Məhkəmə qərarları › İş №2(029)-966/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-966/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-966/2021 24.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh və onun vəkili X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5200 (beş min iki yüz) manat əsasə borcun, 1000 (min) manat mənəvi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 6230 (altı min iki yüz otuz) manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin iddia ərizəsi 29 sentyabr 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh maddi vəziyyətinin ağır olması və müəyyən işlərin görülməsi səbəbindən ondan, müxtəlif vaxtlarda 5200 manat borc pul almışdır. Onun səmimiliyinə inanaraq cavabdehə 2016-cı ilin dekabr ayından 2017-ci ilin may ayınadək müxtəlif vaxtlarda hissə-hissə olaraq borc pul vermişdir. Həmin pulun verilməsi Maisə Muradovanın iştirakı ilə təmin olunmuşdur. Aralarında olan razılaşmaya əsasən cavabdeh verilən borcu tez bir zamanda qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Şifahi müraciətlərinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə borcun qaytarılmasından imtina etmişdir. Bundan əlavə, cavabdehin Fuad adlı qardaşı cavabdehə verdiyi borcu qaytaracağına söz vermiş və demişdir ki, məhkəməyə müraciət etməyə ehtiyac yoxdur, özü qısa müddətdə pulu qaytaracaqdır. Lakin, buna baxmayaraq bu günə kimi borcun qaytarılması cavabdeh tərəfindən təmin olunmamışdır. Bu səbəbdən də onun maddi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşmiş və ağır maddi vəziyyətə düşmüşdür. O, dəfələrlə cavabdehin evinə gedib borcun qaytarılmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Hətta, borcun qaytarılması üçün müvafiq tədbirlərin görülməsi üçün Qusar rayon Polis şöbəsinə müraciət etmiş, araşdırma zamanı cavabdeh öz izahatında aldığı pulları borc məqsədi ilə aldığını bildirmişdir. Bu barədə 25.07.2020-ci il tarixli HK-1/391 saylı məlumat üzrə materialı nəzərdən keçirib cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qusar rayon Polis şöbəsi tərəfindən qərar qəbul olunmuşdur. Bu fakt artıq öz təsdiqini tapmışdır. Hətta, cavabdeh tərəfindən borcun ödənilməsini təmin etmək məqsədi ilə 2018-ci il tarixdə də Qusar rayon Polis şöbəsinə müraciət olunmuşdur. İşin faktiki hallarından və iş üzrə toplanmış sübutlardan göründüyü kimi Cavabdeh 5200 (beş min iki yüz) manat borc pul vermişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh göstərilən məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Bu barədə aralarında şifahi razılıq əldə olunmuşdur. Lakin, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək borcun ödənilməsini təmin etməmiş, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçırır. Bunun nəticəsində ona mənəvi və maddi zərər yetirilmişdir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Cavabdehin əsassız və qanunsuz hərəkətləri nəticəsində mənəvi iztirab keçirmişdir ki, bu zərərin əvəzini 1000 manat qiymətləndirməklə cavabdehdən xeyrinə tutulmasını tələb edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilmiş xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, Cavabdeh onunla üzbəüz binada yaşayır, onu və ailəsini əvvəllər tanımışdır. O, cavabdehə 2016-2017-ci illərdə hissə-hissə olmaqla cəmi 5200 manat məbləğində borc pul vermiş, lakin aralarında müqavilə bağlanmamış, pulu şifahi razılıq əsasında vermişdir. Belə ki, Ramin bir dəfə ona müraciət edərək iş yoldaşının əli sındığı üçün 200 manat məbləğində pul lazım olduğunu demiş və ondan həmin məbləğdə pul istəmişdir. O, isə Ramini tanıdıqından ona həmin məbləğdə borc pul vermişdir. Bu barədə o, Raminin bacısına demiş və Ramin ona ondan pul aldığını heç kimə deməməsini demişdir. Bundan sonra Ramin ona 50 manat pul vermiş, qalan pulu da tezliklə qaytaracağını bildirmişdir. Bundan sonra Ramin Rusiya Federasiyasından yağ və ərzaq gətirəcəyini deyib ondan 1000 manat borc pul istəmiş və o, tanışı Maisə adlı şəxsdən 1000 manat pul alıb Raminə vermişdir. Ümumilikdə isə o, Maisədən 2000 manat pul alıb Raminə vermiş, Ramin isə ona ucuz qiymətə yağ və ərzaqlar gətirmişdir. O, Raminə verdiyi pullardan cəmi 700 manatı birtəhər geri ala bilmişdir. Ramin onun qonşusu olduğuna və onun valideynlərini tanıdığına görə polisə şikayət etməmiş, sonra isə məcbur qalıb şikayət etmişdir. O, sonuncu dəfə Raminə 2017-ci ilin may ayında pul vermişdir. Polisə iki dəfə, birinci dəfə 2018-ci ildə, daha sonra 2020-ci ildə şikayət etmişdir. Raminə cəmi 5200 manat borc pul vermiş, onun 3200 manatı onun özünün, 2000 manat hissəsi isə Maisənin puludur. Həmin pulu faizlə verməmişdir. Sonradan isə ona məlum olmuşdur ki, Ramin ona gətirdiyi ərzaqları Rusiyadan deyil, Qusar şəhərində yerləşən “Pioner” mağazasından alıb gətirmişdir. Polisdə onun şikayətinə baxılarkən Ramin orada ondan borc pul aldığını etiraf etmiş, faizlə 2500 manat pul götürüb qaytaracağını demiş, lakin yenə borcu qaytarmamışdır. O, hazırkı iddia ilə məhkəməyə müraciət etməli olduğunu sonradan bilmiş, bu səbəbdən də, əvvəlcə məhkəməyə deyil, Qusar RPŞ-yə müraciət etmişdir. İddianı hansı müddətdə verməsini bilməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, Valentina Muradxanovanı əvvəllər tanımış, həmin şəxs onun qonşusudur. 2016-2017-ci illərdə müxtəlif vaxtlarda Valentinadan faizlə pul götürmüş və artıqlaması ilə geri qaytarmışdır. Belə ki, bir dəfə iddiaçıdan 150 manat faizlə borc pul almış, bir həftəyə 200 manat pul qaytarmışdır. Bundan sonra, bir dəfə 200 manat pul almış, bir həftədən sonra 300 manat pul qaytarmış, bir dəfə 400 manat pul almış, bir həftəyə 600 manat, iki həftəyə 1200 manat pul qaytarmışdır. Aralarında heç bir müqavilə bağlanmamışdır. Polisdə araşdırma aparılarkən Maisə adlı qadın and içib bildirmişdir ki, blokda guya ona 4000 manat pul vermişdir. Valentina isə cəmi 200 manat borc pul qaldığını, onu da bağışladığını bildirmişdir. Maisə onun bacısından da 200 manat pul almışdır. Bir dəfə binanın blokunda qaranlıqda iddiaçı əlində bir sənəd gətirib ona tez həmin sənədə qol çəkməsini demiş, o həmin sənədə nəzər saldıqda orada onun 4000 manat borcu olduğunun qeyd edildiyini görmüş və həmin sənədə qol çəkməkdən imtina etmişdir. O, iddiaçıdan aldığı pulları özünün ehtiyacları üçün almış, iş yoldaşının əlinin sınmasına görə isə pul almamışdır. İddiaçı özü bildirmişdir ki, faizlə borca pul verir, istəyən varsa xəbər etsin. O, axırıncı dəfə iddiaçıdan 600 manat faizlə borc pul almış, 1200 manat qaytarmışdır. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. Onun borcu var idisə nə üçün iddiaçı indiyədək məhkəməyə borcla bağlı müraciət etməyib, iddia müddətini də ötürübdür. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili X4 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanmamışdır. İddiaçı tələb etdiyi 5200 manatın 3200 manat hissəsinin özünə, 2000 manat hissəsinin isə başqasına məxsus olduğunu bildirir. Bu barədə isə hər hansı müqavilə yoxdur. Hesab edir ki, iddia əsasızdır, borca dair hər hansı sübut yoxdur. Bundan başqa, iddiaçı 2018-ci ildə polisə şikayət etmiş və oradan ona mülki qaydada məhkəməyə müraciət etməsi izah edilmişdir. Müqavilə öhdəlikləri üzrə iddia müddəti 3 ildir. İddiaçı 2018-ci ildə iddia qaldırmalı olduğu halda, qaldırmamış və iddia müddətini ötürmüşdür. Ona görə də, iddia müddəti tətbiq olunmaqla, həmçinin iddia əsassız olduğundan, heç bir mötəbər sübut olmadığından iddia rədd edilməlidir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan Qusar RPŞ-nin TQ-nun 17.08.2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarından görünür ki, vətəndaş İddiaçı ərizəsi əsasında cinayət işinin başlanması rədd edilmiş, həmin şəxsə ərizəsinin mülki xarakterli olması nəzərə alınaraq ona mülki qaydada borc öhdəliyini yerinə yetirmədiyinə görə Cavabdeh məhkəmə qaydasında tələb etmək hüququnun olması izah edilmişdir. Həmin qərar üzrə toplanmış materiallarında olan İddiaçı ərizəsindən görünür ki, o, Qusar RPŞ-nə 07.08.2018-ci il tarixdə müraciət etmişdir. İşdə olan Qusar RPŞ-nin TB-nin 25.07.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarından görünür ki, vətəndaş X1 Cavabdeh barəsində Qusar RPŞ-nə verdiyi ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəməyə Cavabdeh tərəfindən təqdim edilmiş 11.11.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona qarşı 5200 (beş min iki yüz) manat borcun və əlavə olaraq 1000 (min) manat mənəvi zərərin, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 6230 (altı min iki yüz otuz) manat pul tələbinə dair iddiası üzrə iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barəsində qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 2016-2017-ci illərdə borc münasibətləri olmuş, lakin aralarında yazılı müqavilə bağlanmamış, yalnız şifahi razılıq olmuşdur. İddiaçı tərəfindən Cavabdeh konkret hansı məbləğdə pul verilməsi barədə hər hansı qəbz və ya digər sənəd də olmamışdır. Bununla da, Cavabdeh hazırda iddiaçıya hər hansı məbləğdə borcunun olması məhkəmədə öz təsdiqini tapmamış və iddiaçı tərəfindən bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh müxtəlif vaxtlarda faizlə iddiaçıdan borc pul aldığını etiraf etsə də, aldığı pulları artıqlaması ilə geri qaytardığını, hazırda iddiaçıya borcunun qalmadığını bildirmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq iddia tələbini əsaslı hesab etmir. Bundan başqa, iddiaçı özü Raminə sonuncu dəfə 2017-ci ilin may ayında borc pul verdiyini, lakin həmin pulu qaytarmadığını bildirmişdir. Bununla da, iddiaçı həmin vaxtdan hüququnun pozulduğunu və iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğunu bilməli olmuşdur. Bununla belə, o, məhkəməyə deyil, 07.08.2018-ci il tarixli ərizə ilə Qusar RPŞ-yə müraciət etmişdir. Onun ərizəsi üzrə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə 17.08.2018-ci il tarixli qərar qəbul olunsa da və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsə də, o, yenə məhkəməyə müraciət etməmiş və yalnız 3 ildən artıq müddət keçdikdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad olunmuş hallar sübuta yetirilməmiş və bu səbəbdən də iddia rədd edilməlidir. Bundan başqa, məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini müzakirə edərək qeyd edir ki, Mülki Məcəllədə müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. İddiaçı Valentina Muradxanova Cavabdeh sonuncu dəfə 2017-ci ilin may ayında borc pul verdiyini, lakin həmin şəxsin qaytarmalı olduğu pulu geri qaytarmadığını bildirmiş, bununla da, həmin vaxtdan o, hüququnun pozulduğunu bilməli olsa da, məhkəməyə deyil, Qusar RPŞ-yə müraciət etmişdir. Bundan sonra Qusar RPŞ tərəfindən həmin şəxsin ərizəsi əsasında torplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17.08.2018-ci il tarixli qərar qəbul olunaraq ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmiş, lakin həmin vaxtdan da 3 ildən artıq müddət keçdikdən sonra hazırkı iddianı qaldırmışdır. Beləliklə, İddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Onun iddia müddətinin ötürülməsinin üzürlü səbəbdən baş verməsi barədə isə qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmiş, bu barədə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinin əsası kimi istinad olunmuş hallar təqdim edilmiş sənədlərlə sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası həm əsassız olduğundan, həm də iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia rədd olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 107, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar