Məhkəmə qərarları › İş №2(105)-479/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-479/2025

30.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-479/2025 30.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Xaçmaz Rayon Xaçmaz Bələdiyyəsi, Xaçmaz Rayonu Qobuqıraq Kənd Bələdiyyəsi, X5 cəlb olunmaqla) qarşı torpaq sahəsindən qanunsuz çəkilmiş qaz xəttinin çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən istifadəsinə edilən maneənin aradan qaldırılması, neqator iddia) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-172/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Xaçmaz şəhərində yerləşən 0.05 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 119 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhərində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.05 ha olan torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhərində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.05 ha olan torpaq sahəsinin şimal istiqamətindən iddiaçiya məxsus olan torpaq sahəsindən 8 (səkkiz) ədəd dəmir dirək üstündən keçən qaz xətti çəkilmişdir. Tikinti norma və qaydalarına uyğun çəkilməsi müəyyən etmək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir.

3. Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən İddiaçı ünvanlandığı 14-2-2-8/2-B-4xxxx/2023-195 saylı 07 iyun 2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Sizə məxsus torpaq sahəsinin yaxınlığından keçən qaz xətti vətəndaş Rizvan Zeynalovun sifarişi əsasında hazırlanmış, Qobuqırağı kənd Bələdiyyəsi ilə razılaşdırılmış X-5249-22-KOK nömrəli layihə-smeta sənədləri əsasında tikinti norma və qaydalarına uyğun çəkilmişdir.”

4. X-5249-22-KOK nömrəli layihə-smeta sənədlərindən görünür ki, Xaçmaz rayon sakini X1 rayonu, Kərim Kərimov küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı 2022-ci ildə Qaz idarəsinə müraciət etmiş və onun müraciəti müsbət təmin olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh Xaçmaz X13 İdarəsi tərəfindən Xaçmaz şəhəri X10 yerləşən, xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan 0,05 ha torpaq sahəsindən qanunsuz olaraq çəkilmiş qaz xəttinin çıxarılması və kənar ərazidə tikinti norma və qaydalarına uyğun yeni qaz xəttinin çəkilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, “kənar ərazidə tikinti norma və qaydalarına uyğun yeni qaz xəttinin çəkilməsi barədə” iddiasından imtina etmiş və yalnız xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan 0,05 ha torpaq sahəsindən qanunsuz olaraq çəkilmiş qaz xəttinin çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz şəhəri X10 yerləşən 0.05 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli Çıxarışla adına rəsmiləşdirilmişdir. Cavabdeh Xaçmaz X12 İdarəsi (Xaçmaz X12 İdarəsi hüquqi şəxs deyil) vətəndaş Rizvan Zeynalovun sifarişi əsasında Xaçmaz Rayonu Qobuqırağı Kənd Bələdiyyəsi ilə razılaşdıraraq Xaçmaz şəhəri X10 yerləşən, onun xüsusi mülkiyyətində olan 0,05 ha torpaq sahəsindən, mülkiyyətçi ilə razılaşdırılmadan qaz xətti inşa etməklə istismara vermişdir. Xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsindən qanunsuz qaz xəttinin tikintisinə narazılığını bildirərək 05 dekabr 2022-ci il tarixdə Cavabdeh rəhbərliyinə, Xaçmaz X12 idarəsinə dəfələrlə rəsmi və şifahi müraciətlər etməyinə baxmayaraq, qanunsuz olaraq çəkilmiş qaz xətti hal-hazıra qədər ona məxsus torpaq sahəsindən çıxarılmamışdır. Dəfələrlə Cavabdeh İtehsalat Birliyinə, X2 yazılı müraciət edərək qaz xəttinin ona məxsus torpaq sahəsindən çıxarımasını tələb etsə də, Cavabdeh Xaçmaz X12 idarəsi cavab məktublarında bildirmişdir ki, mübahisəli qaz xətti vətəndaş Rizvan Zeynalovun sifarişi əsasında hazırlanmış, Qobuqırağı kənd Bədədiyyəsi ilə razılaşdırılmış X-5249-22-KOK nömrəli layihə-smeta sənədləri əsasında tikinti norma və qaydalarına uyğun çəkilmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən onun xüsusi mülkiyyətinə edilən müdaxiləyə son qoyulmaqla xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsindən qanunsuz olaraq çəkilmiş qaz xətti həmin ərazidən çıxarılmalıdır.

8. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-172/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin olunması, Cavabdeh Xaçmaz X13 İdarəsi tərəfindən Xaçmaz şəhəri X10 yerləşən, xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan 0,05 ha torpaq sahəsindən qanunsuz olaraq çəkilmiş qaz xətti Cavabdeh İB-nin hesabına çıxarılması, iş üzrə mütəxəssis rəyinın alınmasına görə ödənilmiş 95 manat məbləğində pulun Cavabdehndən alınaraq İddiaçı verilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pulun Cavabdehndən alınaraq X4, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VÖEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə).

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.2, 157.5-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-172/2024 saylı qətnaməsini ləğv edib iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinin 1-ci hissəsinə əsasən qaz nəqli xidmətlərinin təşkili, qaz paylayıcı şəbəkələrinin tikintisi və yeraltı anbarlarının yaradılması, onların istismarı, yenidən qurulması energetika müqavilələri olmadan həyata keçirilə bilməz. Belə müqavilələr podratçı ilə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanır. Mübahisə predmetindəki qaz nəqli podratçı təşkilat olan "xxxx" MMC ilə X5 arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilmişdir. Podratçı təşkilat qazın nəqli layihəsinə uyğun olaraq sxem çəkmiş və qaz xəttini bu sxemə uyğun çəkmişdir. Cavabdeh Xaçmaz RQİİ-nin işçiləri qaz çəkilişinin qüvvədə olan normativlərə uyğunluğunu yoxlayıb qəbul etmişlər. Qaz xəttinin çəkildiyi ərazi hasarlanmamış, bu ərazinin kiməsə məxsus olması barədə bir nişan qoyulmamışdır (hal-hazırda da bu ərazi boşdur). Layihənin razılaşdırıldığı icra və bələdiyyə orqanları da bu ərazinin kiməsə məxsus olması barədə qeyd aparmadan layihəni təsdiq etmişlər. Hazırda bu xətt istismar edilir və Xaçmaz RQİİ-nin balansındadır. Həmin vaxt torpağın sahibi qaz xəttinin oradan çəkilməsinə etiraz etsə idi, Cavabdeh İB podratçı təşkilatdan qaz xəttini qəbul etməzdi və ya xəttin yerinin dəyişildilməsini podratçıdan tələb edərdi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Tam, hərtərəfli, obyektiv araşdırma aparılmadan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)- 172/2024 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək X10 yerləşən, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 0,05 ha torpaq sahəsindən qanunsuz olaraq çəkilmiş qaz xəttinin Cavabdeh hesabına çıxarılması qət edilmişdir.

12. Məhkəməyə təqdim olunan Qazlaşma ilə əlaqədar layihə sənədləri, sxemlər və digər sənədlər qiymətləndirilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. İddiaçının tələbinin əsası kimi istinad etdiyi şəxsi mülkiyyətin toxunulmamazlığı Cavabdeh öz vəsaiti hesabına qaz xəttini çıxarması ilə əlavə vəsait sərf edərək ziyana düşməsinə səbəb olur. İddiaçı məhkəmə prosesində qaz xətti keçən ərazidə 0,05 ha torpaq sahəsinin onun mülkiyyətində olması barədə sənəd təqdim etmişdir. Qaz xətti çəkilən vaxt və sonradan Cavabdeh İB-nin işçiləri tərəfindən istismara qəbul edilən vaxt həmin ərazinin kiminsə mülkiyyətində olması barədə layihəni təsdiq edən orqanlarda məlumat olmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

16. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayraq üçüncü şəxslər Xaçmaz Rayon Xaçmaz Bələdiyyəsi, Xaçmaz Rayonu Qobuqıraq Kənd Bələdiyyəsi, X5 məhkəmə iclasına gəlməmişlər.

18. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

19. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

20. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

21. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

22. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

26. Maddə 49.1 Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

27. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

32. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının

37. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

38. Bənd 2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

39. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Apellyasiya baxışının hədləri

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

42. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-172/2024 nömrəli qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

43. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. İş üzrə məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, İddiaçı İbarhim qızının 2014-cü ildən etibarən xüsusi mülkiyyətində olan torpaq sahəsindən 2022-ci ildə Cavabdeh İB Xaçmaz RQİİ tərəfindən qaz xətti çəkilmişdir. Qeyd olunan hal Cavabdeh İBnin Xaçmaz RQİİ tərəfindən İddiaçı ünvanlandığı 07 iyun 2023-cü il tarixli məktubu, X- 5249-22-KOK nömrəli layihə-smeta sənədləri və Məhkəmə Ekspertiza Mərkəzinin 09 iyul 2024-cü il tarixli məhkəmə mühəndis-tikinti ekspertiza rəyi ilə tam təsdiq olunur.

46. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, Qaz xəttinin çəkildiyi ərazi hasarlanmamış, bu ərazinin kiməsə məxsus olması barədə bir nişan qoyulmamışdır (hal-hazırda da bu ərazi boşdur). Layihənin razılaşdırıldığı icra və bələdiyyə orqanları da bu ərazinin kiməsə məxsus olması barədə qeyd aparmadan layihəni təsdiq etmişlər. Hazırda bu xətt istismar edilir və Xaçmaz RQİİ-nin balansındadır. Həmin vaxt torpağın sahibi qaz xəttinin oradan çəkilməsinə etiraz etsə idi, Cavabdeh İB podratçı təşkilatdan qaz xəttini qəbul etməzdi və ya xəttin yerinin dəyişildilməsini podratçıdan tələb edərdi. İddiaçının tələbinin əsası kimi istinad etdiyi şəxsi mülkiyyətin toxunulmamazlığı Cavabdeh öz vəsaiti hesabına qaz xəttini çıxarması ilə əlavə vəsait sərf edərək ziyana düşməsinə səbəb olur. İddiaçı məhkəmə prosesində qaz xətti keçən ərazidə 0,05 ha torpaq sahəsinin onun mülkiyyətində olması barədə sənəd təqdim etmişdir. Qaz xətti çəkilən vaxt və sonradan Cavabdeh İB-nin işçiləri tərəfindən istismara qəbul edilən vaxt həmin ərazinin kiminsə mülkiyyətində olması barədə layihəni təsdiq edən orqanlarda məlumat olmamışdır.

47. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən dəlillərlə razılaşmayaraq əvvəla qeyd edir ki, cavabdeh-təşkilatın mübahisəli torpaq sahəsinin mülkiyyətçisi barədə məlumatlı olmaması birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və hazırkı iddianın rədd olunması üçün əsas ola bilməz. Digər tərəfdən, apellyasiya şikayətinin məzmunundan görünür ki, torpağın sahibinin qaz xəttinin çəkilməsinə etiraz etdiyi halda Cavabdeh İB qaz xəttinin yerinin dəyişdirilməsini istisna etməmişdir.

48. Bununla da kollegiya hesab edir ki, birinci instansiya düzgün olaraq iddianı təmin edərək, Cavabdeh Xaçmaz X13 İdarəsi tərəfindən Xaçmaz şəhəri X10 yerləşən, xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan 0,05 ha torpaq sahəsindən qanunsuz olaraq çəkilmiş qaz xəttinin “Azəriqaz İB”-nin hesabına çıxarılması barədə nəticəyə gəlmişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

50. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə biləcəyini (Mülki Məcəllənin 157.4-cü maddəsi) təsbit etmişdir.

51. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

52. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-172/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar