Məhkəmə qərarları › İş №2(030)-201/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-201/2025

03.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-201/2025 03.06.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X2 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh Salahova (Abbasova) Elnarə Cəmaləddin qızının iştirakı ilə, İddiaçı cavabdeh Salahova (Abbasova) Elnarə Cəmaləddin qızına qarşı mülkiyyətçiyə məxsus evdən cavabdehə məxsus cehiz əşyalarının çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Salahova (Abbasova) Elnarə Cəmaləddin qızına məxsus bir ədəd yataq dəsti, bir ədəd divan, iki ədəd kreslo, iki ədəd künc dolabı, bir ədəd stol və altı ədəd stul, iki ədəd çilçıraq, bir ədəd dolab (şkaf), üç ədəd pərdə (tül), iki ədəd xalça, bir ədəd paltaryuyan maşın (əl ilə yuyulan), bir ədəd tozsoran, bir ədəd ütü, bir ədəd ətçəkən maşın, üç ədəd qazan, iki ədəd meyvə qabı (vaza), bir ədəd gül qabı, 48 ədəd boşqab, 12 ədəd çay stəkanı, 12 ədəd nəlbəki, 12 ədəd rumka, üç ədəd konfet qabı, iki ədəd vedrə, iki ədəd ləyən, bir ədəd döşək, iki ədəd balıncın Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, oğlu X1 ilə Cavabdeh 21 yanvar 2022-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Cavabdehə bir ədəd nişan üzüyü, bir ədəd boyunbağı və 450 manat dəyərində sırğa-üzük dəsti hədiyyə vermişdir. Qısa müddət bir yerdə yaşadıqdan sonra xasiyyətləri uyğun gəlmədiyi üçün oğlu Samir ilə Cavabdeh ayrılmışlar. Ailə qurandan sonra cavabdeh özünə məxsus olan bir ədəd yataq dəstini, bir ədəd divanı, iki ədəd kreslonu, iki ədəd künc dolabını, bir ədəd stol və altı ədəd stulu, iki ədəd çil-çırağı, bir ədəd dolabı və digər əşyalarını ona məxsus Daşkəsən rayon Quşçu qəsəbəsində yerləşən fərdi yaşayış evinə yerləşdirmişdir. Daşkəsən rayon Quşçu qəsəbəsində yerləşən fərdi yaşayış evi mərhum anasının olmuşdur. Anası ona vəsiyyət etmişdir. Artıq 30 ildir ki, qeyd edilən evdə yaşayır. Daşkəsən Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli qətnaməsi ilə oğlu X1 ilə Cavabdeh arasında olan nikahları pozulmuş və Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdeh 2024-cü ilin aprel ayından Daşkəsən rayonu Zinzahal kəndində valideynləri ilə birlikdə yaşayır. Buna baxmayaraq, cavabdeh könüllü olaraq cehiz əşyalarını ona məxsus yaşayış evindən çıxarmaqdan imitina etmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunması xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının oğlu X1 ilə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Ailə qurarkən iddiaçı tərəfindən ona bir ədəd nişan üzüyü, bir ədəd boyunbağı və sırğa-üzük dəsti hədiyyə alınmışdır. Birgə yaşadıqları dövrdə 20 dekabr 2021-ci ildə Aysun adlı bir uşaqları doğulmuşdur. Aralarındakı nikahı 21 yanvar 2022-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində qeydə aldırmışlar. İddiaçının müdaxiləsi nəticəsində ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaq onun himayəsində saxlanılmışdır. İddiaçı heç bir səbəb olmadan onu evdən qovmuşdur. Ona məxsus qızıl-zinət və cehiz əşyaları iddiaçının evində qalmışdır. Hazırda azyaşlı uşağı ilə birlikdə valideynlərinin yanında yaşayır. İddiaçı ona məxsus qızıl-zinət əşalarını tam şəkildə verdikdən sonra cehiz əşyalarını iddiaçıya məxsus evdən çıxaracaqdır. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 və Cavabdeh Camaləddin qızının nikahı Daşkəsən Rayon Məhkəməsinin 2(030)- 486/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 14 oktyabr 2024-cü il tarixdə xitam verilmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 16 oktyabr 2024-cü il tarixdə 27 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Gəncə 1 saylı mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 31 yanvar 2025-ci il tarixli MŞG/1MT007/20**-JK-***52 nömrəli arayışdan görünür ki, İddiaçı cehiz əşyalarının çıxarılması tələbi üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan Cavabdeh Camaləddin qızı mübahisə üzrə 31 yanvar 2025-ci il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən Cavabdeh Camaləddin qızına 28 dekabr 2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif məktubu göndərilmişdir. İşə əlavə edilmiş 17 yanvar 2025-ci il tarixli BPM**********38 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. İşə əlavə edilmiş 05 fevral 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı oğlu X1 ilə Cavabdeh faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Onlar aralarındakı nikahı 21 yanvar 2022-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 215 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-486/2024 saylı 19 avqust 2024cü il tarixli qətnaməsinə əsasən nikah pozulmuşdur. Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən mənzil dövlət fonduna məxsusdur və özəlləşdirilməmişdir. Göründüyü kimi Daşkəsən rayon Quşçu qəsəbəsində yerləşən mənzil dövlət fonduna məxsus olmaqla iddiaçının və yaxud onun anasının adına özəlləşdirilməmişdir. Mənzil iddiaçının mülkiyyətində deyildir. Həmçinin mənzilin order və ya kirayə müqaviləsi əsasında iddiaçıya məxsus olması barədə sübutlar təqdim edilməmişdir. Göründüyü kimi mənzilin hüquqmüəyyənedici sənədlər əsasında iddiaçıya məxsus olması təsdiqini tapmamışdır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin təmin edilməməsinə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 157.8-ci maddəsinin mətnindən göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməılidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinin tələbinə görə, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar