Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-186/2025 31.07.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəmir çərçivə sökülərək maneələr aradan qaldırılmaqla yolunun açılması və həmin yoldan istifadə etməsinə cavabdehlər tərəfindən göstərilən maneçiliyə qadağa qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəmir çərçivə sökülərək maneələr aradan qaldırılmaqla yolunun açılması və həmin yoldan istifadə etməsinə cavabdeh tərəfindən göstərilən maneçiliyə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəsatətinə əsasən Cavabdeh2 əlavə cavabdeh kimi işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 il əvvəl Daşkəsən rayon Xoşbulaq kəndindən 0,16 ha torpaq sahəsi satın almış, torpaq sahəsini satın aldığı zamandan cavabdehlərlə qonşu olmuş, 2023-cü ilin yay aylarına kimi qonşuluq münasibətləri normal olmuş, 2023-cü ilin avqust ayına kimi evin arxa hissəsində yerləşən bulaqdan içməli su tələbatını ödəmiş, 2023-cü ilin avqust ayında Cavabdeh1 tərəfindən həyətyanı torpağının arxa tərəfində olan və çıxış üçün istifadə etdiyi giriş qapısı kilid və dəmir çərçivə ilə bağlanmış, cavabdehə məxsus dəmir darvaza cavabdeh tərəfindən ilkin yerindən irəli çəkilmiş və onun suya olan çıxışına maneə törədilmiş, dəfələrlə yolun açılması və dəmir darvazanın ilkin vəziyyətinə qaytarılmasını xahiş etməsinə baxmayaraq cavabdeh onun sözlərinə məhəl qoymamış, bu barədə Daşkəsən rayon Polis şöbəsinə müraciət etmiş, şikayəti cinayət tərkibli olmadığından Daşkəsən rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh1 ilə Daşkəsən rayonu Xoşbulaq kəndində qonşuluqda yaşayırlar. Onlara məxsus evlərin yaxınlığında yerləşən bulaqdan içmək üçün su götürmüşdür. Su gətirmək üçün bulağa getmək üçün olan giriş qapısınını cavabdeh tərəfindən dəmir barmaqlıqlarla hasarlanmışdır. Həmçinin cavabdeh həyətinə aid dəmir darvazanı bir neçə metr irəli çəkərək onun sudan istifadə etməsinin qarşını almışdır. Yolun açılması ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, ümumi razılığa gəlməmişlər. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi qızı Cavabdeh2 məxsusdur. Həmin evdən yay aylarında yaşayırlar. İddiaçı sonradan həmin ərazidən torpaq sahəsi almış və ora köçmüşdür. İddiaçı və onun evinə gələn digər şəxslər həmin yoldan istifadə edərkən onun istifadəsinə əngəl törədirlər. İddiaçının evinə gedib-gələn qonaqları avtomobillərini onların evinin giriş-çıxış yolundan saxlayaraq onlara maneə törətmişlər. Ona görə də öz həyətinə aid dəmir darvazanı bir neçə metr irəliyə çəkməli olmuşdur. Odur ki, iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 402 inventar nömrəli, 402 qeydiyyat nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 96 kv.metr 4 otaqdan ibarət yaşayış evi bütövlüklə İddiaçı adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 359 inventar nömrəli, 4-146 qeydiyyat nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 2 otaqlı yaşayış evi Daşkəsən rayon İcra Hakimiyyəti başçısının 12 avqust 1996-cı il tarixli 39 nömrəli sərəncamı ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 30 iyul 2025-ci il tarixli 3-21-3-33/2-7742/2025 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı naturada təqdim etdiyi mübahisəli torpaq sahəsi 33.0 kv.m təşkil edir. Həmin 33.0 kv.m torpaq sahəsi faktiki olaraq Cavabdeh1 faktiki istifadəsindədir. Həmin 33.0 kv.m torpaq sahəsi, Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində aparılmış torpaq islahatına dir tərtib olunmuş 1999-cu il tarixli kompleks yerqunuluşu layihəsinə və Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların invenlarlaşdırılmasına dair 2005-ci il tarixli yerquruluşu sxeminə əsasən bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasıns aid, kənd təsərrüfatında istifadə olunmayan (dərə-şoranlıq) torpaq sahəsi olaraq göstərilmişdir. Həmin 33.0 kv,m torpaq sahəsinin 27.0 kv.m hissəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqlan kateqoriyasına aid infrastruktur (yo1) sahə, 6.0 kv.m hissəsi isə bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid digər təyinatlı torpaq sahə olaraq göstərilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə tərəflərin iştirakı ilə mübahisəli əraziyə yerində baxış keçirilmişdir. Yerində müayinə zamanı müəyyən olunmuşdur ki, iddiaçı və Cavabdeh2 evinin yaxınlığında olan yolun kənarında, çökəklikdə su mənbəyi olan bulaq mövcuddur. İddiaçının evinin həyətinin dəmir barmaqlıqlarla əhatə olunmuş hasarından həmin su mənbəyinə çıxış əldə etmək üçün nəzərdə tutulmuş, təqribən bir metr enində qapı mövcuddur. Cavabdeh1 yaşadığı evə gedən yolun üzərində olan və nəqliyyat vasitəsinin keçə biləcəyi dəmir darvazanı əvvəlki yerindən götürərək bir neçə metr irəlidə quraşdırmaqla və sudan istifadə üçün nəzərdə tutulmuş təqribən bir metr enində qapını kilidləməklə iddiaçının həmin su olan əraziyə çıxışının qarşısını almışdır. Beləliklə, iş üzrə sübutlarla və yerində müayinə nəticəsində müəyyən edilmişdir ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən, İddiaçı və Cavabdeh2 mülkiyyətində olan fərdi yayayış evləri qonşu ərazidə yerləşirlər. Cavabdeh2 məxsus fərdi yaşayış evindən onun anası Cavabdeh1 da istifadə edir. Hər bir yaşayış evi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İddiaçı və Cavabdeh2 evinin yaxınlığında olan yolun kənarında, çökəklikdə su mənbəyi mövcuddur. İddiaçının evinin həyətinin dəmir barmaqlıqlarla əhatə olunmuş hasarından həmin su mənbəyinə çıxış əldə etmək üçün nəzərdə tutulmuş, təqribən bir metr enində qapı mövcuddur. Cavabdeh1 yaşadığı evə gedən yolun üzərində olan və nəqliyyat vasitəsinin keçə biləcəyi dəmir darvazanı əvvəlki yerindən götürərək bir neçə metr irəlidə quraşdırmaqla və sudan istifadə üçün nəzərdə tutulmuş təqribən bir metr enində qapını kilidləməklə iddiaçının həmin su mənbəyi olan əraziyə çıxışının qarşısını almışdır. Səlahiyyətli təşkilatın rəsmi məlumatları əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən iddiaçının sudan istifadəsinə maneə yaratmaq məqsədilə yalnız öz istifadəsi üçün mümkün etdiyi ərazi, 33.0 kv.m təşkil edir. Həmin 33.0 kv.m torpaq sahəsi faktiki olaraq Cavabdeh1 faktiki istifadəsindədir. Həmin 33.0 kv,m torpaq sahəsinin 27.0 kv.m hissəsi bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid infrastruktur (yol) sahə, 6.0 kv.m hissəsi isə digər təyinatlı torpaq sahə olaraq göstərilmişdir. Məhkəmə qeyd edir ki, mütəxəssis rəyindən də göründüyü kimi, iddiaçının istifadəsindən təcrid olunmuş ərazi bələdiyyə mülkiyyətinə aid olan və ümumi istifadə edilən bilən torpaq sahəsidir. Həmçinin su mənbəyi də ümumi istifadə edilə bilən su obyektidir. İddiaçının da həmin yoldan və su mənbəyindən maneəsiz istifadə etmək hüququ vardır. Odur ki, qonşu daşınmaz əmlakın mülkiyyətçisi olan İddiaçı həmin yola və su mənbəyinə çıxış imkanından məhrum edilməsi qanuna zidd olmuşdur. Digər Cavabdeh2 evin mülkiyyətçisidir, nəqliyyat vasitəsinin keçə biləcəyi mübahisə predmetlərindən olan dəmir darvaza həmin evə aiddir. Onun fəal hərəkətlərinin olubolmamasından asılı olamayaraq mövcud vəziyyətin yaranmasına yol verməklə mübahisədə iştirakı aşkardır. Odur ki, tələb üzrə birgə cavabdehlik yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 18-ci maddəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir Azərbaycan Respublikasının Su Məcəlləsinin 47-ci maddəsində göstərilir ki, əhalinin içməli su təchizatı, bir qayda olaraq, mərkəzləşdirilmiş su kəməri qurğuları vasitəsi ilə həyata keçirilir. Su kəməri olmadıqda əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi bilavasitə çayların, su quyularının, kəhrizlərin, bulaqların və digər su mənbələrinin suyundan yalnız qanunvericiliklə müəyyən edilmiş sanitariya normalarına uyğun olaraq istifadə edilə bilər. Həmin Məcəllənin 101-ci maddəsinə görə, su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində fiziki və hüquqi şəxslər arasındakı mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilməlidir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən dəmir çərçivə (darvaza) sökülərək maneələr aradan qaldırılmaqla yol açılsın və həmin yoldan İddiaçı istifadə etməsinə cavabdehlər tərəfindən maneələr göstərilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı verilsin Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-186/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-186/2025
31.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver