Məhkəmə qərarları › İş №2(029)-946/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-946/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-946/2021 11.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1200 (min iki yüz) manat pulun, habelə iddia qaldırılmaqla əlaqədar ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdeh Qusar rayonu Əniğ Bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə, 2014-cü ilin may ayında ondan 1200 manat pul alaraq istifadəsində olan 0.30 ha həyətyanı torpaq sahəsinə onun adına mülkiyyət hüququ haqqında sənəd gətirməyə söz vermişdir. Cavabdehə həmin 1200 manat pulu verdikdən 2-3 ay sonra cavabdeh həmin torpaq sahəsinin onun mülkiyyətində olmasına dair JN-808F KOD 30105018 saylı, 05 may 2006-cı il tarixli “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” gətirmişdir. O, həmin Şəhadətnamənin Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin elektron bazasında qeydiyyatdan keçib-keçmədiyini soruşanda cavabdeh bildirmişdir ki, həmin Şəhadətnamə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin elektron bazasında rəsmi qeydiyyatdadır. Sonradan Əniğ kəndinə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin əməkdaşları gəlib həyətyanı torpaq sahələrinin elektron xəritələrini hazırlayarkən Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin əməkdaşları ona bildirmişlər ki, cavabdehin ona verdiyi JN-808F KOD 30105018 saylı, 05 may 2006-cı il tarixli “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin elektron bazasında qeydiyyatda yoxdur, həmin Şəhadətnamə saxta sənəddir. O, JN-808F KOD 30105018 saylı, 05 may 2006-cı il tarixli “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”-nin saxta olduğunu bildikdən sonra cavabdehə müraciət etmiş və həmin Şəhadətnaməyə görə ödədiyi 1200 manat pulun qaytarılmasını tələb etmişdir. Lakin, cavabdeh onun pulunu qaytarmadığı üçün o, şikayət ərizəsi ilə Qusar rayon PŞ-nə müraciət etmişdir. Onun şikayəti üzrə Qusar rayon PŞ-si tərəfindən cavabdeh barəsində CM-nin 178.2.3 və 313-cü maddələri ilə cinayət işi başlanılaraq istintaq edilmiş və baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilmişdir. Qusar rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli 1(029)-54/2020 saylı hökmünə əsasən cavabdeh CM-nin 178.2.3 və 313-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qusar rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli 1(029)-54/2020 saylı hökmü ilə ona, cavabdehdən mülki mühakimə icraatı qaydasında 1200 manat pulun geri tələb etmək hüququnun olması izah edilmişdir. Qusar rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli 1(029)-54/2020 saylı hökmü qanuni qüvvəyə minəndən sonra da, o, bir neçə dəfə cavabdehə müraciət edərək pulunun qaytarılmasını xahiş etmişdir. Lakin, cavabdeh yenə də pulunu qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir, təyin olunmuş məhkəmə iclasına gələ bilmir, odur ki, işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı qəbul edir, iddiaçıya 1200 (min iki yüz) manat borcu vardır. Həmin borcu bütün imkanlarından istifadə edərək ödəyəcəkdir. Həmçinin, təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 184.5 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon Məhkəməsinin 22.07.2020-ci il tarixli 1(029)-54/2020 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsi ilə təqsirli bilinib CM-nin 75.1.1 və Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddələrinə əsasən barəsində cəza təyin edilməmiş, Azərbaycan Respublikasının CM-nin 178.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsinə əsasən Cavabdeh əlavə cəza növü kimi 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilmişdir. Zərər çəkmiş şəxs İddiaçı 1200 (bir min iki yüz) manat dəymiş ziyanla bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Cavabdeh 2014-cü ilin may ayında Qusar rayonu Əniğ bələdiyyəsinin sədri işləyərkən vəzifəli şəxs olmaqla, rayonun Əniğ kənd sakini İddiaçı yaşadığı kənddə faktiki istifadəsində olan 0,30 ha torpaq sahəsində tikdirdiyi evə çıxarış alması məqsədi ilə torpaq sahəsinin öz adına rəsmiləşdirilməsi üçün müraciəti ilə əlaqədar qulluq mövqeyinə görə ona olan inamdan istifadə etməklə İddiaçı əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə sonuncuya əmlakının rəsmiləşdirilməsi üçün yalandan vəd verib razılığa gələrək Əniğ bələdiyyəsinin inzibati binasında Baloğlan Yüzbəyovun və Bəxtiyar Yüzbəyovun yanında İddiaçı torpaq sahəsini rəsmiləşdirməsi müqabilində 1200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini almış, bundan 2-3 ay sonra torpağın rəsmiləşdirilməsinə dair sənədlərin şəhadətnamə deyil, Kadastr layihəsi formasında verilməli olduğunu bilməsinə baxmayaraq İddiaçı 1200 manat məbləğində pulunu ələ keçirmək məqsədi ilə “DTXK Qusar rayon şöbəsinin müdiri” qrafasının qarşısında həmin şöbənin sabiq müdiri Reymulla Əliverdiyevin adından imzalamaqla məzmununa Qusar rayon məhkəməsinin mövcud olmayan 04 aprel 2006-cı il tarixli, 2-347a/2006 saylı qərarı əsasında İddiaçı 0,30 ha torpaq sahəsi ayrılmasına və “148” nömrə ilə qeydiyyata alınmasına dair tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd hesab edilən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-808F KOD 30105018 nömrəli saxta Şəhadətnaməni İddiaçı verməklə 0,30 ha torpaq sahəsini onun adına rəsmiləşdirməsini bildirmiş və bu hərəkətləri ilə sonuncunun 1200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə dələduzluq və rəsmi sənəd hesab edilən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh Qusar rayonu Əniğ kənd Bələdiyyəsinin sədri işlədiyi dövrdə, 2014-cü ilin may ayında İddiaçı qarşı dələduzluq cinayətini, o cümlədən vəzifə saxtakarlığı cinayətini törətməklə İddiaçı 1200 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin hal Qusar rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 22.07.2020-ci il tarixli 1(029)-54/2020 saylı hökmü ilə öz təsdiqini tapmışdır. Bununla da, Cavabdeh İddiaçı qarşısında delikt öhdəliyi yaranmışdır. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh təqsirli hərəkəti nəticəsində İddiaçı vurulmuş maddi zərərin əvəzi kimi 1200 (min iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 1200 (min iki yüz) manat məbləğində pul vəsaiti, habelə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar