Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-929/2024 27.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X30 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın mülkiyyətə verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın mülkiyyətə verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X11 miras kütləsinə daxil olan, Qusar rayonu Gilah oba kəndində yerləşən evin və həmin evin yerləşdiyi 0.22 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi və həmin miras əmlakların vərəsəlik yolu ilə onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonu Gilah oba kəndində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.22 ha həyətyanı torpaq sahəsi atası X12 məxsusdur. Həmin evə dair X24un adına 225 reyestr nömrəli 225 inventar nömrəli qeydiyyat vəsiqəsi verilmiş, həmçinin evə dair müvafiq texniki pasport tərtib edilmişdir. X24 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. X6 isə xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda mərhum atasının qanun üzrə 4 nəfər vərəsələri qalmışdır. Həmin şəxslər aşağıdakılardır:
1. O, Ərizəçi,
2. X1
3. X2
4. X5. Hazırda mərhum atasından miras qalmış evdə yalnız o, yaşayır, evi mərhum atasından sonra miras əmlak kimi o, qəbul edib ona sahiblənmişdir. Evin bütün kommunal xidmət haqları onun tərəfindən ödənilir. Mərhum atasının digər vərəsələri olan qardaşı və bacıları mərhum atasından qalmış mirası qəbul etmək istəmirlər, bu barədə ərizə vermişlər. Bu yaxınlarda o, həmin torpaq sahəsinə və fərdi yaşayış evinə dair adına vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Qusar rayon Notariat Ofisinə müraciət etmiş, lakin oradan onun tərəfindən mirasın qəbul edilməsini təsdiq edən sənəd təqdim edilmədiyi bildirilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuş, bu barədə 24 may 2024-cü il tarixli 657 saylı məktub verilmişdir. X24 vəfat edərkən hazırda qüvvədə olan Mülki Məcəllə qüvvədə olmamış, 1964-cü il Mülki Məcəlləsi qüvvədə olmuşdur. Ona görə də, hesab edir ki, onun ərizəsinin əsasları 1964-cü ildən 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları ilə müəyyən olunmalıdır. Mərhum X24 vəfat etdikdən sonra qeyd etdiyi fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsini miras əmlak kimi qəbul etmək üçün onun subyektiv vərəsəlik hüququ vardır. Onun həmin mirası faktiki olaraq qəbul etməyi isə mərhum atası vəfat etdiyi vaxtdan miras əmlak olan evdə yaşamağı, hazırda da həmin evdə yaşamaqla evi idarə etməyi, evin bütün kommunal xidmət haqlarını ödəməyi ilə təsdiq olunur. Göründüyü kimi, o, miras qoyan mərhum X24un mirasını mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmiş və ona görə də, həmin miras əmlakın onun tərəfindən qəbul edilmişi faktı müəyyən olunmalı və miras əmlak onun mülkiyyətinə verilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizə üzrə tələbi müdafiə etmiş və ərizənin məzmununa uyğun izahat ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat Ofisinin notariusuna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin izahatını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan 236 saylı, 225 reyestr nömrəli, 225 niventar nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Qusar rayonu Gilah oba kəndində 0.22 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X11 adına qeydiyyata alınmışdır. İşdə olan AZ-İİ 351814 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. İşdə olan AZ-İİ 351813 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. İşdə olan Qusar rayon İHB-nın Gilahoba kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 iyun 2024-cü il tarixli 66 saylı arayışdan görünür ki, X3 ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır:
1. X14
2. X16
3. X7
4. Ərizəçi. Mərhumun ölümündən sonra miras əmlakı Ərizəçi tərəfindən idarə olunur. İşdə olan AZ 028700 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X15r. İşdə olan X8, X9 və X4 təsdiq olunmuş ərizələrindən görünür ki, onlar mərhum ataları X10 miras qalmış əmlakdan onlara düşən payı qəbul etməmişlər, hal-hazırda qəbul etmirlər, gələcəkdə bununla bağlı məhkəməyə müraxiət etməyəcəklər. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 24 may 2024-cü il tarixli 657 saylı məktubdan görünür ki, Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.1990-cı il tarixdə vəfat etmiş X10 miras qalmış əmlaka mirasın qəbulu faktı və ya müddətin bərpası ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə vərəsəlik hüquq münasibəti Azərbaycan Respubliksının hazırda qüvvədə olan Mülki Məcəlləsi qüvvəyə minməmişdən əvvəl yaranmışdır. Belə ki, miras qoyan Ağaməhəmməd Dögüşov 05 may 1990-cı il tarixdə vəfat etmiş və həmin vaxtdan miras açılmışdır. Ona görə də, hazırkı işin hallarına həmin vaxt qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüququ münasibətlərini tənzimləyən müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının 1964-cü il Mülki Məcəlləsinin 552-ci maddəsində qeyd olunurdu ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 554-cü maddəsində qeyd olunurdu ki, qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Göründüyü kimi, Ərizəçi miras qoyan Ağaməhəmməd Dögüşovun oğludur və sonuncunun yuxarıda göstərilən miras əmlaklarını vərəsəlik qaydasında qəbul etmək üçün ərizəçinin subyektiv vərəsəlik hüququ vardır. Həmin hüququ eyni zamanda ərizəçinin bacılarına və qardaşına mənsub olsa da, həmin şəxslər həmin mirası qəbul etmək istəmirlər, bu barədə notariat qaydasında təsdiqlənən ərizələr vermişlər. Bununla da, mirasa dair subyektiv hüquqa malik şəxslər arasında hər hansı mübahisə mövcud deyildir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Göründüyü kimi, Ərizəçi uzun müddətdir ki, miras qoyan Ağaməhəmməd Dögüşovun miras kütləsinə daxil olan əmlaklara faktiki sahiblik etməklə və onları idarə etməklə həmin hərəkətləri ilə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi miras qoyan Ağaməhəmməd Dögüşovun miras əmlaklarını mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmiş və ona görə də həmin əmlakların miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, həmçinin həmin miras əmlaklar vərəsəlik yolu ilə Ərizəçi mülkiyyətinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qətetdi:
Ərizə təmin edilsin. X3 miras kütləsinə daxil olan, Qusar rayonu Gilah oba kəndində yerləşən evin və həmin evin yerləşdiyi 0.22 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin və həmin miras əmlaklar vərəsəlik yolu ilə Ərizəçi mülkiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
HAKİM: ANAR QASİMOV