Məhkəmə qərarları › İş №2(029)-943/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-943/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-943/2024 27.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh, X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7000 (yeddi min) manat əsas borcunun, habelə iddia qaldırmaqla əlaqədar ödədiyi 90 (doxsan) manat dövlət rüsumunun, cəmi olaraq 7090 (yeddi min doxsan) manat pulun alınıb ona qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Bakı şəhərində rəsmi qeydiyyatda olmağına baxmayaraq, hal-hazırda faktiki nikah münasibətlərində olduğu ərim X2 ilə faktiki Qusar rayonu Mucuq kəndində yaşayır. Cavabdeh əri Ravil Babayevin çəpər qonşusudur. 2023-cü ilin noyabr ayında Cavabdeh ona müraciət edərək özünə pul lazım olduğunu bildirmiş, bu məqsədlə əri Ravilin həyətyanı torpaq sahəsi ilə yanaşı olan 0,06 ha torpaq sahəsini 6000 manata satdığını bildimiş və həmin torpağı almağı ona təklif etmişdir. X7 məsləhət etdikdən sonra həmin 0,06 ha torpaq sahəsini Cavabdeh almaq qərarına gəlmişdir. 05 noyabr 2023-cü il tarixdə həmin torpaq sahəsinin alınması üçün ilkin olaraq o, Cavabdeh 3000 manat vermişdir. Həmin torpaq sahəsinin sənədləri qaydasında deyildi. Ona görə də Cavabdeh demişdir ki, həmin 3000 manata torpaq sahəsinin sənədlərini qaydaya salsın, torpaq sahəsinin razılaşdıqları 6000 manat qiymətin qalan 3000 manatını da ona torpaq sahəsini notarial qaydasında onun adına rəsmiləşdirilərkən verəcəkdir. Cavabdeh ondan 3000 manat aldıqdan sonra uzağı 1 ay müddətində torpağın sənədlərini qaydaya salacağını bildirmişdir. Lakin, cavabdeh 4-5 ay keçməsinə baxmayaraq torpağın sənədlərini düzəltməmişdir. Bir neçə dəfə o, bununla əlaqədar cavabdehə narazılığını bildirmiş, hər dəfə cavabdeh tezliklə torpağın sənədlərini qaydaya salacağını bildirmişdir. Sonra Cavabdeh sənədlərin düzəldilməsinə pul çatmadığını, hansısa işlərinə lazım olduğunu bildirərək ondan torpaq sahəsinə görə ona borclu qaldığı 3000 manatı da hissə-hissə almışdır. Bundan başqa, 2024-cü ilin mart ayında Cavabdeh ondan əlavə olaraq 1000 manat borc almışdır. Cəmi Cavabdeh ondan 7000 manat pul almışdır. 28 iyul 2024-cü il tarixdə o, Cavabdeh yenidən həmin torpaq sahəsi ilə əlaqədar müraciət etdiyi zaman Cavabdeh onu təhqir etmiş, onunla kobud danışmışdır. O, bununla əlaqədar DİN-nin “102 Xidməti’nə zəng edib Cavabdeh şikayət etmişdir. Onun şikayəti Qusar RPŞ-nin Həzrə PB-də araşdırılmış, araşdırma zamanı Cavabdeh ondan torpaq sahəsini satmaq adı ilə 4000 manat pul aldığını etiraf edib bu barədə izahat yazmışdır. Lakin, o, Cavabdeh 4000 manat deyil, cəmi 7000 manat pul vermiş və həmin pulunu ondan geri tələb edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Cavabdeh ondan torpaq sahəsinə görə 6000 manat, sonradan isə borc kimi 1000 manat, cəmi isə 7000 manat pul almışdır. Lakin, cavabdeh nədənsə ondan 4000 manat pul adığını bildirir, bu barədə polis şöbəsində izahat verərkən də, bildirmişdir. Cavabdehin bu barədə deməsinə baxmayaraq, həmin şəxsin ona 7000 manat borcu vardır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, onun pula ehtiyacı olduğundan tanışı Ravilə yaxınlaşıb həmin şəxsə özünə məxsus torpaq sahəsini almasını bildirmişdir. Bir müddət keçdikdən sonra Ravil və Yuliya gəlmişlər, o, torpaq sahəsinə görə həmin şəxslərdən 6000 manat pul almalı olmuş, lakin torpaq sahəsinin sənədləri olmadığına görə həmin məbləğin yarısını, yəni 3000 manat pul almışdır. Sonra torpaq sahəsinin sərhədləri ilə bağlı qonşusu ilə aralarında problem yarandığından və qonşusu Bakı şəhərində olduğundan həmin məsələ uzanmış və həmin problemə görə torpaq sahəsinin alqı-satqısı baş tutmamışdır. O, bu barədə Ravilə bildirmiş və həmin şəxs pulu ondan tələb etmişdir. Bundan başqa, o, Yuliyadan borc kimi 1000 manat pul almış, həmin borcu sentyabr ayında qaytarmalı olmuş, lakin qaytara bilməmişdir. Onun Yuliyaya 7000 manat deyil, cəmi 4000 manat borcu var, həmin şəxsin nə üçün ondan 7000 manat pul təbəl etdiyini bilmir. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş işin materialları ilə, o cümlədən tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, İddiaçı cavabdehdən torpaq sahəsini əldə etmək məqsədilə sonuncuya pul vermişdir. Cavabdeh iddiaçıdan bu məsələ ilə bağlı pul aldığını mübahisələndirmir, lakin torpaq sahəsinin satılması ilə bağlı ona verilmiş məbləği mübahisələndirir. Bundan əlavə, müəyyən olunan hal ondan ibarətdir ki, həmin ərəfədə iddiaçı cavabdehə 1000 manat borc vermişdir. Bu faktı cavabdeh öz izahatında təsdiq edərək mübahisələndirməmişdir. Məhkəmə iddia tələbinin qanuni əsasları kimi aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1 və 1092.2-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının tələblərini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bu baxımdan cavabdehin iddiaçıdan torpaq sahəsinin satılması ilə əlaqədar olaraq 3000 manat alması etiraf olunduğundan iddiaçı həqiqətən belə bir məbləğdə pulun verilməsini sübut etmək vəzifəsindən azaddır. Məhkəmə hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan, yəni həyata keçirilməmiş əsasa görə iddiaçının hesabına əsassız varlandığı üçün iddiaçının ondan verdiklərini geri tələb etmək hüquq vardır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehə həmin məsələnin həlli ilə bağlı 3000 deyil, 6000 manat verdiyinə dair tələb irəli sürürsə, artıq cavabdehin məhz bu məbləğdə pulu qaytarmağı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür, çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı torpaq sahəsi əldə etmək məqsədilə cavabdehə 3000 manatdan artıq pul verdiyinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında tədqiq olunmuş İddiaçı müraciəti əsasında Qusar Rayon Polis X6 Bölməsində toplanmış materialdan görünür ki, İddiaçı müraciətində və vermiş olduğu izahatında Cavabdeh məhz 3000 manat pul verdiyini bildirmiş, məhkəmədə isə pulun məbləği ilə bağlı fərqli izahat verərək bu ziddiyyətləri heç bir tutarlı əsasla izah edə bilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan torpaq sahəsinin satılması ilə bağlı məhz 3000 manat pul alması faktının etiraf etməsi işin obyektiv hallarına uyğun gəldiyindən məhz həmin məbləğdə pul vəsaiti ondan tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı cavabdehə verdiyi 1000 manat borcunun tələbinə dair iddiasını məhkəmə əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki prosessual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddiaçı cavabdehə pulun borc verilməsini sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəmə iclasında verilmiş izahatı ilə iddiaçıdan əlavə olaraq 1000 manat məbləğində borcunu tam etiraf etmişdir. Məhkəmə cavabdehin qeyd olunanları etiraf etməsini nəzərə alır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, həmin faktı, yəni cavabdehin iddiaçıya borca görə 1000 manat məbləğində borcunun olması faktını sübut etmə vəzifəsindən iddiaçı azaddır. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh iddiaçı ilə aralarında yaranmış borc münasibətləri üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən onun həmin öhdəliyə görə məsuliyyəti yaranmış və o, tərəflərin iradə azadlığı əsasında öhdəliyini icra etməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 3000 manat əsassız varlanmaya görə və 1000 manat borca görə, cəmi 4000 manat məbləğində pul tutularaq İddiaçı verilməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 90 manat məbləğində pul vəsaitinin iddianı təmin olunan hissəsinə mütənasib olan hissəsi, yəni 60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 90 (doxsan) manat məbləğində pul vəsaitinin iddianın təmin olunmuş hissəsinə mütənasib olan 60 (altmış) manat hissəsi alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar