Məhkəmə qərarları › İş №2(030)-23/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-23/2025

01.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-23/2025 01.07.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X2 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzillər arasında olan karton arakəsmənin sökülməsi və tərəflərin müştərək vəsaiti hesabına səskeçirməz materialdan arakəsmə divarının hörülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadıqları ünvan 1 evin 32 saylı ünvanında yerləşən mənzili ilə Cavabdeh yaşadığı ünvan 1 evin 20 saylı ünvanında yerləşən mənzil arasında olan karton arakəsmənin sökülərək tərəflərin müştərək vəsaiti hesabına səskeçirməz materialdan arakəsmə divarının hörülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, onlar ilə Cavabdeh yaşadıqları mənzilin arakəsmə divarı vardır. Yaşadıqları mənzillərin arakəsmə divarı karton materialdan inşa edildiyi üçün mənzillərdən bir-birinə səs keçir. İddiaçı evində də səs-küy edir və bu zaman həmin səs-küy cavabdehin mənzilində də eşidilir. Cavabdeh isə durmadan onlara qarşı nalayiq ifadələr işlədir. Buna baxmayaraq, o, dəfələrlə cavabdehə könüllü olaraq mənzillər arasında olan arakəsməni səskeçirməz materialdan yenidən inşa etməyi təklif etmişdir. Lakin cavabdeh razı olmamış və maneçilik törətmişdir. Cavabdeh onlara qarşı səs-küyə son qoyulması tələbi ilə məhkəməyə müraciət etmiş, Daşkəsən Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, lakin cavabdeh yenə də öz qanunsuz əməllərini davam etdirərək onlara problem yaratmaqda davam edir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İnşa etdirmək istədiyi divarın tikinti işləri köhnə divarın sökülməsi yolu ilə onun mənzilinə aid hissədə aparılacaqdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbinin təmin olunması xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçılar ona qarşı qanunsuz hərəkətlər edirlər. O, iddia tələbi ilə razı deyildir. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04 avqust 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********46-05101-093005 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən şəhəri İ.Qayıbov küçəsi ev 30A, 32 saylı ümumi sahəsi 61,2 m2, yaşayış sahəsi 46,8 m2, yardımçı sahəsi 14,4 m2 olan 3 otaqlı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 adına daşınmaz əmlak dövlət reyestrində 2 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(030)–546/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin olunmuş, cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh yaşadığı Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 30A saylı evin 20 saylı mənzilə bitişik olan, kardon kağızla arası kəsilmiş otaqda səs-küy etmələrinin qadağan edilməsi qət edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 aprel 2025-ci il tarixli 10/8994 nömrəli ekspert rəyindən görünür ki, daşınmaz əmlakın Dövlət reyestrindən 04 avqust 2014-cü il tarixli Çıxarışa əsasən İddiaçı1 məxsus Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 30A saylı evin 32 saylı mənzili Cavabdeh yaşadığı Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 30A saylı evin 20 saylı mənzilin arasında olan arakəsmənin taxta materialdan olduğu müəyyən edilmişdir. İddiaçı1 məxsus Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 30A saylı evin 32 saylı mənzili ilə Cavabdeh yaşadığı Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 30A saylı evin 20 saylı mənzili arasında inşa edilmiş taxta materialdan olan arakəsmənin sökülərək yerində mişar daşı ilə əvəz edilməsinin mümkün olduğu müəyyən edilmişdir. İşə əlavə edilmiş 28 fevral 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 isə Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 30A saylı evin 32 saylı mənzilində, cavabdeh Aslanova X1 şəhəri İ.Qayıbov küçəsi 30A saylı evin 20 saylı mənzilində yaşamaqla qonşudurlar. Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsinə görə hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Konstitusiyanın 33-cü maddəsində göstərilir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 15-ci maddəsinə görə, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmin Məcəllənin 29.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Məhkəmə qeyd edir ki, mənzillər arasında arakəsmə divarın qonşu mənzil sahibinin razılığı olmadan götürülməsi və yeni divar inşa edilənədək olan müddət ərzində mənzillər arasında boşluq olması digər mənzil mülkiyyətçisinin əmlakının tamlığının itirilməsinə səbəb olmaqla onun mənzil hüquqlarının pozulması ilə nəticələnə bilər bilər. Lakin, iddia tələbinin irəli sürülmə əsaslarından göründüyü kimi iddiaçı, qonşu mənzil tərəfindən gələn səs-küydən azad şərait əldə etmək istəyir. İddia ərizəsində və iddiaçının izahatlarında göstərilmişdir ki, arakəsmə divarın könüllü olaraq yenisi ilə əvəz edilməsi cavabdehə təklif edilmiş, lakin bu, qarşılıqlı razılaşma yolu ilə baş tutmamışdır. İşin hallarından göründüyü kimi mövcud divar səs keçirən olmaqla uzun müddətdir ki, qonşular arasında mübahisəyə səbəb olmaqdadır. Odur ki, məhkəmə hesab edir ki, mövcud divar sökülməsə də, iddiaçılara məxsus mənzil tərəfindən səskeçirməz materialdan arakəsmə işlərinin aparılması qonşular arasında mübahisəyə son qoyulması və gələcəkdə bu kimi mübahisələrin yaranmaması baxımından əhəmiyyətlidir. Bu işlərin aparılmasına cavabdeh tərəfindən maneələr yaradılmamalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə ekspertizasının xərci olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı1 və İddiaçı2 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 yaşadığı ünvan 1 evin 32 saylı mənzil ilə Cavabdeh yaşadığı ünvan 1 evin 20 saylı mənzili arasında səskeçirməz materialdan arakəsmə işləri cavabdeh tərəfindən maneə törədilmədən iddiaçılara məxsus mənzilə aid hissədən, mövcud arakəsmə divarı sökülmədən, cavabdehin vəsaiti sərf edilmədən aparılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Məhkəmə ekspertizasının xərci olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı1 və İddiaçı2 tutulub Büdcə təsnifat kodu: 142595, Büdcə səviyyəsi 3, SAP (XİİS) hesabı, Ekspertiza xərci, Adı: Dövlət xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VOEN: **********, Hesab: AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar