saylı qərarının etibarsız hesab edilməsi, Cavabdeh Qusar şəhərində X21 Təsərrüfatı İdarəsinin balansında olmaqla Qusar meşəçiliyinin inzibati binasının yanında yerləşən 1242.0 kv.metr torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin alınaraq həmin idarənin qanuni sahibliyinə və istifadəsinə verilməsi, orada cavabdeh tərəfindən inşa olunmuş hasarın həmin şəxsin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X21 Təsərrüfatı Mərkəzi iddianı onunla əsaslandırmışdır ki, Qusar rayon X6 İcraiyyə Komitəsinin 30 iyul 1947-ci il tarixli 172 saylı qərarı ilə Qusar rayon meşə təsərrüfat idarəsinə sklad, idarə və başqa təsərrüfat binalarının tikilməsi üçün Qusar şəhər ərazisindən 1 (bir) hektar torpaq sahəsi ayrılmışdır. Bundan sonra həmin idarə tərəfindən həmin torpaq sahəsində müvafiq tikililər inşa olunmuş, torpaq sahəsi həmin idarə tərəfindən məqsədli təyinatına uyğun istifadə olunmağa başlamışdır. Həmin vaxt mövcud olmuş X17 İdarəsinin bütün hüquq və vəzifələrini hal-hazırda hüquq varisliyi qaydasında X21 Təsərrüfatı Mərkəzi həyata keçirir. Bundan əvvəl isə həmin hüquq və vəzifələri X18 və Bərpası Müəssisəsi həyata keçirmişdir. Hal-hazırda X21 Təsərrüfatı Mərkəzi tərəfindən idarə binasından əlavə bəzi yeni tikililərin inşa edilməsi zərurəti yaranmışdır. Lakin, məlum olmuşdur ki, yuxarıda göstərilən 1 hektar torpaq sahəsinin 1242,0 kv.metr hissəsi Qusar şəhər sakini Cavabdeh tərəfindən tutulmaqla dörd tərəfdən hasara alınmışdır. Bu səbəbdən də, bir neçə dəfə həmin şəxsə müraciət olunaraq həmin torpaq sahəsini buraxması və inşa etdirdiyi hasarı sökməsi tələb olunsa da, həmin şəxs bundan imtina etmiş, həmin torpaq sahəsini bələdiyyədən satın aldığını, qeyd olunan torpaq sahəsinin onun qanuni sahibliyində və istifadəsində olduğunu bildirmişdir. Göründüyü kimi, Qusar rayon X6 İcraiyyə Komitəsinin 30 iyul 1947-ci il tarixli 172 saylı qərarı ilə Qusar rayon meşə təsərrüfatı idarəsinə ayrılmış 1 hektar torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir və vətəndaşlar tərəfindən istifadə olunması, o cümlədən bələdiyyə tərəfindən hər hansı fiziki və ya hüquqi şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilə bilməz. Hesab edirlər ki, Cavabdeh dövlət mülkiyyətində olmaqla X21 Təsərrüfatı Mərkəzinin balansında olan 1242.0 kv.metr torpaq sahəsinə dair həmin idarənin qanunla qorunan maraqlarını və hüquqlarını pozmuş və hazırda mübahisəli torpaq sahəsi onun qanunsuz sahibliyində və istifadəsindədir. Ona görə də, həmin idarənin pozulmuş hüquqları bərpa edilməli, cavabdeh zəbt etdiyi və qanunsuz istifadə etdiyi 1242.0 kv.metr torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi onun qanunsuz sahibliyindən X20 Təsərrüfatı İdarəsinin qanuni sahibliyinə qaytarılmalıdır. Həmçinin, Cavabdeh tərəfindən həmin torpaq sahəsində inşa etdirdiyi hasar onun öz hesabına sökülməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X21 Təsərrüfatı Mərkəzi əlavə iddianı onunla əsaslandırmışdır ki, ilkin iddiada qeyd olunduğu kimi Qusar rayon X6 İcraiyyə Komitəsinin 30 iyul 1947-ci il tarixli 172 saylı qərarı ilə Qusar rayon meşə təsərrüfat idarəsinə sklad, idarə və başqa təsərrüfat binalarının tikilməsi üçün Qusar şəhər ərazisindən 1 (bir) hektar torpaq sahəsi ayrılmışdır. Bundan sonra həmin idarə tərəfindən həmin torpaq sahəsində müvafiq tikililər inşa olunmuş, torpaq sahəsi həmin idarə tərəfindən məqsədli təyinatına uyğun istifadə olunmağa başlamışdır. Hazırkı işə baxılarkən məlum olmuşdur ki, qeyd olunan 1 hektar torpaq sahəsinin 1242,0 kv.metr hissəsi Qusar bələdiyyəsinin 25 iyul 2008-ci il tarixli 43/4-13 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti məqsədi ilə Cavabdeh satılmışdır. Həmin qərarı qanunsuz hesab edirlər. Belə ki, Qusar bələdiyyəsi həmin qərarı qəbul edərkən satılan torpaq sahəsi onun mülkiyyətində olmamış və ona görə də, torpaq sahəsinə dair bələdiyyənin sərəncam hüququ olmamışdır. Həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Qusar rayon meşə təsərrüfat idarəsinin (indiki Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X21 Təsərrüfatı Mərkəzi) istifadəsində olmuşdur. Bundan başqa, Qusar bələdiyyəsi həmin torpaq sahəsini satarkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini də pozmuşdur. Belə ki, 2007-ci ilin oktyabr ayından 2008-ci ilin oktyabr ayınadək bələdiyyə torpaqlarının satışı dayandırılmış və daha sonra bələdiyyə torpaqlarının satışının xüsusiyyətlərində dəyişiklik edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa 28 oktyabr 2008-ci il tarixli Qanunla edilmiş dəyişikliyə əsasən isə bələdiyyə torpaqları sahibkarlıq məqsədi ilə yalnız hərrac vasitəsi ilə satıla bilər. Hal-hazırda iddia tələbinin həcmini artıraraq hesab edirlər ki, Qusar bələdiyyəsinin 25 iyul 2008-ci il tarixli 43/4-13 saylı qərarı qanunvericiliyə uyğun gəlmədiyindən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba X1 qorunan mənafeyini, torpaq sahəsi üzərində istifadə hüququnu pozduğundan həmin qərar etibarsız hesab edilməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X21 Təsərrüfatı Mərkəzinin nümayəndəsi və vəkili Vəkil iddianı və ona əlavəni müdafiə etmiş, iddia ərizəsinin və ona əlavənin məzmununa uyğun izahat vermiş, həmçinin göstərmişdir ki, Qusar rayon ZDS İK-nin 30 iyul 1947-ci il tarixli 172 saylı qərarı ilə 1 hektar torpaq sahəsi dövlət idarəsi olan Qusar rayon Meşə Təsərrüfatı İdarəsinə verilmiş, həmin vaxtdan etibarən torpaq sahəsi dövlət mülkiyyətində qalmışdır. Qusar bələdiyyəsi səlahiyyəti olmadığı halda, 1 hektar torpaq sahəsinin tərkibinə daxil olan mübahisəli torpaq sahəsini Cavabdeh satmışdır. Halbuki, 2007-2008-ci illərdə bələdiyyələr tərəfindən torpaq sahəsinin satılması dayandırılmış, daha sonra qanuna edilmiş dəyişikliyə müvafiq olaraq bələdiyyə torpaqlarının alqı-satqı xüsusiyyətləri dəyişmişdir. Bununla da, Qusar bələdiyyəsi mübahisəli torpaq sahəsini Cavabdeh qeyri-qanuni satmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəyi özəl təşkilat tərəfindən verilmiş və mötəbərliyi şübhə doğurur. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəy isə mötəbərdir, həmin rəylə razıdır. Hesab edir ki, Qusar bələdiyyəsinin məlum qərarı etibarsız hesab edilməli, Cavabdeh tərəfindən mübahisəli əraziyə çəkilmiş hasar onun öz hesabına sökülməli, torpaq sahəsi iddiaçının sahibliyinə və istifadəsinə qaytarılmalıdır. Hazırkı iddia tələblərinə iddia müddətləri şamil edilmədiyinə görə iş üzrə iddia müddəti tətbiq edilə bilməz. Odur ki, iddianın və ona əlavənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddianı və ona əlavəni qəbul etməmiş və izahatında göstərmişdir ki, Qusar bələdiyyəsinin 25 iyul 2008-ci il tarixli qərarı ilə Cavabdeh Qusar şəhərinin baş planına uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Qusar şəhəri H.Əliyev prospektində Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin yanında boş qalmış yerdən 1242 kv.metr torpaq sahəsi satılmışdır. Həmin vaxtdan da həmin torpaq sahəsinə dair ödənişlər Cavabdeh tərəfindən aparılmışdır. Hesab edir ki, qeyd olunan mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir və Cavabdeh bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin X21 Təsərrüfatına heç bir aidiyyəti yoxdur. Bununla bağlı Cavabdeh tərəfindən X7 müraciət olunmuş, həmin ekspertizanın əməkdaşları tərəfindən mübahisəli əraziyə yerində baxış keçirilmiş, koordinatlar vurulmuş və müvafiq rəy tərtib edilərək müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyə torpaqlarına aiddir. Dövlət torpaqlarının bələdiyyəyə keçməsi barədə sənəd yoxdur. Qeyd olunan torpaq sahəsi əvvəldən bələdiyyə torpağı olmuşdur. Çünki, bələdiyyələr yaranandan sonra bütün torpaqlar bələdiyyə mülkiyyətinə keçmişdir. Mübahisəli torpaq sahəsinə dair alqı-satqı əməliyyatı Qusar bələdiyyəsi ilə Cavabdeh arasında olmuşdur və bunun iddiaçıya heç bir aidiyyəti yoxdur, hazırki iddianı qaldırmaq üçün iddiaçının əsası yoxdur. Mübahisəli ərazi 2008-ci ildən hasarlanmışdır. Bundan başqa, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür və buna görə də, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Əgər bələdiyyənin vəzifəli şəxsləri tərəfindən qanun pozuntularına yol verilmişdrisə, bu barədə xüsusi qərardad çıxarılmalıdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh Qusar bələdiyyəsinin nümayəndəsi X12 iddianı və ona əlavəni qəbul etmiş və izahatında göstərmişdir ki, o, 2000-ci ildən Qusar bələdiyyəsində mühəndis vəzifəsində işləyir. 2008-ci ildə Qusar bələdiyyəsinin sədri olmuş Niftəli (ölmüşdür) hazırkı mübahisəli ərazini ölçməsi barədə göstəriş vermiş və o, həmin əraziyə gedərək orada ölçmə işləri aparmış, həmin vaxt orada Meşə Təsərrüfatının əməkdaşı da olmuşdur. O, qeyd olunan ərazini ölçmüş və sxem tərtib edərək bələdiyyəyə təqdim etmişdir. Daha sonra bu barədə Torpaq şöbəsindən və Qusar RİH-nin Memarlıq və Tikinti şöbəsindən rəy alınmışdır. Həmin vaxt ona şifahi olaraq məlum olmuşdur ki, 2008ci il üçün Bələdiyyə tərəfindən torpaqların satışı dayandırılmışdır. Buna baxmayaraq, o, bir mühəndis kimi sxemi tərtib edərək təqdim etmişdir. Həmin vaxt mübahisəli ərazi çəpərlə ayrılmış, Meşə Təsərrüfatının hasarının içərisində olmuş və həmin yer Meşə Təsərrüfatının istifadəsində olmuşdur. Həmin torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə Nazirlər Kabinetinin qərarı yoxdur. O, məhz bələdiyyə sədrinin göstərişi əsasında mübahisəli torpaq sahəsini ölçüb sxem tərtib etmiş və həmin vaxt Meşə Təsərrüfatının işçisi Vaqif Xanbabayev də iştirak etmiş, çünki həmin yer Meşə Təsərrüfatına aid olmuşdur. Həmin mübahisəli yerdə tikililər olmamış, orada 25-30 sm hündürlüyündə ağaclar olmuş, ərazi isə hasara alınmışdır. Hazırda iddia ilə razıdır, hesab edir ki, həmin iddia əsaslıdır, həmin torpaq sahəsi bələdiyyəyə aid torpaq sahəsi deyil, dövlətə aid torpaq sahəsidir. Odur ki, iddianın və ona əlavənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh, onun nümayəndəsi və vəkilinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia və ona əlavə təmin edilməlidir. Belə ki, işdə olan X19 filialı tərəfindən verilmiş 27 avqust 2020-ci il tarixli 1080 saylı Arxiv arayışından görünür ki, Qusar rayon X6 İcraiyyə Komitəsinin 30 iyul 1947-ci il tarixli 172 saylı qərarı ilə Qusar rayon meşə təsərrüfat idarəsinə sklad, idarə və başqa təsərrüfat binaların tikilməsi üçün Qusar şəhər territoriyasının hesabına aşağıdakı sərhədlər daxilində bir hektar torpaq uçastoku (sahəsi) ayrılması təsdiq edilmişdir: Şimal tərəfdən K/T şöbəsinin işçilərinin bostan uçastoku, Şərqdən Aznlodovoştorq idarəsinin hazırlıq punktu, Cənubdan əl yolu, Qərbdən yol /gələcəkdə küçə/yolun o tərəfində uşaq evin torpaq uçastoku. K/T şöbəsinə tapşırılmışdır ki, yuxarıda göstərilmiş torpaq uçastokunu qanun üzrə naturadan ayırıb meşə təsərrüfat idarəsinə təhvil verməklə sənədləri tərtib edilsin. İşdə olan 18.07.2014-cü il tarixli, inventar nömrəsi 1210, reyestr nömrəsi **********71-06101 olan Texniki Pasportun surətindən görünür ki, Qusar şəhəri Heydər Əliyev prospekti 153-də yerləşən qeyri yaşayış binası (X18 və Bərpası Müəssisəsi) Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meşələrin İnkişafı Departamenti, X18 və Bərpası Müəssisəsinın balansına verilmişdir. Həmin qeyri-yaşayış binasının ümumi torpaq sahəsi faktiki istifadə üzrə 2500 kv.metr göstərilmişdir. Sənəd üzrə torpaq sahəsinin ölçüsü isə göstərilməmişdir. İşdə olan Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş 03 noyabr 2020-ci il tarixli 279 saylı Arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar bələdiyyəsinin 43/4-1-43/4-24 nömrəli 25.08.2008-ci illərin Bələdiyyə iclas protokolu № 43 qovluğunda (əlavələrlə) 25 iyul 2008-ci il tarixli 43/3-13 nömrəli qərarı ilə Cavabdeh Qusar şəhərin baş planına uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan ötrü şəhərin Heydər Əliyev prospektində, MMBM-in yanında boş qalmış yerdən 1242.0 kv.metr torpaq sahəsinin (1242.0 kv.metr X 2 manat) 2484 manata satılması qeyd olunmuşdur. İşdə olan Qusar Bələdiyyəsinin 25 iyul 2008-ci il tarixli № 43/4-13 saylı Qərarının surətindən görünür ki, Cavabdeh Qusar şəhərinin baş planına uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan ötrü şəhərin Heydər Əliyev prospektində, MMBM-nin yanında boş qalmış yerdən 1242.0 kv.metr torpaq sahəsi (1242.0 kv.metr X 2 manat) 2484 manata satılmışdır (Normativ qiyməti 1242.0 kv.metr X 34 qəpik= 422.28 manat). İşdə olan ləğv edilmiş DT və XK-nin Qusar rayon şöbəsinin rəyindən görünür ki, Torpaqların alqı-satqı qaydalarına” və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnaməyə uyğun olaraq X14 fondu torpaqlarından Qusar şəhər sakini Cavabdeh 0.12 hektar torpaq sahəsinin sahibkarlıq məqsədi üçün ayrılması (satılması) qanuna müvafiqdir. İşdə olan Qusar RİHB aparatının Memarlıq və Tikinti şöbəsinin 11 iyul 2008-ci il tarixli 380 saylı rəyindən görünür ki, “Torpaqların alqı-satqı qaydalarına” və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnaməyə uyğun olaraq X14 fondu torpaqlarından Qusar şəhər sakini Cavabdeh tərtib edilmiş sxemdəki 1242,0 kv.metr torpaq sahəsinin sahibkarlıq məqsədi üçün ayrılması (satılması) məqsədə müvafiqdir. İşdə olan 25 iyul 2008-ci il tarixli Torpaqların alqı-satqısına dair Aktdan görünür ki, Qusar bələdiyyəsinin 25 iyul 2008-ci il tarixli 43/4-13 saylı qərarı ilə Cavabdeh sahibkarlıq fəaliyyəti üçün Heydər Əliyev prospektində yerləşən, bələdiyyə ərazisindən 0.1242 ha torpaq sahəsi satılmışdır. Aktın qeydiyyata alınması tarixi və nömrəsi qeyd olunmamışdır. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edərək iddiaçı Azərbaycan Respublikası Ekologiya və X15 X21 X5 Minhac Tahirbəy oğlu ilə Qusar Bələdiyyəsi arasında bağlanmış torpaq alqı-satqısına dair alqı satıqının etibarsız hesab edilməsi, torpaq sahəsindən çıxarılması, sahənin iddiaçının sahibliyinə qaytarılması, inşa olunmuş tikilinin cavabdehin hesabına sökülməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı iş üzrə iddia müddətini tətbiq edərək, iddanın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə olan “X10” MMC tərəfindən verilmiş 04 fevral 2021-ci il tarixli 24 nömrəli mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, Qusar şəhərində yerləşən, Cavabdeh istifadəsində olan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğu, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin 409 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur. İşdə olan Qusar bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş 09 fevral 2021-ci il tarixli M-028 saylı məktubdan görünür ki, həmin bələdiyyənin 25 iyul 2008-ci il tarixli 43/4-13 saylı qərarı ilə Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan ötrü şəhərin H.Əliyev prospektində satılmış 1242 kv.metr torpaq sahəsi Qusar şəhərinin yerquruluşu planına əsasən Dövlət torpaqlarına aid olmaqla, mübahisəli torpaq sahəsi Qusar bələdiyyəsinin torpaqlarına aid deyildir. İş üzrə cavabdeh Minhacov Minhac Tahirbəy oğlunun nümayəndəsi və vəkili Rəşid Hacılının vəsatətinə əsasən təyin edilmiş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş məhkəmətorpaqşünaslıq ekspertizasının 25 may 2021-ci il tarixli C-55 saylı mütəxəssis rəyindən görünür ki, Qusar şəhərində X21 Təsərrüfatı İdarəsinin Qusar meşəçiliyinin inzibati binasının yanında yerləşən, Qusar bələdiyyəsinin 25 iyul 2008-ci il tarixli 43/4-13 saylı qərarı ilə Cavabdeh satılmış, həmin qərarda və eskiz-layihədə göstərilən mübahisəli 1242.0 kv.metr torpaq sahəsi vahid elektron baza məlumatlarında olan Qusar şəhər bələdiyyəsinin mülkiyyətinə verilən torpaqların inventarlaşdırılmasının aparılmasına dair yerquruluşu planına əsasən dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Mübahisəli həmin torpaq sahəsi dövlət mülkiyyətinə aiddir və onun 1242.0 kv.metr hissəsi Qusar bələdiyyəsi tərəfindən Cavabdeh satılmışdır. Qusar rayon ZDS İcraiyyə Komitəsinin 30 iyul 1947-ci il tarixli 172 saylı qərarı ilə Qusar rayon Meşə Təsərrüfatı İdarəsinə ayrılmış 1 ha torpaq sahəsinin torpaq ayırma sxemi olmadığından həmin torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Lakin, Azərbaycan Respublikasının X19 filialının 27 avqust 2020-ci il tarixli, 1080 nömrəli arxiv çıxarışına əsasən Qusar rayon ZDS-nin icraiyyə komitəsi tərəfindən Qusar rayon Meşə təsərrüfatı idarəsinə 1 ha torpaq sahəsi ayrılmışdır. Həmin arxiv çıxarışında torpaq sahəsi şimaldan K/T şöbəsinin işçilərin bostan uçastok, şərqdən Aznlodovoştorq idarəsinin hazırlıq punktu, cənubdan əl yolu, qərbdən yol/gələcəkdə küçə/yolun o tərəfində torpaq evin torpaq uçastoku sərhədlərində yerləşir. Arxiv arayışında qeyd olunan sərhəd qonşuluqlarına əsasən Qusar bələdiyyəsinin 25 iyul 2008-ci il tarixli 43/4-13 saylı qərarı ilə Cavabdeh satılmış 1242.0 kv.metr torpaq sahəsi də həmin sərhədlər daxilində yerləşir. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01 iyun 2021ci il tarixli **********61 saylı məktubu ilə təqdim edilmiş Smetadan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 311 manatdır. İş üzrə Cavabdeh nümayəndəsi və vəkili Rəşid Hacılının vəsatətinə əsasən təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 05 avqust 2021-ci il tarixli 10/3335 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən mübahisəli həmin torpaq sahəsi dövlət mülkiyyətinə aiddir və onun 1242.0 kv.metr hissəsi Qusar bələdiyyəsi tərəfindən Cavabdeh satılmışdır. Qusar rayon ZDS İcraiyyə Komitəsinin 30 iyul 1947-ci il tarixli 172 saylı qərarı ilə Qusar rayon Meşə Təsərrüfatı İdarəsinə ayrılmış 1 ha torpaq sahəsinin torpaq ayırma sxemi olmadığından həmin torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Lakin, Azərbaycan Respublikasının X19 filialının 27 avqust 2020-ci il tarixli, 1080 nömrəli arxiv çıxarışına əsasən Qusar rayon ZDS-nin icraiyyə komitəsi tərəfindən Qusar rayon Meşə təsərrüfatı idarəsinə 1 ha torpaq sahəsi ayrılmışdır. Həmin arxiv çıxarışında torpaq sahəsi şimaldan K/T şöbəsinin işçilərin bostan uçastok, şərqdən Aznlodovoştorq idarəsinin hazırlıq punktu, cənubdan əl yolu, qərbdən yol/gələcəkdə küçə/yolun o tərəfində torpaq evin torpaq uçastoku sərhədlərində yerləşir. Arxiv arayışında qeyd olunan sərhəd qonşuluqlarına əsasən Qusar bələdiyyəsinin 25 iyul 2008-ci il tarixli 43/4-13 saylı qərarı ilə Cavabdeh satılmış 1242.0 kv.metr torpaq sahəsi də həmin sərhədlər daxilində yerləşir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli 10/3335 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 101-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər. Həmin Məcəllənin 101-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Müqavilədə ekspertin bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıması barədə məlumatlandırıldığı onun imzası ilə təsdiq edilməlidir. Ekspertizanı sifariş etmiş şəxs ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verir. Həmin Məcəllənin 101-1.3-cü maddəsinə əsasən ekspert ekspertizanı sifariş etmiş şəxsə müqavilədə göstərilən müddətdə yazılı rəy verir. Ekspertiza aparmış ekspertlərin təqdim edilmiş rəyləri məhkəmə tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinə əsasən məhkəmə ekspertizası idarəsi rəhbərinin aşağıdakı vəzifələri vardır: məhkəmə ekspertizasının təyin olunması barədə qərarı (qərardadı) aldıqdan və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə bağlandıqdan sonra həmin idarənin ekspertləri sırasından zəruri biliyə malik olan və qoyulmuş suallara cavab verən bilən konkret ekspertə və ya ekspertlərə ekspertizanın aparılması haqqında tapşırıq vermək; ekspertə (ekspertlərə) onların hüquq və vəzifələrini izah etmək; eksperti bilə-bilə yalan rəy verməyə görə məsuliyyət haqqında xəbərdar etmək və bu barədə ekspertizanın təyin edilməsi haqqında qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə ekspertin imzası ilə təsdiq edilən müvafiq qeyd aparmaq. Məhkəmə “X10” MMC tərəfindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə 02 fevral 2021-ci il tarixli 017/21 saylı məktubu əsasında verilmiş 04 fevral 2021-ci il tarixli 24 saylı mütəxəssis rəyini müzakirə edərək belə qənaətə gəlir ki, həmin rəy qanunun tələbləri pozulmaqla əldə edilmiş, mötəbərliliyi isə şübhə doğurur. Belə ki, həmin rəydə işdə iştirak edən şəxslə özəl məhkəmə eksperti arasında müvafiq müqavilənin bağlanması, ekspertə hüquq və vəzifələrinin izah olunması, ekspertin bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıması barədə məlumatlandırıldığı göstərilməmiş, bununla da, həmin rəy Azərbaycan Respublikasının MPM-nin və “Məhkəmə Ekspertizası Fəaliyyəti Haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda göstərilən tələbləri pozulmaqla tərtib edilmişdir. Bundan başqa, həmin rəydə Azərbaycan Respublikasında torpaq sahələrinin sərhədlərinin naturada müəyyən olunmasını və elektron baza xəritələrinin hazırlanmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının məlumatlarına deyil, Google Yer proqramının ortofoto görüntülərinə, şəhərin kompleks yerquruluşu xəritə materiallarına istinad olunmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə həmin rəy işin hallarını müəyyən edən tam, dolğun və əsaslı sənəd kimi qəbul edilə bilməz. Məhkəmə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 25 may 2021-ci il tarixli C-55 saylı mütəxəssis rəyini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 05 avqust 2021-ci il tarixli 10/3335 saylı ekspert rəyini müzakirə edərək hesab edir ki, həmin rəylər istər MPM-nin, istərsə də, “Məhkəmə Ekspertiza Fəaliyyəti Haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl olunmaqla tərtib edildiyindən, həmçinin istinad olunduğu mənbələrin mötəbərliyi şübhə doğurmadığı üçün həmin rəylərlə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon X6 İcraiyyə Komitəsinin 30 iyul 1947-ci il tarixli 172 saylı qərarı ilə Qusar rayon meşə təsərrüfat idarəsinə sklad, idarə və başqa təsərrüfat binalarının tikilməsi üçün Qusar şəhər ərazisindən 1 (bir) hektar torpaq sahəsi ayrılmışdır. Bundan sonra həmin idarə tərəfindən həmin torpaq sahəsində idarə binası və digər müvafiq tikililər inşa olunmuş, torpaq sahəsi həmin idarə tərəfindən məqsədli təyinatına uyğun istifadə olunmağa başlamışdır. Halhazırda X21 Təsərrüfatı Mərkəzi tərəfindən idarə binasından əlavə bəzi yeni tikililərin inşa edilməsi zərurəti yaranmışdır. Lakin, məlum olmuşdur ki, yuxaqıda göstərilən 1 hektar torpaq sahəsinin 1242,0 kv.metr hissəsi Qusar şəhər sakini Cavabdeh tərəfindən tutulmaqla dörd tərəfdən hasara alınmışdır. Həmçinin, araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan 1 hektar torpaq sahəsinin 1242,0 kv.metr hissəsi Qusar bələdiyyəsinin 25 iyul 2008-ci il tarixli 43/4-13 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti məqsədi ilə Cavabdeh satılmışdır. Qusar bələdiyyəsi həmin qərarı qəbul edərkən satılan 1242,0 kv.metr torpaq sahəsi onun mülkiyyətində olmamış, torpaq sahəsinə dair bələdiyyənin sərəncam hüququ olmamışdır. Həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Qusar rayon meşə təsərrüfat idarəsinin (indiki Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X21 Təsərrüfatı Mərkəzi) istifadəsində olmuşdur. Həmin torpaq sahəsinin bələdiyyənin deyil, dövlət mülkiyyətində olması və alqı-satqı predmeti olmaması Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə və digər sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin həmin Maddəsinin 2-ci hissəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində-Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində-bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində-Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 46-cı maddəsinin 1, 2, 3 və 4-cü hissələrinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəllənin 47-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23.10.2007-ci il tarixli 466-İİİQD saylı Qanununun İİİ hissəsinə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: “9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.” “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli 466-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2007-ci il tarixli 2523 saylı Sərəncamına əsasən “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli 466-İİİQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alınmışdır ki:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: 1.1. qüvvədə olan qanunvericilik aktlarının “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.3. öz səlahiyyətləri daxilində “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD saylı Qanununun Vİİ hissəsinin 6-cı bəndinə əsasən "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: "9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər." Həmin Qanun 12 dekabr 2008-ci il tarixdə qüvvəyə minmişdir. Göründüyü kimi, Qusar bələdiyyəsinin 26 iyul 2008-ci il tarixli 43/4-13 saylı qərarı ilə Cavabdeh sahibkarlıq məqsədi ilə satılmış 1242.0 k.metr torpaq sahəsi dövlət mülkiyyətinə aid olmaqla Qusar rayon X6 İcraiyyə Komitəsinin 30 iyul 1947-ci il tarixli 172 saylı qərarı ilə Qusar rayon meşə təsərrüfat idarəsinə ayrılmış 1 hektar torpaq sahəsinin tərkibinə daxil olmuşdur. Belə olan halda, həmin torpaq sahəsi üzərində Qusar bələdiyyəsinin sərəncam vermək, torpaq sahəsini hər hansı fiziki şəxsin mülkiyyətinə vermək barədə qərar qəbul etmək səlahiyyəti olmamışdır. Torpaq qanunvericiliyinin tələblərinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər və bu cür torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Bundan başqa, Qusar bələdiyyəsi 25 iyul 2008-ci il tarixli qərarı qəbul edərkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini də pozmuşdur. Belə ki, həmin Qanuna 23 oktyabr 2007-ci il tarixli Qanunla edilmiş dəyişikliyə əsasən müəyyən edilmişdi ki, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanuna 28 oktyabr 2008-ci il tarixli Qanunla edilmiş dəyişikliyə əsasən isə müəyyən edilmişdi ki, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanun 12.12.2008-ci il tarixdə qüvvəyə minmişdir. Qusar bələdiyyəsi tərəfindən Cavabdeh satılan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olsaydı belə 12.12.2008-ci il tarixdən sonra yalnız hərrac və ya müsabiqə yolu ilə satıla bilərdi. Bununla da, Qusar bələdiyyəsinin 25 iyul 2008-ci il tarixli 43/4-13 saylı qərarı mülki və torpaq qanunvericiliyinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun və Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən məlum sərəncamının tələbləri, o cümlədən torpaq sahəsinin qanuni istifadəçisi olan X21 Təsərrüfatı Mərkəzinin əmlak hüququ pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, Qusar bələdiyyəsinin 25 iyul 2008-ci il tarixli 43/4-13 saylı qərarı torpaq və mülki qanunvericiliyə uyğun gəlmədiyindən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba X1 qorunan mənafeyini, torpaq sahəsi üzərində istifadə hüququnu pozduğundan etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin həmin Maddəsinin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh dövlət mülkiyyətində olmaqla iddiaçı X21 Təsərrüfatı Mərkəzinin balansında olan 1242.0 kv.metr torpaq sahəsinə dair həmin idarənin qanunla qorunan maraqlarını və hüquqlarını pozmuş və ona görə də, həmin Mərkəzin pozulmuş hüquqlar bərpa edilməli, cavabdeh 1242.0 kv.metr torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi onun qanunsuz sahibliyindən Quba X2i sahibliyinə qaytarılmalıdır. Həmçinin, Cavabdeh tərəfindən həmin torpaq sahəsində inşa edilmiş hasar onun öz hesabına sökülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 384.0, 384.0.4, 384.0.5-ci maddələrinə əsasən iddia müddəti aşağıdakılara şamil edilmir: mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri. Məhkəmə Cavabdeh nümayəndəsi və vəkili Rəşid Hacılının iddia müddətinin tətbiqinə dair ərizəsini müzakirə edərək belə qənaətə gəlir ki, iddia müddəti hazırkı iddiaya tətbiq edilə bilməz. Belə ki, iddianın predmetini dövlət mülkiyyətinə aid olmaqla iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsinə dair əmlak hüquqlarının müdafiəsi və bələdiyyə orqanının iddiaçının əmlak hüquqlarını pozan qərarının etibarsız hesab edilməsi təşkil edir. Mülki Məcəllənin tələbinə əsasən isə belə kateqoriyadan olan tələblərə iddia müddəti şamil edilmir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüquqları müdafiə olunmalıdır. İşə baxılarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətləri aşkar olunmadığından məhkəmə iş üzrə hər hansı xüsusi qərardad çıxarılmasına ehtiyac görmür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası Cavabdeh nümayəndəsi və vəkilinin təşəbbüsü ilə təyin edilmişdir. Bu səbəbdən də, iş üzrə 311 (üç yüz on bir) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına (Kapitalbankın 1 saylı Xətai filialı, Kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod:AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN:**********, Hesab N:AZ23AİİB********************) keçirilməlidir. Bundan başqa, iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X8, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia və ona əlavə təmin edilsin. Qusar bələdiyyəsinin 25 iyul 2008-ci il tarixli 43/4-13 saylı qərarı etibarsız hesab edilsin. Cavabdeh Qusar şəhərində X21 Təsərrüfatı İdarəsinin balansında olmaqla Qusar meşəçiliyinin inzibati binasının yanında yerləşən 1242.0 kv.metr torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi alınaraq həmin idarənin qanuni sahibliyinə və istifadəsinə verilsin. Qusar şəhərində X21 Təsərrüfatı İdarəsinin balansında olmaqla Qusar meşəçiliyinin inzibati binasının yanında yerləşən 1242.0 kv.metr torpaq sahəsində Cavabdeh tərəfindən inşa olunmuş hasar həmin şəxsin öz hesabına sökülsün. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X8, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə 311 (üç yüz on bir) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına (Kapitalbankın 1 saylı Xətai filialı, Kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod:AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN:**********, Hesab N:AZ23AİİB********************) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar