Məhkəmə qərarları › İş №2(029)-954/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-954/2022

22.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-954/2022 22.11.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evdən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə qaydası müəyyən edilməklə evin ikinci mərtəbəsində yerləşən və cavabdehin faktiki istifadəsində olan bir otağının Cavabdeh və onun ailə üzvlərinin istifadəsinə verilməsi, evin yardımçı sahəsinin (dəhliz, eyvan, mətbəx) ümumi istifadədə saxlanılması, evin qalan otaqlarından istifadə edilməsinin həmin şəxslərə qadağan edilməsi, Cavabdeh istehlak etdiyi qaz, işıq və su haqlarını müəyyən etməklə özü tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən iki mərtəbəli, dörd otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin evin ünvanı əvvəllər M.Qorki küçəsi ev 67, sonradan İlizarov küçəsi ev 67 olmuş, hazırda isə T.İsmayılov küçəsi ev 67-dir. Onun həmin evə mülkiyyət hüququ xx.xx.1995-ci il tarixli 176 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmişdir. Cavabdeh onun oğludur və ona məxsus həmin evdə qeydiyyatda olmaqla həyat yoldaşı X7 və övladı X24 ilə birlikdə orada yaşayır. Bundan başqa, X8, X15, X13, X9 və X10 adında övladları var və onlar da onun vərəsələridir, mütəmadi olaraq ona məxsus evə gəlirlər, ona baxırlar, müəyyən müddət ərzində onunla birlikdə yaşayırlar. Son zamanlar cavabdeh onunla yola getmir, mütəmadi olaraq onunla mübahisələr edir, onu və digər övladlarını ona məxsus evdən istifadəsinə əngəllər yaradır. Hətta, yaşadığı ev onun mülkiyyətində olmasına baxmayaraq onu evdən qovacağı ilə hədələyir. Bundan başqa, cavabdeh istifadə etdiyi kommunal xidmət haqlarının hamısının onun tərifindən ödənilməsini tələb edir. Cavabdehin həmin evə istifadə hüququ var, lakin evin mülkiyyətçisi yalnız o özüdür, ev tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Cavabdehin evdən istifadə hüququ olduğundan onu evdən çıxara bilmir, yaxud onun istifadə hüququna xitam verilməsi üçün kompensasiya verməyə pulu yoxdur. Bununla belə onun istifadə hüququ ilə onun mülkiyyət hüququ toqquşur, ona görə də mülkiyyətçi olaraq evdən istifadə qaydasının müəyyən edilməsini tələb etmək məcburiyyətindədir. Cavabdeh hazırda evin ikinci mərtəbəsində yaşayır, istifadəsində bir otaq, bir dəhliz və eyvan vardır. Cavabdehin ona məxsus evdə istifadə hüququ olsa da, cavabdeh mülkiyyətçi kimi onun hüquqlarını, həmçinin evə dair öhdəliklərini pozmamalıdır. Bu səbəbdən də, ona məxsus evin ikinci mərtəbəsində yerləşən, cavabdehin ailəsi ilə birlikdə yaşadığı otağın onun və ailə üzvlərinin istifadəsinə verilməsini, qalan otaqlardan istifadə edilməsinin həmin şəxslərə qadağan edilməsini zəruri hesab edir. Cavabdehə istehlak etdiyi qaz, işıq və su haqlarını müəyyən etmək üçün rəsmi qeydiyyata alınmadan daxili nəzarət sayğacları quraşdırılmaqla hesablanmış haqqların cavabdehin özü tərəfindən ödənilməsi müəyyən olunmalıdır. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, o, İddiaçı iddiasını qəbul etmir və həmin iddiaya etirazını bildirir. Belə ki, iddia ərizəsində göstərilən və onun ailə üzvləri ilə birlikdə yaşadığı, evin ikinci mərtəbəsində yerləşən otağın sahəsi 3mx3m olmaqla cəmi 9 kv.metrdən ibarətdir. Həmin otaqda o, həyat yoldaşı Nərminə Tağıyeva və 20 oktyabr 2011-ci il təvəllüdlü qızı Naida adlı azyaşlı uşağı yaşayırlar. Otağın həcmi həmin otaqda 3 nəfərin normal yaşamasına çətinlik yaradır. Evin ikinci mərtəbəsində onların yaşadıqları otaqdan başqa yenə iki boş otaq və böyük eyvan vardır və həmin otaqların qapıları qıfıllanmış vəziyyətdə olmaqla otaqlardan və eyvandan nə iddiaçı özü istifadə etmir, nə də onun və ailə üzvlərinin istifadə etməsinə imkan yaratmır. Belə ki, anası İddiaçı səhhəti ilə əlaqədar evin ikinci mərtəbəsinə qalxıb düşməkdə çətinlik çəkdiyinə görə evin birinci mərtəbəsində yaşayır və birinci mərtəbə bütövlükdə onun istifadəsindədir. Evin ikinci mərtəbəsində onun və ailə üzvlərinin istifadəsində olan eyvan, dəhliz və mətbəxin ümumi istifadəyə verilməsi onsuz da çətin olan vəziyyətini daha da çətinləşdirəcəkdir. O və ailə üzvləri də iddiaçının ailə üzvləri hesab edilirlər və onların da iddiaçı ilə birlikdə həmin yaşayış sahəsindən bərabər istifadə etmək hüquqları vardır. Ona görə hesab edir ki, İddiaçı ona qarşı evdən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Buna görə də, İddiaçı ona qarşı evdən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair işə məhkəmədə baxılarkən mübahisə predmeti olan və ünvan 2 ünvanda yerləşən evə məhkəmə tərəfindən baxış keçirilsin. İddiaçı ona qarşı evdən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiasının rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən iki mərtəbəli, dörd otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmin evdə Cavabdeh və qeydiyyatda olmaqla həyat yoldaşı X7 və övladı X24 ilə birlikdə orada yaşayır. Bundan başqa, İddiaçı X8, X15, X13, X9 və X10 adında övladları var və onlar da onun vərəsələridir, mütəmadi olaraq ona məxsus evə gəlirlər, ona baxırlar. Xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə qaydası müəyyən edilməklə evin ikinci mərtəbəsində yerləşən və cavabdehin faktiki istifadəsində olan bir otağının Cavabdeh və onun ailə üzvlərinin istifadəsinə verilməsi, evin yardımçı sahəsinin (dəhliz, eyvan, mətbəx) ümumi istifadədə saxlanılması, evin qalan otaqlardan istifadə edilməsinin həmin şəxslərə qadağan edilməsi, Cavabdeh istehlak etdiyi qaz, işıq və su haqlarını müəyyən etməklə özü tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, həmin ev iddia ərizəsində göstərildiyi kimi 4 otaqlı deyil, aşağıda 3 otaqdan və yuxarı mərtəbədə 3 otaqdan ibarətdir. Onun başqa qalmağa evi yoxdur. O, həmin evdə balaca bir otaqda qızı və arvadı ilə birlikdə qalır, çörəkləri həmin otaqda yeyir, həmin otaqda yatıb-durur. Bundan başqa həmin evin eyvanından da o, istifadə edir. Digər otaqlar bağlıdır, həmin otaqlardan anası ona istifadə etməyə icazə vermir. O, fəhlə işləyərək ailəsini dolandırır. Anası ona evə gələn sudan istifadə etməyə qoymur, o, məcbur olub qonşuya gələn su borusundan özünə su xətti çəkmişdir. O, özünə ayrı işıq xətti çəkmək istəmiş, lakin bu mümkün olmamışdır. Özunə ayrı qaz sayğacı qoymuş, lakin anası buna razı olmamışdır. Kommunal xərcləri pulu olanda o, qalan vaxtları isə anası ödəyir. O, anasından küsülü deyildir. Dəfələrlə anasına onu özü saxlayacağını demiş, anası qızlarının qorxusundan buna razı olmamışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında göstərmişdir ki, cavabdeh onun qardaşıdır, onun cavabdehlə heç bir düşmənçiliyi yoxdur. Anasının gözləri görmür, yaşlı qadındır, anasının 80 yaşı var. O və bacıları anasını qardaşı, iş üzrə cavabdeh Davuda tapşırmışlar. O və digər bacılar və qardaş cavabdeh anasını döyəndən sonra anasını və qardaşını ayırmışlar. Anasına baxıcı tutmuşlar, aradabir özləri də gəlib analarına baş çəkirlər. Anası xəstədir, cavabdeh anasına baxmamışdır. Kommunal xərcləri ödəmək üçün anası cavabdehə müraciət etdikdə cavabdeh “sənin qızların gəlib qaz, işıq yandırır, onlara de, ödəsinlər” deyir. Onlar qardaşına həmin evi satıb ayrı ev almağı təklif etmiş, lakin cavabdeh buna razı olmamışdır. Onlar həmin evə gələndə “siz niyə bura gəlmisiniz” deyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, cavabdeh onun qardaşıdır, onun cavabdehlə heç bir düşmənçiliyi yoxdur. Cavabdeh və onun arvadı anası ilə yola getməmiş, cavabdeh anasını döymüşdür. Cavabdeh anası ilə üzbəüz gələndə onu söyür, təhqir edir. Yaşlı anasını rahat yaşamağa qoymur. Kommunal xərclər gələndə cavabdeh anasına “qazı, işığı sən yandırmısan, sən də ödə” demiş və qəbzləri ona vermişdir. O, anası ilə qardaşının ayrı yaşamasını və qardaşının anasına narahat etməməsini istəyir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə baxılmasını mümkün hesab edir. İşə baxıb, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil Cavabdeh, şahidlər X2 və X3 izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İV-ЖГ № 454311 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 30 aprel 1962-ci il tarixdə anadan olmuşdur. X1, anası İddiaçıdır. İşdə olan İV-ЖГ № 454312 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 19 fevral 1964-cü il tarixdə anadan olmuşdur. X1, anası İddiaçıdır. İşdə olan İV-ЖГ № 454313 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 12 yanvar 1967-ci il tarixdə anadan olmuşdur. X1, anası İddiaçıdır. İşdə olan АЗБ № 013845 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 18 fevral 1971-ci il tarixdə anadan olmuşdur. X1, anası İddiaçıdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 31 avqust 2022-ci il tarixli arayışdan görünür ki, X11 xx.xx.1988-ci ildə Qusar rayonu Bədirqala kəndində ölmüşdür. İşdə olan inventar nömrəsi 2267 olan 19 oktyabr 1995-ci il tarixli qeydiyyat vəsiqəsinin surətidnən görünür ki, Qusar rayonu M.Qorki küçəsində yerləşən ümumi sahəsi 114.8 kv/metr, yaşayış sahəsi 79.8 kv metr olan 67 nömrəli ev İddiaçı mülkiyyətindədir. İşdə olan AZ-T 037348 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 nikahları 26 aprel 2013-cü il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 62 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Bundan sonra qadın “Tağıyeva” soyadını qəbul etmişdir. İşdə olan AZ-İİİ 817033 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2011-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X5r. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən iki mərtəbəli, dörd otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının oğludur və ona məxsus həmin evdə qeydiyyatda olmaqla həyat yoldaşı X7 və övladı X24 ilə birlikdə orada yaşayır. Son zamanlar cavabdeh iddiaçı ilə yola getmir, mütəmadi olaraq onunla mübahisələr edir, onu və digər övladlarını ona məxsus evdən istifadəsinə əngəllər yaradır. Bununla da, cavabdehin həmin evə istifadə hüququ olsa da, öz hərəkətləri ilə mülkiyyətçi İddiaçı mülkiyyət hüququnu pozur, mülkiyyət hüququnu istədiyi kimi sərbəst şəkildə həyata keçirməsinə mane olur. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, iddiaçının həmin evə dair mülkiyyət hüququ müdafiə olunmaqla evdən istifadə qaydası müəyyən olunmalıdır. Məhkəmə iddiaçının göstərdiyi qaydada evdən istifadə qaydasının müəyyən olunmasını, yəni ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən və cavabdeh Vəkil faktiki istifadəsində olan bir otağının Cavabdeh və onun ailə üzvlərinin istifadəsinə verilməsini, evin yardımçı sahəsinin (dəhliz, eyvan, mətbəx) ümumi istifadədə saxlanılmasını, evin qalan otaqlarından istifadə edilməsinin cavabdehə və onun ailə üzvlərinə qadağan edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh istehlak etdiyi qaz, işıq və su haqları onun özü tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə qaydası müəyyən edilməklə evin ikinci mərtəbəsində yerləşən və cavabdeh Vəkil faktiki istifadəsində olan bir otağı Cavabdeh və onun ailə üzvlərinin istifadəsinə verilsin, evin yardımçı sahəsi (dəhliz, eyvan, mətbəx) ümumi istifadədə saxlanılsın, evin qalan otaqlarından istifadə edilməsi cavabdehə və onun ailə üzvlərinə qadağan edilsin. Cavabdeh istehlak etdiyi qaz, işıq və su haqları onun özü tərəfindən ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar