Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-225/2024 29.05.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X2 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və torpaq sahəsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 manat pulun tutulub ona ödənilməsi və ondan aldığı torpaq sahəsinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh onun qardaşıdır. Atası ona cehizlik kimi mebel almaq üçün 5000 manat pul ayırmışdır. Lakin pulu özündə saxlamışdır. 2002-ci ildə cavabdeh 2 ay müddətinə qaytaracağını bildirərək mebelin pulunu onun razılığı ilə atasından almışdır. O, da inandığı üçün 5000 manat pulu cavabdehə verilməsinə etiraz etməmişdir. 2012-ci ildə o, Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan Şubay adlı şəxsdən 14000 manat 14 sot torpaq sahəsi almış, məbləği böyük hesab etdiyi üçün pulu Şubaya verməsi üçün cavabdehə vermişdir. Torpaq sahəsinin sənədləri olmadığı üçün alqı-satqını rəsmiləşdirə bilməmişdir. Buna baxmayaraq xərc çəkərək torpaq sahəsində ev inşa etdirmiş, su çəkdirmişdir. Oğlu dəfələrlə cavabdehə mobil telefonla zəng edib torpaq sahəsinin rəsmiləşdirməsini xahiş etsə də, hər dəfə cavabdeh başının qarışıq olduğunu bildirmişdir. Yaxın zamanlarda cavabdehin qeyd edilən torpaq sahəsini öz adına rəsmiləşdirdiyi müəyyən olmuşdur. Bu barədə Şubay adlı şəxsdən soruşduqda, torpaq sahəsinin pulunu Arzu verdiyi üçün torpaq sahəsinin onun adına keçirdiyini bildirmişdir. 19 avqust 2023-cü il tarixdə atası Fərrux Əhmədov vəfat etmişdir. Qeyd edilən mübahisənin məhkəmədən kənar həll edilməsi mümkün deyildir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı onun doğma bacısıdır. O, Təranədən heç vaxt pul almamışdır. İddiaçının tələb etdiyi torpaq sahəsi isə özünə məxsusdur. İşə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19 may 2023-cü il traixli, ********** qeydiyyat nömrəli, **********84 reyestr nömərli Çıxarışın surətindən görünür ki, Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən 0,09 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh adına Daşınmaz əmlakın dövlət reyestrində 232 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X1 3 saylı Gəncə Ərazi İdarəsinin 18 may 2023-cü il tarixli, **********84 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Daşınmaz əmlakın 4Ə-375 nömrəli 20 aprel 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən 0,09 ha torpaq sahəsinə dair Cavabdeh adına 18 may 2023-cü il tarixli B 025328 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamsına və işin fakitki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddiaçı 2002-ci ildə Cavabdeh 5000 manat məbləğində borc verməsi, həmçinin tələb etdiyi torpaq sahəsinin hər hansı hüquqla ona məxsus olması barədə heç bir mötəbər sübutu məhkəməyə tədim etməmiş, bu məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Lakin, Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən 0,09 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətində olması barədə cavabdeh tərəfindən sübut təqdim edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsində göstərilir ki, Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə gorə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini muəyyən edən faktlarla və hallarla əlaqədardır. Hazırki halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini hər hansı sübutla əsaslandırmadığından, İddiaçı Cavabdeh qarşı pul və torpaq sahəsinə tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün 70 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul və torpaq sahəsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-225/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-225/2024
29.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver